Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Times Higher Education" Beynəlxalq Reytinq Agentliyi ilə növbəti əməkdaşlıq imkanları müzakirə olunub

Sentyabrın 12-də elm və təhsil naziri Emin Əmrullayev və “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib.   Görüşdə Azərbaycan ali təhsil müəssisələrinin THE reytinqlərində cari vəziyyəti ilə yanaşı, agentlik və nazirlik arasında növbəti əməkdaşlıq perspektivləri müzakirə edilib.   Müzakirənin yekununda "Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi tərəfindən elm və təhsil nazirinə “THE Impact 2024” reytinqində 17 Dayanıqlı İnkişaf Məqsədinin hər biri üzrə Azərbaycan ali təhsil müəssisələrinin uğurlu nəticələrini əks etdirən sertifikat təqdim olunub.

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun III mərhələsinə start verilir

Sentyabrın 12-dən 2024–2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinin boş qalan plan yerləri üçün tələbə qəbulunun III, yəni sonuncu mərhələsinə start verilir.   Vakant yerlər üçün ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə iştirak etməyən şəxslər müraciət göndərə bilərlər. Daha əvvəl hər hansı peşə təhsili müəssisəsinə qəbul olunan və sənədlərini təsdiqləyən şəxslər bu mərhələdə ixtisası dəyişdirmək məqsədilə müraciət edə bilməzlər.   Namizədlər müraciətlərini portal.edu.az vasitəsilə göndərə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 13 sentyabr saat 18:00-dək davam edəcək.

“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası keçirilib

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq məqsədinə daxil olan hədəflər çərçivəsində 2024-cü ilin birinci yarımilinin monitorinq və qiymətləndirilməsinə dair “İnsan kapitalı və təhsil” İşçi Qrupunun Elm və Təhsil Nazirliyində növbəti iclası keçirilib.   Açılış nitqi ilə çıxış edən İşçi Qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə əvvəlcə iclas iştirakçılarını salamlayıb, sonra strategiyada nəzərdə tutulan müvafiq tədbirlər üzrə ötən dövr ərzində əldə olunmuş nailiyyətlər və yarımillik hesabat barədə məlumat verib.   Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov çıxış edərək ötən müddət ərzində icraçı qurumlar tərəfindən müvafiq tədbirlər üzrə bir çox fəaliyyətin uğurla icra olunduğunu və hesabat ilinin sonunadək digər aidiyyəti tədbirlərin də icra vəziyyətinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.    İclasda Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov çıxış edərək məktəbəqədər təhsilin əhatəliliyinin artırılması, təhsilverənlərin sertifikatlaşdırılması, dövlət-özəl tərəfdaşlığı, təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, peşə təhsili müəssisələrinə tələbə qəbulu, peşə təhsili üzrə yeni proqramların hazırlanması, qısamüddətli ixtisasartırma təlimləri, ali təhsildə əlçatanlıq və əhatəliliyin təmin edilməsi, keyfiyyətin artırılması, ali təhsildə beynəlxalq proqramların tətbiqi və digər məsələlər barədə məlumat veriblər.    Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri, İşçi Qrupunun rəhbərinin müavini Günay Quliyeva XXI əsrin tələblərinə uyğun təhsil məqsədi üzrə hesabatı iclas iştirakçılarına təqdim edib, hədəf indikatorları üzrə görülmüş işlər, çətinliklər, tövsiyə və planlar barədə məlumat verib.    Hesabatın təqdimatından sonra İşçi Qrupunun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, eləcə də icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.   Xatırladaq ki, Elm və Təhsil Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən "İnsan kapitalı və təhsil" İşçi Qrupu “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılıb.

Emin Əmrullayev Kahramanmaraşda Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin açılış mərasimində iştirak edib

Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilmiş Azərbaycan məhəlləsində Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin açılış mərasimi keçirilib.   Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyəti iştirak ediblər.   Məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlara məlumat verilib ki, təməli ötən ilin aprelində qoyulmuş üçmərtəbəli binanın tikintisi zamanı sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıblar. Məktəbdə həmçinin idman zalı, kitabxana və zərurət yaranarsa, sığınacaq kimi istifadə edilə bilən yer var. İbtidai məktəbdə təhsilə dəstək məqsədilə yaradılmış əlavə otaqlar da mövcuddur. Buraya xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 otaq, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana, 1 kitabxana və 1 idman zalı daxildir.   Açılış mərasimində çıxış edən Emin Əmrullayev bildirib ki, Azərbaycan və Türkiyənin qardaşlığı sadəcə sözdə deyil, həm də əməldədir. Nazir həmçinin məktəbin açılması ilə bağlı bütün şəhər sakinlərini təbrik edib, müəllim və  şagirdlərə uğurlar diləyib.    Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib. Keçən il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən ayrılıb.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi aparılır

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesi https://portal.edu.az/ vasitəsilə aparılır.    Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.    Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da başa çatacaq.

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

Elm və Təhsil Nazirliyi və "Cisco" şirkəti arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyasının yaradılması nəzərdə tutulub.    Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə yaradılacaq akademiyanın məqsədi şəbəkə texnologiyaları üzrə yerli mütəxəssislər hazırlamaqdır. “Cisco”  Şəbəkə Akademiyasında İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsi planlaşdırılır.    Akademiyada dərslər "Cisco" şirkətinin proqramı əsasında peşəkar, sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən keçiriləcək. Təlim kurslarında iştirak etməklə tələbələr laboratoriyalarda real və virtual sistemlər vasitəsilə biliklərini artıracaq və rəsmi sertifikatlaşdırma resurslarına çıxış imkanı qazanacaqlar.   Təlimlər sayəsində tələbələr həmçinin “Cisco” sertifikatlı şəbəkə mütəxəssisi“ statusunu qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcəklər.

Masallıda məktəb açılışı

Masallı rayonunda Qəzvinoba kənd ümumi orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.    Açılış mərasimində Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, məktəb kollektivi iştirak ediblər.    Qonaqlar əvvəlcə təhsil ocağında yaradılmış şəraitlə tanış olublar.   Bildirilib ki, məktəbin yeni binası 180 şagird yerlikdir. Üç mərtəbədən ibarət təhsil müəssisəsi sinif otaqları ilə yanaşı, fizika, kimya və biologiya laboratoriyaları, idman zalı, kitabxana, yeməkxana, tibb otağı və həyətyanı stadionla təchiz edilib.   Qeyd edək ki, məktəb Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 fevral tarixli Sərəncamına uyğun olaraq tikilib.

Şərqi Zəngəzur və Lənkəran – Astara regional təhsil idarələri üzrə sentyabr konfransları keçirilib

Sentyabrın 10-da Şərqi Zəngəzur və Lənkəran – Astara regional təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib.   Tədbirlərdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.    Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, həmçinin onların idman nailiyyətlərinə baxış keçirilib.    Konfranslar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.   Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, regionun ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.   Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsildə təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində ölkədə aparılan uğurlu islahatlardan danışıb. Vəfa Yaqublu çıxışının sonunda təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.   Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev 2023–2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.   Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov çıxış edərək təhsil işçilərinə uğurlar arzulayıb.   Daha sonra hesabatla çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində yaradılmış təhsil mühitindən danışıb.   Sonda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb. ***   Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, eləcə də region üzrə şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri, şöbə müdirləri, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.   Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, konfrans iştirakçılarına uğurlar arzulayıb.   Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib.    Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva yeni tədris ili münasibətilə iştirakçılara uğurlar arzulayıb.    Sonra  Təhsil İnstitutunun direktor müavini İlham Cavadov çıxışı zamanı IV və VI siniflər üzrə monitorinq nəticələrinin təhlili, IX və XI sinif buraxılış imtahanlarının nəticələrinin təhlili, olimpiada və respublika səviyyəli müsabiqə nəticələri, eləcə də növbəti tədris ilində nəzərdə tutulan layihələrlə bağlı statistik məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırıb.    Sonda çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə isə təmsil etdiyi qurumun təhsil işçiləri üçün yaratdığı yeni imkanları diqqətə çatdırıb.    Müzakirələrlə davam edən konfransın sonunda xatirə şəkli çəkdirilib.

Firudin Qurbanov Naxçıvanda təhsil işçilərinin sentyabr konfransında iştirak edib

Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.    Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.    Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.   Əvvəlcə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov hesabatla çıxış edib.    Sonra şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstərmiş Babək rayonu Arazkənd ümumi orta məktəbinin müəllimi Dünya Əliyeva və Culfa şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Ələkbərova çalışdıqları təhsil ocaqları üzrə qazanılmış nailiyyətlərdən danışıblar.   Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlərdən danışıb. Nazir müavini 2003–2023-cü illərdə ölkədə təhsil infrastrukturunun təkmilləşdirilməsindən söz açıb, məktəblərdə texnoloji təminatın ilbəil daha da yaxşılaşdığını qeyd edib.    Çıxışlardan sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin ifasında musiqi nömrələri səsləndirilib.    Sonda isə xatirə şəkli çəkdirilib.

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, həmçinin Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.   Tədbirdən öncə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.   Konfrans Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Daha sonra BŞTİ-nin 2023–2024-cü tədris ilindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.   Konfrans iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edib.    Emin Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlər, aparılan təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, nəzərdə tutulan məsələlər və yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.    Nazir çıxışı zamanı ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.    MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova 2023–2024-cü tədris ilində BŞTİ-nin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda məktəbəqədər və ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilmiş tədbir və layihələrdən danışıb.     Nərminə Hüseynova növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran vəzifələr barədə də məlumat verib. Bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.   BŞTİ-nin müdiri bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.    Konfrans panel müzakirələri ilə davam etdirilib.    Panel müzakirələrində elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak ediblər.    Panel müzakirələr zamanı metodik xidmətin təşkili, dərsliklərin məzmunu, inklüziv təhsil, məktəb-valideyn münasibətləri, tədrisin təşkili, məktəb idarəetməsində səmərəliliyin artırılması, buraxılış və qəbul imtahanlarındakı yanaşmalar və digər mövzuların aktuallığına toxunulub.   Müzakirələrdə konfrans iştirakçılarının təklif və tövsiyələri dinlənilib, həmçinin suallar cavablandırılıb.

10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May

Ətraflı
09/05/2026

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı