SABAH qruplarında imtahan
Yanvarın 26-da Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında keçirilən imtahanlarda 8 ixtisas üzrə 124 tələbə iştirak edib. Qeyd edək ki, BDU-nun SABAH qruplarında 13 ixtisas qrupu üzrə 425 tələbə təhsil alır. Universitetdə ingilis dili üzrə imtahan verən digər tələbələrdən fərqli olaraq SABAH tələbələrinin bu fənn üzrə dörd dil bacarığı - danışmaq, dinləmək, oxumaq və yazmaq üzrə bilikləri yoxlanılır. SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1632 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.
26/01/2016 15:25
Məktəblilərdən ibarət basketbol komandalarının təlim-məşq görüşü
Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə Beynəlxalq Olimpiya Komitəsi, Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə başlayan “Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində finala vəsiqə qazanmış komandalar üçün basketbol idman növü üzrə təlim-məşq keçirilib. Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd basketbol 3x3 idman növü üzrə Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış 12 rayon komandasının yarışa hazırlığına dəstək olmaqdan ibarətdir. Proqram çərçivəsində baş tutan ilk belə kütləvi təlim-məşqin keçirilməsinə Azərbaycan Basketbol Federasiyası da dəstək verib. Gənc basketbolçuların bu idman növünün sirlərini daha dərindən öyrənməsinə dəstək vermək üçün “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel, basketbol üzrə Azərbaycan milli yığma komandasının üzvü, proqramın ulduz idmançısı Amil Həmzəyev və Azərbaycan Basketbol Federasiyasının baş məşqçisi Tahir Baxşıyev tədbirdə iştirak ediblər. Təlim-məşq görüşünü daha maraqlı etmək və uşaqları bu idman növünə həvəsləndirmək məqsədilə yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri də tədbirə qatılıb. Komandalararası yarışlar bitdikdən sonra məktəblilər yeniyetmələrdən ibarət milli komanda üzvlərinin nümunəvi oyununu izləyiblər. Daha sonra Cem Becel və Amil Həmzəyev məktəblilər üçün master-klass nümayiş etdiriblər. Tədbirin sonunda idmançılar tərəfindən imzalanmış toplar xatirə hədiyyəsi kimi yarışda iştirak edən məktəblilərə təqdim olunub.
26/01/2016 10:54
Ən yaxşı müəllimin dərs nümunəsi
RİYAZİYYAT FƏNNİ VIII SİNİF Mövzu: Məxrəcin irrasionallıqdan azad edilməsi. Standart: 1.2.1. Mənfi olmayan hesabı kvadrat kökün xassələrini tətbiq edərək ifadələrin qiymətini tapır. 1.2.4. Müxtəsər vurma düsturlarının köməyi ilə kvadrat kök daxil olan ifadələrin qiymətini tapır. Məqsəd: 1. Məxrəci irrasionallıqdan azad edir. 2. Məxrəcin irrasonallıqdan azad edilməsi üçün müxtəlif üsullar tətbiq edir. İş forması: fərdi iş, qruplarla iş. İş üsulu: müzakirə, beyin həmləsi İnteqrasiya: həndəsə, həyat bilgisi Resurslar: kompüter, proyektor, promethean interaktiv löhvəsi, dərslik, metodik vəsait. Dərsin gedişi: Öncə onu qeyd edim ki, bu elektron-resurs Activinspire proqramında hazırlanıb və elektron lövhə üçün nəzərdə tutulub. Salamlaşma və sinfin təşkilindən sonra mövzu ilə bağlı orijinal forma olaraq şagirdlərə üzərində rasional və irrasional ədədlər olan hissələrə bölünmüş rəngli kağızlar təqdim edilir. Tapşırılır ki, şagirdlər o kağızı birləşdirib hansı ədədi tapırsa, onu lövhədə lazımi səbətə yerləşdirsin. Bu tapşırığın hazırlanmasında Activinspire proqramının funksiyalarından biri olan konteynerdən istifadə edilib. Belə ki, şagird səhv cavab verdiyi halda çərçivə cavabı qəbul etmir. Bununla da şagird tapşırığı düz və ya səhv yerinə yetirdiyini özü təyin edir (3 dəq). Sonra motivasiya mərhələsinə keçid alınır. Motivasiya: Tərəfi kök altında 2 m olan kvadratın sahəsinin onun perimetrinə olan nisbətini tapmaq tələb olunur. Bunun üçün əvvəlcə şagirdlər perimetr və sahə haqqında məlumat verirlər. Sonra bir şagird kvadratın tərəfinə görə sahəsini, digəri perimetrini tapır. Sonra nisbəti qururlar və burda alınan kəsrin məxrəcinin irrasional ədəd olduğu bildirilir. Kvadrat kökün xassəsindən və kəsrin əsas xassəsindən istifadə edərək kəsrin məxrəci tam ədədə çevrilir. Tədqiqat sualı: Kəsrlərin məxrəcini irrasionallıqdan azad etmək üçün nə etmək lazımdır? Tədqiqatın aparılması: Sinif “kəsr”, “məxrəc”, “surət”, “kvadrat kök” və “ifadələr” adlandırılan 5 qrupa ayrılır. Qruplara sual ətrafında iş vərəqləri paylanır. Sonra qruplara verilən vaxt müddətində tapşırıqları yerinə yetirir və cavablarını təqdim edirlər. Məlumat mübadiləsi və müzakirə: Qrupların fikirləri dinlənilir. Müzakirəni davam etdirmək məqsədi ilə lövhəyə 2 şagird çıxarılır. Verilən zaman ərzində şagirdlərdən biri soldakı, digəri sağdakı tapşırığı yerinə yetirir. Lövhəyə çıxarılan digər şagirdlərə verilən misalları həll etdikdən sonra alınan cavabı lupa vasitəsi ilə axtarıb düzgün cavabı tapmaq tapşırılır. Nəticənin çıxarılması və ümumiləşdirmə: Şagirdlər özləri o nəticəyə gəlirlər ki, məxrəci irrasionallıqdan azad etmək üçün kəsrin surət və məxrəcini məxrəcdəki kök ifadəsinə vurmaq lazımdır. Yaradıcı tətbiqetmə: Yaradıcı tətbiqetmə üçün şagirdlərə aşağıdakı şəkil təqdim olunur. Mövzu ilə bağlı şagirdlərdə həyati bacarıqları aşılamaq məqsədi ilə belə bir məsələnin izahını verdim: Şagirdlərə bu nərdivanın uzunluğunun hər hansı irrasional ədəddə olduğunu vurğuladım. Qeyd etdim ki, hər birimizə irrasional ədədləri, onlardan təqribi kök almaq, həmçinin də irrasionallıqdan azad etməyin yollarını bilmək vacibdir. Qiymətləndirmə: Şagirdlər təqdimata, standarta əsasən çıxarılmış qiymətləndirmə meyarlarına, qruplarla işlərində göstərdiyi fəallığa uyğun olaraq qiymətləndirilir. Həmçinin fərdi şəkildə də qiymətləndirmə aparılır. “Azərbaycan müəllimi” qəzeti
25/01/2016 15:08
“Arzuların dalınca getməkdən imtina etməyin” – “Uğur formulu”
Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə layihəsi. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Surrey Universitetinin tələbəsi Gülay Məmmədovadır. G. Məmmədova Böyük Britaniyanın Surrey Universitetində insan resurslarının idarəolunması ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Artıq ikinci dəfədir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq şansı qazanmışam. Birləşmiş Krallıqda magistratura səviyyəsi üzrə təhsil almaq mənim üçün çox qürurverici bir haldır. Xaricdə təhsil inkişaf edən dünyaya qovuşmaq, ünsiyyət qurmaq, öyrənmək, təcrübə və əcnəbi dostlar qazanmaq deməkdir. Məhz bu şəraitdə beynəlxalq əlaqələrin özəyi qurulur və rəqabət qabiliyyətli mütəxəssislər yetişir. Təhsil aldığım ali təhsil ocağında tələbələrin nəzəri bilikləri ilə bərabər, tətbiqi bacarıqlarının təkmilləşdirilməsi də təhsil prosesində mühüm rol oynayır. Əldə etdiyim akademik biliklərə və mədəni-sosial təcrübəyə əsasən, deyə bilərəm ki, xaricdə təhsil ümidlərimi tam doğruldur. - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz ? - İlk mərhələdə nəzər yetirdiyim kitabların sırasında “Learning and Development for Managers” (Sadler-Smith, 2006), “Human Resource Management” (Gilmore and Williams, 2013), “Organisational Behaviour and Work” (Wilson, 2010) və “Management and Organisational Behaviour” (Mullins, 2010) kimi kitablar xüsusi yer tutur. Təhsil aldığım ixtisasın nəzəriyyə ilə bərabər, həmçinin tətbiqi məzmun daşımasına görə jurnallardakı müasir məqalələrə də nəzər salıram. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Bakalavr təhsilimi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İsveçrənin Qlion Ali Təhsil İnstitutunda aldığımdan, ölkəmizdə ali təhsil təcrübəsinə malik deyiləm. Ancaq bir çox dostlarımın təcrübə və şərhlərinə əsasən, bir sıra dəyişikliklərə ehtiyac olduğunu düşünürəm. İlk növbədə, ali təhsil ocağında təhsil strategiyasının düzgün qoyulması və informasiya mənbələrinin təkmilləşdirilməsidir. Bu addım təhsilin daha düzgün idarə olunması ilə bərabər, tələbələrin daha da həvəsləndirilməsi ilə nəticələnə bilər. Eyni zamanda, tədris proqramı çərçivəsində tətbiqi yönümlü layihələrin tələbələrə təqdim olunması arzuladığım dəyişikliklərdən biridir. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Ölkəmizin mədəni və sosial tədbirlərdə tanıdılması üçün gətirdiyim materialların sırasında milli rəmzlərimizi əks etdirən suvenirlər, bayraq, disklər, broşürlər, kiçik xalça üzərində əks olunmuş Azərbaycan gerbi, tarixi abidələrimiz və milli geyimlərimiz haqqında materiallar yer tapır. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Azərbaycan gənclərinə, həmyaşıdlarıma tövsiyəm odur ki, qarşılaşdıqları müəyyən uğursuzluqlara baxmayaraq, arzularının dalınca getməkdən imtina etməsinlər. Uinston Çörçilin qeyd etdiyi kimi, “Uğur, həvəs itirmədən bir uğursuzluqdan digər uğursuzluğa aparan bir yolun nəticəsidir”. Ən əsası da, gənclər maraq dairələrində olan sahə üzrə təhsil seçimlərini etsinlər. Məhz bu halda ixtisasları üzrə peşəkar və yetərincə bacarığa malik mütəxəssis ola bilərlər. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Hazırda təhsil aldığım ali məktəbdə müəllim-tələbə münasibətində ikitərəfli hörmət və səmimi ünsiyyət müşahidə olunur. Səmimi ünsiyyət dedikdə, müəllimlər elmi dərəcə və vəzifələrini qorumaqla bərabər, tələbələrin müstəqil şəkildə fikirlərini ifadə etmələrinə imkan yaradır və bu fikirlərə hörmətlə yanaşırlar. Tələbələrin akademik və sosial nailiyyətlərini qiymətləndirmək və həvəsləndirmək məqsədilə hər ilin sonunda mükafatlandırma mərasiminin təşkil olunması da yerli ali təhsil sistemində mühüm rol oynayır. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Bəli, universitetimizdə əcnəbi tələbələrə münasibətdən tam razıyam. Müxtəlif mədəniyyət və dinlərə aid olan tələbələr arasında ünsiyyət zamanı hörmət və səmimiyyət müşahidə olunur. Həmçinin, müəllim-tələbə münasibətlərinə də nəzər saldıqda, heç bir milli, irqi və dini ayrı-seçkilik yoxdur. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycan təhsil sisteminin müasir və beynəlxalq təhsil standartlarına uyğun təkmilləşdirilməsi zəruridir. Hazırda təhsil sistemimizin mövcud potensialının düzgün istiqamətləndirilməsi müşahidə olunsa da, bir qədər də yeni dəyişikliklərə ehtiyac var. Müasir ali təhsil texnologiyalarının təhsil ocaqlarında tətbiqi mühüm addımlardan biri kimi qəbul oluna bilər. - Çətinlikləriniz varmı? - Mənim üçün çox sevindirici haldır ki, hələlik hər hansı bir ciddi çətinliklə rastlaşmamışam. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtımı əsasən, qeyri-akademik məşğuliyyətlərə həsr edirəm. Bunlara müxtəlif sosial tədbirlərdə iştirak etmək, bəzi idman növləri ilə məşğul olmaq, təhsil aldığım şəhər və İngiltərənin paytaxtı London şəhərinin çoxsaylı tarixi abidələri, beynəlxalq səviyyəli sərgilər ilə yaxından tanışlıq daxildir. Lent.az
22/01/2016 11:48
Londonda Qanlı Yanvar faciəsi ehtiramla yad edilib
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Londonda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, səfirliyin əməkdaşları, Britaniyanın və Azərbaycanın ictimai-siyasi xadimləri, elm və incəsənət adamları, ictimaiyyət və diaspor nümayəndələri, bu ölkədə təhsil alan və yaşayan həmvətənlərimiz iştirak ediblər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra 20 Yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş etdirilib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bildirib ki, 26 il öncə Azərbaycan xalqının həyatında kədərli bir gün yaşandı. Bu gün kədərli idi, çünki onlarla həmvətənimizin həyatına vəhşicəsinə son qoyuldu. Lakin bu kədər günü, eyni zamanda, Azərbaycan xalqının müstəqilliyə gedən yolunda bir qığılcım oldu. 20 Yanvar faciəsi haqqında məlumat verən səfir bildirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Lakin bu hadisə xalqımızın iradəsini qıra bilmədi və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi. 26 il bundan əvvəl bu qanlı hadisənin qurbanı olan şəhidlər xalqımızın yaddaşında və qəlbində əbədi yaşayacaqlar. Tədbirdə digər çıxış edənlər də xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu qeyd ediblər. AZƏRTAC
21/01/2016 16:07
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.
18-20 yanvar tarixlərində keçirilən Forum dünyanın 80-dən çox ölkəsinin təhsil nazir və nazir müavinləri, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələrini bir araya toplayıb. Təhsil naziri Mikayıl Cabbarov Forumun ikinci günündə "“Müəllimlərin işə qəbulu, peşə fəaliyyətlərinin təkmilləşdirilməsi, təlim və tədris keyfiyyətinin yaxşılaşdırılması siyasəti” adlı sessiyada çıxış edib. Nazir qeyd edib ki, 2015-ci il bütün ölkələr üçün təhsildə inkişaf hədəflərini müəyyən etmək, tədris sistemində 2030-cu ilədək davamlı inkişafı təmin etmək baxımından model il olubdur. Təhsil sistemində daxili islahatların, ikitərəfli və çoxtərəfli mübadilələrin təmin edilməsi başlıca məqsədlərdəndir. Bu çərçivədə kurikulum və təkmilləşdirilmiş tədris metodologiyalarının mübadiləsini nümunə göstərmək olar. Nazir Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan bəhs edərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamını misal göstərib. Qeyd edilib ki, müəllim peşəsinin nüfuzunun artırılması sözügedən strategiyanın əsas hədəflərindəndir. Ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi bu sahədə keyfiyyətcə yeni mərhələnin başladığından xəbər verir. M.Cabbarov diqqətə çatdırıb ki, təhsil sistemi tədris və öyrənmənin ümumi keyfiyyəti üzərində cəmləşməli, istedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ olmalıdır. Bu sahədə Azərbaycan təcrübəsini bölüşən nazir bildirib ki, 2013-cü ildən Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş şəffaf imtahan sistemi ilə müəllimlərin işə qəbulu prosesinə başlayıb. Daha sonra sessiya çərçivəsində nazir Forum iştirakçılarının suallarını cavablandırıb. Yanvarın 19-da təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallıqda təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb. Nazir Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verərək tələbələrin təhsili ilə maraqlanıb və onlara uğurlar arzulayıb. Səfər çərçivəsində təhsil naziri həmçinin bir sıra işgüzar görüşlər keçirib. 2015-ci ildə beynəlxalq QS reytinqində təhsil məktəbləri arasında 1-ci yeri tutmuş London Universitet Kollecinin (UCL) Təhsil İnstitutunun direktoru Endryu Broun ilə görüşdə ölkəmizdə müəllim hazırlığı və onun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. "Microsoft" Şirkətinin təhsil üzrə vitse-prezidenti Entoni Salçito ilə görüşdə isə təhsildə informasiya və kompüter texnologiyalarının tətbiq olunması ilə bağlı yeni trendlər, gələcək planlar və ölkəmizdə bu sahədə layihələr ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra təhsil naziri Mikayıl Cabbarov Rusiyanın təhsil və elm naziri Dmitri Livanovla görüşüb. Görüş zamanı Mikayıl Cabbarov rusiyalı həmkarının ötən ilin 19-21 noyabr tarixlərində ölkəmizə rəsmi səfərinin hər iki tərəf üçün məhsuldar və faydalı keçdiyini bildirib. Görüşdə təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliklərinin qiymətləndirilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də digər maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.
20/01/2016 16:35
Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 20-də Təhsil Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Təhsil Nazirliyinin rəhbərliyi, məkrəzi aparatın əməkdaşları və müxtəlif təhsil müəssisələrinin nümayəndələri ölkəmizin istiqlalı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
19/01/2016 17:45
Azərbaycan nümayəndə heyəti Dünya Təhsil Forumunda
Londonda ənənəvi Dünya Təhsil Forumu işə başlayıb. Azərbaycan Forumda təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə uğurla təmsil olunur. Bu Forumda dünya əhalisinin 80 faizinin yaşadığı ölkələr nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı, təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər. Forum Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznes və innovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin “British Council” və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir. Açılış mərasimində İngiltərənin təhsil naziri xanım Nikki Morqan və digər çıxış edənlər Forumun əhəmiyyətindən bəhs ediblər. N.Morqan iştirakçılara uğurlar arzulayaraq, tədbirin dünya təhsil sistemindəki ümumi məsələlər, problemlər və ayrı-ayrı ölkələrdəki tədris siyasəti baxımından faydalı olacağına əminliyini ifadə edib. Daha sonra Forum sessiyalarla işini davam etdirib. Nazir Mikayıl Cabbarov Forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Forum yanvarın 20-dək davam edəcək. AZƏRTAC
19/01/2016 09:43
SABAH qruplarının tələbələri beynəlxalq musiqi müsabiqəsində laureat olub
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin II kurs SABAH qrupu tələbələri Vüsal Aydəmirov və Cavid Əzizov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Global Fest Peterburq 2016” beynəlxalq müsabiqəsində uğurla iştirak ediblər. Ümumilikdə, 10 ölkədən olan iştirakçıların qatıldığı müsabiqədə SABAH tələbələri 3 müxtəlif nominasiya (fortepiano-duet, solo və ansambl) üzrə III yerə layiq görülüblər. Qeyd edək ki, solo nominasiyası üzrə I yeri Rusiya və II yeri Ukrayna, ansambl nominasiyası üzrə I yeri Rusiya və II yeri Yaponiya, fortepiano-duet nominasiyası üzrə isə I yeri Rusiya, II yeri Gürcüstanı təmsil edən iştirakçılar qazanıblar.
18/01/2016 17:54
Azərbaycan məktəblilərinin daha bir uğuru
Qazaxıstanın Almatı şəhərində məktəblilərin Jautıkov adına XII Beynəlxalq fizika, riyaziyyat və informatika fənn olimpiadası keçirilir. 13-19 yanvar 2016-cı il tarixlərində keçirilən bu olimpiadada öz bilik və bacarıqlarını nümayiş etdirmək məqsədilə Azərbaycan məktəbliləri də iştirak edirlər. Rumıniya, Bolqarıstan, İndoneziya, Rusiya, Ukrayna, Belarus olmaqla, 25-ə yaxın ölkənin iştirak etdiyi olimpiadadan şagirdlərimiz Vətənə nailiyyətlərlə geri dönəcəklər. Belə ki, Azərbaycan bayrağını layiqincə təmsil edən məktəblilərimiz fizika fənni üzrə 2 gümüş, 1 bürünc, riyaziyyat fənni üzrə 2 bürünc və informatika fənni üzrə 2 bürünc medal olmaqla 7 medal əldə ediblər. Qeyd edək ki, şagirdlərimiz 5 illik fasilədən sonra informatika fənni üzrə beynəlxalq yarışda yenidən nailiyyət qazanıblar.
18/01/2016 17:01
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı