Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Diaqnostik qiymətləndirmə ilə bağlı suallar cavablandırılıb

14-29 yanvar 2016-cı il tarixlərində Təhsil Nazirliyinin “Facebook” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallar cavablandırılıb. İstifadəçilər tərəfindən daxil olmuş sualların böyük əksəriyyəti əməkhaqqı artımının hesablanması, digər şəhər və rayonlarda keçiriləcək diaqnostik qiymətləndirmənin vaxtı, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və yaxud iştirak edib aşağı nəticə göstərən müəllimlərin təkrarən imtahanda iştirak etməsi mövzuları ilə bağlı olub.    Bildirilib ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin respublikanın digər şəhər və rayonlarında mərhələli şəkildə keçirilməsi planlaşdırılır. Müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər növbəti qiymətləndirmədə iştirak edə bilərlər. Eyni zamanda diaqnostik qiymətləndirmədə iştirak edən və müvafiq keçid balını toplayan müəllimlərin adlı siyahısı yerli təhsili idarəetmə orqanlarına göndərilib. Əməkhaqqının hesablanma qaydası və artım məbləğləri ilə əlaqədar müəllimlər yerli təhsili idarəetmə orqanlarının mühasibatlıqlarına müraciət edə bilər.

Təhsil naziri Qobustan şəhərində vətəndaşları qəbul edəcək

Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 8 fevral 2016-cı il tarixində saat 11:00-da Qobustan şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 1, 2, 3, 4 və 5 fevral 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

ADNSU-da Startap məktəbi fəaliyyətə başlayıb

Yanvarın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startap məktəbinin açılış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov, ADNSU-nun rektoru Mustafa Babanlı, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Təhsil Nazirliyinin nümayəndələri, beynəlxalq ekspertlər İqor Peer (İsrail) və İnna Malyukova (Ukrayna), universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Mərasimdə çıxış edənlər Startap məktəbinin əhəmiyyətindən, tələbələrin və yaradıcı ideyası olan gənclərin özünü ifadə edə bilməsi üçün yaradılan şəraitdən söhbət açıblar. Bildirilib ki, yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya yönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edən Startap məktəbinin fəaliyyətinin ilk mərhələsi bu ilin martına qədər davam edəcək. May-iyun aylarında başa çatacaq ikinci mərhələdə isə konkret layihələr üzərində iş aparılacaq. Yayda keçiriləcək festivalda seçiləcək ən yaxşı layihələr sərmayə qoyulmaqla biznes inkubasiyası dövründə inkişaf etdiriləcək. Bu müddət ərzində layihələr üzrə nəzərdə tutulan son məhsullar və ya onların prototipləri hazırlanacaq. Daha sonra onların kütləvi istehsalına və tətbiqinə başlanacaq. Beləliklə, tələbələr və məzunlar öz ideyalarını reallaşdıra, layihələri ətrafında biznes strukturu yarada biləcəklər. Startap məktəbində tədris Azərbaycan, İsrail və Ukraynadan olan mütəxəssislər tərəfindən aparılacaq. Axşam saat 18:00-dan sonra başlayan dərslərdə iştirak üçün təhsil haqqı tələb olunmur. Digər ali məktəblərin tələbələri və ya tələbə olmayan şəxslər də Startap məktəbinə yazıla bilərlər.  

Təhsil nazirinin müavini Ceyhun Bayramov YUNESKO-nun konfransında çıxış edib

Yanvarın 28-də Parisdə Fransanın Milli Təhsil, Ali təhsil və Tədqiqat Nazirliyinin və YUNESKO-nun “Ələddin” layihəsinin təşkilatçılığı ilə “Avropa, Yaxın Şərq və Afrika gəncləri və terrorizm, ekstremizm və dözümsüzlük təhlükəsi” adlı konfrans keçirilib.   Konfransın açılış mərasimində YUNESKO-nun Baş direktoru İrina Bokova və Fransanın ali təhsil üzrə dövlət katibi Tyeri Mandon çıxış edib.  Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov konfransın "Gənclər arasında radikallaşmanın qarşısının alınması: məktəblərin rolu" adlı sessiyasında çıxış edərək terrorizm, ekstremizm, ayrı-seçkilik və dözümsüzlük kimi təhdidlərin qlobal və regional sabitlik üçün ciddi təhlükə təşkil etdiyini, Azərbaycan hökumətinin bu təhdidlərə qarşı ən effektiv vasitə kimi təhsilə xüsusi əhəmiyyət verdiyini qeyd edib, eləcə də son illər ərzində ölkəmizdə təhsil sahəsində aparılmış islahatlar barədə məlumat verib.   Nazir müavini Azərbaycanın tarix boyunca müxtəlif millətlər və dinlərin nümayəndələri üçün qarşılıqlı anlayış və sülh şəraitində yaşayış üzrə zəngin tarixə malik olması, 25 il öncə müstəqilliyini bərpa etdikdən sonra bu təcrübənin qorunub saxlanılması və daha da inkişafı istiqamətində işlərin aparılması, beynəlxalq miqyasda multikulturalizm və mədəniyyətlərarası dialoqun dəstəklənməsi üzrə son illər ərzində ölkəmizdə həyata keçirilmiş tədbirlər barədə danışıb. Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsini ölkəmizin bu məsələyə verdiyi əhəmiyyətin və diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.                  Təhsil nazirinin müavini həmçinin, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qaldığını, terror fəaliyyətinin hədəfi olduğunu, 1992-ci ildə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı soyqırımın həyata keçirildiyini və ölkəmizin 20 faiz torpaqlarının hələ də Ermənistanın işğalı altında qalmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.   Parisə səfəri çərçivəsində təhsil nazirinin müavini bir sıra işçi görüşlər də keçirib. YUNESKO-nun Baş direktorunun müavini Qyan Tanq ilə görüşdə Azərbaycanla YUNESKO arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Strasburq Universitetinin prezidenti Alen Beretz ilə keçirilmiş görüş zamanı isə Fransız-Azərbaycan Universitetinin təsis olunması istiqamətində həyata keçirilən hazırlıq işləri təhlil olunub və növbəti addımlar müzakirə edilib. 

Abşeronda “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar

Yanvarın 28-də Abşeron rayonundakı  Heydər  Əliyev  Mərkəzində  Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar keçirilib.     Seminarda Təhsil Nazirliyinin əməkdaşları, Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, təhsil ekspertləri,  rayonun ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər və KİV təmsilçiləri iştirak ediblər. Seminarın keçirilməsində məqsəd müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək göstərmək və təhsilin keyfiyyətinin yüksəldilməsində sağlam münasibətlərin rolunu vurğulamaqdır. Seminarda Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə müsbət davranış vərdişlərinin formalaşdırılması, ümumi təhsil müəssisələrində sağlam mühitin yaradılması, müəllimlərin peşə standartları və etik davranış qaydaları haqqında təqdimatla çıxış edib.  Tədbirdə müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunub, mövcud problemlərin konstruktiv həlli yolları müzakirə edilib.          Çıxış edənlər müəllim-şagird münasibətlərinin tənzimlənməsində valideyn faktorunun  böyük rol oynadığını, müəllimin nüfuzunun qorunması üçün valideyn-müəllim-şagird ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının önəmini vurğulayıb, məktəblərdə Pedaqoji şuraların işinin daha da yaxşılaşdırılması məsələsinə toxunublar. Qeyd edək ki, seminar "APA-Holdinq" və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub.  

TOPs proqramı çərçivəsində idman festivalı

Bakı şəhərindəki M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə TOPs proqramı çərçivəsində idman festivalı keçirilib. Festivalda məktəbin 100-dən çox şagirdi müxtəlif idman növləri üzrə qüvvə və bacarıqlarını nümayiş etdirib. Məktəbin fiziki tərbiyə müəllimlərinin rəhbərliyilə keçirilən festivalda valideynlər də iştirak edərək övladlarını dəstəkləyiblər. Festivalın keçirilməsində məqsəd şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, psixoloji dayanıqlılığının qorunması və onların fiziki tərbiyə dərslərinə olan münasibətinin daha da yaxşılaşdırılmasından ibarətdir. İdman və incəsənət bayramı kimi keçirilən tədbir şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə müsbət təsir göstərir, onların idmana marağının artırılmasına kömək edir. Tədbirdə 18 nömrəli məktəbin direktoru Rəna Süleymanova çıxış edərək TOPs metodologiyasının üstünlüklərindən, təhsildə şagirdlərin fiziki sağlamlığının əhəmiyyətindən söz açıb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.      Festival zamanı məktəblilər tərəfindən ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub, yarışlar keçirilib. Tədbirin sonunda qalib komandalar kubok və medallarla mükafatlandırılıb.  

Təhsil Nazirliyinin nümayəndə heyəti YUNESKO-nun konfransında

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 28-də Parisdə keçirilən “Avropa, Yaxın Şərq və Afrika gəncləri və terrorizm, ekstremizm və dözümsüzlük təhlükəsi” adlı konfransda iştirak edir. YUNESKO-nun “Ələddin” layihəsi və Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin birgə təşkil etdiyi konfransda Fransa, ABŞ, Tunis, Türkiyə, Mərakeş və digər ölkələrin  nazir  və nazir müavinləri, Avropa İttifaqı rəsmiləri, siyasi xadimlər, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Konfransın 3-cü sessiyasında Ceyhun Bayramovun çıxışı nəzərdə tutulub. Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi gözlənilir.

“Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar

     Təhsil Nazirliyi “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminarların keçirilməsinə başlayır. İlk belə seminar Xırdalan şəhərində keçiriləcək.      Seminarda müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunacaq. Təhsil ekspertlərinin də iştirak edəcəyi tədbirdə mövcud problemlərin konstruktiv həlli yolları müzakirə ediləcək.      Seminar "APA-Holdinq" və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunur.  

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 4000 nəfərə yaxın şagird iştirak edəcək. Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 28-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər. Yarımfinal turuna ən çox vəsiqə coğrafiya, ən az vəsiqə isə informatika fənni üzrə qazanılıb. Olimpiadanın növbəti mərhələsi mart ayının ikinci ongünlüyündə keçiriləcək. Bu mərhələyə qatılacaq olimpiada iştirakçıları arasında XI sinif şagırdləri üstünlük təşkil edir. Qeyd edək ki, yanvarın 17-də riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 27 500-dən çox şagird iştirak edib.

Məktəb icmaları üçün ilk onlayn müsabiqə

Məktəb icmaları üçün “Mənim ailəmin hekayəsindən” adlı yeni müsabiqə elan olunub. 27 yanvar - 20 fevral 2016-cı il tarixlərində www.community.az portalı tərəfindən onlayn formatda keçiriləcək müsabiqədə ümumi təhsil müəssisələrinin şagirdləri iştirak edə bilərlər. İştirakçılar ailələrinin ən maraqlı hekayələrini məktəb icmasının iştirakçıları ilə bölüşməklə portalın tərəfdaşlarından hədiyyə qazanmaq imkanı əldə edəcəklər. Müsabiqənin şərtlərinə əsasən, hər bir iştirakçı 1000 sözdən çox olmayaraq öz ailə hekayəsini və ona uyğun şəkil, yaxud illüstrasiyanı www.community.az portalında “Mənim ailəmin hekayəsindən” müsabiqə qrupunda yerləşdirməlidirlər. Hekayə və şəkillər seçmək üçün valideynlər də kömək göstərə bilərlər. Qaliblər iştirakçılar tərəfindən daha çox bəyənilməklə seçiləcək və tərəfdaşlar tərəfindən dəyərli hədiyyələr qazanacaqlar. Tərəfdaşlar arasında “Access Bank” ASC, "Azerfon" MMC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC kimi şirkətlər yer alıb. Qeyd edək ki, Dünya Bankının maliyyə və “Allianz Consult” şirkətinin təşkilati dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb. 

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı