Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan məktəbliləri iki medal qazanıb

Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib. Yuxarı sinif şagirdləri arasında keçirilən və 3 turdan ibarət olan  elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib. Beynəlxalq elm yarışmasında Azərbaycanı təmsil edən komanda böyük uğura imza atıb. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, “İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medal qazanıb. Ötən tədris ilində şagirdlərimiz bu mötəbər yarışda 2 bürünc medala layiq görülüb. Ümumiyyətlə isə bu olimpiadada Azərbaycan məktəbliləri 4 qızıl, 7 gümüş və 30 bürünc medal olmaqla 41 medal qazanıb. Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetində qəbul imtahanı vermədən ödənişsiz oxuma haqqına sahib olurlar.

Təhsil Nazirliyi 2016-cı ilin hesabatını verib

Mayın 1-də Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, ali məktəblərin rektorları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və tanınmış ziyalılar iştirak edib. Əvvəlcə Təhsil Nazirliyinin 2016-cı ildə təhsil sahəsində həyata keçirdiyi tədbirlər və yeniliklərlə bağlı “Təhsil” televiziyasının hazırladığı videoxronika nümayiş olunub.  Daha sonra Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı təqdimatla çıxış edib. Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin hesabat tədbirinin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb, belə görüşlərin təhsildə dəyişikliklərin aparılmasında mühüm əhəmiyyətini qeyd edib. Nazir təhsil sahəsində görülən işlər və qarşıda duran başlıca hədəflərlə bağlı cəmiyyətin rəyinin öyrənilməsinin, birgə müzakirələrin aparılmasının və ictimai dialoq mühitinin yaradılmasının vacibliyini bildirib. Bu prosesdə hesabatlılığın və şəffaflığın təmin edilməsi isə əsas şərtdir. Təhsil Nazirliyinin son illər apardığı islahatlar çərçivəsində vətəndaş məmnuniyyətinin təmin edilməsinə, təhsilin əlçatan olmasına və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə önəm verildiyini açıqlayan Mikayıl Cabbarov, həmçinin təhsildə idarəetmənin təkmilləşdirilməsi istiqamətində davamlı tədbirlərin görüldüyünü deyib. Məzunların zəruri kompetensiyalara malik olmasının vacibliyindən danışan təhsil naziri bildirib ki, onların əmək bazarındakı dəyərini, iqtisadiyyatın rəqabətliliyini artırmaq üçün qurumlar arasında kadr hazırlığı, uzun müddətli dəyərləndirmələrin hazırlanması və digər istiqamətlər üzrə daha sıx əməkdaşlıq edilməsinə ehtiyac var. Mikayıl Cabbarov son dövrlərdə müəllimlərin səriştəlilik səviyyəsi ilə bağlı müxtəlif diaqnostika və tədqiqatların aparılmasının onları daha yaxşı tanımağa, ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verdiyini deyib. Nazir qeyd edib ki, müəllim olmaq arzusunda olanların sayının artması, yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi sevindirici haldır. Tədbirdə çıxış edən millət vəkilləri və təhsil ekspertləri son illər təhsil sahəsində müsbət dəyişikliklərin müşahidə olunduğunu, cəmiyyətin məlumatlandırılması baxımından bu tədbirin əhəmiyyətini qeyd edib, həmçinin rəy və təkliflərini bildiriblər.   Təhsil Nazirliyinin 2016-cı il üzrə hesabatı  

Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edəcək

Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 8 may 2017-ci il tarixində saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 1-4 may 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Tələbələr arasında futbol çempionatının final turu

Aprelin 29-da ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatı başa çatıb. Final oyununda  Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə BDU-nun komandasının xeyrinə başa çatıb.ADBTİA-nın komandası ikinci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası isə üçüncü yeri qazanıb. Daha sonra komandalar  kubok,medal  və qiymətli hədiyyələrlə təltif olunublar. Həmçinin çempionatda fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib. Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilib. FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsinin təsdiq etdiyi hakimlər heyəti tərəfindən idarə olunub.

"Oxu Günü"ndən foto anlar

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib.

Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı

Aprelin 28-də xalq artisti, bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. Konsert proqramının keçirilməsində məqsəd Azərbaycan xalqının görkəmli bəstəkarı Tofiq Quliyevin musiqi xəzinəmizin inciləri hesab edilən mahnıları, operettaları, estrada pyesləri ilə gəncləri tanış etmək, yaradıcı, istedadlı tələbə və şagirdləri üzə çıxarmaqdır. Konsertdən əvvəl iştirakçılar akademiyanın foyesində görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Mərkəzin Təsviri Sənət Qalereyasının dərnək üzvlərinin 40 rəsm əsəri nümayiş etdirilib.  Konsert proqramında bəstəkarın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Bakı Musiqi Akademiyasının tələbələrinin, İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Tofiq Quliyevin mahnılarından ibarət musiqi və rəqs nömrələri təqdim edilib. Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən təşkil olunan konsertdə Təhsil Nazirliyinin əməkdaşları, incəsənət xadimləri, xalq artistləri və digər qonaqlar  iştirak edib. Fəal çıxış edən tələbə və şagirdlər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin diplomları ilə təltif olunublar.

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Heydər Əliyev Fondu  fəaliyyətə başladığı ilk günlərdən bir çox kitabları nəfis şəkildə nəşr etdirməyi öz prioritet istiqamətlərindən biri kimi seçib. Bu baxımdan Azərbaycan mədəniyyətini və milli dəyərlərini təbliğ edən nəşrlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Fondun nəşr etdiyi kitablar arasında uşaq ədəbiyyatı kitabları da mühüm yer tutur. Bu gün Fondun bu istiqamətdə layihələrini Heydər Əliyev Mərkəzi də uğurla davam etdirir. Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən tədbirlərdən danışıb. “Oxu Günü”nün keçirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, bu tədbirin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolu vardır. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, xalq yazıçısı Çingiz Abdullayev, “Hədəf” Şirkətlər qrupunun baş direktoru Şəmil Sadıqov çıxış edərək şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolunu qeyd edib, “Oxu Günü” layihəsini yüksək qiymətləndiriblər. Tədbir iştirakçıları “Oxu Günü”ndə iştirak edən tanınmış yazıçı və şairlərlə görüşüb,  kitablarını imzalatmaq imkanı əldə ediblər. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu Günü”ndə, paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılıb, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar olub. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş olunub. Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilib. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılıb, həm də güzəştli şərtlərlə satılıb.  

“Olimpiya Hərəkatı - 2017” üzrə oyunlar davam edir

“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində keçirilən respublika birinciliyinin Bakı şəhəri üzrə rayondaxili yarışları başa çatıb. Yarışlarda Bakı şəhərinin 12 rayonundan 5 idman növü üzrə 8 minə yaxın məktəbli iştirak edib. Qaydalara uyğun olaraq hər rayon üzrə müvafiq idman növü üzrə qalib olmuş komanda finala vəsiqə qazanıb. Qeyd edək ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı, Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə təşkil edilən “Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növü üzrə keçirilir. Yarışlar Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt şəhərlərində və Göygöl rayonunda təşkil olunur. Birinciliyin məktəbdaxili mərhələsinə Bakı şəhəri üzrə 294, Gəncə şəhəri üzrə 46, Sumqayıt şəhəri üzrə 42, Göygöl rayonu üzrə 24 ümumi təhsil müəssisəsindən 90 minə yaxın məktəbli qatılıb. “Olimpiya Hərəkatı - 2017” layihəsinin məqsədi məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir.

"Kapital Bank" "SABAH" qruplarının tələbələri üçün seminar keçirib

"Kapital Bank"ın əməkdaşları sosialyönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin "SABAH" qruplarında təhsil alan 100-dən çox tələbə ilə görüşüb. Görüş zamanı "Müsahibədə özünü təqdimat bacarıqları" mövzusunda seminar keçirilib. Tədbirdə "Kapital Bank"ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, İşə qəbul və yerləşdirilmə şöbəsinin rəhbəri Elçin Nəsibov və "SABAH" qruplarının İcra Komitəsinin sədri Şahin Seyidzadə iştirak edib. "Kapital Bank"ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib ki, seminar zamanı tələbələrə düzgün iş axtarma yolları, müsahibələrə düzgün hazırlıq və iştirak barədə məlumat verilib. Həmçinin tələbələrin fəal iştirakını təmin etmək məqsədilə onları maraqlandıran suallar cavablandırılıb və bir neçə tələbə ilə iş müsahibəsi prosesi canlı olaraq səhnələşdirilib. Qeyd edək ki, təhsil layihələrinə dəstək verən "Kapital Bank" Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirib. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar. AZƏRTAC

Respublika şahmat festivalının final yarışlarına start verilib

“Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının II mərhələsinə start verilib. Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən final yarışının açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək gənc şahmatçılara uğurlar arzulayıb. Nazir müavini ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan şahmatçılarının nailiyyətlərindən, şahmatın uşaqlar üçün əhəmiyyətindən danışıb. Şəxsi-komanda xarakteri daşıyan yarışlar İsveçrə sistemi üzrə keçirilir, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir. Festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan 500 yüzə yaxın pilot məktəbdən 3000 nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb. 400-ə yaxın şagirdin qatıldığı final yarışlarına mayın 1-də yekun vurulacaq. Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı