"Məktəb bağları" layihəsi başa çatıb
IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi başa çatıb. Layihənin yekunu olaraq Təhsil Nazirliyinin tabeliyində olan Kimya-biologiya təmayüllü Respublika Liseyində və A.S.Makarenko adına Respublika Humanitar Fənlər təmayüllü Gimnaziyada ağac əkilib. Qeyd edək ki, “Məktəb bağları” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Layihənin ilk aksiyası zamanı Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri 234 nömrəli tam orta məktəbdə şagirdlərlə birgə 100 ədəd badam, nar və gavalı ağacları əkilib. “Məktəb bağları” layihəsi çərçivəsində respublikanın 54 rayon və şəhərlərinin 270 ümumtəhsil məktəbində pedaqoji kollektivin iştirakı ilə meyvə ağacları əkilib. Layihə çərçivəsində hər bir rayonun iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağacları əkilib. Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır. Ekoloji təhsil və maarifləndirmə işlərini fəaliyyətində prioritet edən IDEA İctimai Birliyi gənc nəsli təbiətin mühafizəsi üzrə səylərə cəlb etmək, təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların ətraf mühitlə bağlı biliklərinin artırılmasına müsbət təsir göstərmək məqsədilə Təhsil Nazirliyi ilə birgə artıq bir sıra layihələr həyata keçirib. Layihənin yekun tədbirində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllüləri də fəal iştirak ediblər.
11/05/2017 12:08
"Şahin" hərbi-idman oyununun final yarışı keçirilib.
Ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının final yarışı keçirilib. Final yarışında iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar. Yarışın birinci mərhələsində təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçən komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. İkinci mərhələdə isə iştirakçılar müxtəlif sədlərdən keçərək maneələri dəf etmək bacarıqlarını nümayiş etdiriblər. Final turunun nəticələrinə əsasən, I yeri Nizami rayonun komandası , II yeri Kürdəmir rayonunun komandası, III yeri isə Zərdab rayonun komandası tutub. Qalib komandalar Fəxri fərman və hədiyyələrlə təltif olunublar. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işinin gücləndirilməsindəki əhəmiyyətindən danışıb, yarışların məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını qeyd ediblər. Qeyd edək ki, yarışlara mart ayında start verilib. Zonaların hər birindən I və II yerləri tutmuş komandalar respublika final yarışında iştirak etmək hüququ qazanıblar. Yarışlar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilib.
11/05/2017 11:23
12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinə start verilib
Mayın 11-də növbəti diaqnostik qiymətləndirməyə start verilib. Qiymətləndirmə Qax Olimpiya İdman Kompleksində keçirilir. 5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək. Diaqnostik qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
11/05/2017 09:36
“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib
Təhsil Nazirliyinin və Community.az portalının dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Quba, Lənkəran və Şəki şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə növbəti dəfə start verilib. Layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Keçid dövründə yeniyetmə psixologiyası” adlı aktual mövzu üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Cari ildə keçirilən təlimlərdə 1000-dən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub. Ötən il isə layihə üzrə 46 seminar təşkil olunub. Layihə və təlimlərin əsas məqsədi valideynlərin yeniyetmələrlə düzgün ünsiyyətinin qurulması, qarşılıqlı münasibətlərin tənzimlənməsi və keçid dövrünün problemlərinin aşkar edilərək həll yolunun müəyyən olunmasıdır. Layihə çərçivəsində professional psixoloqlar tərəfindən 23 təlim keçiriləcək. Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyətin qurulmasından, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaratmaqla tədrisin səmərəliyinin artırılmasından ibarətdir. Layihə çərçivəsində təlim və görüşlər zamanı aktual mövzular seçilib müzakirə olunur, peşəkarlar tərəfindən faydalı və vacib məsləhətlər verilir. AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.
10/05/2017 12:24
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini futbol yarışı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında mini futbol üzrə “Nardaran kuboku” yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd Nardaran məktəblilərinin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etməkdən ibarət olub. “Təhsil” Respublika İdman Mərkəzinin təkilatçılığl və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışda 10 komanda mübarizə aparıb. Yarışda Bakı şəhəri 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası “Nardaran kuboku”nun qalibi olub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası II yerə, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla ilə təltif edilib. Qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Nardaran qəsəbəsində yerləşən 130 və 295 nömrəli tam orta məktəblərdə idmanın şahmat, cüdo, futbol, stolüstü tennis növləri üzrə bölmələr fəaliyyət göstərir, bu idman növləri üzrə mütəmadi olaraq Nardaran məktəbliləri arasında yarışlar keçirilir.
10/05/2017 12:01
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fləşmob keçirilib
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərdən ibarət yürüş, fləşmob və konsert keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliği, onların idmana və yaradıcılığa maraqlarının artırılması, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. 1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının loqotipi qurulub. Eyni zamanda yürüş zamanı oyunlarda iştirak edəcək islam dövlətlərinin bayraqları nümayiş olunub. Daha sonra tədbir Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin bədii kollektivlərinin konsert proqramı ilə davam etdirilib.
08/05/2017 18:19
Azərbaycanlı məktəblilərin növbəti uğuru
Makedoniyanın Oxrid şəhərində məktəblilərin 34-cü Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. Bolqarıstan, Rumıniya, Serbiya, Türkiyə, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı İngiltərə, İtaliya, Qazaxıstan, Səudiyyə Ərəbistanından şagirdlərinin iştirak etdiyi bu elm yarışında Azərbaycan 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə iştirak edib. Orta yaş həddi 15-dən kiçik olan, yeni formalaşmış komandamız olimpiadada uğurlu nəticə göstərib. Hər biri maksimum 10 bal ilə qiymətləndirilən 4 müxtəlif sualın həllərini yazmaq üçün şagirdlərə 4 saat 30 dəqiqə vaxt verilib. Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 9-cu sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Anar Abbaslı, Gəncə şəhəri 26 nömrəli tam orta məktəbin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Mirəli Əhmədli və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Murad Ağazadə olimpiadanın bürünc medalına layiq görülüb. Qeyd edək ki, bu şagirdlərin hər biri Fizika riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.
08/05/2017 17:25
Qanvermə aksiyası keçirilib
8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib. Aksiyada Təhsil Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları, müəllimlər fəal iştirak edib. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaqdır.
08/05/2017 17:01
“Yaşıl şəbəkə”- Bakı məktəblilərinin II Ekoloji Forumu
Mayın 6-da “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və “Ekoklub” üzvlərinin II Ekoloji Forumu keçirilib. II Ekoloji Forumun keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Yaşıl Şəbəkə” devizi altında ekoloji hərəkatın genişləndirilməsindən ibarətdir. Forumda 400-ə qədər gənc ekoloqun iştirakı ilə “Yaşıl məktəb”, “Yaşıl turizm”, “Yaşıl elm və texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər və cəmiyyət”, “Yaşıl kənd təsərrüfatı”, “Yaşıl iqtisadiyyat” adlı 7 bölmə üzrə müzakirələr və yeni fəaliyyət planlarının müzakirəsi təşkil edilib. 30 orta məktəbdə fəaliyyət göstərən “Ekoklub” liderlərinin “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi üzrə hesabatlarında yaşıl infrastrukturun yaradılması, enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında məlumat verilib. Forumun yekununda iştirakçılarla Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Səmti Müəyyənetmə Federasiyası tərəfindən ilk dəfə olaraq “QR code” yeni səmti müəyyənetmə oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd uşaqların aktiv həyat tərzinə, idman oyunlarında daha yaxından iştiraka cəlb olunmasıdır.
08/05/2017 15:16
Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edib
Mayın 8-də təhsil naziri Mikayıl Cabbarov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, gənc müəlimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, diaqnostik qiymətləndirmədə iştirak və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.
08/05/2017 14:03
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı