Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İsveçrədə təhsil alan tələbə: “Dünyanın bütün savadlı adamları uğura öz iradələri hesabına nail olublar”- Uğur formulu

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı İsveçrənin Bazel Universitetinin tələbəsi Əli-Əşrəf Rəcəblidir. Layihə Təhsil Nazirliyi və 1News.az informasiya agentliyi ilə birgə həyata keçirilir. Əli-Əşrəf Rəcəbli 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Texniki Humanitar Liseydə alıb. 2009-2013-cü illərdə Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2012-ci ildə tələbə mübadiləsi çərçivəsində Almaniyanın Tübingen Universitetində təhsil alıb. 2013-2014-cü illərdə hərbi xidmətdə olub. Hazırda Dövlət Proqramı çərçivəsində təhsilini İsveçrənin Bazel Universitetinin Avropa Qlobal Araşdırmalar magistr proqramı üzrə Avropa İttifaqının miqrasiya hüququ və siyasəti ixtisası üzrə davam etdirir. Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Müasir dünyada nəzəri praktik bilik sahəsində rəqabətə dözümlü olmaq üçün qabaqcıl təhsil sistemindən bəhrələnməlisən. Məncə, bu bir aksiomadır. İsveçrədə aldığım təhsil mənim məqsədlərimə tam cavab verir. Burada qabaqcıl, innovativ təhsil metodlarının tətbiqindən aldığım biliklər, eyni zamanda təhsil prosesinin tələbə-müəllim dialoqu prinsipi əsasında təşkili mənə daha çox məmnun edir. Bəli, ümidlərim tam olaraq özünü doğruldub. Mən ixtisasa yiyələnmək prosesində özümdə olan müsbət dəyişikliyi görürəm. - Niyə məhz bu ixtisası seçdiniz? - Bilirsinizmi, dünya təhsil sistemində ümumi və xüsusi səciyyə daşıyan ixtisaslar var. Düşünürəm ki, müəyyən ixtisaslar var ki, onların yüksək səviyyəsinə öz ölkəndə də nail ola bilərsən. Mənim seçdiyim magistr ixtisasına isə ancaq Avropada mükəmməl yiyələnmək olar. Azərbaycanda aldığım bakalavr təhsili beynəlxalq münasibətlər, beynəlxalq hüquq və Avropa siyasəti sahəsində əsaslı nəzəri biliklər almağımı təmin edib. Lakin bu biliklərin dərinləşməsinə ehtiyacı və praktik həyata tətbiqinin zəruriliyini dərk edərək qərara gəldim ki, təhsilimi Avropada, onun qabaqcıl ölkəsi olan İsveçrədə davam etdirim. Seçdiyim “Avropa İttifaqının miqrasiya hüququ və siyasəti” ixtisaslaşması dünya, xüsusilə Avropa, o cümlədən Azərbaycan üçün aktual olan miqrasiya problemi üzrə nəzəri və praktik biliklərimi həm artırır, həm də sistemləşdirir. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? -Azərbaycan təhsil sistemi 2005-ci ildən Avropa təhsil sisteminə intqeqrasiya olunur. Proses davam edir. Çox işlər görülüb. İnanıram ki, bu istiqamətdə müəyyən işlər, layihələr, standartların tətbiqi davam edəcəkdir. Dünyada belə bir fikirlər formalaşıb ki, ən çox qlobal inteqrasiya olunmuş sahələr iqtisadiyyat və internetdir. Mən bu sıraya təhsili də aid etmək istərdim. Verilən suala gəldikdə isə deyə bilərəm ki, həm oxuduğum ali məktəbdə, həm də Azərbaycanın bütün ali məktəblərində üç yanaşmanın dəyişilməsini istərdim. Birincisi, təhsil prosesində bürokratik və inzibati maneələrin minimuma endirilməsi, ikincisi, sırf auditoriya təhsil saatlarının azaldılması.  Professorların daimi məsləhəti və əlaqə mexanizmləri hesabına tələbənin sərbəst hazırlıq saatlarının artırılması həm onun məsuliyyətini artırır, həm də vaxtdan maksimum səmərəli istifadəsini təmin etmiş olur. Üçüncüsü, İsveçrədə kəsirlərin yay məktəbində ödənilməsi tətbiq edilmir. 4 ay fənni mənimsəməyən tələbə çətin ki, 1 ayda fənni mənimsəyə bilsin. Kəsiri həmin semestrdə 2 həftə ərzində təkrar verməyə icazə verilir. Yay məktəblərində isə öz arzusu ilə tələbələrə 2 və ya 3 kreditli illik təhsil haqqı çərçivəsində əlavə kurs götürməyə icazə verilir. Bu kreditlər semestr modullarının kreditlərinə əlavə olunur. İslahatlar çərçivəsində bu yanaşmaların Azərbaycanda tətbiq edilməsi nəinki tələbələrin təhsili müsbət dəyərləndirmələrini, həmçinin təhsilin keyfiyyətinin daha da artırlmasını təmin etmiş olar. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ? İsveçrədə həm yerli, həm də ki, xarici ölkələrdən burada olan insanlarda Azərbaycana maraq çox böyükdir. Nəşriyyat materiallarından istifadə etməklə xalqımızın adət-ənənləri, Azərbaycanın gözəl təbiəti, ölkəmizdə əsrlər boyu müxtəlif dini cərəyanların və etnik xalqların tolerantlıq və sülh şəraitində yaşaması, Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri, Qarabağın qaynaqları əsasında tarixi, münaqişənin humanitar, geosiyasi və geoiqtisadi fəsadları ilə bağlı məlumatı insanların diqqətinə çatdırmaq həm bir azərbaycanlı kimi, həm də bir vətəndaş olaraq özümə borc bilirəm. Hərbi xidmətdə olmuşam. Əsgər ruhuna bələdəm. Keçən ilin aprel, bu ilin fevral döyüşlərində şəhid olmuş gənclərimizin vətən sevgisi bizə örnəkdir. Vətən sağ olsun. İsveçrədə Azərbaycan xalqının sülhsevər olmasını daim vurğulayıram. -  Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? Ən çöx dəyərləndirdiyim təhsil elementidir. Müəllim-tələbə münasibəti tam səmimi, inam, qarşılıqlı hörmət, etibar və deyərdim ki, dostluğa söykənən münasibətlərdir. Qeyd edim ki, Azərbaycanda da bu cür müəllimlər var. Sadəcə bizim mentalitet müəllim-tələbə münasibətində ciddi pərdənin olması tarixi təcrübəsindən hələ ayrıla bilmir. - Daha çox hansı çətinlikləriniz olub ? İsveçrədə təhsil dili ilə bağlı təcrübə digər Avropa ölkələrindən fərqlənir. Magistr pilləsində təhsil almaq üçün alman və ingilis dillərini ən yüksək səviyyədə bilməlisən. İxtisasım Avropa İttifaqının fəaliyyəti ilə bağlı olduğundan qonaq professorların mühazirələrinə qatılmaq, eyni zamanda geniş elmi ədəbiyyatdan istifadə etmək üçün fransız, ispan və italyan dillərini də bilmək lazım idi. Əks təqdirdə mühazirə və seminar məşğələlərində fəal iştirak edə bilməyəcəksən. Birinci üç dillə bağlı problemim yox idi. Çətin də olsa, universitetin yaratdığı dil kurslarında iştirak edərək, eyni zamanda yuxusuz gecə saatlarının hesabına digər dilləri də tez bir zamanda öyrəndim və artıq bu istiqamətdə elə bir çətinliyim yoxdur.  - Oxuduğunuz müddətdə qarşılaşdığınız maraqlı hadisə hansı olub? Məlumdur ki, İsveçrə Aİ-nin üzvü deyil və onlar arasında miqrasiya məsələlərini nizamlamaq məqsədilə diplomatik danışıqlar aparılır. Təcrübədə bu danışıqlarda heyətə miqrasiya məsələləri üzrə ixtisaslaşan İsveçrənin bütün universitetlərini və elm ocaqlarını təmsil edən doktorantlar və magistrantlar da daxil edilir. 2015-ci ilin avqust ayında Strasburqda aparılan danışıqlara hər tərəfdən 10 nümayəndə iştirak edirdi. İsveçrə nümayəndə heyətinə universitet tərəfindən təqdim edilmiş mənim namizədliyim də təşkilatçılar tərəfindən bəyənilmiş və  ilk azərbaycanlı olaraq bu tədbirdə iştirak etmişəm. Debatlar, təkliflər, müzakirələr çox maraqlı idi. Mənim etdiyim təkliflərin layihə sənədində yer almasını təhsilin uğuru kimi dəyərləndirə bilərəm. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? Bazel Universitetində təhsil alanların əksəriyyəti yerli vətəndaşlardır. Xarici tələbələr əsasən Aİ ölkələrini təmsil edir. Mənə olan münasibətdən tam razıyam. Bütün qarşılıqlı münasibətlər dostluq və dəstək prinsiplərinə söykənir. İsveçrə çoxmillətli dövlətdir. Bu ölkədə insanlar arasında tolerantlıq, səmimiyyət, mülayımlilik təqdirəlayiqdir.  - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? Azərbaycanda təhsil sisteminin müsbətə doğru dəyişikliyinin Bakıda təhsil aldığım zaman da görmüşəm. İndiki dövrdə Təhsil Nazirliyinin həyata keçirdiyi təhsil islahatlarının tezliklə nəticə verəcəyinə inanıram. İnanıram ki, tezliklə bütün ümumi orta təhsilə malik olan və təhsilini ali məktəblərdə davam etdirmək istəyən gənclərə tam azad imkanlar yaradılacaq. Planlı təhsilin mahiyyəti dəyişəcək. Praqmatik və fasiləsiz təhsil konsepsiyası Azərbaycan təhsil sistemində aparıcı olmalıdır. Təhsil dövlətimiz tərəfindən dəyərləndirilir. İstərdim ki, cəmiyyətimiz də bu sahəni prioritet kimi qəbul etsin. Həm dəstəyi, həm də məhsuldar tənqidi ilə bu sahəyə fəal müdaxilə etsin. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? Xaricdə təhsil alanlar üçün asudə vaxt tapmaq ən çətin məsələdir. Bütün auditoriyadan kənar vaxtı kitabxanada keçirirəm. Universitetin kitabxanası gecə yarısına kimi işləyir. Valideynlərim həftələrlə səsimi eşitmirlər. Telefonla qısaca mesaj yazıram ki, hər şey normaldır. Bir balaca vaxt tapan kimi həftədə 1-2 saat olsa belə idmanla məşğul oluram. Qeyd edim ki, universitetdə tələbələrin müxtəlif könüllü aksiyalarda iştirak etməsi bir ənənədir. Asudə vaxtım olduqda qaçqın və miqrantlarla bağlı könüllü olaraq Bazeldə keçirilən humanitar aksiyalarda mütəmadi iştirak edirəm. Bu, həm də ixtisasımla bağlıdır. Məsələn, bu ilin qış tətili dövründə Suriya qaçqınlarına hüquqi yardım aksiyasında iştirak etdim. Bu ölkədə hər gənc-tələbə cəmiyyətin müxtəlif sahələrində könüllü çalışmağı özünə borc bilir. Yay kursları arası dövrdə və bayramlarda qısa müddətə olsa belə Avropa şəhərləri ilə tanışlığa üstünlük verirəm.   - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? Bir müddət miqrasiya sahəsində praktik fəaliyyət göstərdikdən sonra fikrim var ki, doktorluq pilləsində təhsilimi davam etdirim. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? Dünyaya, insanlara baxışım dəyişıb. Emosional vəziyyətə nəzarət etməyi öyrənmişəm. Hər vəziyyətdə müsbət hallar axtarmaq vərdişinə yiyələnmişəm. Buradan Azərbaycana bağlılığımın mahiyyətini dərk etmişəm. Genetik bağlılıq idrak bağlılığı ilə tamamlanıb. Fürsətdən istifadə edərək, bu dəyişikliklərin təşəkkül tapmasında bir övlad kimi mənə dəstək olmuş valideynlərimə və bir vətəndaş olaraq Təhsil Nazirliyinə  öz dərin təşəkkürümü bildirirəm. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? Özünüzə inanın. Heç kəs sizin qədər sizin inkişafınızda maraqlı ola bilməz. Ən böyük nemət vətəni sevmək və təhsilli olmaqdır. Vətən sevgisi ana südü ilə verilir, təhsilə isə özünüz yiyələnməlisiniz. Dünyanın bütün savadlı adamları öz iradələri hesabına buna nail olublar. İradəli və çalışqan olun, həyatınızı daimi təhsilə bağlayın, qalanını isə zaman özü yoluna qoyacaq. Bütün Azərbaycan gəncliyinə salamlar göndərir, əmin-amanlıq və uğurlar arzulayıram.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert proqramı

Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş hesabat konserti keçirilib. Xüsusi internat məktəblərində fəaliyyət göstərən eksperimental studiyalarının dərnək üzvlərinin iştirakı ilə keçirilən konsertin təşkil edilməsində məqsəd valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin incəsənət və mədəniyyət bacarıqlarının formalaşmasına, xalqımızın milli ənənələri ruhunda böyüməsinə kömək etmək, onlara özünəinam hissini aşılamaqdır. Hesabat konsertində mərkəzin eksperimental studiyalarında fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi təhsil məktəbi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi internat məktəbi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəblərində fəaliyyət göstərən “Dram”, “Nitq mədəniyyəti”, “Bədii qiraət”, “Musiqi” dərnəyi üzvlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyaları, səhnəciklər, musiqi və rəqs nömrələri təqdim olunub. İnternat məktəbinin foyesində “Təsviri-sənət” və “Dekorativ-tətbiqi sənət” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub. Sonda fəal iştiraklarına görə şagirdlərə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən diplomlar təqdim edilib.

IV İslam Oyunlarının könüllüləri

Azərbaycanda keçirilən  IV İslam Həmrəyliyi Oyunları davam edir. Azərbaycanın tələbə könüllüləri də bu mötəbər yarışda yaxından iştirak edirlər. “Bakı 2017”-nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edirlər. İslam Oyunları Əməliyyat Komitəsinə 11000 nəfər könüllü cəlb olunub. Könüllülərin  təəssüratlarını təqdim edirik:   Şirvan Xalıqov - Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi “İki gündür ki, iş rejimi başlayıb. Oyunlar başlamazdan bir ay əvvəl işçi heyət tərəfindən təlimlər və seminarlarda iş rejimi və məkan haqqında məlumatlandırılmışıq. İslam Oyunlarında könüllülüyün ən sevdiyim üstün cəhəti burada yeni tanışlar və dostlar qazanmaq, dil biliklərimizi təkmilləşdirmək, maraqlı anlar yaşamaqdır”.    Nərmin Xəlilova - Azərbaycan Tibb Universitetinin l kurs tələbəsi “Artıq dörd gündür ki, arenadayıq. Müxtəlif universitetlərdən olan tələbə könüllülərlə tamaşaçıların qarşılanması, onların zalda yerləşdirilməsi üzrə xidmət göstəririk. Menecer, qrup rəhbərlərimiz bizdən yaşca xeyli böyük olsalar da, bizə həddindən artıq mehriban və dostcasına  yanaşırlar”. Nigar Abdullayeva -  Azərbaycan Dövlət İqtisad Universitetinin l kurs tələbəsi “Fəaliyyətimiz kənardan sadə görünməsinə baxmayaraq, məsuliyyət və dəqiqlik tələb edir.  Mən cüdo yarışlarını izləmək üçün Heydər Əliyev adına İdman Arenasına gələn tamaşaçıların tribunada yerləşdirilməsinə köməklik göstərirəm. Fərqli  ölkələrdən olan tamaşaçılarla ingilis dilində ünsiyyət qururuq”. Leyla Vahidzadə - Bakı Dövlət Universitetinin II kurs tələbəsi “Könüllü olmaq kollektivdə işləmək bacarıqlarımıza və  asanlıqla ünsiyyət qurma keyfiyyətlərimizə müsbət təsir göstərir. Yeni dostlar qazanmaq, fərqli ölkədən olan insanlarla tanış olmaq və  onlara kömək etmək  bizi sevindirir”. Fatimə Süleymanlı - Odlar Yurdu Universitetinin II kurs tələbəsi “Artıq bir həftə əvvəl “Bakı Kristal Zalı”nda iş rejimimiz başlayıb. Komanda yoldaşlarımla bərabər tamaşaçılara kömək edir, onları tribunaya yönləndiririk. Olduqca maraqlı və əyləncəli işimiz var”.

Məktəblilərimiz ABŞ-da uğur qazanıb

Amerika Birləşmiş Ştatlarında 10-cu Beynəlxalq Davamlı Dünya-Enerji Mühəndislik Ətraf Mühit Layihə Olimpiadası (ISWEEEP International Sustainable World – Energy Engineering Environment Project Olympiad) keçirilib. Hyuston şəhərində təşkil edilən olimpiadada 63 ölkədən 440 layihə ilə 700 şagird iştirak edib. Olimpiadada ölkəmizi Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Nailə Məmmədova və “İstək” liseyinin 8-ci sinif şagirdi Aytən Qayıbova təmsil edib.   Şagirdlər “Günəş enerjisinin çevrilməsi və səmərəliliyinin artırılması üçün yeni GaSe nanostrukturların inkişafı” (Development of novel GaSe Nanostructures for Solar Energy conversion and Efficiency) adlı layihə ilə çıxış ediblər. Azərbaycanlı məktəblilər olimpiadada uğurla iştirak edərək bürünc medala layiq görülüblər.

İntellektual  yarışmanın qalibləri mükafatlandırılıb

"Məktəblinin dostu" layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunun  final mərhələsi keçirilib. Bilik yarışması şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə təşkil olunub. “Məktəblinin dostu" pilot layihəsinin tətbiq olunduğu təhsil müəssisələrində fevral, mart, aprel ayları ərzində intellektual oyunun məktəbdaxili mərhələsi keçirilib. 30 məktəb arasından bu mərhələni  uğurla adlayan komandalar finalda iştirak etmək hüququ qazanıblar. NORM MMC-nin dəstəyi ilə “Badamdar Hotel Baku”da keçirilən final oyununda Azərbaycan İntellektual Klublar Assosiasiyasının sədri Balaş Qasımov çıxış edərək komandalara uğurlar arzulayıb. İntellektual oyunun final mərhələsinin 3 turunu uğurla keçən Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin komandası qalib elan olunub. II və III yerləri isə müvafiq olaraq, Nərimanov rayonu T.Həsənov adına 57 nömrəli və Səbail rayonu 189-190 nömrəli tam orta məktəblərin biliciləri tutublar. “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev qalib komandaya kubok təqdim edib və komandanın hər bir üzvünə smartfonlar hədiyyə olunub. Digər qaliblər isə həvəsləndirici medal və sertifikatlarla təltif ediliblər.  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binasının açılış mərasimi

Mayın 12-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun artmasından danışıb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində peşə təhsilinin inkişafı istiqamətində görülmüş işlərdən danışan nazir bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasının bunun bariz nümunəsi olduğunu vurğulayıb. Təhsil naziri çıxışında qeyd edib ki, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq peşə təhsilinin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq olunub. Mikayıl Cabbarov Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək agentliyin qarşısında qoyulan mühüm tələblər və prioritet fəaliyyət istiqamətləri barədə danışıb. Agentliyin direktoru peşə təhsili və təlimi sektorunda müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi və əmək bazarının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin edilməsi məqsədinə nail olunması üçün bütün imkanların səfərbər olunacağını bildirib. Sonra iştirakçılar Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binası ilə yaxından tanış olublar.  Qeyd edək ki, ölkə Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılmış Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir.

“Düzgün esse yazılışı” seminarı keçiriləcək

Təhsil İnstitutunun Təhsil Texnologiyalar Mərkəzi direktor vəzifəsinə işə qəbul olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanı  təşkil edəcək. Mayın 13-də Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki imtahan mərkəzində keçiriləcək elektron sınaq imtahanından dərhal sonra "Düzgün esse yazılışı" seminarının təşkili də nəzərdə tutulur. Seminarda esseyə qoyulan tələblər, qiymətləndirmə meyarları izah ediləcək, esse yazısından yüksək bal əldə etməyin yolları öyrədiləcəkdir. Sınaq imtahanında iştirak etmək istəyənlər http://bit.ly/2qSvf1U linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Məktəb rəhbərləri üçün təlim kursu keçirilir

Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Məktəb idarəçiliyi proqramı” adlı təlim kursu keçirilir.   Təlim kursunun əsas məqsədi məktəb direktorlarına qabaqcıl təhsil sistemi və effektiv məktəb idarəetməsi haqqında məlumat vermək, onların liderlik potensialını inkişaf etdirməkdir. Təlim kursu xüsusi dəvət olunmuş Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi Cumaat Bin Masdavud tərəfindən keçirilir. Kurs çərçivəsində liderlik, vaxtın idarəolunması, ünsiyyət bacarıqlarının inkişafı və digər mövzularda interaktiv sessiyalar da  təşkil olunur. Təlim kursunda iştirak etmək məqsədilə 28 nəfər məktəb direktoru seçilib. Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.

“Uber” SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə dəstək olub

SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə “Uber” beynəlxalq texnologiya şirkəti tərəfindən dəstək göstərilib. Belə ki, şirkət birinci qrup əlil olan Masər Həsənova universitetə “Uber” servisi ilə pulsuz gediş-gəliş imkanı yaradıb. Qeyd edək ki, Masər Həsənov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda rejissor peşəsini öyrənir. M.Həsənov "Everest – ilk addım", "Mənim Bakım" , "Kapoeyra" sənədli filmlərin, "Dünya biz  düşündüyümüzdən daha yaxşıdır" sosial video-çarxın, "Sevgi naminə" qısametrajlı filmin, “Payız uzunluğunda sevgi" kino-etüdün müəllifidir. Bu məqsədlə keçirilən görüşdə ”Uber”in MDB ölkələri üzrə baş direktoru Aleksey Stax Masər Həsənova bilik əldə etməkdə kömək göstərməkdən məmnun olduqlarını bildirib. Fiziki məhdudiyyətli insanları dəstəkləməklə onların başqaları ilə bərabər inkişafına kömək etdiklərini deyən baş direktor bununla cəmiyyətin inkişafına töhfə verə biləcəklərinə inandığını deyib. SABAH qruplarının İcraiyyə Komitəsinin  rəhbəri Şahin Seyidzadə bildirib ki, tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı – SABAH layihəsinin prioritetidir. Xüsusi qayğı və diqqət tələb edən tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı isə bizim ümumi məsuliyyətimizdir. Şahin Seyidzadə “Uber” şirkətinə bu təşəbbüs və Masər Həsənova göstərdiyi dəstək üçün təşəkkür edib.   "Uber" professional sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiqi hazırlanmış beynəlxalq texnoloji şirkətdir. Şirkət dünya üzrə 73 ölkənin 450-dən çox şəhərində xidmət göstərir. Azərbaycanda "Uber" 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.

Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib. Tədbirdə YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və nazirliyin əməkdaşları iştirak edib. Ziyarət zamanı əməkdaşlar Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanış olublar. İştirakçılara ulu öndərin zəngin həyat yolu və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verilib. Ulu öndərin xatirəsinin böyük ehtiramla anıldığını diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq üçüncü ildir ki, ənənəvi olaraq Heydər Əliyev Mərkəzi ziyarət edilir. Nazir müavini ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, ölkəmizin dünya miqyasında tanınması, azərbaycançılıq məfkurəsinin formalaşması, milli dövlətçilik arzularının reallaşması baxımından misilsiz xidmətlərindən danışıb. Firudin Qurbanov ulu öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun,  onun müəyyən etdiyi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib, bu gün Azərbaycanın regionun ən qabaqcıl ölkəsinə çevrildiyini vurğulayıb. Dövlətimizin davamlı tərəqqisindən danışan nazir müavini bildirib ki,  son illərdə ölkəmizdə mötəbər tədbirlərin, eləcə də bu günlərdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada nüfuzunun artdığını bir daha nümayiş etdirir. Çıxış edənlər ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, elm, təhsil və mədəniyyətin inkişafı istiqamətindəki zəngin fəaliyyətindən danışıblar. Sonra Təhsil Nazirliyinin YAP-a üzv olmaq istəyən 5 nəfər əməkdaşının ərizəsinə baxılıb və onların müraciəti müsbət cavablandırılıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı