Növbəti diaqnostik qiymətləndirmə
11-16 may 2017-ci il tarixlərində Qax Olimpiya İdman Kompleksində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək. Qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək. 5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Qeyd edək ki, 4-6 may tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan 6 min nəfərə yaxın müəllim iştirak edib.
08/05/2017 10:36
“Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusu müzakirə edilib
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub. “Dəyirmi masa”da çıxış edən Mehriban ƏLİYEVA dedi: - Sizi Azərbaycanda salamlayıram, ölkəmizə, paytaxtımıza xoş gəlmisiniz. Böyük və vacib toplantıda iştirakınıza görə sizə dərin minnətdarlığımı bildirirəm. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında bu gün çox sözlər söyləndi. Biz çox şadıq ki, bu Forum artıq hər dəfə daha da genişlənir. Forumda 100-dən çox ölkənin nümayəndəsi iştirak edir. Mövzu bütün dünya üçün çox vacibdir. Mən çox şadam ki, biz Forum çərçivəsində digər vacib görüşlər də keçiririk. Bu gün xanım İrina Bokovanın təşəbbüsü ilə biz qızlar üçün təhsil məsələsindən danışırıq. Əlbəttə, təhsil sisteminin inkişafı hər bir dövlət üçün, hər bir ölkənin gələcəyi üçün ən vacib məsələdir. Azərbaycanda müstəqillik bərpa olunandan sonra təhsil sahəsinə diqqət ən vacib, ən prioritet istiqamətlərdən biridir. Yəni, bu gün biz fəxr hissi ilə deyirik ki, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Bizim bu sahədə böyük təcrübəmiz və tariximiz var. Eyni zamanda, biz dünyanın aparıcı ölkələrinin təcrübəsini öyrənirik və beynəlxalq təşkilatlarla bu sahədə fəal işləməyə hazırıq. X X X “Dəyirmi masa”da iştirak edən UNESCO-nun baş direktoru xanım İrina Bokova, Efiopiyanın birinci xanımı Roman Tesfaye, Malinin birinci xanımı Keita Aminata Maiqa, İordaniya şahzadəsi Dana Firas qızlara təhsil verilməsinin əhəmiyyətini qeyd edərək, mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bununla bağlı keçiriləcək sessiyada bu mövzu ətrafında fəal müzakirələrin aparılacağını bildirdilər. Görüşdə qaçqın və məcburi köçkün ailələrindən olan qızların təhsilə cəlb edilməsi ilə bağlı Azərbaycanın müsbət təcrübəsi vurğulandı. “Dəyirmi masa” iştirakçıları bildirdilər ki, ölkəmizin bu sahədə təcrübəsi digər ölkələr üçün maraqlı ola bilər. Görüş zamanı xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərdən söhbət açıldı, Fond tərəfindən Pakistanda qızlar üçün məktəbin yenidən qurulması yüksək dəyərləndirildi. AZƏRTAC
06/05/2017 19:56
Yüksək təhsil ekstremizmlə mübarizədə bir çox proseslərin qarşısını ala bilər
Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüş keçirilib. UNESCO-nun gender bərabərliyi sektorunun direktoru Saniye Gülser Coratın moderatorluğu ilə keçirilən görüşdə dünyada baş verən zorakı ekstremizmə qarşı mübarizədə qızların təhsilinin rolu müzakirə edilib. Saniye Corat Azərbaycan hökumətinə və tədbirin təşkilatçılarına dəvətə görə minnətdarlığını bildirib. UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya Forumun yüksək səviyyədə təşkilinə və xüsusi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Təhsilin cəmiyyətdəki mühüm rolundan danışan İ.Bokova bildirib ki, qızların təhsil almaları və cəmiyyətdəki fəaliyyətləri gender bərabərliyinin əsas məqsədlərindəndir. Dünyanın bir çox ölkələrində qadınlar və qızlar zorakı ekstremizmin qurbanı olurlar. Hüquqları pozulan qadınlar cinsi istismara məruz qalır, təhsildən uzaq düşürlər. Biz ekstremizmə qarşı mübarizədə bütün səylərimizi birləşdirməli, bu bəlanın aradan qaldırılması üçün birgə mübarizə aparmalıyıq. Cəmiyyətlərin inkişafında qadınların və təhsilin rolunu xüsusi vurğulayan baş direktor bəzi müsəlman ölkələrində qızların təhsilə cəlb olunmasında birgə addımların atılmasının vacibliyini vurğulayaraq deyib: “Bu bizim qlobal şəkildə mübarizəmizin əsas tərkib hissəsidir. Təhsil ekstremizmlə mübarizədə bir çox proseslərin qarşısını ala bilər”. Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb. Azərbaycanda qadınların və qızların cəmiyyətdəki rolundan danışan təhsil naziri müsəlman Şərqində ilk dəfə olaraq qızlar məktəbinin məhz Bakıda açıldığını və ilk dəfə olaraq səsvermə hüququnun da azərbaycanlı xanımlara verildiyini qeyd edib. Təhsil naziri deyib: “Ölkəmizin ali məktəblərində təhsil alanların 50 faizini qızlar təşkil edir, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizdən çoxu qadınlardır. Bir sıra ali məktəblərimizdə gender sahəsində tədqiqatlar aparılır. Respublikamızda qaçqın, köçkün və dünyadakı çoxsaylı miqrasiyalara baxmayaraq, ölkəmizdə bir çox sahədə olduğu kimi, təhsildə də təqdirəlayiq nəticələr əldə olunub”. Təhsilin qızların həyatındakı vacib rolundan danışan Efiopiyanın birinci xanımı Roman Tesfaye cəmiyyətdə qadınların hüquqlarının qorunmasının vacibliyini qeyd edib. Bildirilib ki, təhsil vasitəsilə cəmiyyətə inteqrasiya olunan qadınlar bir çox qlobal problemlərin həllində xüsusi yer tuturlar. Təhsil onların yoxsulluqdan azad olunmasında, həmçinin maliyyə sahəsində bir sıra məsələlərin həllində də böyük rol oynayır. Erkən nikahlar, müxtəlif dini və ekstremizm qrupları tərəfindən zorakılıqlar qızların təhsil almasına mane olur. Biz bu cür xoşagəlməz halların qarşısının alınmasında birgə mübarizə aparmalıyıq. Efiopiya hökuməti bu sahədə bir sıra uğurlar əldə edib. Uşaqların və qızların məktəbə cəlb olunmasında maarifləndirmə tədbirləri davam edir. Foruma dəvətə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlığını bildirən Malinin birinci xanımı Keita Aminata Maiga görüşün yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, terrorizm və zorakı ekstremizmə qarşı mübarizədə qadınlara dəstək göstərilməsinin vacibliyini qeyd edib. Qadın və qızların cəmiyyətin inkişafında mühüm rolunu vurğulayan Malinin birinci xanımı ölkəsində bu sahədə aparılan islahatlar barədə məlumat verib. Qeyd edib ki, Malidə qızların təhsilə cəlb olunması ölkə siyasətinin əsas istiqamətlərindən biridir. Çox vaxt zorakı ekstremizmin qurbanına çevrilən qızlar hətta ibtidai təhsil ala bilmirlər. Qızlardan müxtəlif terrorçu qruplaşmalar tərəfindən sui-istifadə edilməsi cəmiyyətin əsas problemlərindən biridir. K.Maiga qeyd edib ki, yoxsul ailələrdən olan qız uşaqlarının təhsilinə ayrılan sərmayə ekstremizmlə mübarizədə ən öndə gedən məsələlərdəndir. Ruandanın birinci xanımı Janet Kagame bir çox ölkələrdə qadınlara qarşı törədilən zorakılıq hallarından danışıb, bunun qızların təhsil almasına əks təsirini vurğulayıb. O deyib: “Biz dünyada, xüsusilə müsəlman ölkələrində qadın və uşaqların hüquqlarının pozulmasının şahidi oluruq. Onlara qarşı törədilən cinayətlərlə mübarizədə birləşməli, bu istiqamətdə birgə tədbirlər həyat keçirməliyik”. Ölkəsinin tarixi barədə məlumat verən birinci xanım bildirib ki, qızların təhsilə cəlb olunması gender bərabərliyinin təminatıdır. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirə olunan mövzunun vacibliyini qeyd edib. Bildirilib ki, radikalizm, zorakılıq, ksenofobiya, ayrıseçkilik bəşəriyyətin ən böyük bəlasıdır və bunlar insanlığa ciddi ziyan vurur. Zorakı ekstremizmdən daha çox qadınlar və uşaqlar, xüsusilə qızlar əziyyət çəkirlər. Hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, qızlar cinsi istismara məruz qalır və insan alverinin qurbanına çevrilirlər. Elə ölkələr vardır ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrıseçkilik mövcuddur. Qızların təhsil almasına, qadınların işləməsinə, onların sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur. Bunlar əsasən yoxsulluq, erkən nikahlar, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlərdir. Hər bir ölkə uşaqları qorumağı və onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunur. Komitə sədri bildirib ki, Azərbaycanda uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil alması, sağlam və savadlı mühitdə böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması və hüquqlarının qorunması sahəsində mühüm işlər görülüb. Milli strategiya kimi formalaşan dövlət uşaq siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daha da gücləndirilib. Ölkəmizdə təhsilin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edən komitə sədri bu sahədə Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Qeyd edilib ki, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi, həmçinin konkret tədbirlərin həyata keçirilməsi ilə də reallaşdırılır. Bu layihələr qaçqın və məcburi köçkün, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib. Bildirilib ki, hazırda bəşəriyyəti düşündürən məsələ isə davamlı inkişaf və sülhə, əmin-amanlığa, rifaha mane olan problemlərin, məhdudiyyətlərin aradan qaldırılması və bu istiqamətdə mexanizmlərin tapılmasıdır. Təhsil radikalizmə, ortodoksal baxışlara, terrorizmə qarşı ən yaxşı vasitədir. Elm və mədəniyyət bütün problemlərin həllində böyük əhəmiyyətə malikdir. Yüksək səviyyəli görüşün iştirakçıları birgə qlobal humanitar çağırış qəbul ediblər. Çağırış tədbirdə oxunub. AZƏRTAC
06/05/2017 19:40
“Muzeylər və İslam Həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı
Məktəblilər üçün “Muzeylər və İslam həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı həyata keçirilir. Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Proqram bu il Bakı şəhərində fəaliyyət göstərən 16 aparıcı muzeylə yanaşı ilk dəfə olaraq 11 xatirə ev-muzeyini əhatə edəcək. Üçüncü ildir ki, keçirilən proqramın müddəti məktəblilərin fəallığını, müəllim və valideynlərin marağını nəzərə alaraq, “Muzey həftəsi”ndən “Muzey ayı”na qədər genişləndirilib. Proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir. Yeni proqram üçün Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və “İslam həmrəyliyi”nə uyğun olaraq mövzular seçilib. Proqram mayın 28-dək davam edəcək.
05/05/2017 14:23
SABAH tələbələri qalib oldular
“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Seedstars World” müsabiqəsinin qalibi bəlli olub. “PAŞA Bank” və ABŞ səfirliyinin dəstəyi ilə “ADA” Universitetində azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri baş tutub. Azərbaycanın 10 ən yaxşı startapının mübarizə apardığı müsabiqədə Baramanın “Wake me up” layihəsi qalib gəlib. Layihənin iştirakçıları SABAH qruplarının tələbələridir. Yerli seçim mərhələsində 2-ci və 3-cü yerin qalibləri "TechSos" və "Buglance" komandaları olub. “Wake me up” 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək “Seedstars” Sammitində ölkəni təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. "Azercell Telekom" MMC Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin "Seedstars" şirkəti ilə tərəfdaşlıq edir.
05/05/2017 11:26
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub
Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə xanım Mehriban Əliyevaya məlumat verdilər. Bildirildi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Universitet dördmərtəbəli binaya 1997-ci ildə köçüb. İndiyədək burada heç vaxt əsaslı təmir işləri aparılmamışdı. Bu ali məktəbin tədris korpusu əsaslı təmirdən sonra müəllimləri və tələbələri qəbul etməyə hazırdır. Ali təhsil ocağında təmir işlərinə düz bir il əvvəl - 2016-cı ilin mayında başlanılıb. Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - rəssamlıq, kulturologiya, musiqi sənəti, kino və televiziya, teatr fakültəsi var. Bu korpusda isə üç fakültə fəaliyyət göstərir. Xanım Mehriban Əliyeva korpusun foyesində quraşdırılan “Rəşadətli Azərbaycan Ordusu” adlı stendə baxdı. Burada 2016-cı ilin 2-5 və 27-28 aprel tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dağılan evləri və dinc əhaliyə dəyən ziyanı əks etdirən fotolar yer alıb. Stenddə Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərləri, həmçinin düşmənin darmadağın edilməsini əks etdirən fotolar təqdim olunur. Birinci vitse-prezident Mehriban Əliyeva tədris korpusundakı “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə yaradılan şəraitlə də maraqlandı. Heydər Əliyev Mərkəzi 2015-ci ildən etibarən Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrənilməsi, inkişaf etdirilməsi, tədqiqi və daha geniş auditoriyalarda təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Heydər Əliyev məktəblərinin yaradılması layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi” yaradılıb. Bu Məktəbdə nümayiş olunan ekspozisiyalar və məlumatlar üzrə foto, video və çap materiallarının toplanması, sistemləşdirilməsi və müvafiq bölmələrdə yerləşdirilməsi ilə bağlı kompleks işlər görülüb. Bununla əlaqədar Azərbaycan Dövlət Kino-Foto Sənədlər Arxivindən, Azərbaycan Dövlət İnformasiya Agentliyindən, Prezident Administrasiyasının foto-arxiv şöbəsindən ulu öndər Heydər Əliyevə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin yeni dövrünə aid 150-yə yaxın foto seçilərək müvafiq bölmələrdə yerləşdirilib və xüsusi elektron lövhələrdə interaktiv şəkildə təqdim edilir. Universitetdə kitabxana-informasiya mərkəzi də qurulub. Ali təhsil müəssisəsinin kitabxana fondunda 40 mindən çox ixtisas ədəbiyyatı var. Onlardan 21 mini məhz bu mərkəzdə yerləşir. Universitetin kitabxanasında Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə diqqət və qayğısını əks etdirən 70-yə yaxın kitab var. Azərbaycanın Birinci vitse-prezidenti universitetdəki kiçik səhnə ilə də tanış oldu. Məlumat verildi ki, əvvəllər burada normativlərə uyğun olmayan zal var idi. İndi isə ən müasir avadanlıqla təchiz edilən səhnə qurulub. Təmirdən sonra tədris korpusu ən müasir işıq və səs avadanlığı ilə təchiz olunub, 10-a yaxın yaradıcılıq otağı yaradılıb. Zirzəmidə inventar otaqları, səsyazma studiyaları, operator otaqları, musiqi zalı yerləşir. Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “SABAH” qrupları da fəaliyyət göstərir. “SABAH” qrupları layihəsindən məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəricilərinə görə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Universitetin 31 tələbədən ibarət bu qrupu artıq qastrol səfərlərinə də gedir. Onlar Lənkəranda, Mingəçevirdə və Polşada olublar. “SABAH” qrupu üçün mütəmadi olaraq ustad dərsləri də təşkil edilir. Məlumat verildi ki, korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar. Tələbələr yaratdıqları əsərlərə sonradan elə həmin otaqlarda qurulan ekranlar vasitəsilə baxıb, onları müzakirə edə biləcəklər. Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident xanım Mehriban Əliyeva universitetə fəaliyyətində uğurlar arzuladı. AZƏRTAC
04/05/2017 20:41
Azərbaycanlı şahmatçılar dünya çempionatından medalla qayıdıb
Şahmat üzrə dünya çempionatında Azərbaycan komandasının üzvləri 3 gümüş, 1 bürünc medal qazanıb. Rumıniyada keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin komandası təmsil edib. 42 ölkədən 600-dən çox məktəbli şahmatçının qatıldığı yarışda komandamızın üzvlərindən Ziya Məmmədov 7 yaşlı oğlanlar arasında, Fərid Orucov 9 yaşlı oğlanlar arasında, Süsən Məmmədova 17 yaşlı qızlar arasında II yeri tutaraq gümüş, Leyla Budaqova 9 yaşlı qızlar arasında III yeri tutaraq bürünc medal qazanıb. Qeyd edək ki, hər il məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək məktəbli şahmatçıların müəyyən edilməsi məqsədilə “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər Şahmat məktəbləri arasında respublika çempionatı təşkil edilir. Çempionatda yaş qrupları üzrə I yeri tutan şahmatçılar dünya, II yeri tutan şahmatçılar Avropa çempionatında iştirak etmək hüququ qazanır.
04/05/2017 15:47
SABAH qrupunun tələbəsi beynəlxalq təhsil proqramında iştirak edəcək
“Young Global Pioneers” (YGP) beynəlxalq təhsil proqramında iştirak üçün keçirilən müsabiqənin Azərbaycan üzrə qalibi müəyyən olunub. Qalib Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının tələbəsi Nilgün Aslanovadır. “YGP Talent Network” proqramı iyulun 23-dən avqustun 12-dək Tanzaniya və Zanzibarda təşkil ediləcək təlim turu ilə başlayacaq. Üç həftə ərzində planetin müxtəlif guşələrindən olan 20 həmyaşıd bir-birini daha yaxından tanımaq və dünyadakı problemlərin innovativ həll üsullarını hazırlamaq üçün birləşəcək. Tur iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcək, yerli mədəniyyət və adətlərlə yaxından tanış olacaq, bölgədə mövcud problemlər və imkanlar haqqında məlumat toplayacaqlar. Həmçinin SOS Uşaq kəndindən olan gənclərlə görüşəcək, safari-tura yola düşəcəklər. Bu il müsabiqə “Carlsberg Fondu”nun bölməsi olan “Carlsberg Bequest”in dəstəyi ilə eyni anda Şərqi Avropa regionunun bir neçə ölkəsində - Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanda təşkil olunub. Beynəlxalq təhsil proqramı Azərbaycanda SABAH qrupları ilə eksklüziv tərəfdaşlıq çərçivəsində keçirilib. Səyahət başa çatdıqdan sonra “Global Reflection” vebinarları kimi “Young Global Pioneers” proqramının bütün iştirakçıları Qlobal İstedadlar Şəbəkəsinin bir hissəsi olacaqlar. Həmin şəbəkənin əsasında təlim və mədəni əlaqələrin möhkəmləndirilməsi yer alacaq. “YGP Talent Network” - 19-25 yaşarası gələcək liderlər üçün beynəlxalq təhsil proqramının missiyası dünyanın ən istedadlı gənclərini birləşdirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası kommunikasiya səviyyəsini artırmaq və dünya problemlərinin innovativ həll yollarını birlikdə tapmaq üçün qlobal düşünməyi öyrətməkdir. Layihə haqqında http://youglo.org elektron ünvanında ətraflı məlumat almaq mümkündür.
04/05/2017 15:11
İsveçdə təhsil alan tələbə: "Xaricdə təhsil almağım bütün ümidlərimi doğruldub".
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı İsveç Krallığı Karolinsk İnstitutunun doktorantı Pərviz Məmmədzadədir. Layihə Təhsil Nazirliyi və 1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir. Pərviz Məmmədzadə 1988-ci ildə Zaqatalada anadan olub. Orta məktəb təhsilini rayondakı 3 nömrəli tam orta məktəbdə alıb. 2005-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb. Tibb təhsilinin sonrakı 4 ilini (2007-2011) universitetlərarası müqaviləyə əsasən Türkiyə Respublikasında, İstanbul Universitetinin tibb fakültəsində davam etdirib və oradan məzun olaraq həkimlik dərəcəsi alıb. Universiteti bitirdikdən sonra, 2012-2014-cü illərdə İsveç Krallığının Karolinsk İnstitutunda göz xəstəlikləri üzrə elmi-tədqiqat işi ilə məşğul olub. 2015-ci ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Karolinsk İnstitutunda doktorantura təhsili alır. Evlidir, bir qızı var, həyat yoldaşı da həkimdir. P.Məmmədzadə ilə söhbətə orta məktəb illərindən başladıq. “İlk müəllimlərimi hörmətlə anıram” Orta məktəbdə oxuduğum illərdə, birinci sinifdən etibarən dərs əlaçısı olmuşam. Məktəb illərində daha çox fizika, kimya, riyaziyyat və biologiya fənlərinə həvəs göstərmişəm. İlk müəllimlərimi hələ də hörmətlə anıram. Onlar mənim təhsil həyatımda mühüm rol oynayıblar. İbtidai sinif müəlimim Səfiyyə xanımı çox müsbət bir insan kimi xatırlayıram. Hər bir şagirdi öz balası kimi sevərdi və ona can yandırardı. Orta təhsil illərində sinif rəhbərim Solmaz xanım ana dili və ədəbiyyat müəllimi, çox peşəkar və ədalətli bir insan kimi xatirimdə qalıb. İxtisas seçiminə gəlincə məktəb illərimin ortalarında, ixtisas olaraq nəyi seçəcəyimi dəqiq bilmirdim. Bildiyim tək şey, nə etsəm də, o işi sevərək etməyin vacibliyi idi. Valideynlərimin həkim olması ailəmizdə həkimliyə ənənəvi bir meyil yaratmışdı. Böyük qardaşım da Tibb Universitetində oxuyurdu və buna görə mən də həkimliyə üstünlük verdim. “10 ildən çoxdur ki, xaricdə təhsilimi davam etdirirəm” Hələ orta məktəbdə oxuyarkən valideynlərim mənə və qardaşlarıma xarici dili öyrənməyimizi aşılayırdılar. Ailəmizdə savada və elmə dəyər verirdilər. Xaricdə təhsil almağımda valideynlərimin həm mənəvi, həm də maddi dəstəyi çox olub. Təbii ki, mən də dövlətin biz gənclərə verdiyi imkandan yararlanaraq xaricdə təhsil almaq arzumu reallaşdırmaq üçün Dövlət Proqramına müraciət etdim. Azərbaycanda istedadlı gənclərimiz çoxdur, bu proqram sayəsində onların arzusu reallaşır və istədikləri savada nail ola bilirlər. İxtisaslı gənclərimiz Azərbaycana geri dönüb, ölkədə gedən inkişaf prosesinə öz müsbət töhfəsini verirlər. Artıq 10 ildən çoxdur ki, xaricdə təhsilimi davam etdirirəm. Ölkəmizin təhsil sistemində baş verən dəyişikliklərə gəlincə, ali məktəblərimizdə ən çox görmək istədiyim yeniliklər arasında təhsilin kompüterləşdirilməsi, internet və kitabxana xidmətlərinin elektronlaşdırılması, tələbələrimizin köhnə və əhəmiyyətsiz ədəbiyyatlarla yüklənməməsi və s. misal çəkə bilərəm. İsveçdə doktorantın iş günü əsasən klinikalarda keçir. Boş vaxtım olanda isə onu ailəmə ayırıram, bəzən dostlarla və həmkarlarımla görüşürəm, idmanla da məşğul oluram, müxtəlif tibbi ədəbiyyat oxuyuram. “İsveç təhsilində müasir pedaqogika metodları tətbiq olunur” İsveç Avropada çox sürətlə inkişaf edən və daim innovasiyalarla yeniləşən təhsil sisteminə malikdir. İsveç təhsilində müasir pedaqogika metodları tətbiq olunur. Orta məktəblərdə şagirdlərə ev tapşırığı verilmir, bütün tapşırıqlar məktəb saatı müddətində tədris prosesində həll olunur. Şagirdlər dərs saatı bitdikdən sonra evə gedib ürəkləri istədiyi kimi vaxt keçirirlər və çox savadlı bir gənc kimi formalaşırlar. Ali təhsil ocaqlarında təhsildə ən son yeniliklər tətbiq olunur. Ölkənin bütün təhsil müəssisələrində elektronlaşma və internet yüksək səviyyədədir. Hazırda Karolinsk İnstitutunda doktorantura təhsili alıram. Karolinsk İnstitutu yalnız tibbə və tibb elmlərinə yönəlmiş yeganə universitetdir və İsveçdə tibbi təhsilin ən geniş diapazonunu təklif edir. Əsası 1810-cu ildə qoyulmuş Karolinsk İnstitutu dünyanın ən yaxşı 50, Avropanın 10 tibb universiteti sırasındadır. Hər il Nobel mükafatlarının təqdim olunduğu ali məktəb özünün ənənələri ilə məşhurdur. Qeyd etməliyəm ki, doktorantura təhsili universitet təhsilindən fərqlidir. Daha çox tətbiqi xarakter daşıyır. Elmi işimin mövzusu oftalmologiya, daha dəqiq desək, gözün torlu qişasının qan-damar xəstəliklərini əhatə edir. Göz insan bədənində nisbətən balaca orqan olmasına baxmayaraq çox mürəkkəb bir quruluşa malikdir və elmə məlum olmayan müəmmaları çoxdur. Yaşadığım şəhərdə azərbaycanlı tələbələr azdır, buna baxmayaraq səfirliyimizin və diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə iştirak etməyə çalışıram. İmpakt-faktorlu jurnallarda dərc olunan azərbaycanlı tələbə. Çox sevindirici haldır ki, Pərviz İsveçin məşhur klinikalarında aparılan ciddi elmi tədqiqatlarda iştirak edir. Onun apardığı tədqiqatların nəticələri Avropanın impakt-faktorlu jurnallarında dərc olunub. Onun bu barədə fikirləri də maraqlı və aktualdır. Qeyd etdiyim kimi, elmi işimin əsas mövzusu gözün torlu qişasının qan-damar xəstəliklərinin genetik və hüceyrə transplantasiyası metodları ilə müalicəsidir. Bildiyiniz kimi, yaşlı əhalidə görmə zəifliyinin və korluğun əsas səbəbi şəkərli diabet xəstəliyidir. Bu xəstəlik düzgün müalicə olunmadığında müəyyən müddət sonra bir çox digər orqanlarda olduğu kimi (ürək, böyrək, ətraf nahiyyənin sinir və damarları və s), gözdə də fəsadlar meydana gəlir. Belə ki, şəkər xəstəliyi gözün torlu qişasını qanla təchiz edən damarlarda dönməz mikro-patalogiyalara səbəb olur və bu da, öz növbəsində, torlu qişanın işığı qəbul edən və görmə prosesinin gerçəkləşməsində rol oynayan hücəyrələrinin zədələnməsinə və görmə zəifliyinə yol açır. Hazırda tətbiq olunan müalicə üsulları patalogiyanın gecikdirilməsinə və yaxud ən yaxşı halda prosesin dayandırılmasına yönəlir, zədələnmiş hüceyrələr və zəifləyən görmə aktı demək olar ki, bərpa olunmur. Dərc etdiyim ilk elmi məqaləmdə biz torlu qişanın qan-damar hüceyrələrinin molekulyar və genetik səviyyədə xüsusiyyətlərini araşdırmışıq və patalogiya zamanı hansı genlərin və pataloji faktorların fəallaşdığını diqqətə çatdırmışıq. Bu məqalə Avropanın ən nüfuzlu oftalmologiya jurnalında çap olunub (Acta Ophthalmologica). İkinci məqaləmdə biz heyvanlar üzərində laboratoriya şəraitində süni üsulla şəkərli diabet bənzəri şərait yaradaraq gözün torlu qişasında patalogiya yaratmışıq. Sonra isə genetik transfeksiya və hüceyrə transplantasiya vasitəsilə bu patalogiyanı müalicə etmişik. Məqalə dünyanın ən nüfuzlu elmi nəşrlərindən birində (Nature Publishing Group, Scientific Reports) çap olunub. Ümid edirik ki, bu metod gələcəkdə insanlara da tətbiq oluna bilinəcək. Tədqiqatlarımız davam edir. Sonda xaricdə təhsilin üstünlüklərindən qeyd edə bilərəm. Üstünlüklər, təbii ki, çoxdur. Misal olaraq, keyfiyyətli təhsil, xarici dillərə yiyələnmək, beynəlxalq aləmdə olmaq və yeni mədəniyyət və insanlarla tanış olmaq, şəxsiyyət olaraq daha fərqli inkişaf etmək və s. Bu mənada xaricdə təhsil almağım bütün ümidlərimi doğruldub. İstərdim ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqları universitet tədrisinin bir hissəsi olaraq tələbələri bir neçə aylıq da olsa, xarici universitetlərə göndərsin. Bu yolla tələbələrdə elmə və xarici dilə olan həvəs daha da artar. Gələcək planlarıma gəlincə isə, İsveçdə və Azərbaycanda elmi tədqiqat qrupu təşkil etmək, Azərbaycanda elmi tədqiqatın inkişafına töhfə verməkdir. www.1news.az
04/05/2017 14:42
Təhsil naziri Misirin ali təhsil və elmi tədqiqat nazirinin birinci müavinini qəbul edib
Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam El-Din El-Sayed El-Malehini qəbul edib. Görüşdə Azərbaycan və Misir arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin universitetlər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
04/05/2017 11:42
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı