Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dostluq çələngi” hesabat konserti

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Milli rəqs” dərnəyinin “Dostluq çələngi” adlı hesabat konserti keçirilib. Konsertdə dövlət və qeyri-hökumət təşkilatlarından, müxtəlif səfirliklərdən dəvət olunmuş qonaqlar iştirak ediblər. Konsertin birinci hissəsində milli rəqslər,  ikinci hissədə nağıl qəhrəmanlarına həsr olunmuş süjetli rəqslər nümayiş olunub. Üçuncü hissə isə dostluq motivində qurulub. Belə ki, uşaqlar dünya xalqlarına, həmçinin islam ölkələrinə məxsus rəqsləri ifa ediblər. Sonra qonaqlar tədbir haqqında təəssüratlarını bölüşüblər. Qırğızıstan Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi mərkəzə xüsusi “Təşəkkürnamə” təqdim edib. Həmçinin Milli Olimpiya Komitəsinin nümayəndəsi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Zəfər günləri” layihəsi çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə kollektivin üzvlərinə “Təşəkkürnamə” verib. Tədbirdə çıxış edən iştirakçılar Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən diplomlarla təltif olunub.

Təhsil naziri Corc Vaşinqton Universitetinin Təhsil fakültəsinin dekanı ilə görüşüb

İyunun 16-da təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Corc Vaşinqton Universitetinin Təhsil fakültəsinin dekanı, təhsil siyasəti üzrə professor Maykl Föyer ilə görüşüb. Görüşdə tərəflər 13-16 iyun 2017-ci il tarixlərində Bakıda keçirilmiş “Beynəlxalq Təhsil Həftəsi” ilə bağlı təəssüratlarını bölüşüblər. Eyni zamanda, görüşdə səfər çərçivəsində Maykl Föyer tərəfindən bir sıra məktəblərə edilmiş ziyarətlərlə bağlı fikir mübadiləsi aparılıb, təhsil sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi müzakirə edilib.

Təhsil naziri kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar ilə görüşüb

İyunun 16-da təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar ilə görüşüb. Görüşdə Azərbaycan ali təhsil müəssisələrinin potensialının yüksəldilməsi müzakirə edilib, həmçinin təhsil prosesində fundamental elmlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

ADNSU-da II Startap və İnnovasiya Festivalı

İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Startap və İnnovasiya Festivalı keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, millət vəkilləri, universitet rektorları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və şirkət rəhbərləri iştirak edib. Əvvəlcə Lazer Mərkəzinin açılışı olub. Qonaqlara lazer başlıqlı robotlar, onların iş prinsipləri və funksiyaları haqqında ətraflı məlumat verilib və bu, əyani olaraq nümayiş etdirilib. Bildirilib ki, Lazer Mərkəzi ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsini nəzərdə tutur. Daha sonra isə iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehsalının təşkil olunması planlaşdırılır. ADNSU-nun rektoru Mustafa Babanlı “eazi START” Startap və İnnovasiya Mərkəzinin son iki ildə gördüyü işlərdən danışıb və gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Onun sözlərinə görə, hətta bu layihələrin bəziləri dünya bazarlarına çıxa biləcək səviyyədədir: “Bizim əsas məqsədlərimizdən biri odur ki, gələcəkdə tələbələr öz buraxılış işlərini startap ideyaları ilə təqdim etsinlər. Növbəti illərdə biz universitet sərhədlərini aşıb bu cür buraxılış festivallarını daha geniş formada təşkil etməyi planlaşdırırıq”. Sonra universitetin “eazi START” startap məktəbinin “Smart Keyboard”, “Cam Touch”, “General Reporting Platform”, “Multivizor” və “KubiRub” layihələri festival iştirakçılarına təqdim olunub. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik etdiyi qurumun ölkədə informasiya texnologiyalarının inkişafına xüsusi önəm verdiyini bildirib. Nazir bu sahədə vacib istiqamətlərdən birinin müasir elmi nailiyyətlərə əsaslanan ideyaların dəstəklənməsi olduğunu qeyd edib: "Nazirliyin İKT Fondu, Yüksək Texnologiyalar Parkı, Biznes İnkubasiya Mərkəzində bu sahədə müəyyən işlər görülüb. İnnovasiya sahələrinin inkişafı üçün bir çox startap layihələrinə qrantlar ayrılır. Bu günədək İKT Fondu tərəfindən innovasiya sahələri üzrə 4 qrant müsabiqəsi keçirilib. 600-dən çox layihədən 100-ü maliyyələşdirilib”. Təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə startap ideyalarının icrasının həm tələbələr, həm də təhsil müəssisələrinin özləri üçün yeni imkanlar yaratdığını deyib. Nazir bildirib ki, bu layihələrin həyata keçirilməsi gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi, biznes potensialının artmasına xidmət edir: "Biz bu cür layihələri inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Startap layihələrinin icrası tələbələrin sahibkarlıq ruhunun inkişaf etdirilməsi ilə yanaşı, ali məktəblərin də əlavə qazanc əldə etməsində müəyyən rol oynaya bilər. Biz bu sahədə vahid milli platformadan çıxış etməliyik. İş adamları, dövlət və özəl şirkətlərlə müzakirələr bu sahəni daha məhsuldar edə bilər”. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov festival iştirakçılarına uğurlar arzulayıb və "eazi START" startap məktəbinin “Smart Keyboard” layihəsinin müstəsna müəlliflik hüququnun ADNSU-ya aid olduğunu təsdiqləyən sənədi bu təhsil müəssisəsinin rektoru Mustafa Babanlıya təqdim edib. Çıxışlardan sonra ADNSU-nun startap məktəbinin daha 6 layihəsi təqdim olunub. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” üzrə təlim keçirilib

Məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri tərəfindən “Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib. Təlim Mingəçevir və Şirvan şəhərləri, Bərdə, Masallı, Quba, Qazax, İsmayıllı, Qax rayonlarında təşkil olunub. Proqram çərçivəsində 6-9-cu siniflər əhatə edilməklə ümumtəhsil məktəblərinin 1500-dək şagirdi maarifləndirilib.                                                                                Təlim proqramına “Özünüdərk”, “Hüquqlarım və öhdəliklərim”, “Gender və sosial inklüzivlik”, “Faydalı vərdişlərin formalaşması”, “Qidalanma”, “İlk tibbi yardım”, “Fəlakət riskinin azaldılması–iqlim dəyişikliyi və fəlakət zamanı adaptasiya təminatı”, “Yaşam şərtləri-peşələr, peşə təhsili, planlama və büdcənin qurulması, sahibkarlıq”, “Reproduktiv sağlamlıq”, “Gender mənşəli zorakılıq-erkən nikah, məişət zorakılığı, insan alveri” kimi mövzular daxil edilib.    Təlimlər Avropa Komissiyasının DİPECHO Fondu tərəfindən maliyyələşdirilib və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, UNİCEF arasında 2016-2017-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Həssas Uşaqların və İcmaların Fəlakət Riskinə Davamlılığının Artırılması” layihəsi üzrə Fəaliyyət Planının müvafiq bəndi çərçivəsində keçirilib.

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik

İyunun 16-da Təhsil Nazirliyində “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli qərarında dəyişikliklər edilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında məlumat verilib ki, əvvəlki qaydalardan fərqli olaraq təsdiq olunmuş dəyişikliklərə əsasən akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditləri qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradılıb. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir. Digər tələbələr isə imtahanda iştiraka görə həmin fənn üçün nəzərdə tutulan məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən vəsaiti ödəməli olacaq. Qeyd olunub ki, hazırda dövlət ali təhsil müəssisələrində sonuncu kursun təqribən 6 faiz tələbəsi 1-2 fənn üzrə akademik borcu olduğuna görə ali məktəbi bitirə bilmir. Bu qərarın qəbul olunması həmin tələbələrə ali təhsil müəssisəsini bitirmək üçün real imkan yaradır. Əvvəlki qaydalardan fərqli olaraq dəyişikliklərə görə, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb. Eyni zamanda əyani təhsilalma formasının yeni növləri – tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növləri tətbiq olunub. Tədrisə tam cəlb olunma– ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan, tədrisə qismən cəlb olunma isə– ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür. Tədrisə qismən cəlb olunma növünün tətbiqi aztəminatlı ailələrindən olan tələbələrə işləmək, işləyən şəxslərə isə təhsil almaq imkanı yaradacaq. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

İyunun 14-də Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Clarivate Analytics” (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Fəxri Xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri düzüblər. UNEC-in rektoru Ədalət Muradov bugünkü konfransın məhz universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusuna həsr edilməsinin təsadüfi olmadığını bildirib. Son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsas tutulmaqla universitetlərdə həyata keçirilən islahatlardan danışan rektor ali məktəblərin təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirildiyini deyib. Rektor keyfiyyətli təhsilin ən ciddi, səmərəli, praktikada tətbiq edilə bilən biliklərin məhz təhsil prosesinə transformasiyasını özündə ehtiva etdiyini diqqətə çatdırıb və  konfransdan elmi fəaliyyətin idarə edilməsi istiqamətləri üzrə faydalı nəticələr əldə olunacağına əminliyini ifadə edib. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi ali təhsil müəssisələrində elmin idarə edilməsi sistemini müasirləşdirir: “Bizim çox güclü və zəngin ənənələrə malik elmi sistemimiz mövcud olub. Bu gün universitetlər iqtisadi artımın təmin edilməsində olduqca önəmli rol oynayır. Eyni zamanda universitetlər əmək bazarı üçün yeni iş yerləri təklif edir”. Mikayıl Cabbarov qeyd edib ki, elmin müasirləşdirilməsi, dünya elminə inteqrasiyasının rolunun artırılmasını təmin etmək müasir dövrdə qarşıda duran əsas çağırışlardandır. Bu sistemə cavab vermək imkanlarımızın genişliyini diqqətə çatdıran nazir yolun ilk mərhələsində olduğumuzu qeyd edib. Nazir bildirib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: “Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülüb. Bu da gənclərin elmə marağını bir daha artırmış olur”. İnkişaf etməkdə olan ölkələr üzrə qlobal direktor Viji Krişnan elm və texnologiyanı müasir dünyada ölkənin uğurunu müəyyən edən əsas amil kimi dəyərləndirib, bu sahədə universitetlərin üzərinə böyük iş düşdüyünü nəzərə çatdırıb. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov ölkədə həyata keçirilən innovasiya və startap layihələrindən danışıb. Azərbaycanın innovasiya sahəsində MDB məkanında birinci yerdə olduğunu bildirən Kamran İmanov qeyd edib ki, ümumilikdə ölkəmiz bilik iqtisadiyyatına görə 146 ölkə sırasında 76-cı yerdə qərarlaşıb. Beynəlxalq Elm və Texnika İnformasiya Mərkəzinin direktoru Yevqeniy Uqrinoviç Azərbaycanla uğurlu əməkdaşlıqdan söz açıb. Elmmetriya sahəsində müştərək layihənin icrasına başladıqlarını bildirib. Daha sonra ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Əziz Sancarın məruzəsi dinlənilib. Əziz Sancar çıxışında elm və təhsilə göstərilən diqqətin mühüm amil olmasından və elmi-tədqiqat işlərindən bəhs edib. Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Yunanıstan, Macarıstan, Rumıniya, İsveçrə, İngiltərə, Litva, Qazaxıstan, Gürcüstan, Polşa, Moldova, Belarus, Qırğızıstan və digər ölkələrin nüfuzlu ali təhsil müəssislərinin rəhbərləri, elm adamları və tədqiqatçılarının qatıldığı konfrans öz işini panellərdə davam etdirib.  

Biz məzunuq…

İddialar və hədəflər böyük olduğu kimi, bilik və bacarıqları da yüksəkdir   Bir təhsil ili də beləcə başa çatır. Bu gün XI sinfi bitirən 84088 məzun üçün məktəblərdə sonuncu dəfə zəng çalınacaq. Amma bu zəng onları məktəbdəki növbəti dərsə yox, həyat məktəbinin bitməyən sınaqlarına hazır olmağa səsləyəcək. Yarı kövrək, yarı əyləncəli bu günün sonunda onlar məktəblə birdəfəlik vidalaşacaqlar. Bundan sonra bəlkə də oturacaqları bir parta olacaq, amma o, heç vaxt bir məktəb partasını əvəz edə bilməyəcək. Bu gün məzun olan şagirdlərin məktəbə “son sözü” nədir, görəsən? Məktəblə sağollaşacağıma görə kədərlənirəm Fatimə Keyseruxskaya, Balakən şəhər 1 nömrəli tam orta məktəbin məzunu: - Təhsil elə bir pilləkəndir ki, məncə, burada aşağıya yol yoxdur. Həmin pilləkənin ən əhəmiyyətli, ən vacib pilləsi məktəbdir və mən məktəblə sağollaşıram. Buna görə çox kədərlənirəm. Ancaq arzularım var. “ADA” Universitetinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olmaq istəyirəm. Məktəb bu arzuma çatmaq, uğur qazanmaq üçün kifayət qədər bilik verib. Birinci qəbul imtahanında 637 bal toplayaraq bunu sübut etmişəm. Qazandığım uğura görə müəllimlərimə təşəkkür edirəm və düşünürəm ki, onların etimadını doğruldaraq ikinci qəbul imtahanında 700 bal yığacağam. Hədəfim 700 bal yığmaqdır Səyyad Yusifli, Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin məzunu: - Oxuduğum məktəb hər yerdə uğurları ilə seçilir. Mən də bu məktəbin şagirdi olduğuma görə həmişə fəxr etmişəm. Qazandığım uğurlarda müəllimlərimin zəhməti, əziyyəti böyükdür. Onlar mənə sadəcə təhsil almaqda yox, şəxsiyyət kimi formalaşmaqda, cəmiyyətdə müəyyən mövqeyə sahib olmaqda çox kömək ediblər. Artıq dərs ilinin son günüdür və məktəblə vidalaşacağıma görə çox üzülürəm. Lakin müstəqil həyata atılacağıma görə də həyəcanlanıram. Birinci qəbul imtahanında 682 bal toplamışam. Arzum hüquqşünas olmaqdır. İkinci qəbul imtahanında da iştirak etmək niyyətindəyəm. Hədəfim 700 bal yığmaqdır. Müəllimlərimə çəkdikləri əziyyətə görə dərin minnətdarlığımı bildirirəm. Neft mühəndisi olacağam Aytən Nuriyeva, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin məzunu: - Daşkəsən şəhərində anadan olmuşam. Məktəbi bitirməyim nə qədər sevindirici olsa da, bir o qədər də çətindir. Çünki 11 il eyni sinifdə oxuduğum şagird yoldaşlarımdan və məktəb rəhbərliyindən, əziz müəllimlərimdən ayrılıram. Amma sevincliyəm ona görə ki, yeni həyata qədəm qoyuram. Ali məktəblərə I qrup üzrə ilk qəbul imtahanında 450 bal toplamışam. Növbəti imtahanda da iştirak etmək fikrindəyəm və buna səylə hazırlaşıram. Neft ölkəsində yetişən neft mühəndisi olmaq istəyirəm. Magistraturanı isə dövlət proqramı ilə xarici universitetlərin birində davam etdirmək niyyətindəyəm. Ailəmə və məktəbimə borcluyam Elgün Cumayev, Qax rayonu Qum kənd tam orta məktəbinin məzunu: - İndiyə kimi keçirilən bütün sınaq imtahanlarında 650-670 bal toplamışam. Qəbul imtahanında birinci qrup üzrə 670 bal topladığımı biləndə sevincimi qardaşlarımla bölüşdüm. Çünki qarşıma məqsəd qoymağı, uğur qazanmağı onlardan öyrənmişəm. Böyük qardaşım BDU-nun dünya iqtisadiyyatı fakültəsini bitirib. İkinci qardaşım isə hazırda Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin 4-cü kursunda oxuyur. Ancaq mən hələlik hansı ixtisası seçəcəyimə qərar verməmişəm. İkinci imtahanda da iştirak edəcəm. Hədəfim 700 bal toplamaqdır. Təhsilimi ingilis dilində davam etdirmək istəyirəm. Qazandığım uğurlara görə ailəmə və məktəbimə borcluyam. Hər ikisinə “Sağ ol” deyirəm. Xəyallarımın, arzularımın arxasınca getməliyəm Ramil Tağıyev, Ağstafa rayonu Qırılı kənd tam orta məktəbinin məzunu: - Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. Məktəb bizə ikinci bir ailə olub. Burada yazıb-oxumağı , vətəni sevməyi, bir-birimizə qardaş-bacı olmağı öyrənmişik. Bəzən 11 il bu məktəbdə oxuduğuma, indi onunla sağollaşacağıma inanmıram. 1-ci sinfə gəldiyim gün hələ yadımdadır. Bir yandan anamız qədər doğma olan sevimli müəllimlərimizdən, hətta sinif otaqlarımızdan, üzərinə təbaşirlə yazılar yazdığımız sinif lövhələrindən necə ayrılacağam deyə fikirləşirəm. Digər tərəfdən də düşünürəm ki, xəyallarımın, arzularımın arxasınca getməliyəm. Uşaqlıqdan polis olmağı arzulamışam. Böyüdükdən sonra da buna tam qərar verdim. III qrupa hazırlaşıram. Sənədlərimi Polis Akademiyasına təqdim etmişəm. Birinci imtahanda 619 bal toplamışam. Amma bu balla kifayətlənmirəm, 700 bal toplamağı qarşıma məqsəd qoymuşam. Müəllimlərimin etimadını doğruldacam Jalə Məmmədova, Abşeron rayonu Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu: - 2006-cı ilin sentyabr ayında valideynlərim əlimdən tutub məni ilk dəfə məktəbə gətirdilər. O gün çox həyəcanlı idim, yeni bir mühitə düşmüşdüm, həyatımda yeni səhifə açılırdı. 11 ildə həyatım dəyişdi, mənə dərs dəyən müəllimlər və sinif yoldaşlarım mənim ikinci ailəm oldular. Bu illərin demək olar ki, hər günü onlarla keçdi. Düşünürəm ki, insanın xasiyyətinin formalaşmasında, özünü tanımasında məktəb mühitinin, sinif yoldaşlarının, müəllimlərin müstəsna rolu var. Bu cəhətdən özümü şanslı hesab edə bilərəm ki, mən Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunuyam. Müəllimlərim bizə bilik verməklə yanaşı, həmişə yol göstərib, dəyərli məsləhətlər veriblər. Onların öyrətdikləri sayəsində bir sıra bilik yarışlarında qalib olmuşam. “Fənlərin dostluğu” olimpiadasında I yerə çıxmışam, kimya üzrə respublika fənn olimpiadasının final mərhələsində iştirak etmişəm. Bu qədər fəal, həyəcanlı 11 il artıq geridə qaldı. Ümman dolu xatirələrlə ayrılıram məktəbdən. Müəllimlərim daha mənə dərs deməyəcək, sinif yoldaşlarımla bir sinifdə oxumayacam... Bunlar bir az kədərləndirir. Ancaq sevinirəm də. Tələbə, sonra kimya mühəndisi olmaq istəyirəm. I qrup üzrə qəbul imtahanında 695 bal toplamışam, lakin bununla kifayətlənmirəm. Hədəfim 700 baldır və inanıram ki, müəllimlərimin etimadını doğrulda biləcəm. Məşhur beyin cərrahı olub... Gülşən Qurbanova, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin məzunu: - Qəbul imtahanında IV qrup üzrə 672 bal toplayaraq arzularımı reallaşdırmağa nail oldum. 11 il təhsil aldığım məktəbdən və sinif yoldaşlarımdan ayrılacağım üçün çox təəssüflənirəm. Ancaq bilirəm ki, hər bir yenilik və inkişaf üçün həyatımız müəyyən istiqamətdə dəyişməlidir. Təbii ki, bu gün hər kəsin ürəyindən çox söz keçir. Məktəb və müəllimlərimizin bizim üçün etdikləri əvəzsizdir. Seçdiyim yolda irəliləməyə hər zaman stimul verən, istədiyimi edə biləcəyimə inandıran riyaziyyat müəllimim İlhamə müəllimə isə xüsusi təşəkkürümü bildirirəm. Ən böyük arzum həkim, məşhur beyin cərrahı olub, ölkəmi, təhsilimizi bütün dünyada tanıtmaq, vətənimə və millətimə layiqli vətəndaş olmaqdır. Gərək hər bir şagird qarşısına məqsədlər qoysun Bəxtiyar Nəzərli, Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin məzunu: - Məktəbimizdə intellektual bilik yarışmaları keçirilirdi. Mən də “Xəmsə” milli intellektual bilik yarışmasında iştirak edirdim. Elə 2017-ci ildə məktəbimizin komandası respublika üzrə I yerə çıxdı. Mən “Ən yaxşı oyunçu” adına layiq görüldüm. Bu mənim ilk böyük uğurum oldu. İkinci böyük uğurum da var. Birinci qəbul imtahanında 663 bal toplayaraq rayon üzrə ən yüksək göstəricini əldə etdim. Mənim üçün ən böyük problem iradəsizliyimdir. Sosial şəbəkələrə daxil olmağı özümə qadağan edə bilmirdim. Nəticədə də bu il keçirilən birinci qəbul imtahanlarında 700 bal toplaya bilmədim. Gərək hər bir şagird qarşısına məqsədlər qoysun və hədəfinə çatanda özünü mükafatlandırsın. Arzum Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaqdır. Bu uğurumda məktəbimin payı var Yadulla Həsənli, Sabirabad rayonu Nəsimi kənd tam orta məktəbinin məzunu: - Heç bir əlavə hazırlığa getmədən qəbul imtahanlarının birinci mərhələsində 691 bal toplamışam. Bunu ən böyük uğurum sayıram. Təbii ki, bu uğurumda məktəbimin, xüsusən, riyaziyyat müəllimim Hicran Qurbanovanın payı olub. Hər şey üçün bütün müəllimlərimə minnətdaram. Məqsədim 700 bal toplamaq olub. Amma diqqətsizliyim üzündən birinci imtahanda səhvə yol verdim. Amma ikinci imtahanda 700 bal toplayacağıma inanıram. Arzum Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaqdır. Sonra magistratura pilləsini xaricdə davam etdirəcəyəm. Məktəb mənə sadəcə bilik verməyib Nəzrin Quliyeva, Şabran şəhər R.Yusifov adına məktəb-liseyin məzunu: - 2006-cı ilin sentyabrında birinci sinfə daxil olanda bu uzun və şərəfli yolda məni nə gözlədiyini hələ bilmirdim. İndi hamıdan çox əlimdən tutub hərfləri yazmağı, riyaziyyatı sevməyi öyrədən ilk müəllimim Ağababa müəllimə minnətdaram. Elə o vaxtdan hədəfim yaxşı oxuyub əlaçı olmaq idi. Hədəfimə çatmaqda müəllimlərimin rolu və valideynlərimin dəstəyi əvəzsizdir. Məktəb mənə sadəcə bilik verməyib, şəxsiyyət kimi formalaşmağımda böyük rol oynayıb. Müəllimlərimiz sadəcə ayrı-ayrı fənlər üzrə bilik verməklə kifayətlənməyib, həmçinin bizi həyata hazırlayıblar. Sinif yoldaşlarımla birlikdə bu qədər vaxt keçirmək, birlikdə oxumaq, tədbirlər təşkil etmək bizdə kollektivdə münasibətlərin düzgün formalaşmasına kömək edib. Ən böyük məqsədim peşəkar həkim olub insanlara xidmət etməkdir. Birinci qəbul imtahanında 641 bal toplamışam . Növbəti cəhdimin daha uğurlu olacağına inanıram və bunun üçün səylə çalışıram. Çalışacağam ki, etimadı doğruldum Gültac Ələkbərova, Samux şəhər 1 nömrəli məktəb-liseyin məzunu: - Orta məktəbdə oxuyanda humanitar fənləri daha çox sevir, fənn olimpiadalarında fəal iştirak edirdim. Arzum hüquqşünas olmaqdır. Ali məktəbə I qəbul imtahanlarında 634 bal toplasam da, nəticəm məni qane etmir. Ona görə daha ciddi hazırlaşıram ki, yüksək nəticə əldə edim. Çalışacağam ki, müəllimlərimin və valideynlərimin etimadını doğruldum.

Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb

İyunun 14-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə  təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb. Görüşdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri, müəllim və direktorlar iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb. Son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan nazir Respublika fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların daha yaxşı təşkili üçün görülən məqsədyönlü işləri və qazanılan uğurları diqqətə çatdırıb. Təhsil naziri Azərbaycanın gələcəyinin bugünkü gənclərdən yüksək bilik və bacarığa, kreativ düşüncəyə malik olmağı, müasir çağırışlara cavab verməyi tələb etdiyini deyib, gənc yaşlardan uğur əldə etməyin önəmini vurğulayıb. Görüşdə peşə seçiminin ən vacib məsələ olduğunu xatırladan Mikayıl Cabbarov bu yolda düzgün qərar verilməsinin və gələcək hədəflərin müəyyən edilməsinin  əhəmiyyətini qeyd edib. Təhsil naziri müstəqil dövlətimizin gələcək inkişafı naminə həyata keçirilən tədbirlərdə gənclərimizin uğurla təmsil olunacağına əminliyini ifadə edib və məzunlara bir daha xoş arzularını çatdırıb. Sonra Mikayıl Cabbarov məzunlarla söhbət edib, gələcək planları ilə maraqlanıb və onların suallarını cavablandırıb. Görüşdə məzunlara təşəkkürnamələr təqdim edilib, xatirə fotoşəkli çəkilib.  

Təhsil naziri Mikayıl Cabbarovun məzunlara təbriki

Əziz məzunlar! Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - məzun olan şagirdləri, onların müəllimləri və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə ən xoş arzularımı yetirirəm! Siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və yurdumuza olan sevgi və sadiqlikdir. Dünyanın inkişaf sürəti Sizlər üçün yeni imkanlar yaradır. Əminəm ki, Siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu missiya üçün həmişə öndə olmalısınız. Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm! Yolunuz açıq olsun!

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı