“Həyat bilgisi” fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub. Sertifikatlar maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilmiş təlimlərdə uğur qazanan müəllimlərə verilib. Maliyyə savadlılığının artırılması istiqamətində keçirilən təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. Təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsindən ibarətdir. Layihə çərçivəsində müxtəlif qruplar üzrə təşkil edilmiş təlimlərdə “Həyat bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib. “Həyat bilgisi” fənn müəllimləri üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində təşkil olunub. Təhsildə maliyyə savadlılığına dair təlimlərin növbəti tədris ilində də keçirilməsi nəzərdə tutulur.
21/06/2017 11:18
Tvinninq layihəsinin müzakirəsi keçirilib
İyunun 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyi və Avropa İttifaqının (Aİ) Tvinninq layihəsi tərəfindən “Ali təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzusunda konfrans keçirilib. Konfransda layihənin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri iştirak edib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfransın məqsədi ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsilə bağlı Təhsil Nazirliyinin hazırladığı yeni planlarla universitetləri tanış etməkdir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard layihənin Aİ-nın ali təhsilə aid ilk layihəsi olduğunu deyib. Qeyd edib ki, layihə Azərbaycanla Aİ ölkələri arasında əlaqələrin daha da inkişafına təkan verəcək. Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik isə icrası uğurla başa çatan layihəni finlandiyalı və estoniyalı ekspertlərlə azərbaycanlı həmkarları arasında təcrübə mübadiləsinin aparılması baxımından faydalı hesab edib. Verilən tövsiyələrin və əldə olunan nəticələrin ali təhsildə tətbiqi, beynəlxalq mobillik və əməkdaşlıq, universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsi, universitetlərin müstəqilliyi kimi məsələlər də konfransda geniş müzakirə olunub. Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatla çıxış ediblər. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən hazırlanan qaydalar şərh edilərək ali təhsil sahəsində çalışan əməkdaşlarla fikir mübadiləsi aparılıb. Layihəyə dair yekun konfrans avqustun 29-da keçiriləcək. İki illik dövrü əhatə edən pilot layihə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilib.
20/06/2017 17:48
Xüsusi istedada malik uşaqların müsabiqəsinə start verilib
İyunun 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə başlanılıb. Müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq, istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır. Qeydiyyatdan keçmiş valideyn müsabiqənin tarixi və vaxtı barədə məlumatın qeyd olunduğu buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli tam orta məktəbə gətirməlidir. Ümumilikdə, bu günədək müsabiqədə iştirak etmək üçün 6 yaşı tamam olmayan 2424 uşaq qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçən şəxslərə təsdiqləyici SMS göndərilir. Qeyd edək ki, məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar. Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqlar da iyulun 1-dən 10-a kimi ümumi təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak edə bilərlər. Bunun üçün valideynlər şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silərək müsabiqəyə yazılmalıdırlar. Ümumi təhsil müəssisələrinə xüsusi istedada malik uşaqların müsabiqəsinin iyulun 10-da yekunlaşması nəzərdə tutulur.
20/06/2017 16:13
Müəllimlərin yerdəyişməsi başa çatıb
İyunun 20-də Təhsil Nazirliyində nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsinin başa çatması ilə bağlı press brifinq keçirilib. Qeyd olunub ki, 26-30 may tarixlərində müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, 8-12 iyun tarixlərində isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb. Eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib. Yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə və sosial statusun bütün parametrləri nəzərə alınmaqla həyata keçirilib. Proqram təminatında hər bir namizəd öz sosial statusu ilə bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırıb və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət edib. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən İşçi Qrup tərəfindən dəyərləndirilərək müvafiq qərar qəbul edilib. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınıb. Yerdəyişmə müəllimin ailə vəziyyəti və yaxud səhhəti ilə bağlı olduqda əsas üstünlük məhz bu amilə verilib. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınıb. Press brifinqdə bildirilib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 1-14 iyul 2017-ci il tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
20/06/2017 15:51
İbtidai sinif müəllimləri üçün seminar
Bakıda ibtidai sinif müəllimləri üçün seminar təşkil edilib. "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda keçirilən tədbir Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb. Tədbirdə Avropa Şurasının ekspertləri Olena Stislavska və Majena Rafalska moderator kimi iştirak ediblər. Seminarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və onların bu barədə şagirdləri maarifləndirməsinə kömək etməkdən ibarətdir. "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda bu ilin yanvar və may aylarında da seminar keçirilib. İyul, avqust və sentyabr aylarında da belə tədbirlərin təşkil edilməsi planlaşdırılıb. Sonda seminarlara qatılan müəllimlərə sertifikatların verilməsi nəzərdə tutulub.
20/06/2017 11:44
Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib
VI-VII sinif şagirdləri arasında fizika, kimya, riyaziyyat, informatika və biologiya fənləri üzrə III Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib. Müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdləri arasında fənlərə olan marağın artırılması, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin cəlb edilməsidir. Ölkənin bütün bölgələrindən 5 fənn üzrə 1400 nəfərə yaxın şagirdin öz bilik və bacarıqlarını nümayiş etdirdiyi müsabiqədə məktəblilərə test və açıq tipli tapşırıqların cavablandırılması üçün 2 saat vaxt verilib. Qeyd edək ki, suallar müvafiq olaraq şagirdlərin biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə hazırlanıb. Şagirdlər arasında fərdi nəticələrə görə qaliblərin müəyyən edilməsi ilə yanaşı, hər bir rayon (şəhər) məktəblilərinin nəticələri komanda hesabında ümumiləşdirilərək rayon və şəhərlərin reytinq cədvəli də müəyyən ediləcək. Xatırladaq ki, fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi cari ilin martında 14 000 şagirdin iştirakı ilə bölgələrdə keçirilib. Respublika fənn müsabiqələrinin nəticələri yaxın günlərdə www.olimp.istedad.edu.az saytında elan olunacaq. 2015-ci il ildə keçirilən I fənn müsabiqələrinin nəticələrinə əsasən aşkar edilən istedadlı şagirdlər artıq ölkəmizi müxtəlif beynəlxalq fənn olimpiadalarında təmsil edərək nailiyyətlər qazanıblar.
19/06/2017 15:33
Turizm xidmət sahəsi üzrə hazırlanmış kadrlara sertifikatlar təqdim olunub
İyunun 19-da “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2016-2017-ci tədris ilinin məzunlarına sertifikatların təqdim olunması mərasimi keçirilib. Qeyd edək ki, “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” və Bakıda fəaliyyət göstərən mehmanxanalarla birgə əməkdaşlıqda həyata keçirilib. Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və “British Council” təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt çıxış edərək məzunları təbrik edib, birgə əməkdaşlıq çərçivəsində icra olan layihənin uğurla başa çatdığını qeyd ediblər. Bildirilib ki, pilot layihə yeni bacarıqlara malik gənclərin, uğurlu kadrların işlə təminatına xidmət edir. Sonra Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyinin 41 nəfər şagirdinə sertifikatlar təqdim edilib. Dövlət-biznes əməkdaşlığının və iş yerində öyrənmə modelinin bariz nümunəsi olan pilot layihənin məqsədi turizm xidmət sektoru üzrə əmək bazarının ehtiyaclarına uyğun və praktikaya əsaslanan dayanıqlı proqramlar yaradaraq məzunları işlə təmin etmək olub. Layihə çərçivəsində Birləşmiş Krallığın “People 1st” təşkilatı tərəfindən “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müvafiq təlimlər keçirilib və proqramın nəticəsi olaraq 50 faizədək məzun Bakı şəhərinin 5 ulduzlu mehmanxanalarında işlə təmin edilib. Turizm xidmət sektoru üzrə “Abşeron Otellər Qrupu”, “JW Marriott”, “Four Seasons”, “Hyatt Regency”, “Fairmont”, “Hilton”, “Pullman” və “Gilan Turizm” şirkətlər qrupu mehmanxanaları layihəyə cəlb olunub. İşəgötürənlər əmək bazarının öyrənilməsi prosesində və buraxılış imtahanlarında iştirak edib, mehmanxanalardan təlimçilərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunmasına mütəxəssis dəstəyi göstərilib. Gələcəkdə Azərbaycanın turizm üzrə ixtisaslaşmış digər ilk peşə-ixtisas təhsili müəssisələrinin bu layihə üzrə təcrübədən faydalanması nəzərdə tutulur.
19/06/2017 14:40
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin zona mərhələsi keçirilib. Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunub. “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin illik maarifləndirmə proqramı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi üzrə ekoloji maarifləndirmə ilə əlaqədar həyata keçirilir. Müsabiqənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinə dair maarifləndirilməsindən ibarətdir. Müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə ümumtəhsil məktəblərindən bu il 2000-ə qədər I - XI sinif şagirdi fərdi, kollektiv, sinif və ya ailəvi iştirak edib. Zona müsabiqələri Gəncə-Qazax, Aran, Lənkəran-Astara, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala və Bakı zonası üzrə keçirilib. Münsiflər heyətinin qərarı ilə 276 məktəbli Respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin üstün cəhəti ondan ibarətdir ki, keçən ilə nisbətən bu il daha çox məktəbli böyük maraq və həvəslə kənd təssərrüfatı təcrübəçiliyi ilə məşğul olub. Ölkənin müxtəlif regionlarında orta məktəb müəllimlərinin, valideynlərin iştirakı və mütəxəssislərin tövsiyələri üzrə məktəblilərin praktik fəaliyyəti elmi əsaslarla təşkil olunub. Zona mərhələsinin iştirakçıları il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, təcrübə işlərinin nəticələrini, müşahidə gündəliklərini, təcrübə işinin bütün mərhələlərinin foto-şəkillərini münsiflər heyətinə təqdim ediblər. Azərbaycanda iki il ərzində keçirilən layihə çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində yaradılmış “Məktəb toxum bankı”na yerli məhsulların toxumları və tingləri təhvil verilib. Bakı-Abşeron zonası üzrə regional mərhələnin yekunu Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında keçirilib. Münsiflər heyətinə Kənd Təsərrüfatı Nazirliyinin, AMEA Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, WWF - Ümumdünya Təbiəti Mühafizə Fondunun, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri daxil edilib.
19/06/2017 14:24
Birinci sinfə qəbul üzrə müsabiqə
Bakı şəhərində I sinfə qəbul üzrə müsabiqə mərhələsi davam edir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə iyunun 6-dan başlayıb və iyunun 30-da yekunlaşacaq. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə Nazirliyin müvafiq şöbəsinin nəzarəti ilə həmin lisey və gimnaziyalarda həyata keçirilir. 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya müsabiqə isə BŞTİ-nin nəzarəti ilə müvafiq lisey və gimnaziyada aparılır. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə (və yaxud elektron poçta) mesaj göndərilib. Eyni zamanda bu məlumat hər bir valideynin şəxsi kabinetində bildiriş şəklində yerləşdirilib. Valideynlər həmin bildirişi çap edərək, müsabiqə günü uşaqla (uşağın şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmaqla) birlikdə müsabiqə keçirilən məktəbə yaxınlaşmalıdırlar. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbul üzrə müsabiqəsinin isə iyunun 20-dən başlayıb iyulun 10-da yekunlaşacağı nəzərdə tutulur. Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqların valideynləri şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silib, müsabiqəyə yazılmalıdırlar. Həmin uşaqların ümumi təhsil müəssisələrinə qəbulu üçün müsabiqədə iştirak imkanı iyulun 1-dən 10-na kimi nəzərdə tutulub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçiriləcək. Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar.
19/06/2017 13:09
"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin Trend-ə müsahibəsi - Nazirlər Kabineti tərəfindən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişikliklərin edilməsində əsas məqsəd nə idi? - Dəyişikliklərin əsas məqsədi ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası tələbələrin təhsilalma imkanlarının genişləndirilməsidir. - Bəs tədrisə qismən cəlb olunma (parttime) nədir və bu təhsilin qiyabi təhsilalma formasından fərqi nədədir? - Tədrisə qismən cəlb olunma əyani təhsilalma formasının növüdür. Qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir və fənnə qoyulan bütün tələbləri (dərslərdə iştirak və s.) ödəməlidir. - Parttime tələbə semestr ərzində neçə kreditə qədər fənn (fənlər) seçə bilər? - Bir semestrə, tədrisə qismən cəlb olunan (parttime) tələbəyə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla 20-yə qədər kredit müəyyənləşdirilir. - Bəs tədrisə tam cəlb olunan (fulltime) tələbəyə semestr ərzində maksimum neçə kreditli fənlər seçməyə icazə verilir? - Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər kredit müəyyənləşdirilir. Bu tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. - Əgər tələbə bir semestrə 40 kredit götürəcəksə, bu, onun ali təhsil müəssisəsini tez qurtarmağa imkan verəcəkmi? - Bəli. Tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər. - Fənni dinləmədən akademik borcu qalan tələbənin neçə fənn üzrə təkrar imtahan vermək hüququ var? - İmtahana buraxılan, lakin akademik borcu qalan tələbə hər semestrdə fənni dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. - Təkrar imtahanlar ödənişli əsaslarla təşkil edilir? Əgər belədirsə, ödənişin məbləği nə qədərdir? - Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. - Tələbələr istənilən halda təkrar təşkil olunmuş imtahan üçün ödəniş ödəyəcək? - Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə imtahan üçün ödəniş ödənilməlidir. - Əgər tələbə təkrar imtahandan yenidən kəsilərsə, bu zaman nə olacaq? - İstənilən halda akademik borcu yaranmış tələbəyə həmin fənn üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. - Dəyişikliklərə əsasən, tələbə yay semestrində neçə kreditə qədər fənn seçə bilər? - Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır. - Tələbələrin dərsə davamiyyəti ilə bağlı ali təhsil müəssisələrinə hansı sərbəstlik verilib? - Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. - Kimlər tyutor vəzifəsinə təyin oluna bilərlər? - Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.
19/06/2017 12:35
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı