Azərbaycan “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub
Noyabrın 1-də Əl-Fərabi adına Qazax Milli Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” keçirilib. Pre-sammitin açılış panelində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan elm və ali təhsili barədə təqdimatla çıxış edib. Paneldə, həmçinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında cari əlaqələr müzakirə olunub və mümkün gələcək əməkdaşlıq perspektivləri vurğulanıb. Qeyd edək ki, Azərbaycanın 8 aparıcı ali təhsil müəssisəsinin nümayəndə heyəti ilə təmsil olunduğu pre-sammitin rəsmi açılış hissəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstanın elm və ali təhsil naziri, “QS” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi iştirak edib.
01/11/2024 17:29
Vətəndaş müraciətlərinin statistikası
Oktyabrın 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 35 747 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 23 288-i çağrı mərkəzləri, 892-si sosial media, 5 486-sı "WhatsApp" vasitəsilə olduğu halda, 1 207-si elektron, 1 485-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 389 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin qarşılıqlı yerdəyişməsi, şagird yerdəyişməsi, “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant” müsabiqəsi və digər məsələlərlə bağlı olub.
01/11/2024 16:18
Elm və təhsil naziri UNESCO-nun Qlobal Təhsil Görüşündə çıxış edib
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Qlobal Təhsil Görüşündə iştirak üçün Braziliyanın Fortaleza şəhərində səfərdədir. Tədbirin ilk günündə nümayəndə heyəti Qlobal Təhsil Monitorinqi Hesabatının təqdimatında, eləcə də təhsildə bərabərlik və inklüzivlik, təhsil, elm və texnologiya kimi bir sıra plenar sessiyalarda iştirak edib. Oktyabrın 31-də Emin Əmrullayev tədbirin iqlim və ətraf mühit mövzusuna həsr olunmuş sessiyasında bağlanış nitqi ilə çıxış edib. Sessiyadakı çıxışında nazir Azərbaycanda həyata keçirilən yaşıl təhsil və iqlim təhsili siyasəti haqqında məlumat verib və ölkəmizin uğurlu təcrübələrini bölüşüb. Emin Əmrullayev həmçinin tezliklə ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb və auditoriya iştirakçılarını bu tədbirdə iştiraka dəvət edib. 31 oktyabr – 1 noyabr tarixlərində keçirilən UNESCO-nun Qlobal Təhsil Görüşündə təşkilata üzv ölkələrin təhsil və maliyyə nazirləri, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannini və bir sıra təşkilatların rəsmiləri iştirak edirlər. Qeyd edək ki, tədbir bu gün öz işinə yekun vuracaq.
01/11/2024 14:21
Bakının Xətai rayonunda Alim Məmmədov adına körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub
Oktyabrın 31-də Bakının Xətai rayonundakı Alim Məmmədov adına körpələr evi-uşaq bağçası təmirdən sonra yenidən istifadəyə verilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar. Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada görülən işlər barədə məlumat verib. Bildirilib ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına körpələr evi-uşaq bağçası ötən müddətdə istismara yararsız vəziyyətə düşdüyünə görə təmirə ehtiyac yaranmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, körpələr evi-uşaq bağçası müasir tələblər səviyyəsində təmir olunub. Yüz yerlik körpələr evi-uşaq bağçası zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, uşaqlar üçün oyun meydançası yaradılıb. Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilir. Uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu baxımdan mühüm rol oynayır. Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir. AZƏRTAC
31/10/2024 20:00
“Sabahın alimləri” XIV respublika müsabiqəsinə qeydiyyat başlayıb
Oktyabrın 31-də “Sabahın alimləri” XIV respublika layihə müsabiqəsinə qeydiyyat başlayıb. Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır. Müsabiqədə iştirak etmək istəyən şagirdlər 24 dekabr saat 17:00-dək https://app.anket.edu.az/user/88 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar. Müsabiqə ilə bağlı ətraflı məlumatı https://sabahinalimleri.edu.az/ və (https://arti.edu.az/) portallarından əldə edə bilərsiniz.
31/10/2024 15:54
“COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib
Oktyabrın 30-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib. Ekoloji Forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesinə töhfə vermək, gənclərin iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirakını təşviq etmək, eyni zamanda uşaq və gənclərdə ekoloji şüuru formalaşdırmaq, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə onların bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilib. Forumun rəsmi açılışında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənova çıxışlarında iqlim dəyişikliyi ilə mübarizədə və ətraf mühitin mühafizəsi istiqamətində məktəblilər arasında məlumatlılığın artırılması üçün ekoloji forum kimi tədbirlərin təşkilinin önəmli olduğunu vurğulayıblar. Rəsmi hissənin yekununda COP29 Təşkilat Komitəsinin üzvü, EkoSfera Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və ekoklub üzvlərinin iştirakı ilə Ekoloji Forumun Bəyannaməsi qəbul edilib və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənovaya təqdim olunub. Tədbirin davamı olaraq Forum iştirakçıları üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi, Tusi-Bohm Planetarium, COP29 Məlumat Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Milli Xalça Muzeyi, Bakı Zooloji Parkı və Palçıq Vulkanları Turizm Kompleksi kimi məkanlarda paralel sessiyalar, interaktiv seminarlar və işçi qrupları təşkil edilib. Forumda “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən 300-dən çox ekoklub üzvləri iştirak edib.
30/10/2024 18:30
Nazirliyin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilir
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilir. İkigünlük təlimin 30 oktyabr tarixində baş tutan ilk günündə açılış nitqi ilə çıxış edən Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov təlim iştirakçılarına mərkəzin fəaliyyəti və proqram barədə məlumat verib. Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət qulluğunda dürüstlüyün və hesabatlılığın vacibliyini vurğulayıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin Elm və Təhsil Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib. Təlimin ilk günü Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən “Etik davranış qaydaları milli qanunvericiliyin kontekstində”, “Cinayətin anlayışı, cinayətdə iştirakçılıq və onun növləri” və digər müvafiq istiqamətlər üzrə çıxışlarla yekunlaşıb.
30/10/2024 17:55
Nazir müavini “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda “dəyirmi masa”da iştirak edib
Oktyabrın 30-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda “dəyirmi masa” keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunan tədbirin açılış mərasimində agentliyin sədri Kamran İmanov “dəyirmi masa”nın əsas məqsədinin əqli mülkiyyətə əsaslanan innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərmək, təhlil etmək və innovasiyalara bu həyati məsələdə dəstək verməkdən ibarət olduğunu söyləyib. Tədbirdə Kamran İmanovun “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda təqdimatı dinlənilib. Təqdimatda iqlim dəyişikliyi ilə bağlı ümumi mənzərə, iqlim dəyişiklikləri və dünya miqyasında patent fəaliyyəti, Azərbaycanda patent fəaliyyətinin nəticələri haqqında ətraflı məlumat verilib. “Dəyirmi masa”da çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov billdirib ki, milli iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilən əqli mülkiyyət iqlim dəyişikliklərinin təsirini azalda biləcək bir çox texnologiyalar təklif edir. Elmi müəssisələrdə edilən ixtiralardan danışan nazir müavini gələcəkdə universitetlərdə araşdırmaların gücləndirilməsinin vacibliyini qeyd edib, ekoloji mədəniyyətin qorunmasında kadrların hazırlanması üçün imkanlar olduğunu söyləyib. İqlim dəyişikliyinin təsirləri ilə mübarizədə ekoloji cəhətdən təmiz texnologiyaların təşviqi və texnologiyaların sürətli yayılmasının vacibliyini diqqətə çatdıran Firudin Qurbanovun sözlərinə görə, əqli mülkiyyət ekosistemin müxtəlif subyektləri arasında qarşılıqlı əlaqələr təmin olunmalıdır. Elm və Təhsil Nazirliyi də bu sahədə fəaliyyətini gücləndirəcək. Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış ediblər. Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasi iradənin deyil, qabaqcıl texnologiyaların da rol oynadığı vurğulanıb, bu baxımdan əqli mülkiyyət hüquqlarının qorunmasının mühüm şərt olduğu əlavə edilib. Daha sonra “Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlər”, “Neft qurğularında istifadə olunması üçün ekoloji təmiz örtüklər”, “Bərk məişət tullantılarından üzvi mineral gübrənin alınması üsulu”, “Daşkəsən kobalt filizinin zənginləşmə tullantılarından kobaltın çıxarılması üsulu” mövzularında çıxışlar olub.
30/10/2024 16:35
MÜTDA-nın 1 illik fəaliyyətinə dair hesabat brifinqi keçirilib
Oktyabrın 29-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) 1 illik fəaliyyəti dövründə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransını giriş sözü ilə açan MÜTDA-nın direktoru Eşqi Bağırov hesabat dövründə məktəbəqədər təhsilin təşkili və idarə olunması istiqamətində əhatəliliyin artırılması və keyfiyyətin yaxşılaşdırılması, alternativ təhsil və maliyyələşmə modelləri, pedaqoji heyətin peşəkar inkişafı və bu təhsil müəssisələrində həyata keçirilən nəzarət tədbirləri barədə iştirakçılara məlumat verib. Eşqi Bağırov ümumi təhsilin təşkili və idarə olunması istiqamətində müəllimlərin və direktorların işə qəbulu, müəllimlərin iş yerlərinin dəyişdirilməsi, eləcə də təhsilverənlərin sertifikatlaşdırılması mövzularına toxunub, təhsil müəssisələrində həyata keçirilən layihələr, həmçinin nəzarət tədbirləri barədə də media nümayəndələrini məlumatlandırıb. Bununla yanaşı, məktəbdənkənar fəaliyyətin əhatəliliyi, həyata keçirilən tədbirlər barəsində məlumatlar təqdim edilib, həmçinin yaxın dövr ərzində məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul və pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi ilə bağlı yeniliklər diqqətə çatdırılıb. Agentlik direktoru Eşqi Bağırov işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturu barədə mövcud vəziyyət və qarşıda duran vəzifələrə dair təqdimatla çıxış edib. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
29/10/2024 16:30
Şagirdlərin elektron yerdəyişməsinə start verilir
1 noyabr saat 11:00-da 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 1 noyabr - 1 dekabr 2024-cü il tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər. Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 25 noyabr saat 11:00-dan etibarən aktiv ediləcək. Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə 31 oktyabr saat 15:00-dan etibarən sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək.
29/10/2024 14:40
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı