Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Neftçalada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 29 noyabr tarixində Neftçala şəhərində vətəndaşları qəbul edəcək.     Qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri iştirak edə bilərlər.    Adları çəkilən şəhər və rayonların sakinləri 20 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Oktyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının ikinci mərhələsinin iştirakçıları ilə görüşüb.       “Maarifçi”ləri salamlayan elm və təhsil naziri Emin Əmrullayev proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb. Emin Əmrullayev bildirib ki, proqram iştirakçıları hazırda nazirliyin müxtəlif struktur bölmələrində, eləcə də tabe qurumlarında təcrübə keçməklə iş prosesi ilə tanış olurlar və bu da onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır.    Elm və təhsil naziri həmçinin iştirakçılardan gözləntilər və yaxşı mütəxəssis olmaq üçün vacib şərtlər barədə danışıb.   Görüşdə “Maarifçi”lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər və proqramın üstünlüklərini vurğulayıblar.   Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.   Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramının II mərhələsində iştirak hüququ qazanıb. 3 ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və onun tabe qurumları, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.    Proqramın məqsədi tələbə və məzunlara nəzəri biliklərini real iş mühitində tətbiq etmək və təcrübə imkanı yaratmaq, iştirakçıların bilik və bacarıqlarını artırmaq, eləcə də gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

Nazirliyin əməkdaşları üçün komanda quruculuğu tədbiri keçirilib

Oktyabrın 26-da Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən nazirliyin əməkdaşlarının iştirakı ilə “Biz Birik” şüarı altında komanda quruculuğu tədbiri keçirilib.   Tədbirin təşkilində məqsəd əməkdaşlar arasında əlaqələrin və komanda ruhunun gücləndirilməsi, eləcə də onların peşəkarlığının yüksəldilməsi və gündəmdə olan məsələlərlə bağlı müzakirələrin aparılması olub.    Tədbirin birinci hissəsində müxtəlif mövzularda seminar və müzakirələr təşkil edilib.    Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları salamlayaraq birgə fəaliyyətin peşəkar inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, əməkdaşları daim yeniliklərə açıq olmağa və bundan faydalanmağa səsləyib.   Tədbirdə qonaq qismində iştirak edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və “Yüksəliş” müsabiqəsinin hüquqşünası Ümman Ağamalıyev sözügedən müsabiqənin gənclər üçün əhəmiyyətindən bəhs edib, statistik göstəricilər, mentorluq proqramı, müsabiqə çərçivəsində təşkil olunmuş təlim və intellektual yarışlar barədə ətraflı məlumat verib və tədbir iştirakçıları ilə müzakirələr aparıblar.    Daha sonra çıxış edən Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı, strateji hədəflər barədə, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müjdat Həsənov ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə nəticələri və qarşıya qoyulan hədəflər barədə çıxışlar ediblər, iştirakçıların suallarını cavablandırıblar.    Tədbirin ikinci hissəsində əməkdaşlar arasında birgə fəaliyyətin təşkil olunması üçün intellektual komanda oyunu keçirilib.

“Danışır təcrübə” layihəsinin qonağı millət vəkili Rəşad Mahmudov olub

Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının əməkdaşlarının davamlı inkişafı və müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsi davam edir.    Layihənin budəfəki qonağı millət vəkili, tibb üzrə elmlər doktoru, "Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası" İctimai Birliyinin İdarə heyətinin sədri Rəşad Mahmudov olub.    “Həyatın nəbzi” mövzusunda çıxış edən Rəşad Mahmudov sağlam həyat fəlsəfəsi və bu həyat tərzinin şərtlərindən danışıb.    Ağıl, dərrakə və ədalətli müqayisə bacarığının əsas insani xüsusiyyətlər olduğunu bildirən Rəşad Mahmudov gələcəyin daha sağlam cəmiyyətini yaratmaqda səhiyyə və təhsilin fərdi və ortaq vəzifələrindən də söz açıb.     Rəşad Mahmudov çıxışında ruhən və fiziki sağlamlıq üçün zəruri olan amillər barədə öz tövsiyələrini verib.    Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

“Elsevier” və “Clarivate” şirkətlərinin elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı yekunlaşıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətləri tərəfindən ilk dəfə elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı həyata keçirilib.    Proqramın məqsədi ölkədə “Scopus” və “Web of Science” kimi elmmetrik və bibliometrik bazaları ekspert səviyyəsində tətbiq edə biləcək mütəxəssislər yetişdirməkdir.     Hazırlıq proqramına qatılan 70 nəfər iştirakçı sırasından yekunda 28 nəfər “Elsevier” və “Clarivate” şirkətlərinin birgə sertifikatını əldə edib.    Qeyd edək ki, proqramı müvəffəqiyyətlə bitirən şəxslər elmi göstəricilərin ölçülməsini daha dəqiq aparacaq, tədqiqatçılara ədəbiyyat axtarışlarında dəstək göstərəcək, həmçinin elmi işlərin dərci üçün keyfiyyətli jurnal seçiminə öz töhfələrini verəcəklər.

Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb

Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib.   Bağlanış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər qonaqlar iştirak ediblər.    Əvvəlcə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov çıxış edərək yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb.   Ardınca Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib.    Daha sonra qalib komandalara mükafatlar təqdim olunub.   Tədbir bədii hissə ilə başa çatıb.    Qeyd edək ki, sözügedən festival Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilib.  Festivalın final mərhələsində ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı yarışıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ daxil olmaqla 15 ölkəni təmsil edib. Festival çərçivəsində “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri”  və s. kimi mövzularda 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunub.    Builki festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etmək olub.

Emin Əmrullayev Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Aliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.    Görüşdə Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, Füzulidə 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşasında Özbəkistan tərəfinin göstərdiyi xüsusi dəstək vurğulanıb.    Eyni zamanda tərəflər sözügedən Fondla gələcək birgə fəaliyyət, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə müzakirə aparıblar.

Beynəlxalq Yaşıl SAF 2024 iştirakçıları iqlim dəyişmələri ilə bağlı maarifləndiriliblər

Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının ikinci günündə iştirakçılar iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlərə cəlb olunublar.  Təlimlər COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilib.   Təlimçilər Bakı Dövlət Universitetinin dosenti Lalə Bayramova, Xəzər Universitetinin dosenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov və İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova olub.    Təlimlərdə iqlim dəyişikliyi, qlobal istiləşmə, iqlim dəyişikliklərinin insan həyatına zərərləri, səth sularının idarəolunması, su ehtiyatlarının ərzaq istehsalı ilə bağlılığı və digər mövzular barədə danışılıb, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.   Bakı Ekspo Mərkəzində keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.        Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə festivala dair videoçarx nümayiş etdirilib.     Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. Nazir STEAM-in tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb və bildirib ki, builki festival şagirdlərdə ətraf mühitin sağlamlaşdırılması barədə fikirlərin formalaşmasına kömək edəcək.    Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.    Tədbirdə iştirak edən BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai öz növbəsində bildirib ki, COP29 ərəfəsində keçirilən builki festivalda əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyətə malikdir. Nigar Arpadarai STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.   Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qoşulub və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ daxil olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilməsi prosesində 10 ölkədən 17 münsifin iştirak etdiyini bildirib. İqrar Nəzərovun sözlərinə görə, festival çərçivəsində “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzularda 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq.    İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 252 711 şagirdi əhatə etdiyini, 20-dən çox STEAM mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. İqrar Nəzərov həmçinin qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur.   Çıxışlardan sonra iştirakçıların festivala hazırlıq mərhələsini əks etdirən videoçarx təqdim olunub.    Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı keçirilib.    Açılış mərasimi bədii hissə ilə yekunlaşdırılıb.    Qeyd edək ki, festival 24 – 25 oktyabr tarixlərində keçiriləcək.    İki gün davam edəcək festivalda iştirakçılar COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilən iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlərə də cəlb olunacaqlar.   Builki festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etməkdir.

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı başladı

Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı başlayıb.    Builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ də daxil olmaqla 15 ölkəni təmsil edir. Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edir.    Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”  “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edəcək.   Qeyd edək ki, festival 24-25 oktyabr tarixlərində keçiriləcək.   Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir.

10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May

Ətraflı
09/05/2026

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı