Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin yekun tədbiri keçirilib

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında cari ildə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin təntənəli yekun tədbiri baş tutub.   Festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri, rəsmi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.    Tədbirin sərgi hissəsində müsabiqə iştirakçılarının hazırladıqları rəsm və əl işlərinə baxış keçirilib.   Bədii hissədə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin kollektivi, ümumilikdə 300-dən çox məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.   Qeyd edək ki, festival-müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, həmçinin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.   Layihədə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (uşaq musiqi və uşaq incəsənət məktəbləri istisna olmaqla) 6-17 yaş arası istedadlı şagirdləri üç yaş qrupunda (6-10 yaş, 11-14 yaş və 15-17 yaş) iştirak ediblər. 4 istiqamət üzrə keçirilən festival-müsabiqə çərçivəsində  incəsənətin və yaradıcılığın müxtəlif janr və növləri üzrə fəaliyyət göstərən kollektivlər, dərnək və studiyalar, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə məşğul olan istedadlı uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Festival-müsabiqə 3 mərhələdə (rayon (şəhər), zona, final) keçirilib.   Zona mərhələsində 1-ci yeri tutan iştirakçılar 15 oktyabr tarixində Bakı şəhərində keçirilən final mərhələsinə qatılıblar. Münsiflər heyəti tərəfindən final mərhələsinə qatılmış iştirakçılar arasından 116 nəfər I yerə, 94 nəfər II yerə, 84 nəfər isə 3-cü yerə layiq görülüb.

Nazir müavini Firudin Qurbanov Sankt-Peterburq şəhərinə səfər edib

5-6 noyabr tarixlərində elm və təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq Dövlət Universitetinin 300 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib. Səfərin məqsədi Rusiya-Azərbaycan Forumunun nəticələri əsasında iki ölkənin ali təhsil müəssisələri ilə yaxından tanışlıq və əməkdaşlıq perspektivlərini müəyyən etməkdir.   Nümayəndə heyətinin tərkibində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev və Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov yer alıb.   Səfər çərçivəsində nümayəndə heyəti Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Kropaçev ilə görüş keçirib. Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.    Eyni zamanda, təcrübə mübadiləsinin aparılması məqsədilə Sankt-Peterburq Dövlət Universitetinin tətbiqi kibernetika, geofizika, iqtisadiyyat, sistem proqramlaşdırılması və digər kafedralarının nümayəndələri ilə  görüşlər keçirilib və fəaliyyətləri barədə təqdimatlar edilib.

Çağrı Mərkəzinin yeni region üzrə fəaliyyəti

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.    Vətəndaşlar 146 – 0 – 11 nömrəsi ilə əlaqə yaratmaqla Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.

Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsinə təyin edilən Yaşar Ömərov noyabrın 5-də müəssisə kollektivinə təqdim olunub.    Rektoru kollektivə təqdim edən elm və təhsil nazirinin müavini İdris İsayev Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.   Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov öz növbəsində ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.   Təqdimat çərçivəsində nazir müavini ATU professorlarının təkliflərini dinləyib.

Ali və orta ixtisas təhsilində tədrisin təşkili, cari vəziyyət və yeni çağırışlar müzakirə edilib

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar", eləcə də "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" mövzularında tədbir keçirilib.   Tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası”nda ali təhsildə əlçatanlığın artırılmasının əsas hədəflərdən biri olduğunu nəzərə çatdırıb. Birgə səylər nəticəsində bu hədəfə çatacaqlarına ümid edən Mətin Kərimli qeyd edib ki, artıq ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olan hər iki nəfərdən biri dövlət hesabına təhsil alır.    Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində tutduğu yerlərin getdikcə yüksəldiyini nəzərə çatdıran Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsi ilə bağlı yeni islahatları xüsusi vurğulayıb. Əminağa Sadıqovun sözlərinə görə, son illərin araşdırmaları göstərir ki, elmi tədqiqatların universitetlərdə həyata keçirilməsi daha uğurludur.    Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxışında ali təhsildə elmi fəaliyyətin və tədrisin yeni çağırışlar əsasında təşkili məqsədilə keçirilən müzakirələrin bu istiqamət üzrə siyasətin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığını söyləyib. Turxan Süleyman ali təhsil pilləsinə, xüsusilə də doktoranturaya tələbə qəbulunda effektiv planlaşdırılmanın aparılmasının zəruri olduğunu bildirib.   Tədbirin birinci hissəsinin yekununda Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Nüşabə Məmmədbəyova “Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları”, digər əməkdaş Emil Səlimov isə “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” mövzusunda təqdimatla çıxış edib.   Tədbirin ikinci hissəsində "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" mövzusunda müzakirələr aparılıb.  Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman hazırda orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlərin aparıldığını iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda subbakalavr dərəcəsi almış şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.   Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Vüsalə Qurbanova “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” haqqında təqdimatla çıxış edib.    Tədbir çərçivəsində orta ixtisas təhsili pilləsində tədrisin təşkili ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.    Ardınca pedaqoji ixtisaslar üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə təcrübənin təşkilinə dair panel müzakirə təşkil edilib. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, universitetlər yeni təcrübə modelinə dair təkliflərini bildiriblər.  

“Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlimlər davam edir

Təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda növbəti təlim keçirilib.    Təlimdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə müdiri Nigar Qələndərli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli, Baş Prokurorluğun prokurorları Ziya Hacıyev, Fərid Qarakişiyev, nazirlik, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.    Əvvəlcə təlimin əhəmiyyətindən danışılıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin prioritet fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb və birgə təlimlərin dövlət qurumları əməkdaşlarının peşəkarlığına mühüm töhfə verəcəyi bildirilib.   Təlim çərçivəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və ardıcıl islahatlar, antikorrupsiyaya dair müxtəlif ölkələrin qabaqcıl təcrübəsi barədə danışılıb. Korrupsiya hüquqpozmaları, buna şərait yaradan amillər, korrupsiyanın cəmiyyətə təsiri və onunla mübarizənin zəruriliyindən bəhs edilib.   Təlim qarşılıqlı müzakirə əsasında davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Emin Əmrullayev Braziliyada bir sıra görüşlər keçirib

Elm və təhsil naziri Emin Əmrullayev Braziliyanın Fortaleza şəhərində təşkil edilən UNESCO-nun Qlobal Təhsil Görüşü çərçivəsində bir sıra görüşlər keçirib.    Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri Sara Al-Amiri, Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusef bin Abdullah Al-Benyan, Qətərin təhsil və ali təhsil naziri Buthaina Bint Ali Al Jabr Al Nuaimi, Braziliyanın təhsil naziri Kamilo Santana və Çin Xalq Respublikası təhsil nazirinin müavini Çen Jie ilə keçirilən görüşlərdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb, ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bundan əlavə, görüşlər çərçivəsində təhsilin bütün pillələri üzrə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi məsələlərinə toxunulub.    Görüşlər zamanı Emin Əmrullayev həmkarlarını ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) iştiraka dəvət edib.    UNESCO-nun Qlobal Təhsil Görüşü çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə keçirilən görüş zamanı isə Azərbaycanın PISA tədqiqatına iqlim savadlılığı üzrə meyarın əlavə olunmasına dair təşəbbüsü yüksək qiymətləndirilib və bu günədək COP gündəliyində məhz Azərbaycanın təhsilə xüsusilə önəm verdiyi vurğulanıb.   Qeyd edək ki, 31 oktyabr – 1 noyabr tarixlərində keçirilən UNESCO-nun Qlobal Təhsil Görüşündə təşkilata üzv ölkələrin təhsil və maliyyə nazirləri, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannini və bir sıra təşkilatların rəsmiləri iştirak ediblər.

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

Noyabrın 1-də Dövlət İmtahan Mərkəzində (DİM) Elm və Təhsil Nazirliyinin (ETN) təsis etdiyi “Elm və texnologiya” təqaüdünə layiq görülmüş bir qrup tələbə ilə görüş keçirilib.    Qeyd edək ki, bu təqaüdə 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə göstərən tələbələr layiq görülüb.    Görüşdən əvvəl tələbələr DİM-də yaradılmış muzeylə tanış olublar, onlara mərkəzin nəşr etdiyi “İnformatika” vəsaiti hədiyyə edilib.  Görüşdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, ETN-nin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, mərkəzin İdarə Heyətinin sədr müavini Namiq Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib.    Çıxış edən qonaqlar tələbələri təqaüd almaq münasibətilə təbrik edib və onlara nailiyyətlər arzulayıblar. Bildirilib ki, cari tədris ilində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə (xüsusilə informasiya texnologiyaları və mühəndislik ixtisaslarına) yüksək nəticələr göstərərək qəbul olunmuş tələbələrin sayı digər ixtisas qruplarına nisbətdə üstünlük təşkil edib. Sözügedən təqaüd Dördüncü Sənaye İnqilabı dövründə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan mövcud sahədə yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialının formalaşdırılmasını stimullaşdırmaq məqsədilə müvafiq ixtisaslara qəbul olunmuş gənclərə dövlət tərəfindən göstərilən qayğı və dəstəyin təzahürüdür.    Görüşün sonunda xatirə şəkli çəkdirilib.

“Məktəblərdə ekologiya ayı” layihəsi yekunlaşıb

Noyabrın 1-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə ekologiya ayı” layihəsinin yekun tədbiri keçirilib.   Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsindən ibarət olub.   Tədbirdə məktəblilərin ifasında mahnılar səsləndirilib, ətraf mühitin qorunması, uşaq və gənclərdə ekoloji tərbiyənin formalaşdırılmasına həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.   Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, elmi-bədii əsərlər, məqalə və kitablarla tanışlıq, ədəbi-bədii kompozisiyalar təşkil olunub, məktəblərdə ekoloji guşələr yaradılıb, intellektual oyun və müsabiqələr keçirilib.

Apellyasiya Şurasının növbəti iclası keçirilib

Noyabrın 1-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının növbəti iclası keçirilib.   İclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun məsləhətçisi vəzifəsinə namizədlər Aytac Məmmədova və Firdovsi Paşayevin, Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Afaq Nəsirova, Fatimə Qarayeva və Orxan Quliyevin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, 2 şikayətin təmin edilməsi və 3 şikayətin təmin edilməməsi barədə qərarlar qəbul olunub.

10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May

Ətraflı
09/05/2026

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı