Bakı Dövlət Universiteti: 100 illiyin astanasında
İlk ali məktəbimizin yubileyi dövlət səviyyəsində qeyd olunacaq 2019-cu ildə ilk milli ali məktəbimiz Bakı Dövlət Universitetinin 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilmiş iclasındakı çıxışında təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə məsələni diqqətdən keçirməsini dövlət başçısından xahiş etmişdi. Təhsilə xüsusi qayğı ilə yanaşan, onun inkişafını dövlət siyasətinin prioritet məsələlərindən hesab edən ölkə rəhbəri mühüm dövlət əhəmiyyətli bütün məsələlərdə olduğu kimi, bu məsələyə də münasibət bildirərək, bu günlərdə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyi qeyd olunur. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların son texnologiyaların tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki böyük xidmətləri xüsusi vurğulanır. Qeyd olunur ki, BDU tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verib. Sərəncamda ali təhsilimizin flaqmanı kimi müasir dövrdə BDU-nun qarşısında duran missiya, inkişaf hədəfləri də öz əksini tapıb. Qeyd olunur ki, ölkədə yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir. Sənəddə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə olunub. Qeyd edək ki, sərəncam ölkənin ziyalıları, alimləri, bütövlükdə təhsil ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb və Azərbaycan elminə, təhsilinə göstərilən diqqət və qayğının daha bir nümunəsi kimi qiymətləndirilir. Bunu BDU-nun missiyası ilə bağlı fikirlərini öyrəndiyimiz təhsil ekspertləri də xüsusi vurğulayırlar. Şahlar Əsgərov, təhsil eksperti: - Bakı Dövlət Universiteti ali təhsilimizin flaqmanıdır. Bu ali təhsil ocağı mənim üçün bir məbəddir. Demək olar ki, 18 yaşımdan bu günə kimi həyatım BDU ilə bağlıdır. Bu gün doğma universitetimizin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyevin sərəncam imzalaması bir təhsil adamı kimi məni həm sevindirir, həm də qürurlandırır. BDU-nun bir əsrlik tarixinə nəzər salsaq görərik ki, bu ali təhsil müəssisəsi 100 il öncə öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirib. Qarşıda duran illər üçün isə onun missiyası fənlərarası, sahələrarası elmləri (ekonofizika, riyazi biologiya kimi) inkişaf etdirməsidir. Keçən 100 ildə BDU əsasən təhsil və elmi inkişaf etdirib. Azərbaycan cəmiyyətinin həyatında universitet müəllimləri çox aktiv iştirak ediblər. Bu gün dünya universitetlərinə nəzər salsaq görərik ki, qabaqcıl universitetlər apardıqları tədqiqat işlərinə görə nüfuz qazanır, reytinq cədvəllərində öndə gedirlər. Düşünürəm ki, biz də bu yolu seçməliyik. BDU-nun əsas missiyası təkcə ali təhsilli mütəxəssis hazırlamaqla məhdudlaşmamalıdır. Bundan başqa, aparılan tədqiqat işləri elmi jurnallarda qalmamalı, bu tədqiqatlar sənayedə, istehsalatda tətbiq olunmalıdır. Yəni bizim universitetimizin elmi dünya elminin arxasında yox, önündə olmalıdır. Qarşıdakı 100 ildə biz elmin texnologiyaya tətbiqinə diqqət yetirməliyik. Məlumdur ki, təhsil elmi, elm texnologiyanı, texnologiya iqtisadiyyatı, o da yaşam səviyyəsini inkişaf etdirir. İndi çalışmalıyıq ki, təhsilimiz elmimizə və iqtisadiyyatımıza qulluq etsin. Üzərində “Made in Azerbaijan” yazılmış məhsullar dünya bazarına çıxarılsın. Elmtutumlu məhsulların istehsalında universitetimiz də iştirak etsin. Düşünürəm ki, BDU dünyanın inkişaf etmiş, elmi nailiyyətləri ilə fərqlənən ilk 200 universiteti arasında yer ala bilər. Bu nəticəni əldə etmək üçün BDU-da potensial var. Bəs bunun üçün nə etmək lazımdır? Zənnimcə, universitet kafedraları zaman-zaman yenilənməlidir. Cavan və istedadlı gəncliyə yol açılmalıdır. Həmin kafedraların elmi məzmununda yeniliklər etmək zəruridir. Unutmayaq ki, bu gün dünya təhsili və elmi sürətlə inkişaf edir. Biz bu inkişafdan geri qalmamaq üçün var gücümüzlə çalışmalıyıq. * * * Etibar Əliyev, təhsil eksperti: - Bakı Dövlət Universitetinin bir məzunu kimi bu ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini çox yüksək qiymətləndirirəm və bu məni çox sevindirir. Ölkə Prezidenti cənab İlham Əliyevin BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam onu göstərir ki, bu məsələ dövlət başçısının xüsusi diqqətindədir. Hamımız yaxşı bilirik ki, BDU Azərbaycanın ilk universitetidir. Bu elm ocağından Azərbaycan elminə, təhsilinə töhfələr verən minlərlə insan məzun olub. Ümumiyyətlə, dünyada universitetlərin reytinqi aparılarkən onun tarixi, yaşı da önəm kəsb edir. Bu baxımdan universitetin 100 illik tarixə malik olması sevindiricidir. Düşünürəm ki, BDU-nun qarşısında duran bir çox vacib məsələ var. Bu gün universitet dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olmaq üçün bir çox layihə həyata keçirir. Hesab edirəm ki, BDU güclü tədqiqat universitetinə çevrilməlildir. Fundamental tədqiqatların miqyası genişləndirilməlidir. Xüsusilə fizika, kimya, tədbiqi və mexaniki riyaziyyat sahələrinə daha çox önəm vermək lazımdır. Bundan başqa, laboratoriyalar yenilənməlidir. İlk universitet kimi BDU-nun tədqiqat universitetinə çevrilməsi ali məktəblərimiz arasında bir rəqabət mühitinin də formalaşmasına gətirib çıxara, digər universitetlərin də tədqiqat universitetlərinə çevrilməsi üçün zəmin yarada bilər. BDU-nun və bir neçə universitetin publik-hüquqi şəxs qismində fəaliyyətinin təsdiqlənməsi, hesab edirəm ki, universitetin inkişafı, elmi-tədqiqatların genişlənməsi üçün yeni üfüqlər açır. Xüsusilə Təhsil Nazirliyinin tabeliyində belə bir idarəetmə institutunun formalaşması universitetin inkişafına səbəb ola bilər. Təbii ki, yüksək səviyyəli tədqiqatlar güclü təhsildən yaranır. Güclü təhsil vermək üçün isə öncə peşəkar professor-müəllim heyəti formalaşmalıdır. Hazırda ali təhsil ocaqlarımızdakı professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksək olmaması universitetlərin reytinq cədvəlinin formalaşmasında mənfi təsirini göstərir. Bu baxımdan bu gün BDU-nun əsas missiyalarından biri professor-müəllim heyətinin mobilliyinin artırılmasıdır. “Azərbaycan müəllimi” qəzeti
17/11/2017 13:58
Prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə başlanılıb. Yüksək keyfiyyətlə aparılan inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Bu təhsil ocağının bir hektarlıq həyətyanı ərazisində idman qurğuları quraşdırılıb. Binanın istilik təchizatı üçün qazanxana, transformator yarımstansiyası, nasosxana və su hovuzu inşa olunub. Yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var. Dövlətimizin başçısına məlumat verildi ki, indiyədək Masazır qəsəbəsində fəaliyyət göstərən dörd məktəbdə şagird sıxlığına görə tədris iki və ya üçnövbəli idi. Bu məktəb fəaliyyətə başladıqdan sonra qəsəbədəki digər məktəblərdə şagird sıxlığı aradan qaldırılacaq. Ən müasir avadanlıqla təchiz edilən məktəbdə fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, həmçinin hər cür şəraiti olan yeməkxana yaradılıb. Burada iki emalatxanada da tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait var. İdman zalı zəruri avadanlıqla təchiz edilib. Bu məktəbdə yaradılan şərait təsdiqləyir ki, son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və uğurla həyata keçirilir. Azərbaycanda yüzlərlə yeni məktəb binasının tikilməsi, mövcudlarının əsaslı surətdə yenidən qurulması nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. www.president.az
16/11/2017 15:00
Təhsil Nazirliyində kollegiya iclası
Noyabrın 15-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan məqsədyönlü islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Kollegiya iclasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev 2017-2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun yekunları, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi qayda və əsasnamələrin təsdiqi barədə məruzə edib. Sonra təhsil nazirinin müavini Mətin Eynullayev Rektorlar Şurasının yaradılması haqqında məlumat verib. İclasda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rəhbərlik etdikləri ali təhsil müəssisələrinin tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış ediblər. Daha sonra ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxışlar olub, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib. Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Kollegiya iclasında Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunduqdan sonra sənəd təsdiq edilib, eləcə də 2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyasının keçirilməsi ilə bağlı qərar qəbul olunub. İclasda Naxçıvan Dövlət Universitetinin 50, Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyləri münasibəti ilə rektorlar Saleh Məhərrəmova və Elxan Hüseynova Təhsil Nazirliyinin Fəxri fərmanı, həmçinin ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülən Xanhüseyn Kazımlıya dövlət təltifi təqdim olunub.
15/11/2017 19:07
Daha iki məktəbli Avropa çempionatının qalibi olub
Paytaxt məktəbliləri Avropa çempionatında I yeri tutub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanıb. Rəmzi Rəhimli 12-14, Murad Kərimli 14-17 yaş arasındakı idmançıların qatıldığı yarışlarda qələbəni təmin edib. Qaliblərə medal və diplomlar təqdim olunub. Çempionatda müxtəlif yaş dərəcələri üzrə 11 ölkədən 120 idmançı mübarizə aparıb.
14/11/2017 13:44
Hüquq olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri arasında keçirilən 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri bəlli olub. Hər il paytaxtın bir rayonu üzrə məktəblilər arasında keçirilən bilik yarışı bu dəfə Sabunçu rayonunda təşkil olunub. Olimpiadada rayonda yerləşən 46 məktəbin hər birindən 20 nəfər X və XI sinif şagirdi iştirak edib. Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Olimpiadanın nəticələrinə əsasən, 192 nömrəli tam orta məktəb I, 72 nömrəli məktəb-lisey II, 90 nömrəli məktəb isə III yerə layiq görülüb. Olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən olimpiadanın əsas məqsədi gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsindən ibarətdir.
13/11/2017 11:48
"Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışı keçirilib
Noyabrın 11-də Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışı keçirilib. Yarışda ənənəvi olaraq ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak ediblər. Budəfəki müsabiqədə 44 ali məktəbin komandası mübarizə aparıb. Yarışda ilk dəfə iştirak edən komandalar da olub. Bunlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Mühəndislik Universitetinin komandalarıdır. Xatırladaq ki, "Heydər Əliyev və Azərbaycan tarixi" ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin öyrənilməsi, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədilə təşkil edilir. İlk müsabiqədə 44, ikincidə 46, üçüncüdə isə 42 ali məktəb iştirak etmişdi. Bu il də müsabiqəyə hazırlıq məqsədilə 20 oktyabr - 1 noyabr tarixlərində komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr Mərkəzdəki Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar. Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası 35 xalla 1-ci, Azərbaycan Dövlət Aqrar Universiteti 34 xalla 2-ci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 33 xalla 3-cü yeri qazanıb. Qalib komandalar mükafatlandırılıb.
11/11/2017 17:17
Fotomüsabiqənin qalibləri bəlli olub
Məktəblilər arasında təşkil olunmuş “Şanlı bayrağım” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycan Silahlı Qüvvələrinin veteranları Natiq Mehdiyev, Ülfət Həsənov, məşhur idmançılar Rəsul Çunayev, Teymur Məmmədov, Emil Məhərrəmov, müəllim, şagird və KİV nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra şagirdlər tərəfindən fləşmob nümayiş olunub. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva paytaxtın 31 ümumi təhsil müəssisəsini əhatə edən "Məktəblinin dostu" layihəsi üzrə 122 nəfər əməkdaşın çalışdığını bildirib. Layihə çərçivəsində indiyədək çoxsaylı tədbir, müsabiqə və yarışların keçirildiyini nəzərə çatdıran idarə müdiri bütün bunların şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə, tədris ocaqlarında sağlam mühitin formalaşmasına və Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə sadiq ruhda tərbiyə olunmasında müsbət təsiri olduğunu qeyd edib. Həmçinin, M.Vəliyeva müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli qurulması baxımından “Məktəblinin dostu”nun üzərinə mühüm vəzifələr düşdüyünü nəzərə çatdırıb. Tədbirdə çıxış edən digər qonaqlar bu cür müsabiqə və yarışların keçirilməsinin şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyəti olduğunu qeyd edərək əməyi keçən hər kəsə təşəkkür ediblər. Daha sonra müsabiqənin final mərhələsinə layiq görülmüş 31 fotoşəklə baxış keçirilib. Münsiflər heyətinin seçimi əsasında 3 ən yaxşı fotoşəkil müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə əsasən, 194 və 317 nömrəli tam orta məktəblərdən təqdim edilmiş fotoşəkillər III, 61 nömrəli tam orta məktəbdən təqdim olunmuş fotoşəkil II, 20 nömrəli məktəb-liseydən təqdim edilmiş fotoşəkil isə I yerə layiq görülüb. Sonda I, II, III yerin qalibləri xüsusi hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, "Məktəblinin dostu" layihəsi tərəfindən “ASAN xidmət”lə birgə keçirilən “Şanlı bayrağım” adlı fotomüsabiqə Bakı şəhəri üzrə 31 ümumi təhsil məktəbini əhatə edib. Müsabiqənin keçirilməsində əsas məqsəd 9 Noyabr-Dövlət Bayrağı Gününü təbliğ etmək, şagirdlərdə bayrağa hörmət və sevgi hissini aşılamaq, həmçinin, onların istedadını üzə çıxarmaq, vətənpərvərlik duyğularını yaradıcı formada ifadə etmələrinə şərait yaratmaqdan ibarətdir. Müsabiqə çərçivəsində şagirdlər əvvəlcə mövzuya aid fotoları təhsil aldıqları məktəbdəki "Məktəblinin dostu"na təqdim ediblər. Həmin fotolardan məktəbdaxili qiymətləndirmədən keçənləri office@mdx.edu.az elektron poçt ünvanına göndərilib. Hər bir fotonun qeydə alınması üçün Facebook-da #9noyabr haştaqı ilə minimum 5 paylaşma olub. office@mdx.edu.az elektron poçt ünvanına göndərilmiş fotolardan müvafiq meyarlara cavab verənləri “Məktəblinin dostu”nun rəsmi internet səhifəsində yerləşdirilib. Sonra peşəkar heyət tərəfindən hər məktəb üzrə bir foto müsabiqənin final mərhələsi üçün seçilib. “Şanlı bayrağım” adlı fotomüsabiqənin final mərhələsi çərçivəsində 31 fotoşəkildən ibarət sərgi də təşkil edilib. Fotosərginin ölkə üzrə bütün “ASAN xidmət” mərkəzlərində nümayiş olunması nəzərdə tutulur.
11/11/2017 16:38
#9noyabr həştəqi ilə minlərlə paylaşım edilib
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı və "ASAN Könüllüləri" Təşkilatının birgə təşəbbüsü ilə #9noyabr həştəqi ilə başladılan kampaniya “Twitter”də maraqla qarşılanıb. 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə başladılan sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir. Yüzlərlə insanın qoşulduğu kampaniyada #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşımlar 14.000-dən çox tvit ilə trendlərdə ilk sırada yer alıb. Kampaniya “Twitter”də minlərlə “retweet” və bəyənilmə, 400.000-dən çox baxış sayı əldə edib. “BİR Könüllülər” və "ASAN Könüllüləri" böyük maraq göstərərək qoşulduqları kampaniya sayəsində minlərlə bayraq məzmunlu paylaşımlar edərək sosial şəbəkələrdə də əməkdaşlıq nümayiş etdiriblər.
10/11/2017 17:43
Prezident İlham Əliyev Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.
Dövlət başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi. Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verdi ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir. Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitnes zalları, kafe, kişi bərbərxanası, qadın salonu, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1929-cu ildə Bakıda yaradılıb və 1931-ci ildə Gəncəyə köçürülüb. 1979-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən “Şərəf nişanı” ordeni ilə təltif edilib. Nazirlər Kabinetinin 2009-cu il tarixli Qərarı ilə İnstitut Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılıb. Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb. www.president.az
10/11/2017 17:40
Prezident İlham Əliyev İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var. Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Bu təhsil ocağı həmişə məzunları ilə fəxr edib. Diqqətə çatdırılıb ki, məktəbin məzunları arasında 4 elmlər doktoru, 36 elmlər namizədi var. Ali məktəblərə qəbulun nəticələrinə görə, son 3 ildə 160 məzun tələbə adı qazanıb. Məktəb müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. Binaya yeni internet və telefon xətləri çəkilib. Məktəbin təbii qazla işləyən qazanxanası, transformator yarımstansiyası təmir edilib, su təminatı üçün 150 tonluq çən quraşdırılıb, yanğın əleyhinə 100 kubmetrlik anbar tikilib. Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb. www.president.az
10/11/2017 16:39
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı