“Karyera üçün təhsil” layihəsinə start verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Karyera üçün təhsil” layihəsinin icrasına başlanıb. “Junior Achievement Azərbaycan” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclərin məşğulluq imkanlarının artırılması, bilik, bacarıq və şəriştələrinin, həmçinin, maliyyə savadlılığı və sahibkarlıq biliklərinin təkmilləşdirilməsidir. Layihə çərçivəsində gənclərə gələcək karyeralarında uğur qazanmaları üçün peşəkar inkişaf təlimləri ilə yanaşı, karyera planlaşdırılması, marketinq, satış və digər sahələr üzrə peşəyönümlü təlimlər təşkil olunacaq. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Eldar Salahov gənclərin şəxsi və peşəkar inkişafının hazırkı əmək bazarı üçün önəmini vurğulayaraq təlimlərdə onlara uğurlar arzulayıb. Təlimlər “Müvəffəqiyyət bacarıqları”, “Maliyyə savadlılığı”, “Sahibkar ol” modulları əsasında təlimçi-ekspert Əzizağa Atakişiyev tərəfindən aparılır. Ə.Atakişiyev təqdimatında layihə barədə geniş məlumat verib, öyrənilən bacarıqların gənclər və tələbələr üçün açdığı imkanlardan danışıb. Layihənin sonunda keçiriləcək "Biznes Günü"ndə tələbələr sahibkarlıq bacarıqlarının nəticəsi olaraq öz biznes planlarını hazırlayıb təqdim edəcəklər.
21/11/2017 15:08
“Ali təhsildən gözləntilər” adlı seminar
Noyabrın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Ali təhsildən gözləntilər” mövzusunda seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin nümayəndələri, media kapitanları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri iştirak edib. Tədbirin keçirilməsində məqsəd son 4 ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika barədə məlumat verilməsi və ali təhsildə qarşıda duran vəzifələrin müzakirə edilməsi olub. Seminarda “Tələbə qəbulunun nəticələrinin təhlili” mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib, qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb. Bildirilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub. Bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb. Seminarda qeyd olunub ki, bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib. Ali təhsil müəssisələrində Dövlət Proqramı ilə xaricdə təhsil almış 100-dən çox əməkdaş çalışır. Cari tədris ilində ali təhsil müəssisələrində ingilis dilində tədris olunan ixtisaslara qəbul olunan tələbələrin sayı iki dəfə artıb. “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə qeyd edib ki, 2015-ci ilin dekabr ayından dünyanın aparıcı elmi platforması olan “Web of Science” ilə əməkdaşlıq nəticəsində Azərbaycanın təhsil müəssisələrinin müəllim və tələbələrinin bu elmi bazada indekslənən məqalələrinin sayı 57 faiz artıb. Son 3 ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 950 olub. Seminarda pedaqoji ixtisaslara qəbul olunanların, ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin tədris illəri üzrə sayı və artım dinamikası, eləcə də son 3 il ərzində 541 nəfərin fəlsəfə doktoru,103 nəfərin elmlər doktoru elmi dərəcələrini alması barədə məlumat verilib. Sonra təqdim edilən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
21/11/2017 13:56
Paytaxt məktəblisi IV dəfə çempion olub
Paytaxt məktəblisi növbəti dəfə stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibi adını qazanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 229 nömrəli tam orta məktəbin III sinif şagirdi Adil Əhmədzadə paytaxtda 12 və daha kiçik yaşlı 108 tennisçinin iştirak etdiyi yarışda oğlanlar arasında I yerə layiq görülüb. Məktəbli kubok və diplomla təltif olunub. Qeyd edək ki, A.Əhmədzadə bu turnirdən əvvəl 3 dəfə stolüstü tennis üzrə Azərbaycan çempionu olub. O, bu uğurlarını 2015-2017-ci illər ərzində əldə edib. Həmçinin, A.Əhmədzanin tərkibində olduğu komanda Moldovada keçirilən beynəlxalq yarışda I yeri tutub.
21/11/2017 13:13
“Ədəbiyyat biliciləri” müsabiqəsinə start verilir
Məktəblilər arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir. Təhsil nazirinin əmrinə əsasən keçirilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında təşkil olunacaq. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqənin məktəb mərhələsinin noyabr-dekabr, rayon (şəhər) mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur. “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qaydalarına əsasən, məktəb mərhələsində şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırmalı, təəssüratlarını qısa qeyd etməlidirlər. Hər məktəbdən ən çoxu 3 nəfər şagird seçilərək müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq. Müsabiqənin rayon (şəhər) mərhələsində tapşırıqların icrasına 3 saat vaxt ayrılacaq. Cavablar müvafiq meyarlar əsasında qiymətləndiriləcək. Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar. Sonda inşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunacaq. Müsabiqədə I, II, III yerlərin qalibləri Təşkilat Komitəsi tərəfindən müəyyənləşdiriləcək.
21/11/2017 11:32
İdmançılarımız beynəlxalq yarışda uğurla çıxış edib
Türkiyənin Antalya şəhərində futbol üzrə “Limra Cup 2017” beynəlxalq turnirində “Təhsil” Respublika İdman Mərkəzinin 10-12 yaşlı yeniyetmələrdən ibarət yığma komandaları uğurla çıxış edib. Mərkəzin komandaları 2005-2006-cı il yaş qrupu üzrə I yerə, 2007-ci il yaş qrupu üzrə isə III yerə layiq görülüb. 12-13 yaş qrupu üzrə yarışda Türkiyənin “Kemer Kartalları”, “Manavgat Spor”, Rusiyanın “Kazanka” və Qazaxıstanın “Shymkent” klublarının komandaları,10 yaş qrupu üzrə yarışda isə Türkiyənin “Beşiktaş”, “Kemer Kartalları”, “Manavgat Spor”, “BD Spor”, Rusiyanın “Lokomotiv” və Azərbaycanın “Qəbələ” klubları iştirak edib. Komandaların turnirdə iştirakının təmin edilməsində əsas məqsəd idmançıların yarış təcrrübəsinin artırılması, keçiriləcək beynəlxalq yarışlara hazırlıq səviyyələrinin artırılmasından ibarət olub.
20/11/2017 17:04
Azərbaycan Texniki Universitetinin idman sarayı istifadəyə verilib
Noyabrın 17-də Azərbaycan Texniki Universitetinin idman sarayının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkilləri və ali məktəblərin rektorları iştirak edib. İdman sarayı ilə tanış olan qonaqlara məlumat verilib ki, sarayda təkcə bu universitetin tələbələri üçün deyil, həmçinin məktəblilər, peşəkar idmanla məşğul olmaq istəyən hər kəs üçün əlverişli şərait yaradılıb. Təhsil Nazirliyi tərəfindən təmir olunan sarayın ümumi sahəsi 1804 kvadrat metrdir, 928 yerlik tamaşaçı tutumuna malik universal zalı hündürlüyünə görə beynəlxalq standartlara cavab verir. Burada idmançılar trenajor, güləş, voleybol, basketbol, həndbol, futbol, badminton, qılıncoynatma, cüdo, boks, karate idman növləri üzrə məşğul ola bilərlər. Eləcə də idman sarayında toplantı zalları, yuyunma, soyunub-geyinmə otaqları, məşqçi zalları fəaliyyət göstərir. İdman sarayının bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun təşəbbüsü və şəxsi nəzarəti altında 1973-cü ildə sarayın tikintisi başa çatdırılaraq bu ali təhsil müəssisəsinin istifadəsinə verilib. Saray istifadəyə verildikdən sonra tələbələr arasında xeyli idman ustaları yetişib. Onlardan 18 nəfəri İttifaq və beynəlxalq yarışlarda yer tutub, bəziləri isə ayrı-ayrı idman növləri üzrə Avropa, dünya çempionu olublar. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi, idman arenalarında da uğurlar qazanılır, dövlət himninin sədaları altında Azərbaycan bayrağı ucalara yüksəlir. Tədbirdə Təhsil TV-nin idman sarayı ilə bağlı hazırladığı video-çarx nümayiş olunub. Sonra 2017-2018-ci illərdə badminton üzrə ali təhsil müəssisələrinin komandaları arasında keçirilən turnirin püşkatma mərasimi olub. Cari ilin dekabr ayında universitetlər arasında start veriləcək turnirin komandalarının adları müəyyən olunub. Qonaqlar oğlanlar arasında şəxsi kateqoriya üzrə yarışın final oyununu izləyiblər. Bu kateqoriya üzrə oğlanlar I, II yerlər üzrə mübarizə aparıblar. 2017-ci il badminton üzrə Azərbaycan çempionatı 5 kateqoriyaya əsasən keçirilir. Bu kateqoriyalardan 4-ü üzrə I, II, III yerlər artıq müəyyən olunub. Badminton üzrə Azərbaycan çempionatında ümumilikdə 37 nəfər olmaqla 16 qız 21 oğlan mübarizə aparıb və finala vəsiqə qazanan 24 nəfər təltif edilib. Azərbaycan Texniki Universitetinin idman sarayının açılış mərasiminin təşkilinə Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı tərəfindən dəstək göstərilib. Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində və Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Qubanın 38 ümumi təhsil müəssisəsində badminton bölmələri açılıb. Hazırda bu bölmələrdə badminton üzrə peşəkar məşqçilər və məktəblərin idman müəllimləri çalışır.
17/11/2017 20:17
SABAH III Tələbə Debat Forumu
Təhsil Nazirliyinin tərəfdaşlığı, SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə III SABAH Tələbə Debat Forumu keçirilib. Forumun əsas məqsədi SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmin olunması, müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tələbələrin natiqlik bacarıqlarına yiyələnməsi, onlar arasında intellektual oyunlarda iştiraka maraq yaradılması, müxtəlif universitetlərdə təhsil alan SABAH tələbələri arasında ünsiyyətin genişlənməsinə şərait yaratmaqdır. Debat oyunlarının mövzusu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi məqsədlərinə uyğun olaraq “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyinin rolu” olub. Forum çərçivəsində SABAH tələbələri DVC-nin təlimçi heyəti tərəfindən debat metodologiyası əsasında təşkil olunan ardıcıl 3 təlim sessiyasında iştirak ediblər. Təlim sessiyasını uğurla başa vuran komandalar sahibkarlığa dövlət dəstəyinin rolu mövzusunda araşdırmalar aparıblar. Forumun qrup və “play-off” mərhələsi oyunlarında ümumilikdə 7 universiteti təmsil edən 32 komanda mübarizə aparıb. Debat raundlarından uğurla keçən “Alpha” və “Enigma” komandaları finala vəsiqə qazanıblar. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Əfsanə Məmmədova, İsmayıl Səlimov, Anar Məmmədzadə, Sevil Hacıyeva, Elgün Məmmədov, İlqar Ağasıyev, Xədicə Veysəlova, Fərhad Ağayev, Bakı Dövlət Universitetinin tələbəsi David Poladov forumun ən yaxşı natiqləri, Ülviyyə Axundova isə Forumun I ən yaxşı natiqi adına layiq görülüb. Forumun qalibi UNEC-in “Alpha” komandası (Pinar Cəbrayılova, Ömər Əzizli, Elgün Məmmədov) olub. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub. Qeyd edək ki, DVC yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. DVC-nin aparıcı proqramlarından biri olan Milli Debat Proqramı gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 Regional Debat Mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış Debat Klublarını özündə birləşdirir.
17/11/2017 16:51
“Elektron təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşib
“Elektron təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətləri üzrə 6 nominasiyada qəbul edilmiş 644 layihəyə ekspertlər tərəfindən baxılıb. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə 644 layihədən 197-si nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir. Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır. Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir. Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaqdır. 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyədək ümumilikdə 7000-dən artıq layihə təqdim olunub.
17/11/2017 16:21
Təhsil müəssisələrində Milli Dirçəliş Günü tədbirləri
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib. Ümumi təhsil müəssisələrində məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr olunan konfrans, “Dəyirmi masa”, seminar və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Tədbirlərdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. 17 noyabr - Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğu vurğulanıb. Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Həmçinin, ölkəmizdə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb. Tədbirlərdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olunub, ulu öndər Heydər Əliyevin tarixi çıxışı dinlənilib. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Milli Dirçəliş Günü ilə əlaqədar keçirilən müsabiqələrin qalibləri təltif olunub.
17/11/2017 15:06
Peşə təhsili üçün böyük stimullaşdırma
İlk qanun layihəsi birinci oxunuşa tövsiyə olunub Gənclərin peşə təhsilinə marağının artırılması istiqamətində önəmli rol oynayacaq “Peşə təhsili haqqında” ilk qanun layihəsinə tezliklə Milli Məclisin plenar sessiyasında baxılacaq. Noyabrın 15-də Milli Məclisin elm və təhsil komitəsinin iclasında baş tutan müzakirədən sonra buna qərar verilib. Məlum olduğu kimi, peşə təhsili müasir standartlara uyğun olaraq tamamilə yenidən qurulur. Həm Bakıda, həm də ayrı-ayrı rayonlarda yeni peşə məktəbləri istifadəyə verilir, əvvəlcədən fəaliyyət göstərən peşə təhsil müəssisələrinin şəraiti yaxşılaşdırılır. Bu məsələdə ən qabaqcıl təcrübənin tətbiqinə çalışılır. Təhsilin inkişafında prioritet istiqamətlərdən olan peşə təhsili ilə bağlı qanun layihəsi hazırlanarkən də məhz ayrı-ayrı ölkələrin qanunvericilik sənədləri və təcrübəsi öyrənilib. Müzakirələrdən belə məlum olub ki, beynəlxalq təcrübə yerli reallıqlar da nəzərə alınmaqla yeni qanun layihəsində öz əksini tapıb. Peşə təhsilinə marağı artırmaq, bu sahənin inkişafını sürətləndirmək məqsədi ilə müəyyən güzəştlər nəzərdə tutan bəzi qərarlar qəbul edilib. Peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ, təcrübə sahəsində əməkhaqqı alma hüququ, xüsusi imtiyazlara sahiblənmə hüququ verilib. Beləliklə, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Peşə təhsili müəssisələrinə dövlət dəstəyinin göstərilməsini məqsədəuyğun sayan İşçi Qrup peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verməyə qərar verib. Dövlət təhsil müəssisələrində təhsil alanlar xüsusi iş geyim formaları ilə də təmin ediləcək. Layihədə nəzərdə tutulub ki, Azərbaycanda peşə təhsili müəssisələrinə və onların müdavimlərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün dövlət tərəfindən xüsusi imtiyazlar verilsin. Peşə təhsili müəssisələrində təhsil alanların təcrübə keçmələri üçün xüsusi meyarlar əsasında seçilmiş idarə, müəssisə, fermer təsərrüfatı və təşkilatlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən imtiyazlar (vergi güzəştləri, aşağı faizli kreditlər, yeni texnika və texnologiyaların əldə olunması və sair) da nəzərdə tutulub. Yeni qanun layihəsi ölkəmizdə peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə bu sahədə dövlət siyasətinin prinsiplərini, təhsil və təlim sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir. Qanun təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqisi üçün peşə hazırlığının bütün formalarına şamil edilir. 5 fəsil, 26 maddədən ibarət yeni qanunda bir sıra anlayışların - formal, informal, qeyri-formal peşə təhsili, ixtisaslaşma, peşə standartları, peşə təhsilinin inkişafı fondu, təhsildə inteqrasiya və digər - mənası açıqlanır. Sənəddə peşə təhsili almaq üçün bərabər imkanların yaradılması, peşə təhsilinin milli və dünya təhsil sisteminin, elmin, iqtisadiyyatın nailiyyətləri, ailə və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili, bu sahədə fasiləsiz öyrənmənin, varisliyin və mobilliyin təmin olunması, peşə təhsilinin müasir standartlara, habelə şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu kimi dövlət siyasətinin əsas prinsipləri müəyyən olunur. Burada stimullaşdırıcı tədbirlərin tətbiqi, məlumat bazasının, nəticələrə əsaslanan maliyyələşdirmə sisteminin və əmək bazarında rəqabətədavamlı əməkhaqqı sisteminin yaradılması, sağlamlıq imkanı məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili, məqsədli peşə inkişafı proqramlarının hazırlanması kimi dövlət siyasətinin əsas istiqamətləri də əksini tapıb. Qanuna əsasən, peşə təhsilinə dair normativ hüquqi aktların qəbulu, təhsil standartlarının və proqramların hazırlanması üçün sahibkarlar, sahə və peşə assosiasiyaları ilə əməkdaşlıq, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alanların təhsil haqlarının müəyyən edilməsi, peşə təhsilinin qeyri-dövlət sektorunun dəstəklənməsi, peşə təhsili müəssisələrinin fəaliyyətinə lisenziyanın verilməsi, onun ləğvi kimi məsələlərin dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Layihədə göstərilib ki, peşə təhsili müəssisələrinə lisenziyalar birdəfəlik, müddətsiz veriləcək. Qanunda peşə təhsili sisteminin quruluşundan tutmuş, peşə təhsili müəssisələrinin növləri və təhsil müddətinə qədər hər məqama aydınlıq gətirilib. Layihədə peşə təhsilinin 3 səviyyəsi müəyyən edilib: Müxtəlif peşə istiqamətlərinə aid fəaliyyət sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri və metodiki hazırlığın aparıldığı ilk peşə təhsili birinci səviyyədir. Burada ümumtəhsil məktəblərində tədris edilən əmək təlimi dərsləri zamanı və orta təhsildən sonra birillik kurslarda əldə edilən peşə bacarıqları nəzərdə tutulur. Peşə təhsilinin ikinci səviyyəsində müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlığı nəzərdə tutan texniki peşə təhsili dayanır. Üçüncü - orta peşə təhsili səviyyəsində müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq aparılır. Peşə təhsili hüququ kimlərə verilir? Peşə təhsili müəssisələri peşə məktəbi, peşə liseyi və peşə təhsil mərkəzi olaraq fəaliyyət göstərir. Peşə təhsili almaq hər kəsin hüququdur. Bu hüquq ölkə vətəndaşlarına hələ orta məktəbdə oxuduğu vaxtdan verilir. Artıq qeyd etdiyimiz kimi, ümumtəhsil müəssisələrində şagirdlər ilk peşə təhsili alır. Peşə məktəbinə qəbul olunanlara yalnız texniki peşə təhsili almaq hüququ verilir. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir. Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir. Təhsil müddəti 6 aydan 4 ilə qədərdir Təbii ki, təhsil müddəti peşə səviyyəsindən, növündən asılı olaraq, dəyişir. Tutaq ki, peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kursları təşkil olunur. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir. Peşə məktəblərində ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq 1 və ya 2 ildir. Tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il nəzərdə tutulub. Peşə liseylərində ümumi və ya tam orta təhsil bazasından qəbul olunmağından asılı olaraq da təhsil müddəti dəyişir. Ümumi orta təhsil bazasından qəbul olunan və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda bu müddət 3 ildirsə, tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda cəmi 1 ildir. Peşə təhsil mərkəzlərində də peşə liseylərində olduğu kimi, ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3 il çəkir. Ancaq tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il təhsil almaq kifayət edir. Ümumi orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təhsil müddəti 4 il, peşə təhsil mərkəzlərinə tam orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 3 ildir. Peşə təhsili müəssisələri hardan alıb, nəyə xərcləyəcək? Peşə təhsili müəssisəsinin maliyyə mənbələri də dəqiq ifadə olunub. “Peşə təhsili haqqında” qanun layihəsinin 22-ci maddəsində qeyd edilib ki, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, peşə təhsili müəssisəsinin maliyyə mənbələri fərqlənir. Belə ki, dövlət peşə təhsili müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir. Dövlət peşə təhsili müəssisəsi dövlət büdcəsi və ya dövlət fondlarının vəsaitləri ilə yanaşı, büdcədənkənar vəsaitlər, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər; kreditlər, qrantlar, ianələr; innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər; qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş investisiyalar; həmçinin qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşə bilər. Bələdiyyə və özəl peşə təhsili müəssisələri isə təsisçinin (təsisçilərin) vəsaitləri; təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər, hüquqi və fiziki şəxslərin maliyyə yardımları; sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər; qanunvericiliyə uyğun qaydada alınan qrant, ianə, kredit və yardımlar; qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlərlə maliyyələşə biləcək. Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir. Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən şəxslərin stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir. “Azərbaycan müəllim” qəzeti
17/11/2017 14:51
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı