Tərtər rayonunda “Bayraq yürüşü”
Noyabrın 8-də Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib. Yürüşdən əvvəl iştirakçılar Tərtər rayonunun mərkəzi meydanında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar. Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbiri giriş sözü ilə açaraq Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu vurğulayıb. Firudin Qurbanov hər bir azərbaycanlının qürur yeri olan dövlət bayrağının tarixindən söz açıb və Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavini varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və ölkə Prezidentinin rəhbərliyi altında buna nail olunacağına inamını ifadə edib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Dövlət Bayrağı Gününün qeyd olunması dövlətçilik tariximizin əlamətdar hadisəsidir. Son illər ölkəmizin artan nüfuzunu diqqətə çatdıran Müstəqim Məmmədov mötəbər idman yarışlarında, mədəni tədbirlərdə dövlət bayrağımızın zirvələrə yüksəldiyini vurğulayıb. Millət vəkili Aydın Mirzəzadə “Bayraq yürüşü”nün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanacağına əmin olduğunu qeyd edib. Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, “ASAN Könüllüləri”n və şagirdlərin ifasında bayrağımıza həsr olunmuş şeir, mahnı və rəqslər ifa olunub. Tədbirdə Təhsil Nazirliyi adından hərbi hissəyə hədiyyələr təqdim edilib. 2000 nəfərdən çox iştirakçının qatıldığı yürüşün sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər. Yürüşdən sonra təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonu Qapanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb, təhsil ocağına hədiyyələr təqdim olunub.
08/11/2017 17:06
Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. Belə ki, təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfranslar, ədəbi-bədii gecə, mühazirə və disputlar, “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. “Bayrağımız qürur mənbəyimizdir”, “Mənim bayrağım ən gözəl bayraqdır”, “Bir kərə yüksələn bayraq bir daha enməz”, “Qarabağda dalğalan, bayrağım”, “Dövlət bayrağının tarixi” və digər mövzularda təşkil olunmuş tədbirlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb. Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıblar. Həmçinin, bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq. Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
08/11/2017 16:18
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları təlimdə
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları alman mütəxəssislərinin təşkil etdiyi “Təlimçilərin təlimi”ndə iştirak ediblər. Təlim Təhsil Nazirliyi yanında Peşə Təhsil üzrə Dövlət Agentliyinin Almaniyanın kənd təsərrüfatı texnikası istehsalçısı olan “CLAAS” şirkəti ilə “Kənd təsərrüfatı Texnologiyası və İdarəetmə Təşəbbüsü - Azərbaycan” layihəsi çərçivəsində əldə etdiyi razılaşmaya əsasən keçirilib. “Gilan Agriculture” portfelinə daxil olan "Gilan Aqrotek" şirkətində keçirilən təlimdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 3 əməkdaşı iştirak edib. Layihənin məqsədi “CLAAS” markalı müasir kənd təsərrüfatı texnikasının texniki istismar qaydalarının və təmir texnologiyasının avadanlıq operatorlarına öyrədilməsi üçün təlimçilərinin təlimləndirilməsi, kənd təsərrüfatı texnikası, bitkiçilik və istehsal iqtisadiyyatı modulları üzrə iş yerində təlim təcrübəsinin tətbiqidir. Təlim Peşə Təhsil üzrə Dövlət Agentliyi və “Gilan Agriculture” arasında cari ilin 25 oktyabrında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində həyata keçirilib.
07/11/2017 15:42
Məktəblərdə İslam həmrəyliyi mövzusunda tədbirlər
Paytaxt məktəblərində “İslam Həmrəyliyi İli” çərçivəsində silsilə tədbirlər keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfrans, “Dəyirmi masa”, mühazirə, seminar, müsabiqə və sərgilər təşkil edilir. Tədbirlərdə müəllim, şagird və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri milli-mənəvi və ümümbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlara ölkəmizin tolerant və İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu aşılamaqdan ibarətdir. “İslam dialoq dinidir”, "İslam həmrəyliyi elm və təhsildə", “İslam dəyərləri və sivilizasiyalar” və digər mövzularda təşkil edilən tədbirlərdə Azərbaycanın daim İslam aləmi ilə sıx münasibətlər qurduğu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun üzvü olduğu vurğulanır. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunur. Tədbirlər çərçivəsində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərə həsr olunmuş sənədli filmlər, videoçarxlar nümayiş etdirilir. Məktəblərdə İslam həmrəyliyi mövzusuna dair keçirilən şeir, inşa yazı və rəsm müsabiqərində qalib gələn şagirdlər diplomla təltif olunurlar.
07/11/2017 14:59
Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə “Bayraq yürüşü” keçirəcək
Noyabrın 8-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edəcəklər. Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə #9noyabr həştəq kampaniyası davam edir. Sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir. Kampaniya sosial şəbəkələr üzərindən həyata keçirilir. Sosial şəbəkədə istifadəçilər #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım etməklə (foto, video, bloq və s.) vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olurlar.
06/11/2017 15:56
Məktəb psixoloqları üçün seminar
“Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi çərçivəsində seminar keçirilib. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə təşkil edilmiş seminarın əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir. Seminarda paytaxtın bir sıra ümumi təhsil məktəblərinin psixoloqları iştirak ediblər. Fərdi və qrup şəklində keçirilən seminar zamanı rusiyalı psixoloq Anna Antonovanın iştirakı ilə ilk olaraq, psixoloji xidmətin təşkili üçün sənədlər toplusunun – psixoloqun fəaliyyət planı, psixoloqun qeydiyyat jurnalı, şagirdlərin fərdi kartlarının (xəritəsinin) hazırlanması məsələləri müzakirə edilib. Psixoloqun fəaliyyət istiqamətlərinə aid olan I-IV və V-IX sinif şagirdləri ilə diaqnostika işinin aparılması, I sinif şagirdlərinin məktəbə adaptasiyası, şagirdlərlə inkişafetdirici işin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb. Sonda xarici ekspert tərəfindən psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün analiz etmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məqsədilə müəyyən tapşırıqlar verilib. Qeyd edək ki, “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
06/11/2017 14:29
Oktyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 15 767 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 15 767 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 218 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 549 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 920 sənəd (950 məktub, 660 ərizə, 310 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, dərs saatların verilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2 750 müraciət) və çərşənbə axşamı (2 640 müraciət) günləri, əsasən, saat 09:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 199 müraciət) və çərşənbə axşamı (1 018 müraciət) günləri, əsasən, saat 09:00-dan 12:00-dək müraciət edilib.
06/11/2017 10:11
İnternat məktəbinə mediatur təşkil edilib
Noyabrın 3-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinə mediatur təşkil edilib. Əvvəlcə media nümayəndələri internat məktəbi ilə yaxından tanış olublar. Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinin müdiri Həbib Kərimov media nümayəndələrinə məlumat verib ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi 1969-cu ildən fəaliyyət göstərir. İnternat məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Məktəbdə 24 sinif otağı, 8 fənn kabineti və 1 informatika otağı vardır. Hazırda internat məktəbində 37 nəfəri qız, 103 nəfəri oğlan olmaqla 140 nəfər şagird təlim-tərbiyə alır. Onlardan 86 nəfər uşaq müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 55 nəfər pedaqoji işçi məşğul olur. İnternat məktəbində musiqi dərnəyi fəaliyyət göstərir. 2016-2017-ci tədris ilində məzunların sayı 15 nəfər olub.
03/11/2017 15:39
Məktəblilər üçün ekskursiyalar
Paytaxt məktəblilərinin müxtəlif tarixi abidələrə, mədəniyyət və incəsənət ocaqlarına, eləcə də istehsalat müəssisələrinə ekskursiyaları təşkil edilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin muzey, ali təhsil ocaqları və istehsalat müəssisələrinə səfərləri həyata keçirilir. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumat verilir. Zavod və fabriklərə ekskursiyalar zamanı şagirdlər istehsalat prosesi ilə tanış olurlar. Həmçinin, ali təhsil müəssisələrinin müəllim və tələbələri ilə məktəblilərin görüşləri keçirilir, tədris prosesi haqqında onlara məlumat verilir. Bakı məktəbliləri üçün ekskursiyaların 2017-2018-ci tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.
03/11/2017 10:51
“eTwinning Plus” layihəsi çərçivəsində seminar
“eTwinning Plus” layihəsi çərçivəsində Maltanın Valletta şəhərində “eTwinning” illik seminarı keçirilib. Seminarın əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində layihə əsaslı tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub. Seminarda Bakı şəhəri 126 nömrəli tam orta məktəbin müəllimi Şirincan Məmmədova və Heydər Əliyev adına liseyin müəllimi Natavan Bədəlova iştirak edib. Tədbirdə “eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər də təşkil olunub. Qeyd edək ki, hazırda “eTwinning Plus” layihəsinə respublika üzrə 129 məktəb, 395 müəllim cəlb olunub. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir. Cari ildə 81 müəllim 115 onlayn təlimdə iştirak edib və beynəlxalq sertifikatlar qazanıb. Layihə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
02/11/2017 11:38
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı