Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yetmiş yaşını tələbələri ilə qeyd edən sənətkar

Dekabrın 26-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli pianoçu, Akademiyanın rektoru, Xalq Artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbirdə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi və başqaları çıxış edərək yubilyara təbriklərini çatdırıblar. Bildirilib ki, Bakıda görkəmli rejissor, Azərbaycanın Xalq Artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxuyub. Hələ gənc yaşlarından böyük uğurlara imza atan pianoçu qısa vaxtda şöhrət qazanıb. O, Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yaponiya və başqa ölkələrdə mədəniyyətimizi layiqincə təmsil edib. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən Fərhad Bədəlbəylinin gənc ifaçıların yetişməsində böyük xidmətləri var. Sonra Xalq Artisti Fərhad Bədəlbəyli səhnəyə dəvət olunub. Yubilyara gül dəstələri və xatirə hədiyyələri təqdim olunub. Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək yaradıcılığına göstərilən diqqət və qayğıya, Azərbaycanın ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, musiqi xadimlərinə və gənc musiqiçilərə uğurlar arzulayıb. Sonda Akademiyanın tələbələrinin və müəllimlərinin ifasında yubilyara həsr edilmiş maraqlı konsert proqramı təqdim olunub.   AZƏRTAC

“Təhsil Liqaları”na start verilib

Təhsil NazirliyiAzərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetin İdman Kompleksində basketbolçulardan ibarət komandalar arasında 2017-2018-ci il üzrə “Təhsil Liqaları”na start verilib. 13 (U-13) və 15 yaşadək (U-15) komandalar arasında təşkil edilən “Təhsil Liqaları”nın keçirilməsində məqsəd yaş qrupları üzrə ən yaxşı basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarətdir. Təhsil Nazirliyinin, Azərbaycan Basketbol Federasiyasının və idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirin açılış mərasimində basketbol idman növünə uşaq və yeniyetmələrin cəlb edilməsi və istedadlı idmançıların aşkar edilməsi baxımından liqaların əhəmiyyətindan danışılıb. Həmçinin belə tədbirlərin uşaq-gənclərin idmana olan maraqlarının artmasında müsbət rolu vurğulanıb. Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun və solistlərinin ifası təqdim edilib. Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır. İki  dövrədən ibarət olan liqaların oyunları 2018-ci ilin iyun ayında başa çatacaq.

“Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, qaliblər və KİV təmsilçiləri iştirak ediblər. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Tədbirdə çıxış edən Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron təhsil" Respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır. Son illər təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu deyən Ceyhun Bayramov bu sahədə müxtəlif layihə və tədbirlərin həyata keçirildiyini, görülən işlərin müasir bilik və bacarıqlara malik yeni nəslin formalaşmasına təsir edən əsas amil olduğunu qeyd edib. Ceyhun Bayramov həmçinin, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin sayının artması, elektron tədris resurslarının mütəmadi zənginləşdirilməsi və informatika fənni üzrə yeni layihəyə başlanılması barədə məlumat verib.  Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər. 3  istiqamət və 6 nominasiya üzrə təşkil olunan müsabiqədə şəffaflığın təmin edilməsi məqsədi ilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilib, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsif heyəti isə müsahibə əsasında müəyyən olunub. Müsabiqənin I mərhələsinə təqdim edilən 703 işdən 644-ü II mərhələyə - ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 26 qalib və 35 fərqlənən müəyyən edilib. Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub. Müsabiqə  “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir.

İdmançılar və məşqçi-müəllimlər təltif edilib

Dekabrın 25-də “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin 2017-ci ildə yüksək nəticə əldə edən məşqçi-müəllimlərinin və idmançılarının təltif olunma mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, idman məktəblərinin direktorları, məşqçi-müəllimlər, idmançılar, media nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində məqsəd məşqçi-müəllimlərin və idmançıların əməyini qiymətləndirmək, onların daha yüksək nəticələr əldə etmələrinə stimul yaratmaqdan ibarət olub. Tədbir iştirakçılarına 2017-ci ildə mərkəz tərəfindən həyata keçirilmiş idman yarışları, layihələr, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak, uşaq və gənclərin idmana cəlbi, onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində görülmüş işlər, əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilib. Sonra 2017-ci ildə müxtəlif idman növləri üzrə yüksək nəticə əldə etmiş 22  nəfər idmançı, uşaq və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğində səmərəli fəaliyyət göstərdiyinə görə 26 nəfər məşqçi-müəllim “Təhsil” Respublika İdman Mərkəzinin Fəxri fərmanı və  hədiyyələrlə  təltif edilib. Tədbir mükafatçılar üçün təşkil edilmiş ziyafətlə yekunlaşıb.  

“Ana yurdum, Azərbaycan” adlı I Respublika dram müsabiqəsi

Qəbələ rayonunda Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan dramaturgiyası dünən və bu gün” mövzusunda “Ana yurdum, Azərbaycan” adlı I Respublika dram müsabiqəsi keçirilib. Müsabiqə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının uşaq və gəncləri arasında keçirilib. Müsabiqənin təşkil edilməsində məqsəd klassik və müasir dramaturgiyamızın tarixinə nəzər salmaq, xüsusi istedadı olan uşaqları üzə çıxarmaq, dostluq, xeyirxahlıq, tolerantlıq və vətənpərvərlik duyğularının aşılanması olub. Müsabiqənin I mərhələsi yerlərdə təşkil olunub, fərqlənən kollektiv və ifaçılar II - yekun mərhələdə iştirak etmək hüququ qazanıblar. Bölgələrdən Qəbələyə gələn kollektiv və iştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. Sonra uşaqların Qəbələ şəhərinə ekskursiyası təşkil olunub və kollektivlərin “tanışlıq axşamı”  keçirilib. Müsabiqənin yekun tədbiri Qəbələ Mədəniyyət Mərkəzində keçirilib. Yekun mərhələdə 14 müəssisədən 90-a yaxın məktəblinin və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvlərinin çıxışları dinlənilib. Uşaqlar kompozisiyalar, bədii qiraət nümunələri və dramaturqların əsərlərindən hazırladıqları parçalar ifa ediblər. İştirakçıların ifasının qiymətləndirilməsi zamanı uşaqların səhnə danışığı və mədəniyyəti,  obrazlı ifası, səhnə və musiqi tərtibatı, geyimi münsiflər tərəfindən əsas şərt kimi götürülüb. Müsabiqənin nəticələrinə görə hər bir yer üzrə 4 nəfər olmaqla 12 nəfər  I, II, III yeri qazanıb. Daha sonra qaliblərə Təhsil Nazirliyi tərəfindən kubok, diplom və hədiyyələr təqdim olunub.      

“Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqə başa çatıb

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, müsabiqə iştirakçılarının valideynləri və şagirdlər iştirak ediblər. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə milli dəyərlərə hörmət və sevgi hissini aşılamaq və onların istedadlarının üzə çıxarılmasına imkan yaratmaqdır. Müsabiqənin qaydalarına uyğun olaraq, layihəyə daxil olan 31 ümumtəhsil məktəbinin hər birindən bir nəfər iştirakçı məktəbdaxili seçimlərdən sonra əsas müsabiqəyə qatılıblar. Xalq və bəstəkar mahnılarını ifa edən müsabiqə iştirakçılarını xalq artisti Canəli Əkbərov, Mələkxanım Əyyubova və Simarə İmanova tərəfindən bal sistemi əsasında qiymətləndirilib. Yekun nəticələrə əsasən, Bakı şəhəri 63 nömrəli  tam orta məktəb I, 284 nömrəli tam orta məktəb II, 20 nömərli tam orta məktəb isə III yerə layiq görülüb. Tədbir mükafatçıların təltif edilməsi ilə yekunlaşıb. “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Uşaqlar üçün bayram şənliyi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli  xüsusi internat məktəbində  31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Umnisə Nəcəfbəyova burada təhsil alan uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Təhsil müəssisəsində uşaqların təhsili, onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını söyləyən direktor həmçinin qeyd edib ki, burada təhsil alan 189 şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim və 28 tərbiyəçi məşğul olur. Gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışan direktor ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sağlamlıq imkanları məhdud olan uşaqları daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi üçün yeni tədris binası tikilib və 2015-ci ildə istifadəyə verilib. Bina müasir dizayna malikdir. Məktəbdə şagirdlər üçün dərnəklər və onların peşəyönümlü təlimi üçün emalatxanalar (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) fəaliyyət göstərir. Həmçinin təhsil müəssisəsində tam təchiz edilmiş biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, müasir idman zalı, trenajor zalı, ritmika otağı var. Tədbirdə iştirak edən Xəzər Rayon İcra Hakimiyyəti  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyaclarının olduğunu və bu sahədə qayğı göstərən xeyirxah insanların əməllərini yüksək dəyərləndirib. Sonra internat məktəbinin şagirdləri maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirib, şeirlər söyləyib, Şaxta baba və Qar qızla birgə rəqs edib və mahnılar səsləndiriblər.

SABAH tələbələri “Azər Türk Bank”ın xüsusi təqaüdünə layiq görülüb

Təhsil Nazirliyi SABAH qruplarının tələbələri “Azər Türk Bank”ın təhsil haqqı təqaüdünə layiq görülüblər. Belə ki, “Azər Türk Bank” hər il  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarının III kursunda təhsil alan və tədrisdə yüksək nəticələr əldə edən 9 nəfər tələbənin bir illik  təhsil haqqının ödənilməsi barədə qərar verib. Qeyd edək ki, SABAH qrupları Karyera Akademiyasının rəsmi tərəfdaşı olan “Azər Türk Bank” bu ilin Novruz bayramında da 10 tələbənin bir illik təhsil haqqını ödəyib. Qeyd edək ki, SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.  

Məktəbdənkənar müəssisələrdə çalışan əməkdaşlar üçün seminar

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Bakı şəhəri və Abşeron rayonu üzrə məktəbdənkənar müəssisələrdə çalışan əməkdaşlar üçün “Beynəlxalq inkişaf naminə davamlı turizm” mövzusunda seminar keçirib. Seminarda Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli”nin mahiyyətindən bəhs edilib. 12 akademik saatlıq proqramda inklüziv və davamlı iqtisadi artım, sosial inklüzivlik, məşğulluq və yoxsulluğun azaldılması, resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, mədəni dəyərlər, qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik kimi mövzuların turizmin inkişafına təsirindən söz açılıb. Turizmin tarixindən başlamış müştəri məmnunluğunadək müxtəlif rakursları əhatə edən seminar məktəbdənkənar müəssisələrdə çalışan təhsil işçilərinin müvafiq kompetensiyalarla  tanış edilməsini hədəfləyib.

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

Dekabrın 25-də Təhsil Nazirliyində informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihəyə başlanılmasına dair brifinq keçirilib. Brifinqdə informatika fənninin tədrisi üzrə pilot layihənin rəhbəri Fəxri Qurbanov məlumat verib ki, layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal  bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.  Ümumi təhsil müəssisələrinin beşinci siniflərini əhatə edən  layihə cari ilin sentyabrından Bakının 23 və 24 nömrəli tam orta məktəblərində tətbiq olunub.  Noyabr ayından isə layihəyə Bakı şəhəri 27, 145, 240 nömrəli tam orta məktəbləri, 132-134 nömrəli təhsil kompleksi və 160 nömrəli Klassik Gimnaziya qoşulub. 2018-ci ilin fevralından isə belə məktəblərin sayının 40-a çatdırılması planlaşdırılır. Beləliklə,  yaxın müddətdə  pilot layihənin 5000 şagirdi əhatə edəcəyi nəzərdə tutulur. Qeyd olunub ki, dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram  bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram  fərdi təlim,  nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bu məqsədlə  müəllim və şagirdlər  vahid rəqəmsal  sistemdə fəaliyyət  üçün fərdi akkauntlar əldə edirlər. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir.  Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının   yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması  bu sahədə ölkəmizin   beynəlxalq miqyasda  rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımından inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara  rəqəmsal bacarıqların öyrədilməsi  zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.  

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı