Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblar
Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalı qaliblərinin mükafatlandırılması mərasimi və qala konsert keçirilib. Festival Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Təhsil Nazirliyi, Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində İncəsənət Gimnaziyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunub. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, SSRİ xalq artisti Bülbülün Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən danışan F.Qurbanov qeyd edib ki, böyük sənətkar dünya musiqi sənətinə parlaq səhifələr yazıb. Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılar üçün gözəl örnəyə çevrilib. Xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması, xalq musiqisinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün əvəzsiz xidmətləri olub. Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin təhsilə, mədəniyyətə, incəsənətə daim xüsusi önəm verdiyini diqqətə çatdırıb. Festivalın əhəmiyyətindən danışan P.Bülbüloğlu onun təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirdə festival barədə məlumat verilib. Qeyd olunub ki, musiqi festivalının keçirilməsində əsas məqsəd xanəndə və vokal sənətini inkişaf etdirmək, istedadlı ifaçıları aşkara çıxarmaq, onlara dəstək vermək, yaradıcılıqları üçün geniş imkanlar yaratmaqdan ibarətdir. Festival xanəndə, milli adətlər, vokal nominasiyaları üzrə təşkil olunub. İki gün müddətində keçirilən festivalın açılışında AMK nəzdində Azərbaycan İncəsənət Gimnaziyasının xoru, rəqs kollektivləri, Qazaxıstan və Özbəkistandan gəlmiş kollektivlər çıxış ediblər. AMK nəzdində İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin rəsmlərindən ibarət sərgi açılıb. Tədbirdə festivalın qaliblərinə diplom və fəxri-fərmanlar verilib. Sonra maraqlı konsert proqramı təqdim olunub. AZƏRTAC
24/12/2017 09:57
“SABAH” tələbələrinin ifasında tamaşa
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs tələbələrinin M.F.Axundovun “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyası əsasında hazırladıqları bir hissəli tamaşa nümayiş olunub. Əməkdar artist Nofəl Vəliyevin rejissoru olduğu tamaşada tələbələrdən Xədicə Məmmədova (Şəhrəbanu xanım), Orxan İsgəndərli (Hatəmxan ağa), Anaxanım Sultanova (Gülçöhrə), Corc Qafarov (Şahbaz bəy), Könül Ələkbərova (Xanpəri), Məhəmməd Musayev (Müsyo Jordan), Hilal Dəmirov (Dərviş Məstəli şah), Hüseynağa Aslanov (Qulaməli) və Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi Qönçə Vəliyeva (Şərəfnisə xanım) rolunda çıxış ediblər. Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, aydın səhnə danışığı, eləcə də dinamika, geyimlər, dekorasiyanın bir-birini tamamlaması tamaşaçıların alqışları ilə qarşılanıb. Tamaşanın hazırlanmasında universitetin SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyovanın, səhnə danışığı üzrə Nadir Hüseynovun və plastik həll üzrə rejissor Ruslan İsmayılovun böyük əməyi olub.
23/12/2017 21:08
Uşaq-Gənclər İnkişaf Mərkəzində hesabat tədbiri
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə “Dünyanı yalnız uşaqlarla birgə qurmaq olar” ədəbi-bədii və musiqili hesabat konserti keçirilib. Tədbirdən öncə iştirakçılar “Sehrli əllər dünyası” adlı rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi zalında rəssamlıq studiyasının dərnək üzvlərinin 300-dən çox rəsm, 100-dən çox xalçaçılıq, art dizayn, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət, aviamodel, radiotexnika dərnəklərinin üzvlərinin əl işləri nümayiş etdirilib. Sərgiyə baxış və mərkəzlə tanışlıqdan sonra rəqs, teatr, musiqisevərlər, bədii qiraət dərnəklərinin üzvləri geniş konsert proqramı ilə çıxış ediblər. Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mübariz Bəşirov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbdənkənar və ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və mərkəzin dərnək üzvləri iştirak edib.
22/12/2017 16:05
Elektron dərslik portalı xüsusi mükafata layiq görülüb
“Milli Net-2017” Milli İnternet Mükafatı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil Nazirliyinin elektron dərslik portalı (www.e-derslik.edu.az) “Milli Net-2017” Elektron Resurslar Müsabiqəsinin qalibi olub. Portal ilin ən yaxşı “Təhsil və elm” nominasiyası üzrə bütün nominantları üstələyərək müsabiqənin buta mükafatını əldə edib. Artıq 9-cu dəfə keçirilən Milli Net elektron resurslar müsabiqəsinə bu il 18 nominasiya üzrə 392 internet resurs təqdim olunub və onlardan yalnız 291 resurs yarışmaya buraxılıb. Həmin resurslardan 96-sı əsas mükafat uğrunda yarışmaq üçün nominant olaraq seçilib. Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq 2014-cü ildə elektron dərslik portalını istifadəyə verib. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiyyatdan keçmədən də portala daxil olub elektron kitablardan istifadə etmək olur. Bundan əlavə bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib. Portaldan daha rahat istifadə üçün qeydiyyatdan keçməklə bağlı izahlı video da əlavə edilib. 2017-ci ildə portala 59 yeni elektron dərslik əlavə edilib. Bundan əlavə 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Hazırda 199 elekron dərslik, 22 müəllim metodik vəsait və 2 sinifdənxaric oxu ədəbiyyatı olmaqla portalda 223 ədəd elektron kitab yerləşdirilib. Dərsliklər Azərbaycan və rus bölməsi üzrə I-X siniflər üzrə sıralanıb. Portal yarandığı gündən bu vaxta qədər 2.500.000 dəfədən çox istifadə olunub. Təkcə 2017-ci ilin göstəricilərinə görə bu rəqəm 1 milyonu keçib. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı 172.143 nəfərdir.
22/12/2017 15:01
Təhsil, tədqiqat, innovativ yanaşma
Universitetlərin gələcəyi bütövlükdə cəmiyyətdəki dəyişiklikləri proqnozlaşdırmaq bacarığına bağlıdır Təhsil Nazirliyi və “Azərbaycan müəllimi” qəzetinin təşkilatçılığı ilə ADA Universitetində ali təhsil müəssisələrinin gələcəyi müzakirə olunub. Universitet rəhbərləri, millət vəkilləri, təhsil ekspertləri, o cümlədən müəllim və tələbələrin qatıldığı diskussiyada gələcək universitetlərlə bağlı fərqli fikirlər ortaya çıxıb. Aparıcı Cəsarət Valehovun qoyduğu suallar ətrafında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universitetində Verilənlərin Analizi Tədqiqat Mərkəzinin direktoru Abzəddin Adamov, millət vəkilləri Fazil Mustafa, Vüsal Hüseynov və Tahir Mirkişili, universitetlərin müəllim və tələbələri, təhsil ekspertləri ali təhsil müəssisələrində müşahidə olunan ən müxtəlif problemləri dilə gətirib, universitetlərimizin gələcəyini təmin edəcək ayrı-ayrı addımlarla bağlı fikir mübadiləsi aparıblar. Universitetlərdə tam yeni baxışa ehtiyac var C.Valehov qeyd edib ki, Azərbaycanda ölkə səviyyəsində qərarlar qəbul edilərkən daha çox 15-20 il ərzində baş verə biləcəklər nəzərə alınır. Növbəti 20 illikdə də çox ciddi texnoloji, iqtisadi, sosial dəyişikliklər gözlənilir. Bu dəyişikliklər fonunda universitetlərin özünü necə hiss edəcəyi maraq doğurur. “Onların gələcəyi necə olacaq?”, “Gələcək universitetlərdə hansı trendlər olacaq?”, “Əmək bazarının tərkibi necə dəyişəcək?”, “Rəqabətdə universitetlərə partnyor və ya rəqib olacaq hansı modelləri görə biləcəyik?”, “Rəqəmsal epoxanın böyük sürətlə həyatımıza daxil olduğu bir vaxtda analoq iqtisadiyyatdan rəqəmsal epoxaya keçiddə universitetlər bu transformasiyanı necə hiss edəcək?” sualları hər kəsi düşündürür. Rektor Ədalət Muradovun fikrincə, universitetlərin 15-20 il sonrakı taleyi qlobal iqtisadiyyatda, bütövlükdə cəmiyyətdə hansı dəyişikliklərin gedə biləcəyini proqnozlaşdırmaq bacarığına bağlıdır: “Sovet dövründə universitetlərdən gözləntilər ondan ibarət idi ki, xalq təsərrüfatının müxtəlif sahələri üçün mütəxəssislər hazırlansın. Bazar iqtisadiyyatında bu özünü tam doğrultmur. Çünki artıq təyinat sistemi yoxdur və universitetlərin yetişdirdiyi kadrların əmək bazarında özünə layiq yer tutması bir sıra şərtlərlə mümkündür. Birincisi, universitetlərin kadr hazırlığı birbaşa olaraq əmək bazarının tələblərinə cavab vermir. Heç əmək bazarının tələbi də bəlli deyil. 3-5 il sonra əmək bazarında fəaliyyət göstərən işəgötürənlərin taleyinin necə olacağı isə sual altındadır. Onlar rəqabətdən çıxa da bilər, çıxmaya da. İkincisi, qəbul etsək ki, bugünkü əmək bazarında çox fəal olanlar 5 il sonra da olacaqlar, həmin işəgötürənlərin 5 il sonrakı əmək bazarı üçün əsaslandırılmış proqramı yoxdur. Burdan çıxan nəticə ondan ibarətdir ki, universitetlər əmək bazarını özü təhlil etməli, işəgötürənlər tərəfindən qəbul edilməsi mümkün olan təkliflərlə bazara çıxmalıdırlar”. Ə.Muradov bundan daha vacib hesab etdiyi başqa bir problemə də toxunub: “Bu gün rəqəmsal iqtisadiyyat Azərbaycanda yoxdur. Bu halda universitet gələcəkdə tələb olunan yeni iqtisadiyyatı formalaşdırmalı, yeni biznesin ortaya qoyulması üçün təkliflər hazırlamalı, əmək bazarından heç nə gözləməməlidir. Başqa bir tərəfdən, daxili əmək bazarının tələblərini əsas götürdüyümüz halda belə, hazırlayacağımız mütəxəssislər dünya iqtisadiyyatı baxımından rəqabətədavamlı olmaya bilər. Çünki Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə müqayisədə daha az rəqabətlidir. Daha az rəqabətli iqtisadiyyat üçün mütəxəssis hazırladıqda rəqabətli iqtisadiyyat üçün tələb olunan kadr hazırlığı yanaşmasından uzaqlaşırıq. Universitetlər cəmiyyətin gələcəkdə formalaşa bilən strukturu üçün təhsil, tədqiqat, innovativ yanaşmanı ortaya qoymalı, cəmiyyətin düşündüyündən də irəli gedərək yeni yanaşmaları gündəmə gətirməlidir. Çox ciddi çağırışlar var. Universitet bitirən məzun öz ixtisası üzrə 4, ya da 6 aylıq əlavə kursa ehtiyac hiss edirsə, onda həmin təhsilə yenidən baxılmalıdır. Ya universitetin təhsili həmin kurs səviyyəsinə enməlidir, ya da universitet məzunundan gözləntilərimiz dəyişməlidir”. Universitetlər zamandan geri qalır? Müzakirə iştirakçıları süni intellektin inkişafı ətrafında xüsusilə geniş fikir mübadiləsi aparıb. Bu prosesin universitetlərin və onların yetişdirdiyi mütəxəssislərin gələcəyinə böyük təsiri ən müxtəlif prizmalardan qeyd olunub. Məsələn, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin fikrincə, sənaye və texnologiyalar o qədər sürətlə dəyişir ki, universitetlər onunla ayaqlaşa bilmir, geridə qalırlar: “Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Əmək bazarında hansı peşələr lazım olacağını universitetlər müəyyənləşdirənə qədər vəziyyət dəyişir. Bugünkü tələbi nəzərə alaraq ixtisas seçən tələbə həmin ixtisas üzrə təhsilini tamamladıqda əmək bazarının tələbi yenilənir. Tutaq ki, mühasibatlıqda nə dəyişəcək, hətta mühasibatlıq ixtisas kimi 4 il sonra mövcud olacaqmı, biz bunu bilmirik. Çünki robotların, süni intellektin inkişafı, proseslərin avtomatlaşdırılması nəticəsində indiki ixtisasların 30-40 faizinin tamamilə sıradan çıxacağı deyilir. Tutaq ki, otellərdə qeydiyyat bölməsindəki kadrları robotlar rahatlıqla əvəz edə bilər. Bunun artıq dünyada nümunələri də var”. İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, “innovasiya” deyəndə ağla sadəcə robotlar gəlməməlidir: “Robot iqtisadiyyatı deyil bu. Robotlar bizim tələbələr üçün rəqibdir. Çünki onlar universiteti bitirəndə həm də gələcəyin və indinin robotu ilə rəqabət aparacaqlar. Almaniyada artıq robot menecerlər belə var. Robot iş adamları üçün daha cəlbedicidir. Sadəcə elektriklə robot tələb olunan bütün işi yerinə yetirir. Gələcək universitet sadəcə robot iqtisadiyyatı üzərində proqnozlaşdırılan və formalaşan ali məktəb deyil”. Mütəxəssisin fikrincə, universitetlərimizin problemli cəhəti onların beyin mərkəzi kimi zəif formalaşmasıdır. Bir ali təhsil müəssisəsi dövlət büdcəsindən və azsaylı mənbələrdən asılı olduğu müddətdə gələcəyin universiteti kimi formalaşa bilməz. Burada korrupsiyanın aradan qaldırılması da təhsilin keyfiyyətli olması anlamına gəlmir. Bu, sadəcə şərtlərdən biridir: “O fikirlə razıyam ki, keyfiyyətli təhsil keyfiyyətli kadr tələb edir. Bütün hallarda əmək bazarının dəyişən tələbinin nəzərə alınmasına ehtiyac var. Universitetlər əmək bazarında olan iştirakçıların deyil, əmək bazarının dəyişən tələbini proqnozlaşdırsa, həm innovativ ixtisasları təşkil edəcək, həm də beyin mərkəzlərinə çevrilə biləcəklər”. Millət vəkili Zahid Oruc süni intellektin inkişafı ilə bağlı fikirlərə biganə qalmayıb. O, pessimist əhvali-ruhiyyə müşahidə etdiyini vurğulayaraq, robotların insana qalib gələ bilməyəcəyini qeyd edib. ADA Universitetində Verilənlərin analizi Tədqiqat Mərkəzinin direktoru Abzəddin Adamov isə bildirib ki, süni intellektin iqtisadiyyatın bütün sahələrində tətbiqi tibb, hüquq, bank və başqa sahələrdə 90 faiz daha dəqiq nəticə əldə edilməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatda 3 əsas komponent var - İKT-nin cəmiyyətdə çox yayılması, bütün müəssisələrdə rəqəmsal mədəniyyətin olması, bütün cihazların bir-birinə bağlı olması, məlumat mübadiləsi: “Süni intellektin inkişafı zamanın tələbidir və bizim ona münasibətimizdən asılı olmayaraq, onun inkişafı labüddür. Biz bu prosesdə ya yaxından iştirak edib inkişafın bir parçasına çevriləcəyik, ya da indiyədək olduğu kimi, bundan sonra da kənarda qalacağıq”. Çevik kurikulumlar olmalıdır Vəziyyətdən çıxış yolu olaraq, belə bir fikir səsləndirilib ki, sürətlə dəyişən sənayenin tələblərinə cavab verə bilmək üçün çevik kurikulumlar olmalıdır. Fariz İsmayılzadə deyib: Kurikulumlar bizə mərkəzdən verilir və onu dəyişmək üçün çoxlu prosedur lazımdır. Hətta bir kurikulumu dəyişmək üçün tələb olunan müddətdə sənaye bazarı da dəyişir və yeni ixtisaslar ortaya çıxır”. Süni intellektin inkişafı ilə bağlı müzakirələrdə Amerikanın Kaliforniya Universiteti nəzdində Berkli Laurens Milli Laboratoriyasında çalışan azərbaycanlı alim Asəf Salamovun “Skype” vasitəsilə əldə olunmuş müsahibəsi də təqdim edilib. O, süni intellektin inkişafından danışaraq bildirib ki, bu istiqamətdə intensiv işlər, böyük tədqiqatlar həyata keçirilsə də, hələ heç kəs bilmir ki, bu, sözün əsl mənasında, süni intellektə gətirib çıxaracaq, ya yox. Yəni kompüter özü hiss edə biləcəkmi? Amma texniki tətbiqlər artıq geniş yayılıb və böyük şirkətlər ondan geniş istifadə edirlər. Kompüterlərin hissetmə imkanları ilə bağlı fikir də birmənalı deyil. A.Salamovun fikrincə, bir qrup bunun böyük inkişafa səbəb olacağına inansa da, başqa bir kəsim hesab edir ki, insanların gücsüzləşməsinə gətirib çıxaracaq. Hazırda tibbdə kompüterin imkanlarından geniş istifadə edildiyini vurğulayan azərbaycanlı alim kompüterin bir çox məsələdə, məsələn, xərçəngin diaqnozunun qoyulmasında həkimdən yaxşı bildiyini vurğulayıb. Biologiyada tətbiq etmək istəsələr də, hələlik qəti qərar yoxdur. Kompüterin gələcəkdə işsizliyə gətirib çıxara biləcəyi də problem olaraq aparılan tədqiqatların mövzusudur. Rəqəmsal texnologiyalar və bir-bir sıradan çıxan peşələr C.Valehov 2020-ci ildə tələbat olacaq peşəkar bacarıqlar siyahısını təqdim edərək vurğulayıb ki, həmin siyahıdan fiziki qabiliyyət tələb edən peşələrin sayının əhəmiyyətli dərəcədə azalacağı görünür. Ədalət Muradov rəqəmsal texnologiyaların tətbiqinin başqa nəticələrinə də diqqət çəkib. Məsələn, bu tətbiq ona gətirib çıxarıb ki, ucuz işçi qüvvəsi rəqabət üstünlüyünü təmin edən amil kimi tamamilə sıradan çıxıb. İstehsalını inkişaf etməkdə olan ölkələrdə yerləşdirən inkişaf etmiş ölkələrin böyük müəssisələri artıq onu öz ölkəsinə qaytarmaq fikrinə düşür. Bu tendensiyanın getdikcə güclənəcəyi və istehsalın inkişaf etmiş ölkələrdə canlanacağı yüksək ehtimallardandır. Ə.Muradovun sözlərinə görə, müasir texnologiyalarda rəqəmsal texnologiyanın tətbiqi həmin məhsulların istehsalında maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaq: “İstehsalla bağlı ikinci ən vacib məsələ budur ki, insanın orqanizminin fəaliyyətini təmin edən qida məhsullarının rəqəmsal texnologiyalar vasitəsilə istehsalı mümkündür. Rəqəmsal texnologiya Azərbaycan kimi ölkələr üçün tarixi və əminəm ki, ikinci dəfə verilməyəcək şansdır. O şansı dəyərləndirə biləcək yeganə qüvvə universitetlərdir. Azərbaycanda 4-cü inqilabın elementləri tətbiq edilə bilər və rəqəmsal sənaye inqilabı Azərbaycanı sürətlə irəliyə aparar. Burada universitetlərin baxışının formalaşması həlledicidir. Birmənalı olaraq, bu sahədə dövlətin dəstəyi olmadan iddianı reallaşdırmaq mümkünsüzdür. Düşünürəm ki, bu yeni fəlsəfə reallaşa bilər. Bunun üçün də universitetlər hərəkətə keçməli və dünyada sınaqdan çıxmış şəbəkə universitetlərə baxmalıdır. Rəqabət qabiliyyəti olan sahələr birləşməlidir, çünki rəqəmsal texnologiyada kiçik və böyük iqtisadiyyatlar fərqlənir”. Fənlərarası, yoxsa sahələrarası? Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, müasir tədqiqatçıların əksəriyyətinin yazılarında “əmək bazarı” ifadəsinə rast gəlmək mümkün deyil. Artıq “tələbat cəmiyyəti”, “tələbat cəmiyyətinin inkişafı”, “tələbat cəmiyyətinin təkamülü” anlayışları ortaya çıxır. Ümumiyyətlə, universitetləri dövlət, əmək bazarı, elmi camiələr izləyir. Əmək bazarı kadrlardan daha çox fənlərarası hazırlıq tələb edir. Kadr universiteti bitirəndən bir neçə il sonra onun hansı ali təhsil müəssisəsində təhsil aldığı əhəmiyyətini itirir. Öyrəndiklərini necə tətbiq etdiyi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. “Universitet missiyası” adlı bir əsərdə qeyd olunub ki, universitetlər müəyyən proqramlar əsasında bilik verməli, mədəniyyəti müəyyən etməli, tələbələri elmi tədqiqatlara cəlb etməlidir. Sonra gözləməlidir ki, əmək bazarı ondan hansı kadrları tələb edəcək? Düşünürəm ki, universitetlər həmin tələbi yerinə yetirməyə çalışmalıdır. Universitet qarşısında iki məsələ var: ixtisaslar üzrə kadr hazırlığı və insanlararası münasibətlər üzrə, yəni kommunikativ bacarıqların, kompetensiyaların inkişafı”. Şahlar Əsgərov Etibar Əliyevdən fərqli olaraq fənlərarası deyil, sahələrarası elmin inkişafına üstünlük verdiyini deyib. Transformasiyanın nüvəsində universitetlər nə edəcək? Cəsarət Valehov qeyd edib ki, mütəxəssislərimizin 50-60 faizi analoq iqtisadiyyat formuluna uyğun təhsil alıb. Həmin iqtisadi formula uyğun bilik və bacarıqlarla da çalışırlar. Odur ki, növbəti 8-10 il ərzindəki transformasiyanın nüvəsində universitetlərin nə edəcəkləri maraq doğurur. Ədalət Muradov məsələyə münasibətini bildirərkən qeyd edib ki, söhbət universitetlərin bütövlükdə gələcəyə hazır olub-olmamasından gedir: “Bu işin kim tərəfindən həyata keçirilməsi sual predmeti deyil, necə görüləcəyi sual doğurur. Resurs çatışmazlığı real gerçəklikdir. Universitetin gücü müəllimlərin gücü ilə ölçülür. Müəllimlər gələcəklə bağlı baxışlarını dəqiq ifadə edə bilmirlərsə, şübhəsiz ki, həmin universitet bu missiyanı yerinə yetirə bilməz”. Ə.Muradov əmək bazarında müşahidə olunan problemə diqqət çəkərək deyib ki, rəqabətədavamlı məhsul istehsalçısı olmayan şirkətlərin tələbinə uyğun kadr yetişdirmək universitetin və onun məzunlarının keyfiyyət göstəricilərinin aşağı düşməsi deməkdir. Rəqabətədavamlı şirkətlərdən isə tələb daxil olmur. Məsələn, müzakirənin iştirakçılarından olan Azərbaycandakı BP şirkətindən hər hansı tələb daxil olmur. Belə şirkətlər təlim mərkəzlərində peşə hazırlığı həyata keçirir və ehtiyac duyduğu kadrları hazırlayır. Şirkətlər tələbələrin səviyyəsindən razıdır Müzakirələrdə iştirak edən BP və “Azərsun Holdinq” şirkətlərinin nümayəndələri deyib ki, son illər Azərbaycan təhsil müəssisələrindən gələn tələbələrin səviyyəsinin yüksəldiyi müşahidə olunur. Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev isə kommunikasiya və İT üzrə bacarıqları olan mütəxəssislərə bank sektorunda tələbat duyulduğunu vurğulayıb. “Universitet cəmiyyətə yaradıcı fikir verməlidir” Millət vəkili Tahir Mirkişili üçüncü sənaye inqilabından sonra universitetin missiyasının dəyişdiyinə diqqət çəkib: “Hətta sosial funksiyası getdikcə inkişaf etməyə başlayıb. Universitet kadr hazırlamalıdırmı? Bu sualın cavabı belə mübahisəlidir. Almaniyada sənayedə işləyənlərin 70 faizinin ali təhsili yoxdur. İsveçrədə işə düzələnlərin 80-81 faizdən çoxu peşə məktəbini qurtarıblar. Tanınmış Amerika universitetlərinin əksəriyyətinin tələbələrinə nəzər salsaq, amerikalıların orada sayının az olduğunu görə bilərsiniz. Mən də bu fikirdəyəm ki, baş verənləri bir kənara qoyub universitet cəmiyyətə yaradıcı fikir verməlidir, prosesin özünün yaradıcısı ola bilməlidir”. Tələbələr oxumur: Kimdir günahkar? BDU və UNEC tələbələrinin fəallıq nümayiş etdirdiyi müzakirələrdə təhsilalanlar tədqiqatyönümlülüyün olmamasından gileyləniblər. Tələbələr hesab edirlər ki, təcrübə daha çox olmalıdır. UNEC-in gənc müəllimi Aqil Əzizov millət vəkillərinə müraciət edərək tələbələrə iş imkanı yaradılması məsələsinin qaldırılmasını təklif edib. Onun fikrincə, həftədə 20 saat iş imkanı yaradılmaqla tələbənin universiteti bitirəndə artıq təcrübəli mütəxəssis olmasını təmin etmək mümkündür. Tələbələrin universitetə qəbul olunduqdan sonra oxumamalarını UNEC tələbəsi cəmiyyətdə onlara təlqin edilən fikirlə izah edib. “Universitetə gir, sonra oxumayacaqsan”, - deyənlər uşaqlara şüuraltı təsir edir. Onlar da sadəcə tələbə adı qazanana qədər oxuyur, sonra universitetə qayıb düşməsin deyə gedirlər. Universitetlərin bir muxtariyyatı, bir rektoru... Millət vəkili Fazil Mustafa universitetlərin muxtariyyatını vacib amil olaraq qeyd edib. O, universitetin nüfuzunda rektor Ədalət Muradovun “Universitetin gücü müəllimlərin gücü ilə ölçülür” fikri ilə razılaşmayaraq bildirib ki, universitetin siması müəllimlər yox, rektordur: “Azərbaycan cəmiyyətinə yeni rektor obrazlarının gəlməsi olduqca vacibdir. Rektorla universitetin atmosferi dəyişir. Həqiqət budur ki, hava olmayan yerdə ən ağıllı müəllim də boğulur”. Millət vəkili onu da deyib ki, xaricdən mütəxəssis olaraq yetişən azərbaycanlıların gəlib öz ölkəsində işləmək istəməsi üçün mühit yaradılmalıdır: “Dünyada gedən prosesləri çevik şəkildə Azərbaycan şəraitinə uyğunlaşdırıb, yeniliklərin ölkəmizdə eynisini, təkrarını yaradacaq hazırlıqlı təbəqə yetişdirmək lazımdır. Bizim nəyisə kəşf etmək potensialımız artıq inandırıcı deyil, bu sahədə çox-çox geridəyik. Nəyi daha çevik şəkildə tətbiq edə biləriksə, onun üzərində düşünməliyik”. Bir sözlə, universitetlərdə muxtariyyat, sağlam rektor məsələsinə diqqət etmək lazımdır. Millət vəkili Tahir Mirkişili isə bu fikirdədir ki, mütəxəssislərin müəllimi, rektoru ilə yox, hansı universiteti bitirdiyi ilə maraqlanırıq. Harvard Universitetini bitirdiyini söyləyən kadrın müəlliminin kim olması heç kimi düşündürmür. Universitet informasiya yox, bilik verməlidir Müzakirələrin sonunda universitetlərin bundan sonrakı fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib. Ədalət Muradov bildirib ki, kadr hazırlığı əmək bazarının tələbi əsasında həyata keçirilməməlidir: “Əmək bazarının tələbi ilə kadrların yenidən hazırlanması həyata keçirilə bilər. Bilik və informasiyanı bir-birindən ayıra bilirik və bizim universitetlərdə tələbələrə çatdırdığımız daha çox informasiyadır. Ona görə də müəllimlərimizə də, elə özümə də bir sual verirəm ki, tələbə auditoriyaya niyə gəlməlidir. Tələbə informasiyanı universitetə gəlmədən, müəllimsiz də əldə edə bilər. Universitet informasiya yox, bilik verməlidir”. Fariz İsmayılzadənin fikrincə, universitetlər 3 istiqamətdə dəyişə bilər: “Birincisi, açıq onlayn kurslar təşkil olunmalı, ikincisi, sənaye və tədqiqatla birgə işləməlidir. Hazırda universitetlər qapalı müəssisələrdir. İnnovasiyalar, ixtiralar üçün açıq platformaya çevrilməlidir. Üçüncüsü isə pedaqoji üsullar dəyişməlidir. Birtərəfli qaydada informasiyanın ötürülməsi deyil, interaktiv, qrup şəklində işləmək, kommunikasiya bacarıqları inkişaf etdirilməlidir”. “Azərbaycan müəllimi”
22/12/2017 11:34
Əməkdaşlıq Memorandumu imzalanıb
Dekabrın 20-də Azərbaycan Turizm və Menecment Universiteti ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum ölkə Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər planlarının icrasını təmin etmək məqsədinə xidmət edir. Memorandum çərçivəsində ilk peşə-ixtisas təhsili səviyyəsində turizm-xidmət istiqaməti üzrə ixtisaslı kadrların hazırlanmasının, habelə müvafiq sahələrdə onların bilik və bacarıqlarının artırılmasının, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə Turizm və Menecment Universitetinin pedaqoji heyətinin turizm-rekreasiya zonalarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması nəzərdə tutulur. Əməkdaşlığa əsasən, turizm sahəsi üzrə ilk peşə-ixtisas təhsili səviyyəsində tədris planlarının özəl sektorla əlaqələndirilməsi, tədrisin maddi-texniki, o cümlədən metodiki bazasının gücləndirilməsi, təhsilverənlərin bilik və bacarıqlarının artırılması, təhsilalanların işəgötürənlərə məxsus müəssisələrdə istehsalat təcrübəsinə cəlb edilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə birgə tədbirlər planı işlənib hazırlanacaqdır.
21/12/2017 12:55
İnternat məktəbində yeni il şənliyi
Dekabrın 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub. İnternat məktəbi ilə tanış olan media nümayəndələrinə məlumat verilib ki, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 1937-ci ildən 6 nömrəli Uşaq evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi olaraq fəaliyyət göstərib. İnternat məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri 2016-cı ildə başa çatdırılıb. Məktəbdə 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı vardır. İnternat məktəbində rəsm dərnəyi və məktəbin şagirdlərin ibarət nəfəsli orkestr fəaliyyət göstərir. Hazırda internat məktəbində 210 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 36 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
20/12/2017 15:06
Tələbələr arasında intellektual çempionat
Təhsil Nazirliyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual çempionat keçirilib. Çempionatda respublikanın 28 ali təhsil müəssisənin komandası iştirak edib. Yarışın keçirilməsində əsas məqsəd gənclərin yaradıcı və intellektual inkişafına təkan verilməsi, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Çempionatın nəticəsi olaraq Bakı Mühəndislik Universitetinin komandası I, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası II, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə III yeri tutub. Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıb.
20/12/2017 14:16
Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub
Dekabrın 19-da UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvləri, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcə də ölkəmizin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək ölkəmizin UNESCO-da 25 illik fəaliyyəti dövründə gördüyü uğurlu işlər haqda məlumat verib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə UNESCO üzrə Milli Komissiyanın yarandığını diqqətə çatdıran nazir fəaliyyəti dövründə Milli Komissiyanın bir çox dövlət qurumları və ictimai təşkilatlar, eləcə də UNESCO və üzv dövlətlər ilə birgə qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə səmərəli əməkdaşlıq etdiyini bildirib. Azərbaycanın UNESCO dəyərlərinə sadiq olduğunu vurğulayan nazir E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu qurum ilə təhsil, elm və mədəniyyət sahələrində sıx əlaqələr qurduğunu bildirib. Nazir deyib ki, bunun nəticəsi olaraq Azərbaycan UNESCO-nun nüfuzlu üzvünə və donor ölkəsinə çevrilib. Azərbaycan-UNESCO ikitərəfli əməkdaşlığına toxunan E.Məmmədyarov bu münasibətlərin daha da intensiv və dinamik səviyyəyə çatdırılmasında Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzsiz rolundan danışıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir ölkəmizin 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və bu işğal nəticəsində Azərbaycana məxsus olan tarixi və mədəni abidələrin, məktəblərin və kitabxanaların, eyni zamanda, məscidlər və məzarlıqların qəsdən məhv edildiyini söyləyib. Nazir Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən bu mənfur əməllərin daim UNESCO qarşısında qaldırıldığını xüsusi olaraq qonaqların diqqətinə çatdırıb. Sonda E.Məmmədyarov Azərbaycanın UNESCO ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək deyib: “UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda dolma hazırlama və paylaşma ənənəsindən başqa, Azərbaycanın muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alıb. Bu gün UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir”. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib ki, İkinci Dünya müharibəsindən sonra yaradılan UNESCO ötən müddət ərzində dünyada sülhün qorunmasına öz töhfəsini verib. Bu beynəlxalq qurum millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirir. Akademik bildirib ki, Azərbaycan ilə UNESCO arasında əlaqələrin mühüm dövrü ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanın mədəni irsinin təbliği istiqamətində gördüyü işlər ölkəmizin mədəni-sosial həyatında öz təsirini göstərməkdədir. Azərbaycan-UNESCO əlaqələri çərçivəsində ötən illər ərzində elm sahəsində görülən işlərdən danışan AMEA-nın prezidenti reallaşdırılan layihələrdən, təşkil olunan tədbirlərdən və alimlərimizin beynəlxalq arenada qazandığı uğurlardan söz açıb. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasında xüsusi əməyi olan Mehriban Əliyevanın gördüyü işlərə toxunaraq söyləyib: “Mehriban xanımın Azərbaycanda və xarici ölkələrdə təhsil və mədəniyyətlərarası dialoqa verdiyi önəm UNESCO tərəfindən xüsusi qiymətləndirilir”. Nazir əlavə edib ki, informasiya və kommunikasiya texnologiyaları iqtisadi və sosial inkişafın bütün aspektləri ilə sıx bağlıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi UNESCO ilə İKT sahəsində BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları prioritet sahə elan olunub. UNESCO-nun İKT ilə bağlı proqramlarından irəli gələn vəzifələrin icrası məqsədilə ölkəmizdə bir sıra layihələr həyata keçirilib. Bunların sırasında muzeylərin rəqəmsallaşdırılmasını, gözdən əlillər üçün səsli kitabxana layihəsinin həyata keçirilməsini qeyd etmək olar. Nazirliyimiz UNESCO-nun Bakıda keçirilən tədbirlərində iştirak edir və onlara fəal dəstək verir. Azərbaycanda məktəblərin təmirindən, yeni təhsil komplekslərinin inşa edilib istifadəyə verilməsindən və müasir avadanlıqlarla təmin olunmasından söhbət açan təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramov tədris prosesində müasir texnologiyalardan istifadə edən təcrübəli müəllimlərin sayının artırılmasının, pedaqoji kadrların biliklərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə UNESCO–nun xüsusi rolunu qeyd edib. Respublikamızda təhsilin inkişafında, məktəblərin təmirində və yeni məktəblərin tikilib istifadəyə verilməsində Heydər Əliyev Fondunun gördüyü işlərə diqqət çəkən C.Bayramov deyib ki, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətləri sayəsində təhsil sahəsində Azərbaycan ilə UNESCO arasında yaranmış əməkdaşlıq uğurla davam etdirilir. Ceyhun Bayramov Azərbaycanda təhsilin daha da inkişaf etdirilməsi ilə bağlı UNESCO tərəfindən atılan addımlara və aparılan islahatlara bundan sonra da hər cür dəstək veriləcəyini qeyd edib. Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək 25 il ərzində Azərbaycan ilə UNESCO arasında çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. İdarə Heyətinin sədri dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan UNESCO-ya 25 il əvvəl üzv olan ölkəmizin bu müddət ərzində qurumla səmərəli əməkdaşlığından, tariximizin təbliği baxımından bu təşkilatla əməkdaşlığa verilən önəmdən, mədəni irsimizin qorunması baxımından dövlət tərəfindən atılan addımlardan, habelə UNESCO ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə reallaşan beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb. Yubiley tədbiri Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr olunmuş sərginin nümayişi və UNESCO-nun Yubileylər Proqramına daxil edilmiş Azərbaycanın görkəmli mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar şairin qəzəllərinə bəstələnmiş əsərlərdən ibarət konsert proqramı ilə davam edib. AZƏRTAC
20/12/2017 14:06
“Dostluğun sehri” II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi
Dekabrın 19-da 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Dostluğun sehri” adlı II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, dövlət və özəl qurumların, xarici ölkələrin Azərbaycandakı səfirliklərin və diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər. “Ölkəmin adət və ənənələri” mövzusunda keçirilən müsabiqə dünya xalqlarının tarixi keçmişini, milli adət-ənənələrini yaxından tanımaq, uşaqların bu mövzu ilə əlaqədar maraqlı fikir və düşüncələrini bilmək, dünya uşaqları arasında dostluq münasibətlərini yaratmaq və gənc istedadları üzə çıxarmaq məqsədilə təşkil edilib. Dünyanın 30 ölkəsindən 304 təhsil müəssisəsinin qatıldığı müsabiqəyə 2539 rəsm işi təqdim olunub.Məktəblilər əsərlərində mənsub olduqları ölkələrin milli adət-ənənələrini, bayram, geyim, oyun, musiqi alətləri və mətbəxi əks etdiriblər. Müsabiqə 2 mərhələdə-seçim turu və qaliblərin müəyyənləşdirilməsi üzrə keçirilib. Münsiflərin rəyi ilə 54 iş birinci, 42 iş ikinci, 41 iş üçüncü, 95 iş həvəsləndirici yerlərə layiq görülüb. Qaliblər diplom və medallarla təltif olunub. Bir iştirakçı isə müsabiqənin ən yüksək mükafatına – “Qran-pri” mükafatına layiq görülüb. Mərkəzin bədii kollektivlərinin çıxışlarından sonra rəsm işlərinə baxış keçirilib. Müsabiqə Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilib.
19/12/2017 18:26
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı