Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Akkreditasiya komissiyasının üzvləri üçün təlim keçirilib

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə 2017-2018-ci tədris ilində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin akkreditasiya komissiyalarının sədr və sədr müavinləri üçün təlim keçirilib. Təlimin məqsədi akkreditasiya prosesinin təkmilləşdirilməsi və komissiya üzvlərinin professional bacarıqlarının artırılmasına dəstək göstərməkdir. Simulyasiya formatında təşkil olunan təlim zamanı ekspertlər özünütəhlil hesabatı nümunələri ilə tanış olub, müsahibələrin keçirilməsi üzərində qrup tapşırıqları yerinə yetiriblər.   Sonda akkreditasiya komissiyalarının üzvləri akkreditasiya prosesində qarşıya çıxan bir sıra məqamlarla bağlı suallarını ünvanlayıb, ətraflı fikir mübadiləsi aparılıb. Akkreditasiya və Nostrifikasiya İdarəsi akkreditasiya prosesinin keyfiyyətinin artırılması üçün həm ali təhsil müəssisələrinin əməkdaşları, həm də akkreditasiya komissiyaları üzvləri üçün bu cür təlimlərin keçirilməsini davam etdirəcək.

Ötən il Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 261816 müraciət daxil olub.

2017-ci il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 261816 müraciət daxil olub. Onlardan 221038 müraciət Vətəndaşlarla iş bölməsi, 14094 müraciət (elektron poçt), 26684 müraciət (ərizə, teleqram) isə Dəftərxana sektoru tərəfindən qəbul olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) ötən il 173990 zəng qəbul edib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 47048 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və 1-ci sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.

Macarıstanda ali təhsil üçün təqaüd proqramı

2018-2019-cu tədris ili üzrə Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir. Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə isə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin ilkin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən aparıldıqdan sonra namizədlərin siyahısı yekun qərar verilməsi məqsədilə Macarıstan tərəfinə təqdim edilir. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulub. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb

  2018-ci il yanvarın 1-dən ötən ilin aprel-may aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq  mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əmək haqqı artırılıb. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub. Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.

Bir olimpiadadan beş medal

Şagirdlərimiz Beynəlxalq Elm Olimpiadasında növbəti uğura imza atıblar   Son illər istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində məktəblilərimizin dünyanın nüfuzlu elm müsabiqələrində əldə etdiyi uğurlar bizi sevindirməyə bilməz. Şagirdlərimzin beynəlxalq olimpiadalardan başlayan uğur hekayəti onları dünyanın ən reytinqli universitetlərinin auditoriyalarına qədər müşayiət etməkdədir. Bu günlərdə isə onların xoş sorağını dünyanın nüfuzlu olimpiadalarından hesab olunan Niderlandın Neymegen şəhərində keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasından (International Junior Science Olympiad - IJSO) aldıq. 50-dən çox ölkədən 300 şagirdin qatıldığı bu mötəbər elm yarışında Azərbaycan məktəbliləri fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirərək 5 bürünc medal qazanıblar. Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Kənan Ağayev və Əli Əliyev, Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin X sinif şagirdi Turan Bayramlı, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli və Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin X sinif şagirdi Fərid Əliyev olimpiadanın bürünc medalına layiq görülüblər. Qeyd edək ki, yeniyetmələrin beynəlxalq elm olimpiadası iki nəzəri və bir təcrübi tur olmaqla ümumilikdə 3 mərhələdə keçirilir. 2004-cü ildən etibarən bu olimpiadada iştirak edən Azərbaycan məktəbliləri 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar. Olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə marağını artırmaqdır. Qaliblərlə daha yaxından tanış olaq.     “Azərbaycanı yüksək səviyyədə təmsil etmək istəyirəm” Əli Əliyev, Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi 2002-ci il iyulun 15-də Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub. Zirə qəsəbəsindəki Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə ibtidai təhsilinə başlayıb. VIII sinifdə beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzinə qəbul üçün keçirilən imtahanlarda kimya fənni üzrə iştirak edib və adıçəkilən mərkəzə qəbul olunub. Daha sonra Kimya-biologiya təmayüllü respublika liseyində keçirilən dərslərdə iştirak edib. IX sinifdə adıçəkilən tədris müəssisəsinə qəbul olunub. İndiyə kimi 2 beynəlxalq olimpiadada - Qazaxıstanın Astana şəhərində keçirilən 51-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında və Rusiyanın Moskva şəhərində keçirilən Meqapolis olimpiadasında iştirak edib. Mendeleyev olimpiadasından medalsız qayıtsa da, müəllimlərinin dəstəyi və öz səyləri sayəsində Meqapolis olimpiadasında bürünc medal qazanıb. - Oktyabr ayında olimpiadaya ilk seçmə mərhələsi keçirildi. Bu seçmə imtahanının nəticələrinə görə fərqlənmiş ən yaxşı 6 nəfər Azərbaycanı İJSO 2017-də təmsil edəcək şagirdlər elan olundu. Onlara yenə dərslər keçildi. Dekabrın 3-də olimpiadada iştirak etmək üçün Niderlandın Arnhem şəhərinə yollandıq. Olimpiadanı çox gözəl təşkil etmişdilər. Bir çox fərqli ölkələrdən, fərqli mədəniyyətlərdən gələn uşaqlarla tanış oldum. Qısaca olimpiada mənim üçün çox maraqlı və gözəl keçdi. Müəllimlər olimpiada imtahanlarında yüksək nəticə göstərə bilməyimiz üçün bizi lazımi biliklərə yiyələndirdilər. Bunun üçün lazımi şəraiti yaratdılar, həmçinin bizi olimpiadanın keçirilməsi ilə bağlı məlumatlandırdılar. Mən gələcəkdə də bu cür beynəlxalq elm olimpiadalarında iştirak etmək, Azərbaycanı yüksək səviyyədə təmsil etmək istəyirəm. “Ən çox çətinliklərimiz praktika ilə bağlı oldu” Kənan Ağayev, Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi 16 iyun 2002-ci ildə Bakıda anadan olub. I-VIII sinifləri Zirə qəsəbəsi 241 nömrəli tam orta məktəbdə oxuyub. VI sinifdən respublika üzrə keçirilən “Alplogo” proqramlaşdırma yarışmasında iştirak edərək 3-cü yerə layiq görülüb. VIII sinifdə kimya fənni üzrə respublika fənn olimpiadasında iştirak edib. IX sinifdən başlayaraq kimya-biologiya təmayüllü liseydə təhsil alır. - 2017-ci ilin dekabrında Niderlandın Neymegen şəhərində keçirilmiş 14-cü yeniyetmələrin fənn olimpiadasında iştirak etmiş və bürünc medala layiq görülmüşəm. 50 ölkənin iştirak etdiyi olimpiadada mövzu olaraq “su və davamlılıq” seçilmişdi. Olimpiada digər illərə nisbətən ən çətini idi. Olimpiadada ən çox çətinliklərimiz praktika ilə bağlı oldu. Bəzi tədris avadanlıqlarının olmaması isə bizə problemlər yaratdı. Müəllimlərimiz kimyadan İqrar Nəzərov, biologiyadan Elxan Tahirov, fizikadan Rəşadət Qədimalıyev idi. Olimpiada zamanı bizi Niderlandın gəzməli və görməli yerlərinə apardılar. “Bayrağımı dalğalandırmaq şansı əldə etdiyim üçün çox sevincliyəm” Turan Məmmədli, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin şagirdi 2002-ci il yanvarın 14-də Xızı rayonunun Giləzi kəndində anadan olub. 2007-ci ildə Giləzi kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2008-ci ildən 2013-cü ilə qədər təhsilini Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Vüqar Mürsəlov adına 1 nömrəli orta məktəbdə davam etdirib. 2014-cü ildə “İstək” liseyinin keçirdiyi qəbul imtahanında yüksək nəticə göstərərək liseyə qəbul olunub. Hazırda Lənkəran “İstək” liseyində təhsilini davam etdirir. - Olimpiada dekabr ayının 3-dən 12-ə qədər Hollandiyanın Neymegen şəhərində 50 ölkənin istirakı ilə təşkil olunmuşdu. Olimpiada 3 mərhələdə keçirildi. I mərhələdə fizika, kimya və biologiya fənlərinin hərəsindən 10 sual olmaqla ümumi 30 sual var idi. II mərhələdə ümumilkdə 30 bal olmaqla acıq tipli suallar var idi. III mərhələ 40 bal qiymətləndirilməklə praktikadan ibarət idi. Bu mərhələdə şagirdlər 3-lü komanda şəklində imtahanda istirak edirdi. Bürünc medal qazanmaqla ölkəmin bayrağını xarici meydanlarda dalğalandırmaq şansı əldə etdiyim üçün çox sevincliyəm. Bundan sonra 2018-ci ildə keçiriləcək Beynəlxalq Mendeleyev və beynəlxalq kimya olimpiadalarında vətənimi layiqincə təmsil etmək istəyirəm. “Uğurumuzda əziyyəti keçən hər bir şəxsə təşəkkür edirəm” Turan Bayramlı, Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin X sinif şagirdi 2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə 291 nömrəli “Ekologiya” liseyinin birinci sinfinə qəbul olunub. Hazırda həmin liseyin 10-cu sinfində oxuyur. VIII sinifdə kimya fənn müsabiqəsində qalib olub. Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Olimpiada mərkəzlərinə cəlb edilib. Burada beynəlxalq olimpiadalara hazırlaşıb. İştirak etdiyi ilk beynəlxalq olimpiada İndoneziyanın Bali şəhərində keçirilən İJSO 2016 (İnternational Junior Science Olympiad) olub. - Mən bu olimpiadadan ölkəyə bürünc medalla gəldim. Bu ildə İJSO 2017 üçün keçirilən mərhələli seçmə imtahanlarında müvəffəqiyyət qazanaraq Azərbaycanı təmsil edəcək komandaya seçildim. Bizə olimpiada mərkəzlərində çoxlu dərslər keçildi və nəticədə Hollandiyada təşkil olunan İJSO 2017 (Beynəlxalq Elm Olimpiadası) olimpiadasından vətənə bürünc medalla qayıtdım. Uğurumuzda Olimpiada mərkəzlərinin, müəllimlərimizin və dövlətimiz tərəfindən olimpiadaçılara göstərilən qayğının əvəzsiz rolu var. Uğurumuzda əziyyəti keçən hər bir şəxsə təşəkkür edirəm. “Olimpiadada yeni dostlar qazandıq” Fərid Əliyev, Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin X sinif şagirdi 2002-ci il avqustun 2-də Zərdab şəhərində anadan olub. 2008- ci ildə Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. 2015-ci ilə qədər bu məktəbdə təhsil alıb. VII sinifdən “İstək” liseyinin Ağdaş filialında təhsil alır. -VIII sinifdə “İstək” liseyində kimya fənni üzrə olimpiada hazırlığına başladım. IX sinifdə kimya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal əldə etdim. Həmin il Taylandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında (ICHO 2017) iştirak etdim. Builki olimpiada kimya, fizika və biologiyadan keçirildi. Bu olimpiadaya hazırlıq çərçivəsində fizika və biologiya üzrə hazırlaşmağa daha çox üstünlük verdim. Olimpiadaya ilkin hazırlıq müəllimlərimizin tövsiyə etdiyi vəsaitləri oxumaqdan ibarət idi. Əvvəlki illərdə uşaqların ən çox çətinlik çəkdiyi mövzular üzərində fikrimizi cəmlədik. Təhsil Nazirliyinin təşkil etdiyi olimpiada mərkəzlərinin və müəllimlərimizin sayəsində böyük ümidlərlə Hollandiyaya yollandıq. Hollandiyada əsasən təbiətin, havanın, suyun təmizliyi haqda seminarlara qatılırdıq. Demək olar hər gün Hollandiyanın müxtəlif şəhərlərinə gəzintilər var idi. Digər ölkələrdən olan uşaqlarla tanış olduq. Onlarla ölkələrimiz haqqında, olimpiadaya hazırlığımız barədə daha çox söhbət edirdik. İmtahandan sonra suallar barədə müzakirələr edirdik. Olimpiadada yeni dostlar qazandıq, hansı dostlar ki, bundan sonra da əlaqələrimizi kəsməyəcəyik. “Gələn illərdə nəticələrin daha gözəl olacağına əminəm” Elxan Tahirov, komandanın rəhbəri - Yeniyetmələrin beynəlxalq elm olimpiadası (IJSO) 14 ildir ki, keçirilir və 50-yə yaxın ölkəni əhatə edir. Bu il Hollandiyanın Neymegen şəhərində keçirilən olimpiada fizika, kimya və biologiya fənləri üzrə təşkil olunmuşdu. Azərbaycan komandası 2 mərhələdə müəyyənləşdirildi. Oktyabrın əvvəlində imtahana girən yüzlərlə məktəblidən 15 nəfər seçildi. Onlara 1 ay dərs keçildi. Sonra bu 15 nəfərdən 6 nəfər şanslı oldu. Komanda seçildikdən sonra nəzəri və praktiki hazırlıq dərsləri təşkil olundu. Əslində digər ölkələr 1 ilə yaxın hazırlaşdığı halda biz 2 ay hazırlaşdıq. Elm olimpiadalarındakı nəticələr ölkənin elm və təhsil səviyyəsini göstərir. Məktəblilərin bu olimpiadadan daha yaxşı nəticə toplaması üçün hazırlığı bir az tez başlamalı və praktiki bacarıqları inkişaf etdirməliyik. Bir məktəbli üçün beynəlxalq olimpiadada medal almaq böyük uğurdur. Azərbaycan komandası bu olimpiadadan son 3 ildə 15 medal almışdır. Bu, Təhsil Nazirliyi nəzdində olimpiada mərkəzlərinin yaradılması nəticəsində mümkün olmuşdur. Əlbəttə ki, bu nəticə bizi qane etmir və uyğun hazırlıqlar sayəsində gələn illərdə nəticələrin daha gözəl olacağına əminəm. “Bu olimpiadadan qızıl medal almaq üçün məsələyə isə kompleks yanaşmaq lazımdır. Burada həm sagirdin zəkası, həm bu fənlərin məktəbdəki tədris proqramı, həm də məktəblinin laboratoriyada işləmək qabiliyyətləri əhəmiyyətlidir   “Azərbaycan müəllimi” qəzeti    

Yeni modul tipli məktəb istifadəyə verilib

Dekabrın 28-də Tərtər rayonunun Bayandur kəndində yeni modul tipli məktəb istifadəyə verilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yeni istifadəyə verilən modul tipli ibtidai məktəb 40 şagird yerlikdir. Məktəbdə  5 sinif otağı, müəllimlər otağı, istilik sistemi, sanitar qovşağı istifadəyə verilib. 2017-ci ildə ölkənin 40 rayonunda təqribən 5000 nəfər şagirdi əhatə edən 100 modul tipli məktəb inşa edilib. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

“Məktəbli Debat Forumu: Payız 2017”

“Məktəbli Debat Forumu: Payız 2017”-nin final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən müsabiqənin final mərhələsində 8 məktəbdən 16 komanda iştirak edib.   Məktəbli debatçılar “Ətraf mühitin qorunması iqtisadiyyatın inkişafını məhdudlaşdırır” mövzusunda araşdırmalar aparmaqla gərgin təlim və məşq prosesinin ardından müxtəlif biliklərə yiyələnərək debatlar aparıblar. Eyni zamanda mövzu ətrafında gənclərimə ekspert görüşləri təşkil olunub. “Məktəbli Debat Forumu: Payız 2017”-nin finalına vəsiqə qazanmış “Zəngi” liseyinin “Star” və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin “QUVİU” komandaları final mərhələsində görüşüb. Final oyunun nəticəsində 6 nömrəli məktəb-liseyin komandası “Məktəbli Debat Forumu: Payız 2017”-nin kubokunu qazanıb. Forumun 3 ən yaxşı natiqi də müəyyən olunub. Belə ki, “1-ci ən yaxşı natiq”  Bakı Avropa Liseyinin şagirdi Hikmət Məmmədli, “2-ci ən yaxşı natiq” Elitar Gimnaziyanın şagirdi Səlvinaz Hətəmova və “3-cü ən yaxşı natiq” Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin şagirdi Şəfəq Abdullayeva seçilib. Yekunda qalib və finalçı komandalar, ən yaxşı natiqlər, məşqçi və hakimlər mükafatlandırılıblar.

2017-ci ilin təhsil nailiyyətləri

Məktəbəqədər və ümumi təhsil   - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəslə dərindən öyrədilməsini təmin etməkdən ibarətdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə rayon (şəhər), ölkə üzrə olmaqla IX-XI sinif şagirdləri arasında iki mərhələdə təşkil olunmuşdur. Müsabiqə qaliblərinin mükafatlandırılması “Gülüstan” sarayında keçirilib.    - Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib. 2017-ci ildə ikinci dəfə keçirilən müsabiqə məktəb, rayon (şəhər) və ölkə üzrə olmaqla VIII-XI sinif şagirdləri arasında təşkil olunub.    - 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunub. 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək, innovativ fəaliyyəti ilə fərqlənən təhsil işçilərini və ümumtəhsil məktəblərini aşkara çıxarmaq məqsədinə xidmət edir.   - Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb. Təhsil nazirinin əmrinə əsasən, cari tədris ilində ilk dərs məşğələsi bütün ümumi təhsil müəssisələrində “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb.   - Məktəbəhazırlıq təhsilinin əhatəliliyi genişləndirilib. 2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunmuş, 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. 2017-2018-ci dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.   - Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihə tətbiq edilib. Təhsil Nazirliyinin 27 noyabr 2017-ci il tarixli 423 nömrəli əmrinə əsasən, Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihə həyata keçirilməyə başlayıb.    - 140.000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub. 2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı müvafiq qaydada artırılıb. 2017-ci ildə diaqnostik qiymətlən-dirmədən keçən müəllimlərin maaşı isə 1 yanvar 2018-ci il tarixdən artırılacaqdır.   - 49.335 nəfər müəllim təyin olunmaq üçün müraciət edib. 2017-2018-ci dərs ili üçün müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş müsabiqədə iştirakı məqsədi ilə 49335 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Onlardan 47000 nəfərin elektron ərizəsi təsdiq edilərək test imtahanına buraxılıb. Test imtahanında 40000 nəfər iştirak edib. Müsabiqənin 1-ci turunun nəticəsinə görə müddətsiz müqavilə ilə işə qəbul olunanların sayı 4454 nəfər, 2-ci turun nəticəsinə görə isə 1058 nəfər olub.   - Beynəlxalq PIRLS qiymətləndirilməsində nəticələr 462-dən 472 bala yüksəlib, “Mükəmməl” və “Yüksək” kateqoriyada olan şagirdlərimizin sayı 2 dəfə artıb. 2017-ci ildə elan olunan beynəlxalq PIRLS qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-ə enib.   - Respublika fənn olimpiadalarında 30 000-dən artıq şagird iştirak edib. VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarında iştirakçılar tərəfindən 2017-ci ildə 48-i qızıl, 85-i gümüş və 130-u bürünc olmaqla 263 medal qazanılıb. Olimpiadaların rayon (şəhər) mərhələsində 30000-dən artıq şagird, respublika mərhələsinin yarımfinal və final turlarında müvafiq olaraq təqribən 6000 və 500 şagird iştirak edib.                 - Beynəlxalq fənn olimpiadalarında cari ildə 38 medal qazanılıb. 2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc medal olmaqla ümumilikdə 38 medal qazanıblar.   - Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində 50-dən çox rayonda 122 layihə icra olunub. Ölkə Prezidentinin sərəncamına əsasən hazırlanmış "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər" Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilib. Həmin qərara uyğun olaraq, müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsi, innovativ fəaliyyətin stimullaşdırılması, tədrislə bağlı müxtəlif innovativ ideyaların sınaqdan keçirilməsi, müsbət təcrübələrin tətbiqi məqsədilə “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” keçirilib. Müsabiqəyə təqdim edilmiş 282 layihə ekspertlər tərəfindən qiymətləndirilib, nəticələrə əsasən, təhsil müəssisəsi kateqoriyası üzrə 38, müəllim kateqoriyası üzrə 84 olmaqla ümumilikdə 122 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib.   - Elektron resurslara ümumilikdə 1 milyondan çox giriş olub. 2017-ci ildə 21 multimedia məzmunlu video-dərs və 29 qiymətləndirmə sistemli video-dərs hazırlanaraq www.video.edu.az  portalında yerləşdirilib. Məktəbəhazırlıq elektron platformasının hazırlanması üzrə fəaliyyət tam yekunlaşıb və www.bilikleradası.edu.az  portalında yerləşdirilib. www.e-resurs.edu.az  (81.855 dəfə giriş olub) www.e-derslik.edu.az  (993.770 dəfə giriş olub), www.e-test.edu.az  (148.144 dəfə giriş olub) portallarında mütəmadi olaraq yeni tədris resursları yerləşdirilir və portalların fasiləsiz işləməsini təmin etmək, lazımi yardımları göstərmək məqsədi ilə texniki dəstək göstərilir. Şagird və müəllimlərin bir portal vasitəsilə çıxışının təmin olunması məqsədi ilə www.portal.edu.az  və www.video.edu.az  portallarının www.e-resurs.edu.az  portalına birləşdirilməsi istiqamətində işlərə başlanılıb.   - Elektron sistem vasitəsilə 50 minədək uşaq ümumtəhsil məktəblərinə qəbul olunub.   2017-2018-ci dərs ilində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin birinci sinfinə elektron sistem vasitəsilə 50 minədək uşaq qəbul olunub.   - Pilot layihələr uğurla davam etdirilib. “Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 50 faiz artırılaraq, 3748-ə çatdırılıb. “Məktəblinin dostu” pilot layihəsi 31 məktəbdə davam etdirilib.   - Ümumtəhsil məktəblərinin təmayüllü siniflərinə 27005 nəfər şagird qəbul edilib. 2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 X sinfinə 27005 nəfər  şagird cəlb olunub. Təmayüllər dörd iqtiqamət üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət) təşkil olunub. Hər bir təmayül üzrə tədris planı və proqramları hazırlanıb təsdiq edilib.    - Məktəbəhazırlıq qruplarının 4123 nəfər müəllimi təlimlərdən keçirilib. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlərə 2017-ci ildə 4123 nəfər müəllim cəlb edilib ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur. Bununla yanaşı, müxtəlif ali və əlavə təhsil müəssisələri, həmçinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilmiş ixtisasartırma təlimlərində iştirak etmiş 11.000 nəfərə yaxın müəllimin yekun qiymətləndirməsi təşkil edilib, onlara müvafiq  sertifikatlar verilib.   - 198 nəfər müsabiqə yolu ilə direktor vəzifəsinə işə qəbul edilib. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli və peşəkar şəxslərin seçilib yerləşdirilməsi məqsədi ilə 3 mərhələli (elektron ərizələrin qəbulu, imtahan və müsahibə) müsabiqə təşkil olunub və 198 nəfər direktor vəzifəsinə işə qəbul edilib.   - “İnklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmaq məqsədi ilə hazırlanmış “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” ölkə başçısının 2017-ci il 14 dekabr tarixli sərəncamı ilə təsdiq edilib.   - Çin Xalq Respublikası ilə imzalanmış Saziş çərçivəsində məktəblərə müasir tipli elektron avadanlıqlar verilib. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq Saziş çərçivəsində cari ildə ümumtəhsil məktəblərinə 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor və 20 ədəd masaüstü kompüter avadanlığı verilib.   - Məktəbdənkənar təhsil müəssisələrində 3616 nəfər heyətin qiymətləndirilməsi keçirilib. Regionlardakı məktəbdənkənar təhsil müəssisələrinin 3616 nəfər dərnək rəhbəri və məşqçi-müəlliminin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.   - “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1” yarışlarında 15000-dək könüllü iştirak edib. “Bir” Tələbə-Könüllü hərəkatı vasitəsilə IV İslam Həmrəyliyi Oyunlarına 11 mindən çox, “Formula 1” Azərbaycan Qran Prisinə isə 3500-ə yaxın tələbə-könüllü cəlb edilib.   - IV İslam Həmrəyliyi Oyunlarında uşaq-gənclər idman məktəblərinin idmançıları uğurla çıxış edib. IV İslam Həmrəyliyi Oyunlarında Təhsil Nazirliyi sistemindəki uşaq-gənclər idman məktəblərinin 18 nəfər idmançısı iştirak edib, onlardan 4-ü qızıl, 4-ü bürünc medal qazanmış, 6 nəfəri isə oyunların mükafatçısı olub.   - Modul tipli məktəblərin inşası geniş vüsət alıb. 2017-ci ildə ölkənin 40 rayonunda təqribən 5000 nəfər şagirdi əhatə edən 100 modul tipli məktəb inşa edilib. Modul tipli məktəblər az məsrəflə başa gəlir və qısa müddət ərzində istənilən ərazidə quraşdırılır.   * * * Peşə təhsili   - İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfərə çatdırılıb. 2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və yerinə yetirilib. Bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub.   -  “ASAN Peşə” layihəsi üzrə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. “ASAN Peşə” layihəsi üzrə elektron sənəd qəbulu vasitəsilə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul edilənlərin 20 faizinin orta attestat balı “4”-dən yuxarı olub. Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı ötən illə müqayisədə 3 dəfə artıb.   - “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına başlanılıb Strateji Yol Xəritəsinin icrasının təşkili məqsədi ilə Fəaliyyət Planı təsdiq edilib, 6 prioritet istiqamət əhatə olunmaqla icraçı qurumların nümayəndələrindən ibarət 5 işçi qrupu yaradılıb. “Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” (7 sahə üzrə 51 göstərici) təsdiq edilib. İqtisadiyyatın prioritet istiqamətləri üzrə 10 pilot peşə təhsili müəssisəsi seçilib. 1500-ə yaxın müəllim-pedoqoji heyətin diaqnostik qiymətləndirməsi keçirilib.   - İlk peşə-ixtisas təhsili müəssisələrinin normativ-hüquqi bazası təkmilləşdirilib. İlk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə edilib. “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın layihəsi hazırlanıb. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb.   - Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib. “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi və  Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Çin Xalq Respublikasından ölkəmizə 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri gətirilib.   * * *   Ali təhsil   - 2017-ci ildə Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni tədris binası istifadəyə verilib. Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən UFAZ-da 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter mühəndisliyi, Geofizika mühəndisliyi və Neft-qaz mühəndisliyi) tələbə qəbulu həyata keçirilir. Tədris ingilis dilində olan bu universitetin məzunları ikili diplom alacaqlar.   - Cari ildə ali məktəblərə 37 mindən çox abituriyent qəbul olunub. Cari ildə ali məktəblərə 37 mindən çox abituriyent qəbul olunub ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur. Qəbul olan abituriyentlərin 90 faizə yaxını dövlət ali təhsil müəssisələrinin payına düşür.   - Ali məktəbə qəbulda yüksək bal toplayanların çəkisi artıb. Cari ildə ali məktəblərə qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 2014-cü ildəki 34 faizdən 50 faizə yüksəlib. Son 4 ildə 300 baldan çox toplayanların sayı 15.8, 400 baldan çox toplayanların sayı 18.8 , 500 baldan çox toplayanların sayı 27.6, 600 baldan çox toplayanların sayı 43.3 faiz artıb. Cari ildə 15 nəfər maksimum nəticə göstərərək 700 bal toplayıb.   -  “Maarifçi” Tələbə Kredit Fondu 118 tələbəyə təhsil krediti verib. “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan 118 tələbəyə təhsil krediti verib. Cari tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditlərinin faizsiz təqdim olunması nəzərdə tutulub.   - 225 nəfər azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb. Hökumətlərarası müqavilələrə əsasən, tələbələrdən 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər Rumıniyada təhsil almaq hüququ qazanıb.   - Ölkəmizdə 75 xarici ölkədən 5541 nəfər tələbə təhsil alır. 2017-2018-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edir. Bu isə ötən illə müqayisədə 10 faiz artım deməkdir.   - Böyük Britaniya agentliyinin reytinqində Azərbaycanın 6 ali təhsil müəssisəsi 300 ən yaxşı ali məktəb sırasına daxil olub. Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinqi açıqlanıb. Dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı reytinq cədvəlinə Azərbaycanın 6 universiteti daxil olub: (Bakı Dövlət Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).   -  “Web of Science”da  çap olunmuş məqalələrin sayı 60 faiz artaraq 422-yə çatıb. Təhsil Nazirliyinin “Clarivate analytics” şirkəti ilə səmərəli əməkdaşlığı ölkəmizin ali təhsil müəssisələrində çalışan alimlərin nəşr aktivliyinə müsbət təsir edib. Şirkətin resurslarından aktiv istifadəni təmin etmək üçün Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2000 nəfərin iştirakı ilə 42 təlim keçirilib. Təlimlər zamanı universitetlərin professor-müəllim heyəti “Web of Science” və onunla əlaqəli resurslarla işləmək bacarığı əldə ediblər. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində “Web of Science” Sertifikasiya Proqramı həyata keçirilib və 65-ə yaxın proqram iştirakçısı öz universitetlərində elmi bazadan istifadə ilə bağlı təlim keçmək və kiçik konsultasiyalar etmək hüququ qazanıb. Son dövrlərdə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin 2016-cı ildə “Web of Science” indeksli məqalələri 2015-ci illə müqayisədə 60 faiz artaraq 422-ə çatıb.   - SABAH qruplarına 851 nəfər tələbə qəbul olunub. 2017-2018-ci dərs ilində 12 ali təhsil müəssisəsində 32 ixtisas üzrə 851 tələbə müsabiqədən keçərək SABAH qruplarına qəbul olub. 2017-ci ildə SABAH qruplarının 722 nəfər məzunundan 219-u magistraturaya qəbul olub, 115 nəfər isə təhsilini xarici ölkələrin ali təhsil müəssisələrində davam etdirmək üçün digər ölkələrə gedib.   - Transfer.edu.az portalı vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb. Tələbələrin köçürülməsi elektron sistem əsasında həyata keçirilib, transfer.edu.az portalı vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb.   - Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb. Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədər ötən illə müqayisədə magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb. Cari ildə magistratura pilləsinə qəbul olanların 3590 nəfərini (56.4 faiz) qızlar, 2771 nəfərini (43.6 faiz) isə oğlanlar təşkil edib. Ümumilikdə magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz yüksəlib.   - 3017 nostrifikasiya sənədinin icrası başa çatdırılıb. Nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə cari ildə 2574 müraciət icraata qəbul edilib. Əvvəlki illərdən icrası başa çatdırılmamış ali təhsil sənədləri də daxil olmaqla ümumilikdə 3017 sənədin icrası başa çatdırılıb.   Təhsil Nazirliyinin illik hesabat jurnalı

Peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Dekabrın 29-da Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmənin bu mərhələsində rasionallaşdırılmış peşə təhsili  müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Diaqnostik qiymətləndirmə dekabrın 29-da saat 10.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (əvvəlki 5 nömrəli Bakı Peşə Liseyinin binası) keçiriləcəkdir. Cari il ərzində peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq Bakı, Gəncə və Qəbələdə yerləşən 34 ilk peşə-ixtisas təhsili müəssisəsi şəbəkəsinin rasionallaşdırılması həyata keçirilib və 14 ixtisaslaşmış Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Dövlət mükafatı təqdim olunub

Dekabrın 27-də təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynova ali mükafatı təqdim edib. Elxan Hüseynovun  təhsil sahəsindəki fəaliyyətindən danışan Ceyhun Bayramov ona uğurlar arzulayıb. Rektor əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı