Velosiped idman növünə həsr olunmuş yarışlar davam edir
Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail və Qaradağ rayonları üzrə rayondaxili mərhələsi başa çatıb. Yarışlara Nərimanov rayonu üzrə 21 məktəbdən 130, Nəsimi rayonu üzrə 19 məktəbdən 120, Səbail rayonu üzrə 14 məktəbdən 90, Qaradağ rayonu üzrə 22 məktəbdən 140 nəfər şagird qatılıb. Yarışın nəticələrinə əsasən rayonlar üzrə I, II, III yeri tutan məktəblərin komandaları kubok və diplomlarla təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir. İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir.
26/04/2018 12:34
Sərbəst güləş üzrə respublika birinciliyi keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə respublika birinciliyi keçirilib. Birinciliyin keçirilməsində məqsəd uşaq-gənclər arasında sərbəst güləş idman növünü təbliğ etmək, perspektivli güləşçiləri aşkar edib yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub. Qusar Olimpiya İdman Kompleksində təşkil edilən, 9-11, 12-14 yaşlı oğlanlar arasında komanda və şəxsi xarakter daşıyan birinciliyə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərindən 40 komanda, 480 idmançı qatılıb. Gərgin mübarizə şəraitində keçən yarışda 9-11 yaşlı güləşçilər arasında I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları tutub. 12-14 yaşlı idmançılar arasında isə I yeri “Təhsil” RİM-in Gəncə şəhər 1 nömrəli UGİM-nin, II yeri “Təhsil” RİM-in 5 nömrəli ROEUGİM-nin, III yeri isə “Təhsil” RİM-in 1 nömrəli RİOEUGİM-nin komandaları tutub. Qaliblər kubok və diplomlarla təltif edilib.
26/04/2018 11:54
SABAH qruplarının bilik yarışı qaliblərinin mükafatlandırılma mərasimi
Aprelin 25-də Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsindən bəhs edib və bu münasibətlə keçirilən yarışı yüksək qiymətləndirib. Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışını tələbələrin tədris dövründəki inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. Nazir müavini bilik yarışının qaliblərini təbrik edib və onlara uğurlar arzulayıb. Sonra çıxış edən SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xaliq Yahudov yarışın tələbələrin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi baxımından əhəmiyyətini vurğulayıblar. Sonda qaliblərə mükafatlar təqdim olunub. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya üzrə bilik yarışı iki mərhələ və finaldan ibarət olmaqla 8 ali təhsil müəssisəsinin 520-dək SABAH tələbəsinin iştirakı ilə keçirilib.
25/04/2018 16:03
AMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub
Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA), akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, AMEA-nın prezidenti Akif Əlizadə, akademiyanın həqiqi və müxbir üzvləri, ADNSU-nun professor-müəllim heyəti iştirak edib. Qonaqları salamlayan ADNSU-nun rektoru Mustafa Babanlı ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında Akif Əlizadənin gördüyü mühüm işlərdən danışıb, universitet əməkdaşlarının, xüsusilə neftçi və geoloqların, elmdə ilk addımlarını atan gənc alimlərin Akif Əlizadənin qayğı və dəstəyini daim hiss etdiklərini bildirib. Təhsil naziri Ceyhun Bayramov akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında mühüm rol oynadığını qeyd edib, gənc alimlərin yetişməsində əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb. Nazir akademik Akif Əlizadənin keçdiyi şərəfli həyat yolunun hər bir tələbə və gənc alim üçün örnək olduğunu bildirib. Daha sonra çıxış edənlər AMEA prezidentinin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb, onun rəhbərliyi ilə onlarla alimin yetişdiyini diqqətə çatdırıblar. AMEA-nın prezidenti Akif Əlizadə haqqında deyilən xoş sözlərə görə təşəkkür edib. Azərbaycanda təhsilin və elmin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik bunu müasir dövrdə yüksək intellektli gəncliyin formalaşmasında qarşıda duran vəzifələrdən biri kimi səciyyələndirib. Sonra Mustafa Babanlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunu təqdim edib.
25/04/2018 15:26
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış
Təhsil Nazirliyinin tabeliyində olan 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Keçmişimiz, bu günümüz, gələcəyimiz!” mövzusunda breyn-rinq intellektual bilik yarışmasının ikinci- rayon mərhələsi keçirilib. Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Bilik yarışmasında məcburi köçkün rayonlarının Bakıda yerləşən ümumi təhsil müəssisələrindən VII–IX siniflər üzrə intellektual səviyyəsi, hazırlığı ilə seçilən 390 şagirddən ibarət 65 komanda iştirak edib. Rayon mərhələsinin birinci günündə Şuşa, Laçın, Zəngilan, Qubadlı, Xocavənd, Kəlbəcər, Ağdam rayonunun məktəblərindən 35, ikinci günü isə Xocalı, Füzuli, Ağdam, Сəbrayıl rayon məktəblərindən 30 komanda iştirak edib. İki gün ərzində hər birində 6-7 komandanın iştirakı ilə 10 oyun keçirilib. Hər oyunda “Azərbaycan tarixi”, “Coğrafiya” və “Həyat bilgisi” fənlərindən 4 sual olmaqla, 12 sual təqdim edilib. Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb. Ən çox bal toplayan komandalar final mərhələsində iştirak etmək hüququ qazanıb. Final mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulub. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaq.
25/04/2018 14:12
Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub
Heydər Əliyev Sarayında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş mərasim keçirilib. Mərasim hər iki ölkənin himninin səsləndirilməsi ilə başlayıb. Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bu günün tarixindən, Türkiyə və Azərbaycanın dostluq münasibətlərindən danışıb. Səfir belə bir tədbirin keçirilməsindən məmnun olduqlarını vurğulayıb və uşaqlara ən xoş arzularını çatdırıb. Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov uşaqları əlamətdar gün münasibəti ilə təbrik edərək bu bayramın Azərbaycanda da qeyd edilməsinin ölkələrimiz arasındakı dostluq və qardaşlığın göstəricisi olduğunu vurğulayıb. Nazir müavini ölkəmizdə uşaqların yüksək qayğı və diqqətlə əhatə edildiyini, onların sağlam böyüməsi və təhsil alması üçün hər cür şərait yaradıldığını bildirib. Tədbir musiqi, rəqs və teatr proqramı ilə davam edib. Bayram tədbirində Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” kollektivi milli və türk xalqlarının rəqslərindən ibarət kompozisiya ilə çıxış edib. Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbirin keçirilməsində əməyi olan təşkilatçılara, o cümlədən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyinə mükafat təqdim edib.
24/04/2018 18:12
Təhsil naziri kollektivə təqdim olunub
Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunmuş Ceyhun Bayramovu nazirliyin kollektivinə təqdim edib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. Ceyhun Bayramov dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu geniş hədəfli vəzifələrin icrasının layiqincə yerinə yetirilməsi üçün bütün qüvvənin səfərbər olunacağını vurğulayıb.
24/04/2018 13:56
Dərnək rəhbərləri və müəllimlər üçün təlimlər
“Təhsildə İnnovativ Texnologiyalar” (İTE) əlavə təhsil mərkəzi məktəbdənkənar təhsil müəssisələrinin dərnək rəhbərləri və müəllimləri üçün ixtisasartırma təlimləri keçirib. Təlimlər “Tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə”, “Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi” üzrə təşkil edilib. Təlimlərin keçirilməsində əsas məqsəd dərnək rəhbərlərinə, müəllimlərə texnologiyanın tətbiqi və layihə üsulu vasitəsilə şagirdyönümlü təlimin təşkilinə dəstək olmaq, XXI əsr bacarıqlarının inkişafı üçün texnologiyanın təhsildə səmərəli istifadəsini aşılamaq, İKT alətlərindən məqsədyönlü istifadə üzrə praktik bacarıqlar formalaşdırmaqdır. “Tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə" üzrə ixtisasartırma xidmətindən 156 nəfər müəllim və dərnək rəhbəri artıq təlimdən keçib. “Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi” üzrə ixtisasartırma xidməti isə hazırda davam edir. Bu layihə çərçivəsində 150 nəfər heyətin təlimdə iştirakı gözlənilir.
24/04/2018 12:05
Azərbaycanlı məktəblilər İstanbulda beynəlxalq rəqs festivalında iştirak ediblər
Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən bayram mərasimləri çərçivəsində İstanbuldakı “Miniatürk” Mərkəzində 9-cu Gökcan Kolleci Uşaq Xalq beynəlxalq folklor rəqsləri festivalı təşkil olunub. On iki ölkənin iştirak etdiyi festivalda ölkəmizi Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb təmsil edib. Bu təhsil ocağında fəaliyyət göstərən “Milli rəqs” dərnəyi 4 müəllim və 20 şagirddən ibarət qrupla festivalda iştirak edib. Mərasim Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Sonra Türkiyənin dövlət himni səsləndirilib. Şagirdlərimiz bədii gimnastika, milli rəqs və xalq mahnılarımızın ifası ilə çıxış ediblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsinin səsləndirilməsi alqışlarla qarşılanıb. Sonra şagirdlər “Azərbaycanlıyam!” mahnısını ifa ediblər. Tahir Həsənov adına məktəbin direktoru Yuliya Kərimova şagirdlərin festivalda iştirakının bir çox cəhətdən əhəmiyyətli olduğunu qeyd edib: “Şagirdlərin istedadları ilə Azərbaycanı təmsil etmələri onlarda Vətənimizi təbliğ etməkdə böyük qürur və həvəs yaradır. Digər mühüm cəhət layihənin şərtlərinə görə, qrupda təmsil olunan şagirdlərin səfər çərçivəsində Türkiyədəki şagirdlərin evlərində qalmalarıdır. Bu, özlüyündə Azərbaycan-Türkiyə qardaşlığını məktəblilər arasında tərənnümdür”. AZƏRTAC
24/04/2018 10:24
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən 763 müəllimin müsahibəsinə başlanılır
Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatıb. Elektron qeydiyyat http://www.miq.edu.az/muqavile/ saytı vasitəsi ilə həyata keçirilib. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən ümumilikdə 2282 nəfər müəllimdən 763 nəfərinin elektron ərizəsi təsdiq edilib. Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər üçün müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçiriləcək. Müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilər. Elektron ərizəsi imtina edilmiş müəllimlərin imtina səbəbləri, ərizəsi təsdiq edilən namizədlərin isə müsahibələrinin keçirilmə yeri və tarixi barədə məlumat şəxsi səhifələrinə göndərilib. Müsahibələr 26-27 aprel 2018-ci il tarixlərində təşkil olunacaq. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.
23/04/2018 15:06
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı