Müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Martın 9-da Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək. Diaqnostik qiymətləndirmənin bu mərhələsində 56 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək və bununla rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatmış hesab olunacaq. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Ötən il ərzində Təhsil Nazirliyi tərəfindən bütün peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin və rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə istehsalat təlimi ustalarının, ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında” 17 yanvar 2018-ci il tarixli sərəncam imzalanıb.
02/03/2018 17:04
İnformatika fənni üzrə pilot layihənin tətbiq olunduğu təhsil müəssisəsinə mediatur
Martın 2-də informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihənin tətbiq olunduğu Bakı Avropa Liseyinə mediatur keçirilib. Media nümayəndələrinə məlumat verilib ki, layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Cari tədris ilinin əvvəlindən Təhsil Nazirliyi uşaqlara proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlayıb. Hazırda Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə 6500-ə yaxın V sinif şagirdi informatika fənnini yeni formatda öyrənir. Bu fənn üzrə dərsləri tədris edən 190 müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) xüsusi hazırlanmış peşəartırma təlimində iştirak ediblər. Qeyd olunub ki, dərs zamanı müəllim və şagirdlərin vahid rəqəmsal sistemdə fəaliyyəti üçün fərdi hesablar yaradılıb. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün sözügedən 45 məktəb üzrə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. Belə ki, 42 yeni kompüter otağı istifadəyə verilib, 1350 kompüterlə təchiz edilib, yüksək sürətli internet xəttləri çəkilib. Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir. Rusiya, Qazaxıstan, Polşa, İsrail və Avstraliyada müvəffəqiyyətlə həyata keçirilən “Alqoritmika” dərsləri uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımından inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir.
02/03/2018 14:17
Fevral ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 15 059 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 15 059 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 137 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 922 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 372 sənəd (738 məktub, 549 ərizə, 85 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi və bərpası, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə axşamı (2 509 müraciət) və bazar ertəsi (2 210 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (896 müraciət), çərşənbə axşamı (843 müraciət) və cümə (822 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
02/03/2018 09:40
“Təhsil” Respublika İdman Mərkəzinin yetirməsi ölkə çempionu olub
18-27 fevral tarixlərində şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı keçirilib. "Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Xanım Balacayeva 6,5 xal toplayaraq çempionatın qalibi olub. Çempionatda Xanım Balacayeva eyni zamanda “Beynəlxalq Usta” normasını yerinə yetirib və ilk qrossmeyster balını toplayıb. Xanım Balacayeva dəfələrlə respublika və beynəlxalq yarışların qalibi, mükafatçısı olub.
01/03/2018 17:34
Texniki yardım layihəsinin İdarəetmə Komitəsinin üçüncü iclası
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin İdarəetmə Komitəsinin üçüncü iclası keçirilib. Təhsil Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Təhsil İnstitutunun əməkdaşlarının, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçirilən iclasda Avropa İttifaqının texniki yardım layihəsinin ikinci aralıq hesabatı dinlənilib. Həmçinin növbəti hesabat dövrünə qədər layihə çərçivəsində icrası nəzərdə tutulan fəaliyyətin əlaqələndirilməsi müzakirə edilib və gələcək tədbirlər planı nəzərdən keçirilib. Layihənin qrup rəhbəri Herman Sonneveld ikinci aralıq hesabatı dövründə Peşə Təhsili üzrə Dövlət Agentliyi və maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş işlər, növbəti hesabat müddətinə qədər planlaşdırılan tədbirlərə dair məruzə ilə çıxış edib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Yerun Villems, nümayəndəliyin əməkdaşı Rza Zülfüqarzadə və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşı Kristina Məmmədova çıxış edərək layihənin icra vəziyyətinə dair fikirlərini bildiriblər.
01/03/2018 16:02
Prezident sərəncamı 240 minədək təhsil işçisinə şamil edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu artım orta hesabla 240 minədək təhsil işçisinə şamil edilir. Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.
01/03/2018 12:25
“Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda “Novruz mühazirəsi”ndən fotoanlar
.
28/02/2018 10:12
“Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda ilk “Novruz mühazirəsi”
Fevralın 27-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində ilk “Novruz mühazirəsi” keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, İran, Çexiya, Çin, Banqladeş, Yunanıstan və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də iştirakçılar sırasında olub. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib və önünə əklil qoyulub. Daha sonra qonaqlar Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Səfər iştirakçıları 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə baş çəkiblər. Məlumat verilib ki, əhalinin sığındığı məsciddə ermənilər yanğın törədərək təqribən 1700-dən artıq günahsız insanı qətlə yetirib, məscidi top atəşinə tutaraq yandırıblar. Soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə əsaslı bərpa edilib. Tədbir Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırımı faktlarından danışıb, belə bir tədbirin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Qonaqları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov 1918-ci il soyqırımının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa yaraşmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb. Nazir müavini tədbirin keçirilməsinin məqsədinin Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılması olduğunu bildirib. Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərov “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda mühazirə ilə çıxış edib. Real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan məruzədə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı təcavüzü nəticəsində yüz minlərlə insanın qətlə yetirildiyi qeyd olunub, əsrin əvvəlində baş verən soyqırımının əsrin sonunda bir daha təkrar olduğu diqqətə çatdırılıb. Həmçinin tarix boyu xalqımıza qarşı törədilən soyqırımı, deportasiya və etnik təmizləmə siyasətindən danışılıb. Tədbir çərçivəsində iştirakçılar azərbaycanlıların soyqırımını və Xocalı qətliamını əks etdirən sərgi ilə tanış olublar. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.
27/02/2018 16:36
Təhsil işçiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Fevralın 26-da Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Abidə önünə qərənfillər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.
26/02/2018 16:22
“Novruz mühazirəsi”nə başlanılır
Fevralın 27-də Təhsil Nazirliyi ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Şamaxı şəhərində ilk “Novruz mühazirəsi” keçirəcək. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri, KİV təmsilçiləri iştirak edəcək. Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılmasıdır. “Novruz mühazirəsi”ndə tarix elmləri doktoru, professor Anar İsgəndərov “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda çıxış edəcək. Növbəti mühazirə martın 6-da Gəncə şəhərində tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin təqdimatında “Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik” mövzusunda keçiriləcək. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.
26/02/2018 14:30
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı