Direktor olmaq istəyənlər üçün müsahibə mərhələsi keçirilir
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün keçirilən təlimlərdə iştirak edən namizədlərin müsahibə mərhələsinə start verilib. Müsahibənin nəticəsinə əsasən Bakı şəhəri üzrə vakant direktor vəzifəsinə namizədlər müəyyənləşəcək. Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün təlimlər təşkil edilib. Təlimlər Təhsil Nazirliyinin birbaşa tabeliyində (Bakı şəhərində yerləşən) olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyada işləyən direktorları, direktor müavinlərini və müəllimləri əhatə edib. 2014-cü ildən keçirilməyə başlanılan təlimlərin məqsədi müasir idarəetmə keyfiyyətlərinə malik, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarının bilik və bacarıqlarını təkmilləşdirməkdir. Təlim iştirakçılarının yekun qiymətləndirməsindən sonra müvafiq bal toplamış şəxslər müsahibə mərhələsinə dəvət olunub.
31/05/2018 12:56
Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi üzrə təlimlər
“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri üçün müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi üzrə ixtisasartırma xidməti təlimləri davam edir. 3 mərkəzdə 6 qrup üzrə keçirilən, ümumilikdə 48 akademik saatı əhatə edən, 12 günlük təlim müddətində iştirakçılar tədris materiallarının və dərslərin keçirilməsi üçün layihə metodikasından istifadə bacarıqlarına yiyələnirlər. İştirakçılar həmçinin, layihə çərçivəsində müasir təlim strategiyaları, qiymətləndirmə üsul və alətləri ilə tanış olur, bu mexanizmlərdən səmərəli istifadə edərək dərsi şagirdin marağına və XXI əsrin tələbinə uyğun qurmağı öyrənir, onu daha da zəngin və rəngarəng edirlər. Layihə metodikasını mənimsəyən müəllimlər şagirdləri daha yaradıcı təlimə cəlb etməyə müvəffəq olurlar. Hazırda Bakı şəhəri 32, 70 və 238 nömrəli tam orta məktəblərdə yerləşən təlim mərkəzlərində məktəbdənkənar təhsil müəssisələrinin 92 nəfər müəllimi iştirak edir. Təhsil Nazirliyinin sifarişi ilə ümumilikdə 150 nəfər heyətə keçirilməsi planlaşdırılan təlimlərdə artıq 119 nəfər iştirakını başa vurub.
30/05/2018 17:44
Müəllimlərin diaqnostik qiymətləndirilməsindən fotoanlar
30/05/2018 16:58
Peşə təhsili sahəsində Almaniya təcrübəsi öyrənilir
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. Səfərin əsas məqsədi Almaniyada peşə təhsili sistemi, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə tanış olmaqdan ibarətdir. Səfərin ilk günü iş yerində təcrübə proqramında iştirak edən, kənd təsərrüfatı istiqamətində ixtisaslaşan "Alber Buhler - Green Professions" şirkəti, eləcə də xidmət və səhiyyə sahəsi üzrə fəaliyyət göstərən "August Flemming" peşə təhsil mərkəzində görüşlər keçirilib. Görüşlərdə Almaniyada işləyərək öyrənmə təcrübəsi, peşə təhsil müəssisələrinin maddi-texniki bazasına və infrastrukturuna qoyulan tələblər müzakirə edilib. Səfərin ikinci günü Baden Vürttemberq əyalətinin Təhsil, Gənclər və İdman Nazirliyində və Azərbaycan Respublikasının Ştutqard şəhərindəki fəxri konsulluğunda görüşlər keçirilib, peşə təhsili sahəsində iki ölkə arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Təlim səfəri Avropa İttifaqının qrantı ilə maliyyələşən "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək" layihəsi çərçivəsində baş tutub.
30/05/2018 16:42
“Məqsədli karyera” mövzusunda təlimlər keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərə “Məqsədli karyera” mövzusunda təlimlər keçirilir. “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi yuxarı sinif şagirdlərinin ixtisas seçiminə dəstək vermək, müvafiq bilik və bacarıqların vacibliyini şagirdlərin diqqətinə çatdırmaq, məktəblilərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirməkdən ibarətdir. Yeddi sessiyadan ibarət təlimlərdə şagirdlərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi, öz bacarıq və dəyərlərinin müxtəlif peşə sahələri ilə uyğunluğu məsələlərinə aydınlıq gətirilir. Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında araşdırılaraq müzakirələr aparılır. Qeyd edək ki, reallaşdırılan təlimlərdə 15 məktəbdən 400 şagirdin iştirakı nəzərdə tutulub. Təlim başa çatdıqdan sonra fəal və seçilmiş şagirdlər üçün peşəkarlarla görüş, "İşdə bir gün" adlı iş yerlərində bir günlük təcrübə proqramı təşkil olunacaq.
30/05/2018 12:37
SABAH tələbələri arasında “Vergi” bilik yarışması keçirilib
Mayın 29-da Vergilər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan SABAH tələbələri arasında “Vergi” bilik yarışması keçirilib. Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Elçin Məmmədov iştirakçıları salamlayaraq onları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib. Bildirilib ki, maarifçiliyi öz fəaliyyətinin tərkib hissəsi sayan Cümhuriyyət hökumətinin 100 illik yubileyi münasibəti ilə belə bir bilik yarışmasının təşkil olunması çox sevindiricidir. Şərqin ilk Demokratik Respublika cəmi 23 ay yaşamasına baxmayaraq, elmin, təhsilin inkişafına böyük töhfələr verib. Cümhuriyyət dövrünün maarifçilik siyasəti müasir Azərbaycanda da uğurla davam etdirilir. Qeyd edilib ki, Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin maarifləndirilməsinə və bu baxımdan təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Ölkəmizdə işəgötürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulması istiqamətində Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi və SABAH qrupları arasında səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində keçirilən bilik yarışması da tələbələrə növbəti töhfədir. Bilik yarışlarının tələbələrin tədris dövründə şəxsi və peşəkar inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində və möhkəmlənməsində mühüm rolu olduğu vurğulanıb. Təhsil Naziriyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə çıxış edərək bildirib ki, qrup tələbələri üçün mütəmadi olaraq müxtəlif tədris və tədrisdənkənar fəaliyyətlər təşkil edilir, onların inkişafına dəstək verilir. Ölkəmizin gənc insan kapitalının inkişafı üçün iki aparıcı dövlət qurumunun bu cür tədbirlər fonunda birgə əməkdaşlığı nümunəvi bir haldır və bunun davamlı olacağına inanırıq. Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində SABAH tələbələrinə vergi strukturlarına təcrübə, işə qəbul, birgə elmi tədqiqatların aparılması və digər bu kimi geniş imkanlar yaradılır. Bilik yarışına ümumilikdə 10 ali təhsil müəssisəsini təmsil edən komandalar qatılıb. İlk 3 komanda yarışın qalibi olub. Bakı Dövlət Universitetini təmsil edən komanda 1-ci, Azəbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən komanda 2-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən komanda isə 3-cü yeri tutub. Qaliblərə sertifikat, qiymətli hədiyyələr və Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası hədiyyə olunub.
29/05/2018 19:42
“eTwinning Plus” layihəsi çərçivəsində tədbir
Türkiyənin İstanbul şəhərində və İtaliyanın Roma şəhərində “eTwinning Plus” layihəsi çərçivəsində bir sıra tədbirlər keçirilib. Tədbirlərin keçirilməsi XXI əsr bacarıqları, kompüter elmlərinin tədrisi, layihə əsaslı təhsil mövzusunda müzakirələrin edilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb. Türkiyənin İstanbul şəhərində keçirilən seminarda Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin müəllimi Könül Qaffarova, İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva və Leyla Babayeva, İtaliyanın Roma şəhərində keçirilən konfransda isə Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova və Sumqayıt şəhər Təfəkkür liseyinin direktoru Qönçə Səftərova iştirak edib. Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycandan indiyədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 742 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədi ilə onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunur və layihəyə üzv müəllimlər burada iştirak edir. Bu layihə Azərbaycanda 2016-cı ildən etibarən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
29/05/2018 17:42
“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub
Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub. "ABU Arena” idman kompleksində keçirilən final qarşılaşmasında Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli tam orta məktəbin komandası ilə Qazax rayonu Qazaxbəyli kənd tam orta məktəbin komandası qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən 126 nömrəli tam orta məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2017-2018-ci il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Mingəçevir şəhər Texniki Humanitar Liseyin komandası tutub. Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, medal, diplom, xatirə hədiyyələri tədqim olunub. Turnirin "ən yaxşı oyunçu" adına Binəqədi rayonu 126 saylı orta məktəbinin komandasının üzvü Səbuhi Qurbanov, “ən məhsuldar oyunçu” adına həmin komandanın digər oyunçusu Əmirxan Qurbanov, “fair play” nominasiyasının qalibi adına isə Qazax rayon Qazaxbəyli kənd məktəbinin komandasının futbolçusu Fidan Məmmədova layiq görülüblər. Qeyd edək ki, “Coca-Cola Məktəbli Kuboku”nun 2017/2018 mövsümünün məktəbdaxili mərhələsində 100 minə yaxın məktəbli iştirak edib. 7 ildir təşkil olunan “Coca-Cola Məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.
29/05/2018 17:31
Akkreditasiya prosesinə dair təlim
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən akkreditasiya prosesinə dair təlimlər keçirilib. 2018-2019-cu tədris ili müddətində akkreditasiyası keçiriləcək orta ixtisas təhsili müəssisələrinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin regionlardakı filiallarının əməkdaşlarına akkreditasiya prosesinin bir hissəsi olaraq özünütəhlil hesabatlarının hazırlanmasına dəstək məqsədi ilə keçirilən təlimlər başa çatıb. Təlimlərin məqsədi təhsil müəssisələri tərəfindən təqdim olunan özünütəhlil hesabatlarını təkmilləşdirilmək və tələb olunan qaydada tərtib edilməsinə dəstək göstərməkdir.. Təlimlərdə təhsil müəssisələrinin müvafiq səlahiyyətli şəxsləri ilə birlikdə özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son 5 ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə olunub və akkreditasiya üçün keyfiyyət istiqamətləri ətraflı şəkildə izah edilib. Təlimlərdə ADPU-nun Şamaxı, Şəki, Cəlilabad, Ağcabədi, Quba filialları, habelə ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Göyçay İdarəetmə və Texnologiya Kolleci, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı İdarəetmə və Texnologiya Kolleci, Ağcabədi Pedaqoji Kolleci, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Qazax Dövlət Sosial İqtisadi Kolleci, Tovuz Dövlət Sosial İqtisadi Kolleci, Bakı Biznes və Kooperasiya Kolleci və Sabirabad Dövlət Sosial İqtisadi Kollecindən nümayəndələr iştirak ediblər. İştirakçılar akkreditasiya prosesinin təşkilində bu təlimlərin faydalı olduğunu qeyd edərək təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi üçün onların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
29/05/2018 15:57
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı