Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsil müəssisələrinin şagirdlərinə sertifikatlar təqdim olunub

Peşə təhsili müəssisələrinin “NORM” MMC-nin sement zavodunda istehsalat təcrübəsi keçən şagirdlərinə və onların istehsalat təlimi ustalarına sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə “NORM” MMC-nin baş icraçı direktoru Henning Sasse istehsalat təcrübəsini başa vuran şagirdləri təbrik edərək layihənin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu layihə yeni bacarıqlara malik gənclərin, uğurlu kadrların işlə təminatına xidmət edir. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin, adıçəkilən peşə təhsili müəssisələrinin nümayəndələri biznes və təhsil sistemləri arasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar. Sonra  təcrübə keçən 28 nəfər şagirdə və 2 istehsalat təlim ustasına sertifikatlar təqdim edilib. Gələcəkdə də bu sahə üzrə ixtisaslaşmış digər peşə təhsili müəssisələrinin müvafiq layihə üzrə təcrübədən faydalanması nəzərdə tutulur. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi“NORM” MMC arasında bağlanmış anlaşma memorandumuna uyğun olaraq Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları fevralın 2-dən mayın 31-dək “NORM” MMC–də istehsalat təcrübəsi keçiblər.

Müəllimlər üçün yeniliklər

Dəyişikliklər təhsil sahəsində çalışan və vəzifədə yüksəliş gözləyənlərin kənarda qalmasının da qarşısını alacaq   Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin ardınca müəllimlərin yerdəyişməsi, daha sonra işə qəbulu aparılacaq. Davamlı həyata keçirilən proseslər bəzi yeniliklərlə müşayiət olunur. Belə ki, bu il müəllimlərin işə qəbulu, yerdəyişməsi və müddətli müqavilə ilə işə götürülməsi ilə bağlı qaydalarda bəzi yeniliklər edilib. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində pedaqoji kadrların işə qəbulunda yeni qaydalar və həmin qaydalardan irəli gələn məsələlərlə bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib.   - Bu yaxınlarda müddətli müqavilə ilə işləyən müəllimlərlə müsahibələr keçirildi. Nəticələri barədə məlumat verərdiniz.   - Bəli, müddətli müqavilə ilə işləyənlərin müraciəti əsasında onlarla müsahibələr təşkil edildi. Bu məqsədlə martın 29-dan ölkədə sənəd qəbulu aparıldı. Tələb edilən meyarlara uyğun olduğunu hesab edən hər kəs müraciət edərək müsabiqəyə qatıldı. Əvvəlki illərdə buna bənzər layihələr olsa da, bu dəfə ümumtəhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin həmin yerlərə daimiləşdirilməsi mərkəzləşdirilmiş qaydada ilk dəfə reallaşdırıldı. Uyğun hesab edilənlərlə bağlı müsbət qərarlar verildi və onlar işlədikləri yerlərə daimi müəllim olaraq qəbul edildi.   - Kimlər, hansı meyarlara görə uyğun hesab edildi?   - Razılıqların verilməsi və namizədlərin müsahibəyə buraxılması üçün bir neçə meyar nəzərə alındı. Birincisi, 2016 və ya 2017-ci ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, pedaqoji istiqamət üzrə ali və ya orta ixtisas təhsili olanlar müsabiqəyə buraxıldı. Ən vacib meyarlardan biri də odur ki, müəllimlərin işlədiyi və daimiləşmək istədiyi yer 2017-ci ildə keçirilən müsabiqədə vakant yerlər siyahısında olub. Yəni, müsabiqə nəticəsində həmin yerləri bütün vətəndaşlar görüblər.   - Bu meyarlardan kənara çıxılmadı?   - Bəzi fənlərdə istisnalar oldu. İbtidai sinif, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə fənlərində müsabiqəyə çıxarılmayan vakant yerlərə daimiləşdirilmə aparıldı. Həmin fənlər üzrə namizədlərin vakant yerləri tutma faizi, demək olar ki, bütün illər üzrə digər fənlərlə müqayisədə aşağı olur. Həmin fənlər üzrə vakant yerlər qalır və hər dəfə Təhsil Nazirliyi həmin yerlərə müddətli müqavilə ilə işə qəbul etməyə məcbur olur. Bununla əlaqədar həmin yerlər güzəştli kateqoriya kimi qəbul edildi və müəllimlərin daimi əsaslarla işə qəbul olunmasına razılıq verildi.   - Neçə nəfər daimiləşdirildi?   - Ümumiyyətlə, 477 nəfər namizəd işlədikləri təhsil müəssisələrində daimiləşdirildi. 121 nəfər həvəsləndirmə tədbirlərinin tətbiq edilmədiyi məktəblərə qəbul edildi. Yəni, şəhər, rayon mərkəzləri və qəsəbələrdəki məktəblərin müəllimləri oldular. Yerdə qalan 356 nəfərin həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəblərdə daimi işləməsinə razılıq verildi.   - Onlarla yeni müqavilələr nə vaxtdan imzalanacaq?   - Bu dərs ili artıq başa çatır. Həmin müəllimlərlə növbəti tədris ilindən müqavilələrin bağlanması ilə bağlı təhsil müəssisələrinə müvafiq qərarlar göndəriləcək.   - Müddətli müqavilə ilə işə qəbulda da dəyişiklik var?   - Bəli, az əhəmiyyətli olmayan bir dəyişiklik də müddətli müqavilə ilə işə qəbulun mərkəzləşdirilməsidir. Əvvəllər müddətli müqavilə ilə işə qəbulu yerli təhsili idarəetmə orqanları həyata keçirirdi. Artıq bu da mərkəzləşdirilmiş qaydada nazirlik tərəfindən həyata keçiriləcək.   - Hazırda müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilir. 2016 və ya 2017-ci illərdə müəllimlərin işə qəbulu imtahanlarına qatılanlar və topladığı bala qane olmayanlar indiki diaqnostik imtahanlara qatıla bildimi?   - Əvvəllər az bal toplayan və yaxud topladığı bala qane olmayanlar bu il yenidən müraciət ediblər. Bu səbəbdən təkrar imtahan verənlər diaqnostik qiymətləndirmədə ilk dəfə iştirak edənlərdən daha çoxdur. Əvvəllər iştirak edənlərin təkrar imtahan vermək istəməsi diaqnostik qiymətləndirmənin fəlsəfəsinə də uyğundur. Diaqnostik qiymətləndirmə ona görə keçirilir ki, müəllimlər daim öz nəticələrini yüksəltməkdə maraqlı olsunlar.   - Qoşa ixtisaslı müəllimlər hər iki fənn üzrə imtahanda iştirak edə bilərmi?   - Mümkündür. Ötən il müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi zamanı tələblərdən biri bu idi ki, müəllim tədris apardığı fənn üzrə imtahan verməlidir. Qoşa ixtisaslı müəllimlər ötən il iştirak etdiyi ixtisasla yanaşı, ixtisası olan digər fənlə də diaqnostik qiymətləndirmədə iştirak edə bilərlər.   - Tərbiyəçi müəllimlər diaqnostik qiymətləndirmədən keçirilirmi?   - Xeyr.   - Diaqnostik qiymətləndirmədə kimlər iştirak edə bilər?   - Bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində o şəxslər iştirak edə bilər ki, onlar müddətsiz müqavilə əsasında ümumi təhsil müəssisələrində və ilk peşə-ixtisas təhsili müəssisələrində müəllim vəzifəsində işləyirlər. Bundan əlavə, ümumi təhsil müəssisələrinin direktor, direktor müavini və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də qiymətləndirilmədə iştirak edirlər. Təhsili yerliidarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində işləyənlərin də qiymətləndirilmədə iştirakına icazə verilib.   - Diaqnostik qiymətləndirmədən keçənlərin arasında yerdəyişmə istəyənlər çoxluq təşkil edir. “Müəllimlərin yerdəyişməsi üzrə qaydalarda yeniliklər daha çoxdur”, - deyə bilərikmi?   - Yeni təsdiq edilən qaydalarda ən ciddi dəyişikliklər yerdəyişmə müsabiqəsinə aid oldu. Ötən ildən başlayaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi müsabiqəsi də mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən keçirilməyə başlandı. Xronoloji baxımdan ilk olaraq həmin müsabiqə, daha sonra isə iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqələr keçirildi. Cari ildən etibarən həmin müsabiqələr eyni vaxtda vahid çərçivədə keçiriləcək.   - Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?   - İkinci dəyişiklik bununla bağlıdır. Müəllimlər yerdəyişmədə istədiyi balla iştirak edə bilərlər. İşə qəbul imtahanında topladığı balla, yaxud diaqnostik qiymətləndirmənin əsasında müsabiqəyə qatıla bilərlər. İki dəfə diaqnostik qiymətləndirmədə iştirak edibsə, istədiyi nəticəni təqdim edə bilər. Bu dəyişikliklə müəllimlərə göstərdiyi ən yaxşı nəticə ilə müsabiqəyə qatılmaq şansı verilib. Qeyd etməliyəm ki, bu şans yalnız yerdəyişmədə qüvvədədir. Dərs yükü bölgüsü üçün müəllimin son qatıldığı müsabiqənin nəticəsi əsas götürülür. Ən başlıca dəyişiklik isə güzəştli kateqoriyanın müəyyən edilməsidir.   - Bu kateqoriya əvvəl də vardı.   - Bəli. Dəyişikliklərdən sonra güzəştlər bəlli bir çərçivəyə salındı. Artıq onlara verilən üstünlük hüququ meyarlar şəklindədir. Hansı halda nə qədər güzəşt tətbiq olunacağı yeni qaydalarda müəyyən edilib. Sırf bu məqam yerdəyişmə ilə bağlı həyata keçirilən ən ciddi dəyişikliklərdən biridir.   - Üstünlük hüququ hansı meyarlarla müəyyən olunacaq?   -Yerdəyişmə zamanı əsas götürülən göstərici müəllimin işə qəbul üzrə müsabiqədə, yaxud diaqnostik qiymətləndirmədə topladığı baldır. Amma namizədin əri, ya da arvadı hərbiçidirsə, yaxud şəhid ailəsinin üzvüdürsə, namizədin topladığı bal 1.1 əmsalına vurularaq hesablanacaq. Məsələn, namizədin müsabiqədə iştirak etdiyi bal 50 baldır. Namizəd, tutaq ki, şəhid ailəsinin üzvü olduğunu sənədlərlə təsdiq edərsə, onda onun 50 balı 1.1 artım əmsalı ilə 55 bal kimi hesablanacaq. Başqa bir üstünlük  isə iş yerini yaşayış və ya qeydiyyatda olduğu və yalnız həvəsləndirmə tədbirinin tətbiq edildiyi əraziyə dəyişmək istəyənlərə verilir. Belə ki, tutaq ki, Qəbələnin Tikanlı kəndində yaşayan müəllim həmin kənd məktəbindəki vakant yeri seçərək iş yerini həmin məktəbə dəyişmək istəyirsə, məhz ona üstünlük veriləcək və onun balı 1.05 artım əmsalına vurularaq hesablanacaq. Bunun mahiyyəti də ondan ibarətdir ki, biz kənd sakinlərinə üstünlük veririk və əminik ki, onlar iş yerini dəyişmək istəməyəcəklər. Yəni, bununla həmin vakant yer üçün daimi kadr tapırıq.   - Yerdəyişmədə keçid balı nəzərdə tutulurmu?   - Yerdəyişmədə keçid balı bir az fərqlidir. Təcrübəyə əsaslanaraq deyə bilərik ki, yerdəyişmə üçün də keçid balı işə qəbul üçün nəzərdə tutulan keçid balı ilə demək olar ki, eyni olur. Yəni yerdəyişmədə də vakant yerlərin keçid balı elə işə qəbul zamanı tələb olunan keçid balına uyğun gəlir.   - Yaşa görə həvəsləndirmə tədbirlərinə cəlb edilməyən müəllimlərə yerdəyişmə icazəsi verilir?   - Mövcud qaydaya əsasən, həvəsləndirmə tədbirlərindən yararlanan müəllimlər nəzərdə tutulmuş müddət ərzində iş yerini dəyişə bilməz. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq, nəzərdə tutulmuş müddət başa çatmadan da müəllimlərin yerdəyişmə üzrə müsabiqəyə qatılmasına icazə verilir. Yaşa görə həvəsləndirmə tədbiri tətbiq edilməyən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün heç bir məhdudiyyət nəzərdə tutulmayıb.   - Direktor müavinlərinin işə qəbulundakı dəyişiklik nə ilə izah olunur? Burada əsas məqsəd nədir?   - Direktor müavinlərinin işə qəbuluyla bağlı edilən dəyişikliyə əsasən, bu, iki formada həyata keçiriləcək. Birincisi, hazırda ümumi təhsil müəssisələrində işləyən müəllimlər vəzifədə yüksəliş yoluyla direktor müavini olmalıdır. Azı 3 il müəllim işləyən, pedaqoji istiqamət üzrə ali təhsil alan və müəllim kimi fəaliyyət göstərən şəxs direktor müavini seçilə bilər. Yəni, direktor müavinləri yalnız işləyən müəllimlərdən seçilir. Müəllim işləmiş, sonradan başqa işə keçmiş şəxslərin direktor müavini götürülməsi nəzərdə tutulmur. Bu da sosial lift effekti yaradır. İnsanların vəzifədə yüksəlməsi üçün əlavə imkan deməkdir. Dəyişiklik neçə illərdir işləyən və vəzifədə yüksəliş gözləyənlərin kənarda qalmasının qarşısını alacaq. Direktor müavini seçməyin ikinci yolu isə müsabiqə yoludur. Təhsil Nazirliyinin razılığı əsasında yerli təhsili idarəetmə orqanları mərkəzləşdirilmiş qaydada proqram təminatından istifadə edərək müsabiqə keçirə bilərlər.   “Azərbaycan müəllimi” qəzeti

SABAH tələbələri “Sağlam təhsil” siniflərində 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) SABAH qrupları“Sağlam təhsil-sağlam millət” layihəsinin əməkdaşlığı çərçivəsində hesabat görüşü keçirilib. ADPU-nin SABAH qruplarında ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan III və IV kurs tələbələrinin “Sağlam təhsil” siniflərində keçdiyi pedaqoji təcrübənin yekunlarına həsr olunan görüşdə bu ali məktəbin rektoru Cəfər Cəfərov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Milli Təhsil Texnologiyaları Mərkəzinin sədri Şamil Süleymanlı, prorektorlar, metodist və psixoloqlar, müəllim və tələbələr iştirak edib. Görüşdə təcrübə keçmiş tələbələr, habelə “Sağlam təhsil” siniflərinin müəllimləri sertifikat və təşəkkürnamələrlə təltif olunublar. Cari ilin fevralında 16 məktəbin “Sağlam təhsil” siniflərində keçirilmiş təcrübədə 41 SABAH tələbəsi iştirak edib. Tələbələrə təcrübə müddətində “Sağlam təhsil” siniflərinin müəllimləri, həmçinin metodist, pedaqoq və psixoloqları davamlı dəstək göstərib. Tələbələrin təcrübə dövrünə hazırlığı məqsədi ilə onlara sağlam təhsil texnologiyaları, sinif gigiyenası və digər mövzularda 10 saatlıq təlimlər keçirilib. Eyni zamanda tələbələr təcrübə dövründə öncədən müəyyən olunmuş mövzular üzrə tədqiqat işləri üzərində çalışıblar. Seçilmiş ən yaxşı 3 tədqiqat işi hesabat görüşündə nümayiş olunub. SABAH tələbələrinin “Sağlam təhsil” siniflərində təcrübə proqramı artıq üçüncü dəfədir ki, təşkil olunur.

Azərbaycan məktəblilərinin növbəti uğuru

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Avropa Fizika Olimpiadası ( EuPHO) keçirilib. 23 ölkənin iştirak etdiyi bu olimpiadaya Azərbaycan 4 şagird və 2 komanda rəhbəri olmaqla 6 nəfərlik heyət ilə qatılıb. Avropa Fizika Olimpiadasında şagirdlərimiz növbəti uğura imza atıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Mehdi Ağacanov olimpiadanın gümüş, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmmədcan Məhəmmədcanov isə bürünc medalına layiq görülüb. Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlər olimpiadalara hazırlıq prosesinə cəlb edilirlər.

Topladığı bala qane olmayanlar

Müəllimlər diaqnostik qiymətləndirmədə nəticələrini yüksəltməkdə maraqlıdırlar   Azərbaycan Texniki Universitetinin idman sarayının qarşısında yenə qələbəlikdir. May ayının 26-dan binanın qarşısı dolub-boşalır. Çünki iyunun 2-dək ölkədə müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçirilir. Bu məqsədlə qeydiyyatdan keçən 19 minə yaxın müəllim imtahan verir. Artıq məlum olduğu kimi, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də, ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub. Lakin builki imtahanlarda qeydiyyatdan keçən 19 min nəfərə qədər müəllim arasında indiyədək müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədən keçməyənlər də var. Ümumiyyətlə, indiyədək diaqnostik qiymətləndirmədən keçən və aşağı bal toplayan müəllimlər, direktorlar, direktor müavinləri, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, eyni zamanda, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu vəzifəsində çalışanlar, metodistlər, ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qiymətləndirmədə iştirak edir.   Diaqnostik qiymətləndirmə ona görə keçirilir ki...   Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, əvvəllər az bal toplayan və yaxud topladığı balla qane olmayanlar bu il yenidən müraciət ediblər. Bu səbəbdən təkrar imtahan verənlər ilk dəfə iştirak edənlərdən daha çoxdur: “Əvvəllər iştirak edənlərin təkrar imtahan vermək istəməsi diaqnostik qiymətləndirmənin fəlsəfəsinə də uyğundur. Diaqnostik qiymətləndirmə ona görə keçirilir ki, müəllimlər daim öz nəticələrini yüksəltməkdə maraqlı olsunlar, daim öz üzərində çalışsınlar”. Qeyd edək ki, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı nəzərə alınır. Müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi dərs yükünün rasional bölüşdürülməsinə xidmət edir. Yüksək nəticə göstərənlərin dərs yükü norması və əməkhaqqı, bununla da maddi rifahı yaxşılaşdırılır.   Müəllimlər imtahan verir   Binanın çölündə də, içərisində də gözləyirlər. Həyəcan da öz yerində. Hamının çöhrəsindən gərginliyi oxunur. Qapıdan içəri girən oturmaq, öncə nəfəsini dərmək istəyir. Həyəcanları boşuna deyil. İmtahan verəcəklər. Uşaq deyillər ki?! Niyə həyəcanlansınlar ki? Bəlkə də məhz ona görə həyəcanlanırlar. İmtahan hər yaşda həyəcanvericidir. Hələ imtahan verənlərin müəllimlər olduğunu nəzərə alsaq, hər kəsdə müşahidə edilən imtahan gərginliyi ikiyə vurulmalıdır.   İmtahan nəzarətçiləri   Diaqnostik qiymətləndirmənin təşkilində Təhsil Nazirliyinin İnsan resursları şöbəsi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin əməkdaşlarından ibarət 13 nəfərlik komanda işləyir. İmtahana güclü nəzarət olduğu ilk andan müşahidə edilir. Necə deyərlər, həm havadan - kameralar vasitəsilə, həm də yerdə - “Bir” Tələbə-könüllü proqramının könüllüləri tərəfindən. Hər zalda kameralar quraşdırılıb. Böyük zalda 12, kiçik zalda 5 kamera işləyir. 3 kamera isə qeydiyyat bölməsində baş verənləri yaddaşına yazır. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Fəxri Qurbanovun sözlərinə görə, kameraların qeydə aldıqları həm mərkəzi panelə ötürülür, həm də yaddaşda saxlanılır. Panelə ötürülən görüntülər sayəsində baş verənləri anındaca görmək mümkün olur.   “Bir” könüllüdən 100 könüllü   İmtahan prosesinə “Bir” Tələbə-Könüllü Proqramının 100 könüllüsü cəlb edilib. Budur, könüllülər toplaşıblar. Məşvərət keçirirlər. Düzgün nəzarət etmək üçün kimin nə edəcəyi planlaşdırılır. Hər sırada 4 könüllü hərəkət edir. Onlar sadəcə köçürülmə hallarına, imtahan verənlərin öz aralarında danışmağına mane olmaq üçün sıralarda gəzişmirlər. Lazım gələrsə, müəllimlərə kömək edirlər. Deyəsən, daha çox texniki dəstək üçün müəllimlər onlara üz tutur. İstənilən sorğuya həvəslə cavab verirlər. Çöhrəsində təbəssüm olan könüllülər həyəcan dolu heç bir sualı cavabsız buraxmırlar.   Direktor könüllülər   Ancaq nəzarətçi könüllülər arasında 2 nəfər də var. Onlar bir ailədir. Ruslan və Zərif cütlüyü öz istəyi ilə nəzarətçilər arasında yer alıb. Tələbə-könüllülərdən daha sərt görünən cütlüyün davranışındakı fərqliliyin səbəbi məlum olur. Onların hər ikisi direktordur. Ər-Ruslan Abbasov Ağdam rayon 65 nömrəli  tam orta məktəbin direktorudur: “2013-cü ildən məktəb direktoru işləyirəm. Ötən ildən təsdiq olunmuşam. Ailəliklə təhsil işçisi olduğumuz üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edərək, könüllü nəzarətçi olaraq prosesə qatıldıq. Direktor kimi imtahan verib 23 bal imtahandan, 15 bal isə essedən toplamışam. Şəffaf prosesin nəticəsindən yararlanmışam. Öz bacarığım sayəsində direktor təyin edilmişəm. Mənim üçün yaradılan bu şəraitə görə dövlətimin qarşısında özümə borc bilirəm ki, bir işin qulpundan yapışaq. Bu şəffaf layihəyə nəzarətçi kimi qatılmaqla köməyimiz dəyəcəyini düşündük”. R.Abbasovun sözlərinə  görə, imtahanlarda elə bir şəffaf sistem qurulub ki, burada hər hansı neqativ amilin baş verməsi mümkün deyil: “Sistemin mükəmməlliyinin özüm imtahan verəndə də müşahidə etmişdim. İndi nəzarətçi olaraq proseslə daha yaxından tanış oldum”. Ruslan müəllimin həyat yoldaşı Zərif Mehdiyeva Ağdam rayon 14 nömrəli Texniki fənlər təmayüllü məktəb-liseyin direktorudur: “İmtahan verib müsabiqədə 31 bal toplamışdım. 1 il əvvəl imtahan verdiyim bu zalda nəzarətçi olmaq da həyəcanlıdır. Birincidə, idarəetmədə öz bacarıqlarımı nümayiş etdirməyə çalışmağın həyəcanı idi. İndi isə obyektiv, şəffaf bir prosesin tətbiqində mənim də əməyim, iştirakım olacaq deyə həyəcanlanıram”.   İlk seans, ikinci cəhd, nəticəsi ilə barışmayanlar..   Müəllimlər diaqnostik qiymətləndirmədə 90 dəqiqə ərzində 60 test tapşırığına cavab verirlər. 40 test tapşırığı ixtisasa, 20 test tapşırığı isə metodika, təhsil strategiyaları və kurikuluma aiddir. İlk günün ilk seansı başa çatır. Müəllimlər zalı tərk edirlər. Nəticəsi ümidlərini doğruldan da var, doğrultmayan da. Aydın Tağıyev Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbinin müəllimidir. Qarabağ müharibəsi döyüşçüsü, ikinci qrup əlildir.17 ildir ibtidai sinif müəllimi işləyir. İkinci dəfə diaqnostik qiymətləndirmədən keçir. Bu dəfə 45 bal toplayıb: “Birinci dəfə az toplamışdım. Kompüterim yox idi. Kompüter aldım, öz üzərimdə işlədim. Bacarmadıqlarımı öyrəndim, informasiya texnologiyalarını mənimsədim. Bu gün də gəlib bacardıqlarımı nümayiş etdirdim”. “Taleyüklü imtahan deyil”, - deyib keçməyin. Bu imtahanda həyəcan keçirən, gözləri dolan, hətta göz yaşlarını saxlaya bilməyənlər də var. Budur, bütün könüllülər onun başına yığılıb. Hamısı onu sakitləşdirməyə çalışır. Cavablarının hamısının qeydə alınmadığından narahatdır. Vaxtı bitib və 49 bal toplayıb. Bu bal onu qane etmir: “Hamı məndən 60 bal gözləyir. Necə ola bilər axı?”. Rüxsarə Mirzəyeva Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə müəllim işləyir. Özünü yoxlamağa, daha doğrusu, təsdiq etməyə gəlib. Diaqnostik qiymətləndirmədə 60 bal toplayacağına şübhə etmirmiş: “Bu nəticə ilə heç barışmıram. Vaxtım bitdi”. Bəli, vaxt bitdi.     Müəllimlərə ayrılan 90 dəqiqə tamam oldu. Bəziləri “bitdi” düyməsini özü basdı, Rüxsarə xanım kimi bəzilərinə də vaxtın bitdiyini sistem xəbər verdi. Hamı hazırlaşıb çıxsa da, Rüxsarə müəllim narahatdır. Könüllüyə yaxınlaşıb, “Ən yüksək bal toplayan neçə oldu?”, - deyə soruşur. Diaqnostik qiymətləndirmədə bu seansda ən yüksək 53 bal qeydə alındı. Bunu eşidən Rüxsarə xanımın əhvalı yenidən pozuldu. Könüllü Nurbala Əliyev müəllimə görə narahat olub: “Zorla sakitləşdirmişdik. Məndən də soruşmuşdu. Demişdim ki, 49-dan yuxarı toplayan olmayıb. 53 bal toplayanın olduğunu eşidib yenidən ağlayacaq”. Rüxsarə xanım tək deyil. Onun kimi gözləri dolub çıxan çoxdur. Bəlkə istədiyi yerdəyişməyə nail ola bilməyəcək, bəlkə də çox ehtiyacı olsa da, dərs saatlarını artıra bilməyəcək. Bu səbəblərin heç biri olmaya, Rüxsarə xanım kimi, sadəcə, özünü təsdiq edə bilmədiyinə təəssüflənə də bilərlər. Bir sözlə, hər göz yaşlının ayrı səbəbi var. Ancaq burada həlledici olan ballardır. Ballar isə fərqlidir. Bu seansda olmasa da, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsində 60 bal toplayan oldu. Riyaziyyat müəllimi Vəfa Babayeva, ingilis dili müəllimləri Leyla Paşayeva və Mədinə Qasımova, kimya müəllimi Ziyafət Məmmədov hamıdan fərqləndilər. Budur ikinci seans başlayır. Müəllimlər içəri daxil olur, qeydiyyatdan keçir, sonra zallara yönləndirilir. Zamin Əlirzayev axına qarışıb imtahan zalına keçir. Onun da burada olma səbəbi ilə maraqlanırıq. Yerdəyişmə istəyir. Lerik rayon Çayrut kəndində 15 ildir müəllim işləyir. İkinci dəfədir ki, diaqnostik qiymətləndirmədə iştirak edir. İlk dəfə 30 bal toplayıb. Bu dəfə hədəfi 45 baldır: “Kəndimizdəki digər məktəbə yerimi dəyişmək istəyirəm. Hazırda çalışdığım məktəbdə şagirdlərin sayı azdır. Bu da maaşımın az olmasına səbəb olur. Həm də digər məktəb yaşadığım yerə yaxındır. Hər gün Yuxarı Çayrutdan Aşağı Çayruta gedirəm”.   Müəllimlərə tibbi yardım   Tibbi briqada da burdadır. İmtahan həyəcanı səhhətinə təsir edən müəllimlərə ilk yardım göstərmək üçün dəvət ediliblər. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovun sözlərinə görə, müəllimlərin işə qəbulu imtahanlarında olduğu kimi, diaqnostik qiymətləndirilməsi məqsədilə həyata keçirilən imtahanlarda da tibbi briqada dəvət edilib. Bunun üçün Səhiyyə Nazirliyinə müraciət edilib. İmtahan prosesində və ya gözləmə zamanı hər hansı ehtiyac yaranarsa, müəllimlərə tibbi yardım göstərilir. Tibbi personalın verdiyi məlumata görə, hələlik ciddi problem yaranmayıb: “Arterial təzyiqin ölçülməsi üçün müraciət çox olur. Başqa hər hansı ciddi narahatlıq qeydə alınmayıb”.   “Azərbaycan müəllimi” qəzeti

Bir ovuc təbəssüm, bir dünya işıq

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Təhsil naziri Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb

Mayın 31-də təhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Öttinger ilə görüşüb. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında prioritet sahələrdən biri hesab olunan təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüş zamanı həmçinin Avropa İttifaqına üzv olan ölkələrin və Azərbaycanın ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı konkret təkliflər səsləndirilib.

Təhsil naziri Almaniya Bundestaqının üzvü ilə görüşüb

Mayın 31-də təhsil naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının üzvü Nikolas Löbel ilə görüşüb. Görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonağa məlumat verib.

“Təhsil sosial mediada” layihəsinin iştirakçıları mükafatlandırılıb

Mayın 31-də Təhsil Nazirliyində “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, layihə iştirakçıları iştirak edib. Tədbir iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Təhsil sosial mediada” layihəsi Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həyata keçirilən islahatyönlü tədbirlərin mahiyyətinin təbliğ və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etmək məqsədi daşıyır. Təhsil sahəsində aparılan yeniliklərdən danışan nazir müavini iştirakçılara gələcək fəaliyyətində uğurlar arzulayıb. Çıxış edənlər layihə ilə bağlı fikirlərini bölüşüb, aparılan islahatlara öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.  Daha sonra iştirakçılar “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil sahəsində həyata keçirilən islahatyönlü tədbirlər haqqında ictimaiyyətdə obyektiv rəyin formalaşdırılması, bu sahədə səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif olunublar.

İngilis dili müəllimlərinin rekordu

Diaqnostik qiymətləndirmədə daha 2 müəllim ən yüksək bal toplayıb   Bu gün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində daha 2 müəllim ən yüksək bal toplayıb. Hər ikisi ixtisasca ingilis dili müəllimidir. Müəlimlərdən biri, Kəlbəcər rayonu 97 saylı tam orta məktəbin ingilis dili müəllimi Leyla Paşayeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, diaqnostik qiymətləndirmədə ilk dəfə iştirak edib: “Hamı diaqnostik qiymətləndirmədən keçib. Amma mən analıq məzuniyyətində olduğum üçün bunu edə bilməmişdim. Buna görə də çox həyəcanlı idim. Aprel ayından kurikuluma hazırlaşdım. Düzü, hər hansı xüsusi məqsədim yox idi. Hamı diaqnostik qiymətləndirmədən keçmişdi, mən də keçməliydim. İxtisasımla bağlı hər hansı şübhəm olmasa da,  kurikulumla bağlı suallara cavab verə bilməməkdən qorxurdum. Eyni zamanda, yüksək nəticə göstərmək istəyirdim”. Peşəsini çox sevən Leyla müəllim uşaqlarla işləməkdən zövq aldığını deyib: “Uşaqlarla işləməyi çox sevirəm. Ona görə harada işləməyimin ciddi fərqi yoxdur. Ancaq 60 bal topladığıma görə əlimdə olan fürsəti də dəyərləndirmək fikrindəyəm. Yerdəyişmə üzrə müsabiqəyə qatılacağam. Bakı məktəblərinin birində işləmək istəyirəm”. Qəbələ rayonu Vəndam qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Mədinə Qasımova diaqnostik qiymətləndirmədə ikinci dəfə iştirak edib və 60 bal toplayıb. “Keçən dəfə 55 bal toplamışdım. Ucqar kənddə çalışıram. Ən yüksək nəticə əldə etmək istəyirdim. Ona görə ikinci dəfə də imtahanlara qatıldım. Artıq 18 ildir ki, bu kənddə müəllim işləyirəm. Düşünürəm ki, hər müəllim daim öz üzərində çalışmalıdır. Peşəmiz elə peşədir ki, daim məlumatlı, hazırlıqlı olmaq tələb olunur bizdən. Diaqnostik qiymətləndirmədən keçmək mənim üçün xüsusi hazırlıq tələb etmirdi. İşimi sevirəm və dərsə hər gün hazırlaşıram. Hər gün hazırlaşdığım bir işdən imtahan vermək mənə çətin olmadı”.   “Azərbaycan müəllimi” qəzeti

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı