“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
İyulun 1-də “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin əhəmiyyətindən söz açaraq bu cür müsabiqələrin kiçik yaşdan uşaqların oxuyub-anlama qabiliyyətini inkişaf etdirdiyini, texnoloji yeniliklərdən istifadə bacarıqlarını təkmilləşdirdiyini bildirib. İntellektual yarışlarda iştirak edən məktəblilərimizin sayının hər il daha da artdığını vurğulayan nazir müavini bildirib ki, bu da yeni nəslin müasir çağırışlara ciddi hazırlaşdığını göstərir. Firudin Qurbanov deyib ki, biliklər nəyin necə qurulduğunu anlamağa imkan verir, lakin yalnız bacarıqlar bunu reallığa çevirməyə, dəyişən şəraitə uyğunlaşmağa və həyat, eləcə də karyera üçün dəyərli bir məhsul yaratmağa kömək edir. Qeyd edib ki, müasir dünyada bacarıqlar fasiləsiz təhsil və sürətli adaptasiya vasitəsilə formalaşır. İnformasiyanın köhnəlməsi səbəbindən dar akademik biliklər deyil, çevik bacarıqlar, rəqəmsal savadlılıq və müstəqil şəkildə həll yolları tapmaq qabiliyyəti ön plana çıxır. Daha sonra Təhsil İnstitutunun Təhsildə Məzmun və Qiymətləndirmə Mərkəzinin direktoru İbrahim Baxışlı “BilBacar” müsabiqəsinin nəticələri ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, bu il 3-cü və 4-cü sinifləri əhatə edən müsabiqəyə 2 316 ümumi təhsil müəssisəsini təmsil edən 186 521 şagird qoşulub, 404 uşaq finalçı seçilib. İki sinif üzrə 36 nəfər qalib elan olunub. Qaliblərdən 20-si oğlan, 16-sı qızdır. Ümumilikdə ölkə üzrə 3-cü və 4-cü sinif şagirdlərinin 67%-i müsabiqədə iştirak edib. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qalibləri təbrik edərək vurğulayıb ki, bir uşaq üçün əsas məsələ müsabiqədə medal qazanmaq deyil, özünü inkişaf etdirərək hər dəfə bir addım irəli aparmaqdır. Aynur Sofiyeva hər uğurun böyük bir məsuliyyət yaratdığını da qaliblərin diqqətinə çatdırıb. Tədbirdə regional təhsil idarələrinin “Bilbacar” müsabiqəsində aktiv fəaliyyətinə görə seçilmiş əməkdaşları, həmçinin “Yüksək nəticə” və “Fəal iştirakçılıq” nominasiyaları üzrə müəyyən olunmuş məktəblər də təltif ediliblər. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında start verilən “BilBacar” müsabiqəsinin builki əsas məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq olub.
01/07/2026 19:00
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək
Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı (https://president.az/az/articles/view/72776) bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmış mühüm addımdır. Fərman özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından səmərəli istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və bu sahədə dövlət dəstəyinin effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir. Yeni modelin əsas mahiyyəti müəyyən edilmiş qaydalar çərçivəsində övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsindən, yəni aylıq təhsil haqqının müəyyən hissəsinin dövlət büdcəsi hesabına qarşılanmasından ibarətdir. Bu yanaşma valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməklə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin inkişafına da əlavə stimul verəcək. Əsas məqsəd uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirmək və məktəbəqədər təhsilin əhatə dairəsini əhəmiyyətli dərəcədə artırmaqdır. Elm və Təhsil Nazirliyi tərəfindən Fərmanın icrası istiqamətində aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlərin icrasına başlanılıb və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq. Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Sərəncam (https://nk.gov.az/az/senedler/serencamlar/mektebeqeder-tehsil-sahesinde-valideyn-dovlet-ozel-9588) imzalanıb.
01/07/2026 15:55
Elm və təhsil naziri Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb
İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Vorvik Universitetinin təmsilçisi Kalra Virinderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş çərçivəsində Böyük Britaniyanın Vorvik Universiteti ilə mövcud əməkdaşlıq imkanları və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
01/07/2026 15:26
Firudin Qurbanov Milli Aviasiya Akademiyasında “Məzun günü” tədbirində iştirak edib
Milli Aviasiya Akademiyasında “Məzun günü” tədbiri keçirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da tədbirdə iştirak edib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb. Məktubu Akademiyanın iqtisadi və sosial məsələlər üzrə prorektoru Gülnarə Əhmədova səsləndirib. Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Azərbaycanda mülki aviasiya sahəsinin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdən, nəqliyyat infrastrukturunun modernləşdirilməsindən, aviasiya təhsilinin və insan kapitalının inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olmasından danışıb. Daha sonra “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev çıxış edərək müasir aviasiya sənayesində peşəkar kadr hazırlığının əhəmiyyətini vurğulayıb, Milli Aviasiya Akademiyasının ölkənin aviasiya sisteminə yüksəkixtisaslı mütəxəssislər qazandırdığını bildirib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Milli Məclisin deputatı Cavanşir Feyziyev də çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Mərasim çərçivəsində Akademiyanın ictimai və elmi həyatında fərqlənən tələbələrə sertifikatlar təqdim olunub. Rəsmi hissədən sonra bədii proqram təqdim olunub.
01/07/2026 09:00
ADA Universitetində 9-cu Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb
İyunun 30-da ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə 9-cu ADA Beynəlxalq Təhsil Konfransının rəsmi açılış mərasimi baş tutub. "Pedaqoji transformasiya dövründə öyrətmə və öyrənmə" mövzusuna həsr olunmuş builki konfransda süni intellektin yüksəlişi, milli inkişaf prioritetləri, əmək bazarının yeni tələbləri və müasir təhsil ekosisteminin qurulması kimi aktual çağırışlar ətrafında geniş müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə açan ADA Universitetinin Strategiya və inkişaf üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədri Vəfa Kazdal tədbirin əsas məqsədi və hədəfləri barədə ətraflı məlumat verib. Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıblar. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında müasir təhsildəki strateji hədəfləri vurğulayaraq bildirib ki, ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində istedadlı gənclərimiz ölkəni tərk etmədən yüksək səviyyəli təhsil almaq imkanı əldə edirlər. Təhsilin iki mühüm funksiyasını qeyd edən nazir, gənclərə fundamental bilik və bacarıqların qazandırılması ilə yanaşı, onlara milli və bəşəri dəyərlərin də aşılanmasının zəruriliyini diqqətə çatdırıb. ADA Universitetinin rektoru Hafiz Paşayev isə öz növbəsində keyfiyyətli təhsil mühitinin yaradılmasının əhəmiyyətinə toxunub. Rektor vurğulayıb ki, müəllimlər elmi tədqiqatlara başlamazdan əvvəl kifayət qədər praktiki təcrübə toplamalı və araşdırmalarını məhz öz təcrübələrinə, eləcə də mövzuya olan maraqlarına əsasən aparmalıdırlar. Keçmişdə müəllimlərin daha ağır və çətin şəraitdə işlədiklərini xatırladan rektor, hazırda təhsil sahəsində mühüm irəliləyişlərin olduğunu, lakin elm sahəsində hələ də görüləsi işlərin qaldığını bildirib. Konfransın əsas məruzəçisi, Honkonq Təhsil Universitetinin professoru Yusuf Oldac “Generativ Süni İntellekt dövründə əhəmiyyətli biliklər istehsal edən ali təhsil sistemlərinin qurulması: inkişaf etməkdə olan dünyadan meyllər və dərslər” mövzusunda təqdimatla çıxış edərək qlobal trendləri diqqətə çatdırıb. Proqram çərçivəsində paralel elmi sessiyalarla yanaşı, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə iki mühüm panel müzakirəsi təşkil olunub. ADA Universitetinin professoru Azər Əbizadənin moderatorluğu ilə keçən “ADA Universitetində tədqiqat ekosisteminin yaradılması: gələcəyə doğru addımlara dair düşüncələr” mövzusundakı ilk panel müzakirəsində Kanzas Dövlət Universitetinin dosenti Səbuhi Sərdarlı, Kolumbiya Universitetinin dosenti Cavid Hüseynov, Corc Vaşinqton Universitetinin professoru Sevinc Məmmədova və ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Azər Babayev çıxış edərək rəy və təkliflərini bölüşüblər. Professor Vəfa Kazdalın moderatorluğu ilə baş tutan “Azərbaycanda ibtidai və orta təhsilə nəsillərarası baxış: direktorların, müəllimlərin və valideynlərin səsləri” adlı ikinci paneldə isə fərqli tərəflərin gözü ilə ümumi təhsilin gələcəyi qiymətləndirilib. Konfrans boyu "Sürətlə dəyişən mühitdə gələcəyin bacarıqları hansılardır?", "Hər kəs üçün əlçatan və sosial reallıqları nəzərə alan kurikulumlar necə qurulmalıdır?" və "Təhsil icması yeni çağırışlara necə cavab verməlidir?" kimi suallara cavab axtarılıb. Tədbirin yekun məruzəsi ilə çıxış edən Qlobal Təhsil üzrə Ekspert, Britaniya İmperiyası Ordeni (OBE) mükafatçısı professor Ger Qraus “Sual nə olursa olsun, təhsil hər zaman cavabdır” fəlsəfəsi ilə konfransın əsas ideyasını ümumiləşdirib. Qeyd edək ki, iki gün davam edən konfransa 8 ölkədən 235-dən çox iştirakçı — təhsil ekspertləri, dövlət rəsmiləri, müəssisə rəhbərləri, müəllimlər və tələbələr qatılıb.
30/06/2026 17:42
“Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib
İyunun 30-da ADA Universitetində “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" adlı tədbir keçirilib. Tədbirdə cari ildə keçirilən sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən təhsilverənlər və digər qonaqlar iştirak ediblər. Sertifikatlaşdırma prosesinə dair geniş təqdimatla çıxış edən elm və təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üzrə nəticələri diqqətə çatdırıb. Bildirib ki, bu illər üzrə təşkil olunmuş imtahanlarda 104 435 müəllim iştirak edib, ümumilikdə 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib. Nazir çıxışında təhsilverənlərin sertifikatlaşdırılmasının növbəti mərhələsi, tamştatlı müəllimlər, mərkəzləşdirilmiş imtahanla işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma nəticələri və digər məqamlara toxunub. Sonda Emin Əmrullayev media nümayəndələrinin suallarını cavablandırıb.
30/06/2026 15:00
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 24 iyul tarixində Saatlı şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Saatlı, Sabirabad və İmişli sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 12 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
30/06/2026 10:22
Emin Əmrullayev Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində iştirak edib
İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlanıb. Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib. Heydər Əliyev Mərkəzində həftənin əsas tədbiri – “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin rəsmi açılış mərasimi keçirilib. Konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən 126 türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak ediblər. Əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətini səsləndirib. Açılış mərasimində Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin, Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev Prezident Sadır Japarovun, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı Prezident Rəcəb Tayyib Ərdoğanın, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Prezident Şavkat Mirziyoyevin müraciətlərini diqqətə çatdırıblar. Sonra Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Adil Kərimli, həmçinin bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin tədbirləri Qarabağda - Şuşa, Xankəndi və Ağdam şəhərlərində də davam edəcək. Nazir vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızda yenidən qurulan hər bir şəhər, bərpa olunan hər bir abidə və yenidən həyat qazanmış hər bir məkan Azərbaycanın dirçəlişini və bütövlükdə Türk dünyasının həmrəylik ruhunu ifadə edir. Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıdığını deyib. Baş katib əlavə edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər ortaq irsin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və Türk dünyasında inteqrasiya prosesinin daha da güclənməsinə töhfə verəcək. Milli Məclis sədrinin müavini Rafael Hüseynov çıxışında Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və siyasi tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, bu qurultay yalnız elmi toplantı deyil, həm də türk xalqlarının ortaq kimliyini və birliyini nümayiş etdirən tarixi hadisə idi. Akademik vurğulayıb ki, türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb və bu yolda böyük maarifçilər, alimlər və ziyalılar mühüm xidmətlər göstəriblər. Müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsi Birinci Türkoloji Qurultayın irsinin davamı kimi qiymətləndirilməlidir. Çıxışlardan sonra Türk dünyasının tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Beynəlxalq konqres öz işini plenar iclas və panel sessiyalarla davam etdirib. Qeyd edək ki, iyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşir.
29/06/2026 17:38
Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib. IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “ThinkIn” təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil müəssisəsindən 1000-ə yaxın müəllim iştirak edib. AZƏRTAC xəbər verir ki, Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alona Əliyeva da iştirak ediblər. Leyla Əliyeva və Alona Əliyeva festival ərazisində yaradılmış müxtəlif fəaliyyət zonaları ilə tanış olub, milli zona, sənət emalatxanaları, yoqa və meditasiya sessiyaları, əl işləri yarmarkası və digər interaktiv məkanlarda iştirakçılarla səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib və məktəblilərin hazırladığı yaradıcı çıxışları izləyiblər. Onlara müxtəlif əl işlərindən ibarət hədiyyələr təqdim olunub. Tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva festivalın hər kəsə gözəl və müsbət hisslər bəxş edəcəyinə inandığını bildirib. Leyla Əliyeva vurğulayıb ki, hər bir uşaq bir möcüzə, bir xəzinədir. Biz bunu nə qədər tez aşkar etsək, onların istedadları bir o qədər tez üzə çıxacaq. Müəllimlərin, valideynlərin və ümumilikdə böyüklərin uşaqları daha yaxşı anlamasının əhəmiyyətini qeyd edən Leyla Əliyeva mehribanlığın ən böyük xoşbəxtlik olduğunu bildirib. Sonra Leyla Əliyeva müəllimlərə gördükləri məsuliyyətli işə görə minnətdarlığını ifadə edib. Tədbir çərçivəsində keçirilən panel müzakirəsində ümumtəhsil müəssisələrində xeyirxahlıq, mərhəmət, qarşılıqlı hörmət və empatiya kimi dəyərlərin təşviqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və ADA Universitetinin prorektoru Vəfa Kazdal bu xüsusda müəllimlərin gələcək nəsillərin və bütövlükdə cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi olaraq vurğulayıblar. Daha sonra festival çərçivəsində keçirilən “Xeyirxahlıq Marafonu”nun qaliblərinin mükafatlandırma mərasimi olub. Məktəblər arasında xeyirxahlıq mövzusunda hazırlanmış ən yaradıcı sosial media məzmunları müxtəlif nominasiyalar üzrə qiymətləndirilib, 55, 244, 83, 156, 185, 45, 277, 144, 211, 300 və 165 nömrəli məktəblər “Ən səmimi təşəkkür”, “Xeyirxah əməllər mükafatı”, “Ən yaxşı ekoloji təşəbbüs” və digər nominasiyalar üzrə qalib elan olunublar. Marafon məktəblərdə xeyirxahlıq, minnətdarlıq, yaradıcılıq və həmrəyliyin gündəlik davranış mədəniyyətinə çevrilməsini təşviq etmək məqsədilə keçirilib. Yüksək əhvali-ruhiyyə şəraitində keçən festival geniş konsert proqramı ilə başa çatıb. Qeyd edək ki, Xeyirxahlıq Festivalının əsas məqsədi cəmiyyətin müəllimlərə olan dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan sağlam təhsil mühitini təşviq etmək, empatiya və mənəvi dəyərlər üzərində qurulan təhsil mədəniyyətinin inkişafına töhfə vermək, eləcə də xeyirxahlığın təhsil sistemində və cəmiyyətin inkişafındakı mühüm rolunu nümayiş etdirməkdən ibarət olub. Tədbir çərçivəsində keçirilən əl işləri yarmarkasında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, “Birgə və Sağlam” Autizm Mərkəzi, Zəka Yolu İnkişaf Mərkəzi, “İZ Community”, “Kashalata” və digər təşkilatların nümayəndələrinin hazırladıqları məhsullar tədbir iştirakçılarına təqdim olunub.
29/06/2026 14:18
Nazir müavini İdris İsayev Türkiyə Təhsil Texnologiyaları Zirvəsi və Sərgisində (TETZ 2026) çıxış edib
26-28 iyun tarixlərində İstanbulda keçirilən Türkiyə Təhsil Texnologiyaları Zirvəsi və Sərgisi (TETZ 2026) təhsil, texnologiya və süni intellekt sahəsində dünyanın müxtəlif ölkələrindən mütəxəssisləri bir araya gətirib. Zirvə çərçivəsində gələcəyin bacarıqları, təhsildə süni intellekt, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq mövzularında 30-a yaxın panel və müzakirə təşkil olunub. Tədbirdə 16 ölkənin təhsil nazirləri və nümayəndələri iştirak edib. Azərbaycanı tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev təmsil edib. Zirvə çərçivəsində elm və təhsil nazirinin müavini İdris İsayev "Rəqəmsal dövrdə insanların təhsili: sülh, dəyərlər, kimlik və gələcək" mövzusunda çıxış edib. Nazir müavini süni intellekt dövründə təhsilin qarşısında duran əsas çağırışlardan və prioritetlərdən bəhs edərək vurğulayıb ki, texnologiyalar təhsil prosesini zənginləşdirsə də, müəllimin rolunu əvəz edə bilməz. Çünki müəllim yalnız bilik ötürən deyil, həm də dəyərlər formalaşdıran, xarakter və məsuliyyətli vətəndaş yetişdirən əsas şəxsdir. Çıxış zamanı Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası çərçivəsində insan kapitalının inkişafı, rəqəmsal bacarıqların gücləndirilməsi və gələcək nəsillərin yeni texnoloji dövrə hazırlanması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda, ölkədə təhsilin rəqəmsal transformasiyası, STEAM təhsilinin genişləndirilməsi, elektron tədris resurslarının və süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat verilib. Nazir müavini qeyd edib ki, müasir məktəblər şagirdlərdə tənqidi düşünmə, yaradıcılıq, əməkdaşlıq, problem həll etmə, rəqəmsal savadlılıq və süni intellektdən məsuliyyətli istifadə bacarıqlarını formalaşdırmalıdır. O bildirib ki, texnologiyalar iqtisadiyyatları dəyişsə də, gələcəyi formalaşdıran əsas amil keyfiyyətli təhsil və güclü insan kapitalıdır. Qeyd edək ki, TETZ 2026-nın yekun bəyannaməsində təhsilin qlobal sülhün, qarşılıqlı anlaşmanın və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Zirvə təhsildə rəqəmsal transformasiya proseslərinin qiymətləndirilməsi, süni intellekt dəstəkli öyrənmə modellərinin müzakirəsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Eyni zamanda, təhsil texnologiyaları sahəsində ən son yeniliklərin paylaşılmasına və gələcəyə yönəlik siyasət təkliflərinin müzakirəsinə əhəmiyyətli töhfə verib.
29/06/2026 11:18
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib Sentyabrın 4-də təhsil ictimaiyyəti və media nümayəndələrinin iştirakı ilə PISA tədqiqatına həsr olunmuş məlumatlandırma görüşü keçirilib. Görüşdə PISA-nın məqsədi, əsas xüsusiyyətləri və 15 yaşlı şagirdlərin bilik və bacarıqlarının real həyat situasiyalarında tətbiqi imkanlarını necə qiymətləndirdiyi barədə məlumat verilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23287-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #ARTİ #PISA
ƏtraflıŞəmkir şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində təmir işləri davam edir. #ElmVəTəhsilNazirliyi #TəhsilTV #Təhsilİnfrastrukturu #YenilənənMəktəblər
Ətraflı? PISA: Bilikdən tətbiqə, öyrənmədən real həyata #ElmVəTəhsilNazirliyi #EduGovAz #ARTİ #PISA
Ətraflı