• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qarabağ Universitetində Beynəlxalq COP simulyasiya konfransı işə başlayıb

Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP)  simulyasiya konfransı öz işinə başlayıb.
 

Tədbirin keçirilməsində məqsəd COP29-un əsas mövzu və məqsədləri haqqında gəncləri maarifləndirmək, onların iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etməkdir.
 

Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və universitetin inkişaf dinamikasından bəhs edib. Rektor qeyd edib ki, regionda keyfiyyətli təhsil mərkəzi kimi formalaşan Qarabağ Universitetində bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi tələbələr üçün böyük bir təcrübə platformasıdır. 
 

Konfransın açılış mərasimində çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən, bu istiqamətdə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın önəmindən bəhs edib. Nazir müavini qeyd edib ki, COP çərçivəsində təşkil olunan bu cür simulyasiya konfransları gənclərin iqlim dəyişiklikləri mövzusunda bilik və bacarıqlarının artırılmasına, onların beynəlxalq proseslərdə fəal iştirakına mühüm töhfə verir. Yalçın Rəfiyev gənclərin bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsinin Azərbaycanın iqlim gündəliyinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.
 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında iqlim dəyişikliyinin təsirlərindən söz açaraq bildirib ki, gənc nəsil bu məsələnin həllində əsas iştirakçılardan olmalıdır. Mətin Kərimli qeyd edib ki, təhsil iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitədir və bununla bağlı biliklərin gündəlik öyrənmə metodunun bir hissəsinə çevrilməsi istiqamətində addımlar atılır. 
 

Çıxış edən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov da öz növbələrində gənclərin ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı aparılan qlobal prosesdə aktiv iştirakının vacibliyindən, eləcə də 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi perspektivlərindən, onun qlobal ekoloji prosesə verdiyi töhfələrdən bəhs ediblər.
 

Açılış mərasiminin ardından  simulyasiya konfransı öz işini plenar iclaslar formatında davam etdirib.
 

Qeyd edək ki, ikigünlük konfransda tələbələr müxtəlif ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilat və media təmsilçiləri kimi fərqli rollarda çıxış edəcəklər. Gənc iştirakçılar işçi qruplara bölünərək qlobal iqlim dəyişikliyi ilə bağlı müxtəlif ölkələrdə görülən işlərin effektivliyi, gənclərin bu prosesdə iştirakı, alternativ enerji, yaşıl dünya mövzuları ətrafında müzakirələr aparacaqlar.


26.04.2025 - 17:02