Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb

“SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb.   AZƏRTAC xəbər verir ki, açılış mərasimində Alyona Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov, Milli Məclisin deputatı Soltan Məmmədov, eləcə də dövlət qurumlarının, layihə tərəfdaşlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.   Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova çıxışında təşkilatın autizmli şəxslərə və onların ailələrinə dəstək göstərdiyini, bu sahədə maarifləndirmə işləri apardığını bildirib. “SkillBridge” layihəsinin rəhbəri Həzi Eynalov yeni mərkəzin əlilliyi və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etdiyini qeyd edib. Bildirilib ki, mərkəzdə dörd emalatxana müasir avadanlıqlarla təchiz olunub, inklüziv təhsil mühitinin yaradılması üçün müvafiq şərait qurulub. Burada qrafik dizayn, veb-dizayn və proqram təminatı, interyer və eksteryerin bədii tərtibatı, ağac nəqqaşlığı, eləcə də satış və nəzarətçi-xəzinədarlıq istiqamətləri üzrə təlimlərin təşkili nəzərdə tutulur. Bundan başqa, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən emalatxanada neyromüxtəlifliyi olan gənclər üçün qənnadçı-şirniyyatçı, barista və kargüzarlıq istiqamətləri üzrə praktiki təlimlər keçirilir. Layihə çərçivəsində ümumilikdə 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlim proqramlarına cəlb olunması və ən azı 60 nəfərin məşğulluğunun təmin edilməsi hədəflənir.   Daha sonra layihənin məqsədlərini və mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında təhsilin inkişafının, uşaqlar üçün bərabər imkanların yaradılmasının və inklüziv təhsilin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.   Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bütün uşaqların təhsil alması üçün zəruri şəraitin yaradılmasının vacibliyini qeyd edib. O, inklüziv təhsildə fiziki maneələrin aradan qaldırılması ilə yanaşı, məzunların praktiki bacarıqlarının inkişaf etdirilməsinin və əmək bazarına inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.   SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov çıxışında inklüzivliyin insanlar üçün bərabər imkanların yaradılması demək olduğunu vurğulayıb. Direktor qeyd edib ki, inklüziv təhsil və məşğulluq bir-biri ilə sıx bağlıdır və gənclərin potensiallarını reallaşdırmaları, bacarıqlar qazanmaları və əmək bazarına inteqrasiyaları üçün şərait yaradılması vacibdir. Bu təşəbbüs gənclərin özünəinamının artırılmasına və onların imkanlarının üzə çıxarılmasına xidmət edir.   Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı inklüziv peşə təhsilinin hər kəsin potensialının üzə çıxarılması və cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, 2023–2026-cı illərdə peşə təhsili müəssisələrində əlilliyi olan şəxslər üçün 5 mindən çox təhsil imkanı yaradılıb, cari tədris ilində bu kateqoriyadan olan şəxslərin qəbulu 2023-cü illə müqayisədə 40 faiz artaraq 1400 nəfərə çatıb. Direktor əlavə edib ki, yeni mərkəz peşə təhsilinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, əldə olunan bacarıqların real məşğulluğa çevrilməsinə də töhfə verəcək.   Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Milli Məclisin deputatı Soltan Məmmədov da çıxış ediblər.   Neyromüxtəlifliyi olan iki gənc öz həyat hekayələrini bölüşüb. Onların çıxışlarında peşə bacarıqlarının inkişafının və inklüziv təhsilin müstəqil həyata hazırlıqda rolu diqqətə çatdırılıb.   Tədbirin sonunda qonaqlar İnklüziv Təlim və Tədris Mərkəzinin fəaliyyəti, yaradılmış şərait və emalatxanalarla tanış olublar. Sonda xatirə fotosu çəkilib.   Qeyd edək ki, “SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı,SOCAR Midstream Gas Operations MMC və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin icraçılığı ilə həyata keçirilir. Layihə əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsinə, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və inklüziv əmək bazarının formalaşmasına dəstək göstərməyi hədəfləyir.

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib

Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib. İki ölkədən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi forum ali təhsil tərəfdaşlığının inkişafına həsr olunub.   Forum ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil edilib.   Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov forum iştirakçılarını salamlayıb, onları Qarabağ Universitetində görməkdən məmnunluğunu ifadə edib. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf dinamikasından danışıb. Nazir universitetlər arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.   Daşkənd Dövlət İqtisad Universitetinin rektoru Konqratbəy Şaripov forumun yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, belə platformaların birgə elmi tədqiqatların və təhsil layihələrinin inkişafı üçün mühüm imkanlar yaratdığını bildirib.   Forum çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri keçirilib. Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktiki tətbiqi, innovasiya potensialının artırılması və Azərbaycan–Özbəkistan ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.   Tədbirdə universitetlərarası əməkdaşlığın genişləndirilməsini, birgə elmi və akademik təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan 60-a yaxın anlaşma memorandumu imzalanıb.   16-17 oktyarındə tarixlərində Xankəndidə keçirilən II Azərbaycan-Özbəkistan Rektorlar Forumu çərçivəsində Özbəkistan nümayəndə heyətinin Şuşaya və Qarabağ Universitetinə səfəri baş tutub.   Səfər çərçivəsində qonaqlar şəhərin tarixi-memarlıq abidələri, Qarabağ Universitetinin əsas binası, Biznes və iqtisadiyyat fakültəsi, eləcə də Tibb fakültəsi ilə tanış olub və ətraflı məlumat əldə ediblər.   Nümayəndə heyəti həmçinin Füzuli şəhərində yerləşən Mirzo Uluqbəy adına 1 nömrəli tam orta məktəbi ziyarət edib, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub.

Müəllimlər üçün vergi və maliyyə savadlılığı mövzusunda seminarlar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Elm və Təhsil Nazirliyi arasında təhsilalanların vergi mədəniyyətinin və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planının icrası davam edir. Plan çərçivəsində ümumi təhsil müəssisələrinin müəllimləri üçün seminarlar təşkil olunub.   Bakı, Şirvan və Xankəndi şəhərlərində “Vergi və maliyyə savadlılığının effektiv tədrisi” mövzusunda keçirilən seminarlarda 100-dən çox müəllim iştirak edib.   Seminarların məqsədi müəllimlərin vergi və maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, bu sahədə tədrisin səmərəliliyini artırmaq və şagirdlərdə vergi mədəniyyətinin formalaşmasına dəstək göstərmək olub.   Tədbirlərdə iştirakçılara vergi sisteminin mahiyyəti, vergilərin ölkənin iqtisadi inkişafında və ictimai xidmətlərin maliyyələşdirilməsində rolu, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi uçotuna alınma qaydaları, vergi növləri, vergi azadolmaları və güzəştləri barədə məlumat verilib. Eyni zamanda, vergi qanunvericiliyinin əsas tələbləri və həmin tələblərin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah olunub.   Müzakirələr zamanı şəxsi maliyyənin idarə edilməsi, gəlir və xərclərin planlaşdırılması, büdcənin formalaşdırılması və məsuliyyətli maliyyə qərarlarının qəbulu məsələlərinə də toxunulub. Vergi və maliyyə savadlılığının gündəlik həyatda əhəmiyyəti, bu biliklərin şagirdlərə aşılanmasının onların iqtisadi təfəkkürünün və praktiki maliyyə bacarıqlarının inkişafındakı rolu vurğulanıb.   İnteraktiv formatda keçirilən seminarlarda iştirakçıların sualları cavablandırılıb, vergi qanunvericiliyinin tətbiqi və maliyyə savadlılığının tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb.

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.   Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb. Burada ümumtəhsil, musiqi, təsviri və tətbiqi sənət, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir. Gimnaziya tədris prosesinin təşkili üçün zəruri alət, inventar və digər avadanlıqlarla təmin edilib.    Hazırda gimnaziyada 1214 şagirdin təlim-tərbiyəsi ilə 393 müəllim məşğul olur. Gimnaziyada ümumtəhsil fənləri üzrə sinif otaqları, ixtisas fənlərinin tədrisi üçün müasir fərdi və qrup məşğələ auditoriyaları, eləcə də yaradıcılıq emalatxanaları yaradılıb.    Gimnaziyada şagirdlərə milli və klassik musiqi ilə yanaşı, müxtəlif incəsənət istiqamətləri üzrə bilik və bacarıqlar aşılanır, onların yaradıcılıq potensialının inkişafına şərait yaradılır. Qeyd edək ki, İncəsənət Gimnaziyasının 8 yetirməsi gənc istedadların “Qızıl kitab”ına daxil edilib.

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı növbəti görüş keçirilib

Elm və Təhsil Nazirliyində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrindэ keyfiyyətin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun növbəti görüşü keçirilib.    Görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi, nazirliyin müvafiq qurumları və Ədliyyə Nazirliyinin əməkdaşları iştirak ediblər.   İşçi Qrupunun sədri, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışı zamanı “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası çərçivəsində görülmüş işlər barədə məlumat verib.    Bildirilib ki, Tədbirlər Planında nəzərdə tutulan “Məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması” tədbiri ilə bağlı İşçi Qrupu üzvlərinin rəy və təklifləri toplanılıb. Məlumatlar əsasında “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nın yenilənməsi istiqamətində ilkin layihə hazırlanıb.   Görüşdə həmçinin sözügedən layihə iştirakçılara təqdim olunub və sənədin məzmunu, tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb, layihənin təkmilləşdirilməsi və növbəti mərhələdə görüləcək işlərlə bağlı müzakirələr keçirilib.   Qeyd edək ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” çərçivəsində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsi, eləcə də uyğunlaşdırılmış peşə təhsili proqramlarının çərçivə sənədinin hazırlanması nəzərdə tutulub.

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin təhsilalanları arasında həyata keçirilən “Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir.   Layihə çərçivəsində bir sıra peşə təhsili müəssisələrində hüquqi maarifləndirmə tədbirləri, interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər təşkil olunub.   Tədbirlər Abşeron Binə Peşə Liseyi, Abşeron Ceyranbatan Peşə Liseyi, Bakı Turizm Peşə Məktəbi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarını əhatə edib.   Maarifləndirmə tədbirlərində “İnsan alveri”, “Erkən nikahların hüquqi və sosial aspektləri”, “İctimai qayda pozuntuları və inzibati məsuliyyət”, “Bullinq və ictimai təzyiq”, eləcə də “Narkomaniya ilə mübarizə” mövzuları müzakirə olunub.   Layihənin əsas məqsədi gənclərin hüquqi biliklərini artırmaq, hüquq və vəzifələri barədə məlumatlılığını yüksəltmək, onlarda hüquq mədəniyyətini formalaşdırmaq, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmləri barədə biliklərini genişləndirmək, həmçinin vətəndaş məsuliyyətini və hüquqi düşüncə tərzini inkişaf etdirməkdir.   Qeyd edək ki, cari ilin may ayından etibarən həyata keçirilən layihə çərçivəsində indiyədək ümumilikdə 500 nəfərə yaxın təhsilalan iştirak edib.

Elm və təhsil naziri və Laos Xalq Demokratik Respublikasının Prezidenti Bakı Dövlət Universitetində tələbələrlə görüşüb

Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Dövlət Universitetini (BDU) ziyarət edib, burada təhsil alan tələbələrlə görüşüb.   BDU-nun rektoru Elçin Babayev görüşdə çıxış edərək universitetin Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd edib.   Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil aldığını bildirib. Nazir “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının yaratdığı imkanları qeyd edərək Laosdan olan gəncləri bu imkanlardan yararlanmağa dəvət edib. Nazir həmçinin iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.   Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit isə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini bildirib.   Görüşün sonunda Laos Prezidenti tələbələrin suallarını cavablandırıb.   Thonqlun Sisulit daha sonra BDU-nun fəxri doktoru Ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeylə tanış olub.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq  Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb. Proqrama müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd sırasından 55 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.   Seçilmiş namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 11 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.   Qeyd edək ki, bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.    Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantının ayrılması nəzərdə tutulur.

Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.   Görüş zamanı “Maarifçi”lərin əldə etdikləri bilik və bacarıqlar, qarşılaşdıqları məsələlər, gələcək karyera perspektivləri və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.   Firudin Qurbanov gəncləri yaradılan imkanlardan səmərəli istifadə etməyə, praktiki təcrübə qazanmağa və daim öz üzərlərində işləməyə çağırıb. Müasir əmək bazarında innovativ düşüncə, yaradıcı yanaşma, təşəbbüskarlıq, texnologiyalardan istifadə, ünsiyyət və komandada işləmək bacarıqlarının əhəmiyyətini vurğulayıb.   Nazir müavini “Maarifçi” proqramının mahiyyətindən danışaraq maarifçiliyin bilik və bacarıqların ötürülməsi, cəmiyyətin inkişafına töhfə verilməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, proqrama bu il rekord sayda müraciət daxil olub və seçim nəticəsində yeni iştirakçılar müəyyənləşdirilib.   Firudin Qurbanov müasir dövrdə gənclərin qarşısında yeni vəzifələrin dayandığını qeyd edərək, onların XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara, geniş dünyagörüşünə və müstəqil düşünmə qabiliyyətinə malik olmasının vacibliyini vurğulayıb.    Müasir dünyanın texnoloji inqilab dövrünü yaşadığını, rəqəmsallaşmanın sürətləndiyini və süni intellektin həyat və düşüncə tərzini köklü şəkildə dəyişdirdiyini bildirən nazir müavini bu texnologiyaların əmək bazarına təsirinə diqqət çəkib. Həmçinin qeyd edib ki, gənclər süni intellekt alətlərindən istifadə etməklə yanaşı, onların iş prinsiplərini də anlamalı, texnoloji dəyişikliklərə hazır olmalıdırlar.    Qərarların elmi araşdırma və təhlilə əsaslanmasının vacibliyinə də toxunan Firudin Qurbanov bu yanaşmanın daha düzgün və əsaslandırılmış qərarların qəbulunda mühüm rol oynadığını bildirib.   Görüşdə 44 günlük Vətən müharibəsi və qazanılan Zəfərin əhəmiyyətinə də toxunulub. Nazir müavini şəhidlərin və qazilərin fədakarlığının ölkəmizin inkişafı üçün yeni imkanlar yaratdığını qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb.   Sonda proqram iştirakçıları onları maraqlandıran sualları nazir müavininə ünvanlayıblar.   Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın əsas məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, tələbə və məzunların praktiki fəaliyyət vasitəsilə sahəvi bilik və bacarıqlarının artırılması, müasir yanaşmaları öyrənmələri və təhsil islahatları prosesinə dəstək vermələridir.

Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ticarət və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak edib.   İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. Həsən Həsənli çıxışında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alan tələbələrin əhəmiyyətli sayını vurğulayaraq Dövlət Proqramları, eləcə də ikili diplom proqramlarının ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. Bununla yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrinin dəstəklənməsi, eləcə də ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.    Komissiyanın iclasında həmçinin iki ölkə arasında ticari-iqtisadi, sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi, mədəniyyət, eləcə də turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.   Sonda Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb, 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul edilib.

23/11/2026

Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək.

Ətraflı
23/11/2026

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.

Ətraflı
23/11/2026

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.

Ətraflı