• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Firudin Qurbanov autizmlə bağlı beynəlxalq elmi konfransda iştirak edib

Aprelin 24-də “Autizm - tədqiqatdan təcrübəyə” adlı beynəlxalq autizm konfransının rəsmi açılış mərasimi keçirilib.

 

“Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi beynəlxalq mütəxəssislərin təqdimatında autizm haqqında müasir elmi araşdırmaları, həmçinin autizmə effektiv müdaxilə metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi və onlar üçün dayanıqlı məşğulluq imkanları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdırmaq, həmçinin autizm haqqında maarifləndirmə aparmaqdır.

 

Açılış nitqi ilə qonaqları salamlayan “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova konfransın əhəmiyyətini vurğulayaraq bu tədbirin artıq dördüncü dəfə keçirildiyini diqqətə çatdırıb və tədbirin təşkilində dəstək göstərən hər kəsə təşəkkür edib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı qeyd edib ki, övladlarına autizm diaqnozu qoyulmuş ailələrin sosial qayğılarının azaldılması, valideynlərin lazımi səriştələr qazanması məqsədilə dövlət qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilir və bu tədbirlərin ölkə miqyasında yayılması üçün xüsusi səylər göstərilir. 

 

Açılış tədbirində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov autizmli uşaqların məktəbəqədər və məktəb yaşında ümumi təhsil sisteminə cəlb edilməsinin onların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdiyini diqqətə çatdırıb. Nazir müavini əlavə edib ki, təhsil sisteminin vəzifəsi autistik spektr pozuntusu olan uşaqlar daxil olmaqla atipik inkişaf edən uşaqların imkanlarını və məhdudiyyətlərini nəzərə alaraq onların təlim və tərbiyəsini təşkil etməkdir.

 

Autizmli uşaqların inklüziv təhsilə cəlb edilməsi, həmçinin təhsilverənlərin bu sahədə peşəkar inkişafı üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərdən bəhs edən nazir müavini bildirib ki, 2020-ci ildən başlayaraq nazirliyin Fəaliyyət Planına əsasən, inklüziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələrinin şəbəkəsi Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri ilə bərabər regionlarda da genişləndirilərək sayı 69-a çatdırılıb. İnklüziv təhsil sahəsində bilik və bacarıqların artırılması məqsədilə müəllimlər üçün tədris proqramları, valideynlər üçün isə öyrədici metodiki vəsaitlər hazırlanıb. Ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətini formalaşdırmaq üçün pedaqoji və inzibati heyət, o cümlədən şagird və valideynlərlə maarifləndirici görüşlər keçirilib. 

 

Firudin Qurbanov çıxışının sonunda dünya təcrübəsinə əsasən yalnız birgə sistemli fəaliyyət nəticəsində, vahid kompleks tədbirlər vasitəsilə autizm xəstələrinin əlilliyini əhəmiyyətli dərəcədə azaltmağın mümkünlüyünü vurğulayıb. 

 

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev öz növbəsində inklüziv təhsil istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən mühüm roldan danışıb və bildirib ki, bu rol həm kadr hazırlığı, həm də artıq əmək bazarında fəaliyyət göstərən şəxslərə əlavə bilik və bacarıqların verilməsi baxımından əhəmiyyətlidir. Bakı Slavyan Universitetində 3 ildir ki həyata keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsindən söz açan rektor layihənin əsas məqsədinin müəllim hazırlığı prosesində tədris məzmunu və resurslarına inklüziv təhsil prinsiplərinin inteqrasiyasının olduğunu diqqətə çatdırıb.

 

Çıxış edən "Kapital Bank"ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə "Kapital Bank" tərəfindən təhsil sahəsində həyata keçirilən əhəmiyyətli layihələrdən danışıb və konfransın işinə uğurlar arzulayıb. 

 

Digər qonaqlar konfransın mövzusu istiqamətində öz sahələrində görülən işləri diqqətə çatdırıblar. 

 

Rəsmi açılış hissəsindən sonra “Birgə və Sağlam” İctimai Birliyinin “Mavi ürəklər” inklüziv musiqi qrupu konsert proqramı ilə çıxış edib.

 

Qeyd edək ki, 23-25 aprel tarixlərini əhatə edən konfransın ilk günü Bakı Slavyan Universitetində autizmlə bağlı müxtəlif mövzulara həsr olunan 10 praktik seminar təşkil edilib. Konfransda ABŞ, İsveç, Norveç, İrlandiya və Türkiyədən dəvət olunmuş tədqiqatçılar, həmçinin yerli mütəxəssislərin geniş təqdimatlarla çıxışları, ekspertlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub. 

 

Konfrans Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Medianın İnkişafı Agentliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi, NEQSOL Holding, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Media Mərkəzi və Azərbaycan Pediatriya Cəmiyyətinin tərəfdaşlığı, "Azərbaycan Hava Yolları" QSC, bp şirkəti, Kapital Bank və “SARDA Group”un sponsorluğu, “Atashgah” İncəsənət Mərkəzi, IBAO, DePromo, Özsüt, “İnklüziv İnkişafa Dəstək Mərkəzi”, “Kashalata” kafe, PM Akademiya, “Birlik” İctimai Birliyi, “Umid var” İnklüziv Yaradıcılıq Birliyi və “SBS” şirkətinin dəstəyi ilə keçirilir. 


24.04.2025 - 13:00