Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib. Nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb. Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb. Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son zəng" proqramı ilə yekunlaşıb.
13/06/2026 17:43
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
İyunun 13-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. “Son zəng” tədbirlərində elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov və Həsən Həsənli, nazirliyin Aparat rəhbəri Mətin Kərimli, Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov, Tural Ayvazlı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli, elm və təhsil nazirinin müşavirləri Rüstəm Ağayev, Nizami Yusifli, nazirliyin və tabe qurumların struktur bölmə rəhbərləri, yerli icra hakimiyyətlərinin nümayəndələri, məzunlar, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllimlər və valideynlər iştirak ediblər. Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib. Tədbir iştirakçıları məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. “Son zəng” tədbirlərindən fotoları təqdim edirik.
13/06/2026 14:00
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. “Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məzunları təbrik edərək bildirib ki, “Son zəng” məktəb həyatının başa çatması ilə yanaşı, gənclərin həyatında yeni və məsuliyyətli mərhələnin başlanğıcını ifadə edir. Nazir qeyd edib ki, bugünkü məzunlar gələcəyin tələbələri, mütəxəssisləri və ölkənin inkişafına töhfə verəcək vətəndaşlarıdır. Emin Əmrullayev məzunlara gələcək həyat yollarında düzgün seçimlər etməyi və cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməyi arzulayıb. Nazir həmçinin şagirdlərlə səmimi söhbət apararaq onların gələcək təhsil və karyera planları ilə maraqlanıb. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzulayıb, ölkənin inkişafında savadlı və vətənpərvər gənclərin rolunu vurğulayıb. Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir məzunlarla xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
13/06/2026 11:20
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) "Məzun günü" tədbiri keçirilib. Əvvəlcə Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun orkestrinin ifasında Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev əvvəlcə məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor bildirib ki, 107 il əvvəl cəmi iki fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan BDU bu gün regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. 25 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfərlik professor-müəllim heyətinin çalışdığı ali təhsil müəssisəsi kimi BDU təkcə ölkəmizdə deyil, regionun aparıcı universiteti kimi sürətlə inkişaf edir. Bakı Dövlət Universiteti hər zaman öz missiyasına sadiq qalaraq cəmiyyətə savadlı, vətənpərvər, məsuliyyətli və təşəbbüskar gənclər bəxş edib. Bu gün də bu missiya davam edir. Sonra universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib. Çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu il ölkəmizin ali təhsil müəssisələrini 63 mindən artıq tələbə bitirir. Onlardan 6 mindən çoxu Bakı Dövlət Universitetinin məzunudur. Nazir müavini qeyd edib ki, ölkəmizdə təhsildə insan kapitalının inkişafına ciddi diqqət yetirilir: “Ölkə başçısı tərəfindən müəyyən edilmiş siyasətin prioritet istiqamətlərindən biri də məhz təhsil və insan kapitalıdır. Ali təhsilin əlçatanlığı və əhatə dairəsi artırılıb, məzmunu təkmilləşdirilib, beynəlxalq rəqabətliliyi gücləndirilib. 2025-ci ilin göstəricisinə görə, 9 ali təhsil müəssisəsi beynəlxalq reytinqlərdə təmsil olunub. Onların 6-sı TOP-1000-likdə yerləşib. Təhsil tariximizdə ilk dəfə olaraq Bakı Dövlət Universiteti 688-ci sıra ilə beynəlxalq reytinqdə təmsil olunub. Ümid edirəm ki, ali təhsil müəssisələrimizin bu göstəriciləri növbəti illərdə daha da yaxşılaşacaq”. İdris İsayev vurğulayıb ki, hazırda ali təhsil müəssisələrinə il ərzində təxminən 78 min tələbə qəbul edilir. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində hər il 500-ə yaxın istedadlı gənc bakalavriat, magistratura, doktorantura səviyyəsində xarici nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə beynəlxalq ikili diplom proqramlarının sayının səkkizə çatdırılması nəzərdə tutulub. Hazırda altı proqram fəaliyyət göstərir. Milli Məclis sədrinin müavini Rafael Hüseynov öz növbəsində qeyd edib ki, bir əsrdən artıq tarixə malik olan Bakı Dövlət Universiteti ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında hər zaman aparıcı rol oynayıb. Azərbaycanı dünyada tanıdan, onu inkişaf etdirən ən böyük qüvvə onun savadlı, vətənpərvər övladlarıdır. Bu övladların böyük bir hissəsi dünən də, bu gün də, sabah da Bakı Dövlət Universitetində yetişəcək. Çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, BDU Azərbaycan elminin və təhsilinin flaqmanı hesab olunur. Bu ali təhsil müəssisəsi bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Qədim və zəngin Azərbaycan mədəniyyətini təmsil edən BDU ölkənin elmi və mədəni xəzinəsinə mühüm töhfələr verib. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" adlandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət elm və təhsil siyasətinin uğurla icrasında Bakı Dövlət Universitetinin böyük xidmətləri var. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizin ilk ali təhsil müəssisəsi olan BDU-nun hazırda Azərbaycan elminin, təhsilinin və ictimai fikir tarixinin ən nufuzlu mərkəzlərindən biri olduğunu deyib. O qeyd edib ki, bu ali təhsil ocağı yalnız yüksəkixtisaslı mütəxəssislər yetişdirməklə kifayətlənmir, gənclərdə vətənpərvərlik ruhunu, dövlətçilik təfəkkürünü, qanuna hörmət hissini, insan ləyaqətinə ehtiramını və cəmiyyət qarşısında məsuliyyət duyğusunu formalaşdırır. Digər çıxışçılar da məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar. Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzuna sertifikat və hədiyyələr təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.
13/06/2026 10:00
Bu gün məktəblərdə “Son zəng” çalınır
İyunun 13-də ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur. 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 116 550 nəfər şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlandır. Bu il həmçinin nəfər 159 mindən çox şagird IX sinfi, 131 mindən çox şagird isə birinci sinfi bitirir. 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 85 mindən çox uşaq uşaq təhsil alıb.
13/06/2026 09:00
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
İyunun 12-də Elm və Təhsil Nazirliyində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun ilk görüşü keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi ilə yanaşı, nazirliyin müvafiq qurumlarının, həmçinin Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iştirak ediblər. Görüşdə İşçi Qrupunun sədri Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman açılış nitqi ilə çıxış edib və "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının tədbir və alttədbirləri, xüsusilə 2026-cı il üzrə icrası nəzərdə tutulmuş məsələlər barədə məlumat verib. Müzakirələr zamanı “Məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması” tədbiri çərçivəsində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsi, eləcə də uyğunlaşdırılmış peşə təhsili proqramlarının çərçivə sənədinin hazırlanmasına dair görülmüş işlər, mövcud ehtiyaclar və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə elm və təhsil nazirinin müvafiq əmri ilə işçi qrupu yaradılıb. İşçi qrupunun tərkibinə Elm və Təhsil Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər maraqlı tərəflərin nümayəndələri daxildir.
12/06/2026 17:40
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Gəncə, Samux və Kəlbəcər sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
12/06/2026 17:06
Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıblar
İyunun 11-də Bakı Dövlət Universitetində Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qaliblərin uğurlarının arxasında böyük zəhmət, əzmkarlıq və məqsədyönlü fəaliyyət dayanır. Nazir müavini qeyd edib ki, olimpiada qaliblərinin əldə etdiyi nailiyyətlər yalnız medal və mükafatlarla ölçülmür, eyni zamanda onların qazandıqları bilik, bacarıq və düşüncə tərzi gələcək uğurlarının əsasını təşkil edir. İdris İsayev əldə olunan nəticələrdə valideynlərin və müəllimlərin rolunu xüsusi qeyd edərək onları təbrik edib, çıxışında dövlətin ən böyük sərvətlərindən birinin insan kapitalı olduğunu bildirib, ölkədə təhsilin inkişafı və gənclərin potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Respublika Fənn Olimpiadaları şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq səviyyədə rəqabətqabiliyyətli kadrlar kimi yetişməsi baxımından mühüm rol oynayır. Nazir müavini olimpiada qaliblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq bu nailiyyətlərin onların həyat yolunda yeni uğurların başlanğıcı olacağına əminliyini ifadə edib. Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Respublika Fənn Olimpiadaları ölkənin ən istedadlı məktəblilərini bir araya gətirən nüfuzlu bilik yarışıdır. Rektor qeyd edib ki, olimpiadaların məqsədi şagirdlərin istedad və yaradıcılıq potensialını üzə çıxarmaq, onlarda özünəinam hissini gücləndirmək və gələcək peşə seçimlərinə dəstək olmaqdır. O vurğulayıb ki, olimpiadalar şagirdlərə öz potensiallarını nümayiş etdirmək və gələcəyə daha inamla addımlamaq imkanı da yaradır. Tədbirin rəsmi hissəsindən sonra humanitar fənlər üzrə 32 qızıl, 62 gümüş, 89 bürünc medal qaliblərə təqdim olunub. Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb. İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb. Respublika Fənn Olimpiadaları nədir? Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir. Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir. Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.
12/06/2026 09:21
Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına səfər ediblər. Səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olub, universitet rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyası barədə məlumatlandırılıblar. Daha sonra nümayəndə heyəti Tibb və sağlamlıq elmləri fakültəsinin tədris infrastrukturu – auditoriyalar, tədqiqat və tədris laboratoriyaları, həmçinin Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Qonaqlara praktik bacarıqların inkişafına yönəlmiş tədris imkanları və tələbələrin peşəkar hazırlığı üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti daha sonra Qarabağ Universitetinin Klinikasına baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olub. Rəsmi proqram çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev fakültənin tələbələri, akademik heyəti və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Görüş zamanı ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sistemində insan resurslarının gücləndirilməsi, gənc həkimlərin hazırlığı və elmi-tədqiqat fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub. İnteraktiv formatda keçən görüşdə nazirlər iştirakçıların suallarını cavablandıraraq dövlətin təhsil və səhiyyə sahələrinin inkişafına yönəlmiş prioritetləri barədə məlumat verib, səhiyyə sahəsində aparılan islahatlarla bağlı fikirlərini bölüşüb, gənclərin peşəkar inkişafına və keyfiyyətli tibb təhsilinin təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıblar. Görüş zamanı Qarabağ Universitetinin regionda yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında oynadığı rol, universitet-klinika modelinin üstünlükləri, eləcə də Qarabağda müasir səhiyyə və təhsil ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub. Qonaqlar həmçinin universitetin tələbə yataqxanasında tələbələr üçün yaradılmış yaşayış şəraiti və təqdim olunan imkanlarla tanış olublar. Səfər çərçivəsində qonaqlar Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı musiqi proqramını da izləyiblər.
11/06/2026 17:05
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir!
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək. Olimpiada məktəblilər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi, fiziki hazırlığın yüksəldilməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyır. İştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanında yarışacaqlar. Ümumilikdə ölkəmizin 59 rayon və şəhərini 2000-dən çox məktəbli təmsil edəcək. Olimpiadada iştirak edəcək məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir. Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında keçiriləcək. Yarışlar 21-26 iyun tarixlərini əhatə edəcək.
11/06/2026 14:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır! ❗Qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək. Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: ▶️ Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. ▶️ Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. ▶️ 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar. #ElmvəTəhsilNazirliyi #EduGovAz #MyGov #TSİİ #RəqəmsalTəhsil
ƏtraflıBu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək. Onların arasında Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olan gənclərimiz də var. Gəlin həmin təqaüdçülərimizi tanıyaq! #xaricdətəhsil #dövlətproqramı #dpeduaz
Ətraflı?Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb. Qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək. Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ
Ətraflı