• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Test imtahanlarının 3-cü günü

İyulun 13-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255 namizəd dəvət olunub.   Qeyd edək ki, test imtahanları 11-15 iyul tarixlərini əhatə edir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.   Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.

64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

2-13 iyul tarixlərində Yaponiyanın Çiba şəhərində keçirilən 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər. 112 ölkə üzrə 618 şagirdin iştirak etdiyi yarışda 6 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıb.    Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva gümüş, Cəlil Hüseynov bürünc medal qazanıblar. Həmin liseyin X sinif şagirdi İbrahim Kərimli və XI sinif şagirdi Anar Mehdiyev, həmçinin Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın XI sinif şagirdi Fərrux Əsədov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Mirhəbib Əsgərov həvəsləndirici mükafata layiq görülüblər.    Onu da qeyd edək ki, Fidan Qarayeva Asiya üzrə Məryəm Mirzəxani mükafatı ilə təltif olunub. Sözügedən mükafat hər bir regionda ən yüksək nəticə göstərən məktəbli qızlara təqdim edilir.   Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!

Riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə apellyasiya müraciətlərinə start verildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb. İmtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.   Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.  

Təhsil tələbə krediti almaq üçün müraciət edənlərin statistikası

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.   Təhsil Tələbə Krediti Fonduna müraciət edən şəxslər üzrə ümumilikdə 6714 nəfər təhsil tələbə kreditindən yararlanıb. Onlardan 2345 nəfərin müraciəti sosial TTK, 4369 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.   Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.

Xaricdə təhsil üzrə sənəd qəbulu iyulun 14-də yekunlaşır

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu iyulun 14-də başa çatacaq.   Proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər.     Qeyd edək ki, proqrama müraciət edən namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədləri elektron ərizə sistemində yaratdığı “Şəxsi kabinet”ə əlavə etməklə ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun gələn namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən şəxslər aidiyyəti üzrə növbəti mərhələyə buraxılırlar.   Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz. 

Media savadlılığının artırılması ilə bağlı görüş keçirilib

Elm və Təhsil Nazirliyi ilə Medianın İnkişafı Agentliyi arasında media savadlılığının artırılmasına dair görüş keçirilib.    Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli hər iki qurum arasında əməkdaşlıq çərçivəsində görülən işləri təqdir edib. Mətin Kərimli gələcəkdə bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini bildirib.   Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov öz növbəsində media savadlılığının artırılması ilə bağlı həyata keçirilən dövlət proqramları, bu sahənin mövcud vəziyyətindən bəhs edib və kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulayıb.   Görüş çərçivəsində media savadlılığının əhəmiyyəti, ali və ümumtəhsil məktəblərində tədris proqramı çərçivəsində mənimsənilməsi, beynəlxalq təcrübə və fəaliyyət planı müzakirə olunub. Bununla yanaşı, qurumlararası əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.    Görüşdə media savadlılığı ilə bağlı təqdimat da nümayiş olunub.

MİQ-in test imtahanları davam edir

İyulun 12-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində tarix, coğrafiya, informatika, fizika və fransız dili fənləri üzrə namizədlər iştirak edəcəklər.   Bu gün keçiriləcək test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub.   Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 11-15 iyul tarixlərini əhatə edəcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.   Müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik təhsilverənlərin aşkarlanmasında bərabər, ədalətli imkandır.

Elm və təhsil naziri Bərdədə Aqrar İnnovasiya Festivalında iştirak edib

"Peşə təhsili sahəsində aparılan islahatlar artıq öz nəticəsini göstərməyə başlayıb. Bu müəssisələrə qəbul olunan tələbə sayı son 3 ildə 50 faizdən çox artaraq 19 000 nəfərə çatıb”.    Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iyulun 11-də Bərdə rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında səsləndirib.    Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev peşə təhsilinin iqtisadiyyatın bütün sahələri ilə əlaqəli şəkildə inkişafının əhəmiyyətini qeyd edib. Emin Əmrullayev peşə məktəblərində, əsasən, gənclərin təhsil almalarına baxmayaraq, yaşlı nəslin nümayəndələrinin də burada yenilikləri öyrənə, öz bilik və bacarıqlarını təkmilləşdirə biləcəklərini vurğulayıb.   Tədbirdə iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, festival kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə peşə təhsili müəssisələri arasında əməkdaşlığın daha da artmasına müsbət təsirini göstərəcək.   Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Bərdə peşə liseyində təşkil edilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin bütün tabe qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdindəki bir sıra peşə təhsili müəssisələri və 80-dən çox yerli, xarici şirkət nümayəndələri, həmçinin müxtəlif startapçılar iştirak ediblər.    Festivalın keçirilməsində məqsəd Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verilməsi, bu sahə ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi, aqrar elm və təhsilin sahibkarlıq fəaliyyətinə inteqrasiyasıdır.   Festivalda kənd təsərrüfatına marağın artırılması və gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə peşə təhsili müəssisələrinin tələbələri üçün məlumat sessiyaları keçirilib, həmçinin fermerlər üçün təlimlər təşkil edilib.    Festival zamanı qonaqlar Bərdə peşə liseyinin fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, 2021-ci ildə müasir standartlar əsasında fəaliyyətə başlayan müəssisədə 1200-ə yaxın tələbə kənd təsərrüfatı, İKT və sənaye kimi yüksək tələbat olan sahələr üzrə təhsil alır.

Nazir müavini Şamaxıda MİQ imtahanlarını izləyib

İyulun 11-də elm və təhsil nazirinin müavini Həsən Həsənli müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının gedişatını izləmək üçün Şamaxıya səfər edib.  Nazir müavini Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyevlə birlikdə Şamaxı şəhəri 6 nömrəli tam orta məktəbdə təşkil edilən imtahan mərkəzində olub. Həsən Həsənli bildirib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik müəllimləri aşkarlamaq imkanı verir, nəticə etibarilə, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir.     Qeyd edək ki, MİQ-in test imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 2 mərkəzdə – Şamaxı şəhəri 6 və 9 nömrəli tam orta məktəblərdə keçirilir. İmtahanın ilk günündə riyaziyyat, fiziki tərbiyə və kimya fənləri üzrə ümumilikdə 308 namizəd iştirak edib.

34-cü Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimizin uğuru

3-11 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər. 76 ölkə üzrə 293 şagirdin iştirak etdiyi yarışda 4 məktəbli ilə təmsil olunan komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.    Olimpiadada Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Zəhrabəyim Abdullayeva və Nurlan Məmmədov bürünc, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Kənan Orucəliyev isə həvəsləndirici mükafata layiq görülüb.   Məktəblilərimizi təbrik edir və onlara yeni-yeni nailiyyətlər arzulayırıq!

28/05/2024

Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. ?????? #ElmVəTəhsilNazirliyi #28may #MüstəqillikGünü #MüstəqilAzərbaycan

Ətraflı
27/05/2024

Azyaşlı uşaqlara iqlim dəyişmələri və dayanıqlılıqla bağlı biliklərin aşılanmasını nəzərdə tutan “Yaşıl bağça” layihəsinə start verilib.

Ətraflı
27/05/2024

Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://bit.ly/4dUiEDH

Ətraflı