Qarabağ Universitetində keçirilən VII Türkoloji Yay Məktəbi başa çatıb
10-16 avqust tarixlərində Qarabağ Universitetində Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən 7-ci Türkoloji Yay Məktəbi başa çatıb.
Yay məktəbinin keçirilməsində əsas məqsəd türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında qarşılıqlı bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdan ibarət olub.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan 32 gənc alim və doktorantın qatıldığı bir həftəlik yay məktəbi çərçivəsində türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslər təşkil olunub. Dərslər 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssis tərəfindən keçirilib.
Bununla yanaşı, iştirakçılar arasında türkologiyanın müvafiq istiqamətləri üzrə elmi yanaşmalar və tədqiqat təcrübələri paylaşılıb, eləcə də müvafiq mövzularda elmi diskussiyalar aparılıb. Tədbir, həm iştirakçı ölkələr arasında mövcud elmi əlaqələrin möhkəmləndirilməsinə, həm də Türk dünyasının ortaq elmi gələcəyinin formalaşmasına dəstək göstərilməsinə xidmət edib.
Proqram çərçivəsində iştirakçılar üçün gəzinti də təşkil olunub. Gənc türkoloqlar Şuşaya və İsa Bulağına səfər edərək Azərbaycanın zəngin tarixi və mədəniyyət irsi ilə yaxından tanış olublar.
Yay məktəbinin sonunda iştirakçılara Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə sertifikatları təqdim olunub.
Qeyd edək ki, Türkoloji Yay Məktəbi indiyədək Türkiyə, Qırğızıstan və Qazaxıstanda təşkil edilib. Qarabağ Universiteti bu ənənənin davamlılığını təmin etmək məqsədilə gələcəkdə də Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası ilə Türk dünyasının ortaq irsinin araşdırılması, öyrənilməsi və təbliği istiqamətində birgə layihələr həyata keçirməyi planlaşdırır.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
