Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb
Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Bakının Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev tədrisin keyfiyyətinin yaxşılaşdırılması, məktəb idarəetməsinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi məsələlərindən söz açıb. Məktəblərin inzibati idarəetməsində mövcud problemlər və onların həlli ilə bağlı addımları qeyd edən nazir daha sonra şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması əsas məsələlərdəndir. Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb. Görüşdə valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsi, bu əlaqələrin möhkəmləndirilməsi, şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib, həmçinin innovativ təhsil metodlarının, layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb. Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib və onların təklifləri dinlənilib.
21/01/2025 21:17
Şəhidlər xiyabanı ziyarət edilib
Yanvarın 20-də Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.
20/01/2025 13:00
Məktəblilərimiz XXI Beynəlxalq Jautıkov Olimpiadasında 1 qızıl, 7 bürünc medal qazanıblar
13-17 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində təşkil olunan XXI Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri də iştirak edib. 15 ölkədən 700-dən çox məktəbli bu olimpiadada öz bilik və bacarıqlarını nümayiş etdirib. Milli komandamız bu bilik yarışında 1 qızıl, 7 bürünc olmaqla ümumilikdə 8 medal qazanıb. Belə ki, informatika fənni üzrə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Tahir Əliyev, Bakı Türk Anadolu liseyinin X sinif şagirdi Əhməd Qəmbərli, Bakı şəhəri Ankara-məktəb liseyinin XI sinif şagirdi Əli Əliyev bürünc medala, riyaziyyat fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Hüseyn Zeynalov bürünc medala, fizika fənni üzrə Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli bürünc medala layiq görülüb. Qeyd edək ki, Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Olimpiadanın məqsədi şagirdlər arasında fizika-riyaziyyat elmlərinin təbliği, beynəlxalq əməkdaşlığın inkişafı, müxtəlif ölkələrin ixtisaslaşmış məktəbləri arasında dostluq münasibətlərinin qurulması və təcrübə mübadiləsinin aparılmasıdır.
18/01/2025 11:30
Bu il 300-dək alim mükafatlandırılacaq
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq. Cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan “Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm “Scopus”, həm də “Web of Science” bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcək. Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaq. Bu göstəricilərə aşağıdakılar aiddir: - hər iki baza üzrə elmi işlərin sahə üzrə istinad təsiri göstəriciləri; - elmi işlərin Q1 və Q2 kvartilli jurnallarda dərc olunması; - dünya üzrə ən oxunaqlı top 10% elmi iş siyahısında yer alması; - həmmüəllif sayı. Qeyd edək ki, hesablama hər ay yenidən aparılacaq və həmin ay üzrə minimal şərtlərə cavab verən alimlər mükafatlandırılacaq. Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən, fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.
17/01/2025 16:12
2-ci "Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb
Yanvarın 16-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən 2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş olub. Əvvəlcə "Maarifçi" tələbə-məzun təcrübə proqramına dair videoçarx nümayiş olunub. Daha sonra təcrübə proqramının iştirakçıları öz uğur hekayələrini paylaşaraq layihə barədə fikirlərini bölüşüb, təcrübə müddətində əldə etdikləri bilik və bacarıqların onların şəxsi və gələcək karyera inkişaflarında mühüm rol oynayacağını qeyd ediblər. Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev sözügedən proqramın gənc kadrların dövlət qulluğunu düzgün dərk etməsi, istedadlı gənclərin dövlət qurumlarında işləməyə həvəs göstərməsi baxımından faydalı olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb. Görüş çərçivəsində “Maarifçi”lərin mentorların rəhbərliyi ilə proqram müddətində fəaliyyətləri, layihənin faydalılığı haqqında fikir mübadiləsi aparılıb, həmçinin təkliflər dinlənilib. Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən 2-ci “Maarifçi” proqramını 35 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub. Təltif olunanlar
17/01/2025 10:12
COP29-da fəal iştirakına görə təltif olunmuş əməkdaşlarla görüş keçirilib
Yanvarın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edən Elm və Təhsil Nazirliyi və onun qurumlarında çalışan əməkdaşlarla görüş keçirilib. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi COP29-un ölkəmiz üçün çox böyük əhəmiyyəti olduğunu qeyd edib. Emin Əmrullayev COP29-da fəal iştirakına görə nazirlik və onun qurumlarında çalışan 28 nəfər əməkdaşın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edildiyini vurğulayıb. Nazir bildirib ki, dövlət başçımızın bu təltifi yüksək diqqətin göstəricisidir. Daha sonra nazir əməkdaşları bu münasibətlə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə təltif edilən əməkdaşlar onlara verilən yüksək dəyərə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
16/01/2025 18:20
Apellyasiya Şurasının iclası keçirilib
Yanvarın 16-da elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin Statistik hesabatların icmallaşdırılması sektorunun baş məsləhətçisi vəzifəsinə namizəd Pərvanə Baxşiyevanın, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Xəzər Quluzadə və Neman Musayevin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Vüqar Səfərbəyovun, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Sona Babazadənin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, 3 şikayətin qismən təmin edilməsi və 2 şikayətin təmin edilməməsi barədə qərarlar qəbul olunub.
16/01/2025 18:10
20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək
17-18 yanvar tarixlərində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib. Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur.
16/01/2025 17:25
Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümündə I dövrəyə yekun vurulub
Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümü üzrə I dövrəyə yekun vurulub. Keçirilən oyunların nəticələrinə görə liqanın A və B qruplarında ən çox xal toplayan Azərbaycan İdman Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universitetinin komandaları birinci altılıqda, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universitetinin komandaları isə ikinci altılıqda mübarizəni davam etdirəcək. Liqanın II dövrəsinin ilk oyunlarının fevral ayının ikinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur. Azərbaycan Texniki Universitetinin idman zalında 12 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
08/01/2025 16:24
Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 24 yanvar tarixində Zərdab şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 16 yanvar (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
06/01/2025 11:47
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı