Nazir müavini Həsən Həsənli Sumqayıtda Bilik Günü tədbirində iştirak edib
Sentyabrın 15-də Sumqayıt şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Günü tədbiri keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, məktəb kollektivi, şagird və valideynlər iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə yeni tədris ili münasibətilə müəllim və şagirdlər təbrik olunub, qarşıda duran əsas hədəflər və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında ölkədə təhsil infrastrukturunun yenilənməsi və müasir tədris mühitinin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb. Müəllimlərin təhsil prosesində əsas aparıcı qüvvə olduğunu vurğulayan nazir müavini şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə təhsil müəssisələrinin yenilənməsi və məktəb infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən işlərə toxunub. Eyni zamanda məktəb kollektivinə və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva isə region üzrə təhsilin inkişafı, müəllim və şagirdlərin nailiyyətlərinin artırılması istiqamətində görülən işlərdən bəhs edib. Tədbir çərçivəsində şagirdlərin ifasında musiqi və bədii kompozisiyalar təqdim olunub. Daha sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarına və digər tədris məkanlarına baxış keçiriblər. Qeyd edək ki, 1971-ci ildən fəaliyyət göstərən məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Məktəb müasir tədris mühitinə uyğun şəkildə yenidən istifadəyə verilib.
15/09/2026 14:31
Nazir müavini Firudin Qurbanov akademik Zərifə Əliyeva adına liseydə Bilik Günü tədbirində iştirak edib
Sentyabrın 15-də Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseydə 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, liseyin rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, müasir dövrdə təhsil qarşısında dayanan əsas çağırışlardan danışıb. Nazir müavini qeyd edib ki, sürətlə dəyişən əmək bazarı və texnoloji inkişaf gələcəyin mütəxəssislərindən yeni bilik və bacarıqlar tələb edir. Bu baxımdan təhsil sisteminin əmək bazarının gələcək tələblərini nəzərə alması, şagirdlərin rəqəmsal və digər müasir bacarıqlara yiyələnməsinə imkan yaratması mühüm əhəmiyyət daşıyır. Firudin Qurbanov süni intellekt və rəqəmsal texnologiyaların təhsil prosesində rolunun artacağını vurğulayıb. Bildirib ki, bu texnologiyalar gələcəkdə tədrisin fərdiləşdirilməsi, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi və onların öyrənmə imkanlarının genişləndirilməsi baxımından mühüm imkanlar yaradacaq. Çıxışda təhsil prosesində əsas diqqətin məlumatın əzbərlənməsinə deyil, şagirdlərin yaradıcı, analitik və tənqidi təfəkkürünün, müstəqil düşünmə və problem həll etmə bacarıqlarının inkişafına yönəldilməsinin vacibliyi qeyd olunub. Firudin Qurbanov Zərifə xanım Əliyevanın elmi fəaliyyəti və oftalmologiya sahəsinin inkişafına verdiyi töhfələrə toxunaraq onun peşəkarlığı, elmə bağlılığı və yeni mütəxəssislərin yetişdirilməsinə verdiyi önəmi xüsusi qeyd edib. Bildirib ki, Zərifə Əliyevanın həyat və fəaliyyəti müasir dövrdə də gənclər üçün elmə, biliyə və peşəyə məsuliyyətli yanaşmanın nümunəsidir. Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova təhsilin cəmiyyətin inkişafında mühüm rolunu vurğulayıb, şagirdlərə yeni bilik və bacarıqlar qazanmalarını, müəllimlərə isə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Liseyin direktoru Fərqanə İsayeva çıxışında yeni tədris ili münasibətilə şagird və müəllimləri təbrik edib, liseydə təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Çıxışlardan sonra liseyin şagirdləri tərəfindən yeni tədris ilinə həsr olunmuş musiqi və bədii kompozisiyalar təqdim edilib. Daha sonra Firudin Qurbanov liseydə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə görüşüb, onların fikirlərini dinləyib.
15/09/2026 13:52
Nazir Emin Əmrullayev Bilik Gününü Bakı şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbində qeyd edib
Sentyabrın 15-də Bakı şəhəri Eldar Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edib, qarşıya qoyulan əsas hədəflərdən danışıb. Nazir təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimlərin peşəkarlığının, məktəb rəhbərliyinin effektiv fəaliyyətinin və şagirdlərin öyrənməyə motivasiyasının mühüm rol oynadığını vurğulayıb. Emin Əmrullayev şagirdlərə yeni bilik və bacarıqlar əldə etməklə yanaşı, öyrəndiklərini həyatda tətbiq etməyə, müəllimlərə isə hər bir şagirdin potensialının üzə çıxarılması istiqamətində səylərini davam etdirməyə çağırıb. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara təhsil prosesində uğurlar arzulayıb. Çıxış edən məktəb direktoru Elgün Əliyev yeni tədris ili ilə bağlı hazırlıq işləri, təhsilalanların nailiyyətləri və tətbiq olunan layihələr barədə məlumat verib. Bildirib ki, 2025-2026-cı tədris ilində məktəbin tam orta təhsil pilləsi üzrə 64 məzunundan 31-i ali təhsil müəssisələrinə qəbul olub. 2026-2027-ci tədris ilindən etibarən məktəbdə X-XI siniflər üzrə 169 şagirdin cəlb olunduğu yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb. Tədbirin sonunda şagirdlərin ifasında musiqi və bədii kompozisiyalar təqdim olunub. Daha sonra elm və təhsil naziri məktəbdə tədris prosesi ilə tanış olub, sinif otaqlarına baxış keçirib. Nazir şagirdlərlə səmimi söhbət aparıb, onların yeni tədris ili ilə bağlı gözləntiləri, maraq göstərdikləri fənlər və gələcək planları ilə maraqlanıb.
15/09/2026 12:00
2026-2027-ci tədris ilinə start verilir
Sentyabrın 15-də təqribən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayır. 2026-2027-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin, ali təhsil müəssisələrində 260 min tələbənin, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsili müəssisələrində 44 min tələbənin təhsil alacağı gözlənilir. Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır. Bu gün 124 min şagird birinci sinifdə təhsilə başlayır. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, ölkə üzrə bütün II–XI siniflərdə yeni tədris ilinin ilk dərsi “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunur. Hər kəsə yeni tədris ilində uğurlar arzulayırıq!
15/09/2026 08:00
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin 23 sentyabr tarixində Qazax şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, qəbul sentyabrın 24-də keçiriləcək. Qəbulda Qazax rayon sakinləri iştirak edə bilərlər. Adı çəkilən rayonun sakinləri 16 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
14/09/2026 12:10
İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına “SABAH.city” innovasiya şəhərciyi barədə məlumat verdi. Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib. Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir. Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin “ASAN xidmət”in “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verdi. ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub. “ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb. “Süni İntellekt Assistent” platforması “ASAN xidmət”in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır. “SABAH.city” innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Burada, eyni zamanda, 12 startapın yer aldığı “kovorkinq” (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var. Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya yönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib. Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. “SABAH.city” bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək. https://president.az
14/09/2026 10:56
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransdan öncə Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub. Konfrans Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, təhsil ictimaiyyəti, təhsil mütəxəssisləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan Eşqi Bağırov təhsildə keyfiyyətin yüksəldilməsinin məlumatlara əsaslanan idarəetmə, peşəkar müəllim və müasir bacarıqların inkişafı ilə birbaşa bağlı olduğunu vurğulayıb. Eşqi Bağırov təhsildə müxtəlif modellərin və yeni yanaşmaların tətbiqinin nəticələrini vurğulayaraq bildirib ki, keyfiyyət yalnız zəif nəticələrin yaxşılaşdırılması deyil, şagirdlərdə rəqəmsal savadlılıq, tənqidi və yaradıcı düşünmə, problem həlli və komanda ilə işləmək kimi gələcək bacarıqların formalaşdırılmasıdır. Daha sonra Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev geniş təqdimatla çıxış edib. Bildirib ki, ibtidai və 6-cı siniflər üzrə qiymətləndirmələrdə müsbət dinamika qeydə alınıb. Son illərdə 4-cü sinif şagirdlərinin oxu və riyazi bacarıqlarında artım müşahidə olunur. Xüsusilə baza səviyyəsinə çatmayan şagirdlərin payı azalıb. Vurğulayıb ki, nəticələr zəif şagirdlərin minimum səviyyəyə çatdırılması və əsas bacarıqların inkişafı istiqamətində müsbət irəliləyişin olduğunu göstərir. Konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə təhsil nəticələrinin yalnız rəqəmlər üzrə deyil, şagirdlərin fərdi göstəriciləri və problemləri nəzərə alınmaqla təhlil edilməsinin vacibliyini vurğulayıb. O, konfransda təqdim olunan real məlumat və təhlillərin əhəmiyyətini qeyd edərək bildirib ki, zəif nəticənin səbəbləri müəyyənləşdirilməli və hər bir şagirdə uyğun dəstək göstərilməlidir. Məleykə Abbaszadənin sözlərinə görə, müəllim dərs dediyi şagirdləri yaxından tanımalı, onların psixometrik göstəricilərini və ehtiyaclarını bilməlidir. DİM sədri həmçinin aşağı nəticələrin kökünə erkən mərhələdə getməyin, xüsusilə ibtidai siniflərdən başlayaraq zəif şagirdlərlə məqsədyönlü işləməyin vacibliyini qeyd edib. Sonda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinin əsas göstəricisinin şagirdlərin öyrənmə nəticələri olduğunu vurğulayıb. Nazir bildirib ki, təhsil sahəsində qərar və təşəbbüslər tədqiqatlara, məlumatlara və təhlillərə əsaslanmalı, effektiv yanaşmalar ardıcıl və davamlı şəkildə tətbiq edilməlidir. Emin Əmrullayev məktəblərdə məlumatlara əsaslanan idarəetmənin və məktəbdaxili ölçmələrin gücləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, vahid metodologiya və meyarların tətbiqi təhsil sistemində ardıcıllığın təmin olunmasına imkan verəcək. Nazir məktəbə təsir edən amillər sırasında ailə və ətraf mühitin roluna da diqqət çəkib, məktəb–valideyn–icma əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Eyni zamanda tədrisin birbaşa həyata keçirilməsində müəllimin həlledici rolunu qeyd edərək müəllimlərin zəruri metodoloji alət və məlumatlarla dəstəklənməsinin vacibliyini bildirib. Tədbir çərçivəsində açıq mikrofon formatında müzakirə təşkil olunub, iştirakçıların təklif və fikirləri dinlənilib. Konfrans bədii hissə ilə yekunlaşıb.
11/09/2026 16:00
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
Sentyabrın 10-da Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın yardım alan ölkədən donor ölkəyə çevrilməsi, AIDA-nın 15 illik fəaliyyəti və ölkəmizin beynəlxalq inkişaf əməkdaşlığına töhfələri barədə danışıb. Azərbaycanın beynəlxalq yardım siyasətinin xalqımızın həmrəylik və xeyriyyəçilik ənənələrinə əsaslandığı, bu yanaşmanın xüsusilə təhsil sahəsində özünü büruzə verdiyi diqqətə çatdırılıb. 120-dən çox ölkədən tələbələrin indiyədək Azərbaycanda təhsil aldığı və ya hazırda təhsilini davam etdirdiyi bildirilib. Xarici işlər naziri çıxışının sonunda Azərbaycanın beynəlxalq yardım siyasətinin gələcəkdə də tərəfdaş ölkələrin milli prioritetlərinə hörmət, qarşılıqlı faydalılıq, təcrübə mübadiləsi və dayanıqlı nəticələr prinsipləri əsasında davam etdiriləcəyini diqqətə çatdırıb. Konfransda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi təhsil sahəsində qlobal həmrəyliyə töhfə verir. Nazir bildirib ki, Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir və bu yanaşmanı tərəfdaş ölkələrdən olan gənclər üçün konkret imkanlara çevirməyə ardıcıl şəkildə çalışır. Bu siyasətin əsas mexanizmlərindən biri əcnəbi tələbələr üçün həyata keçirilən təhsil qrantlarıdır. Konfransda digər çıxış edənlər Azərbaycanın beynəlxalq yardım və inkişaf əməkdaşlığı sahəsində əldə etdiyi təcrübəni, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın və dayanıqlı nəticələrin əhəmiyyətini vurğulayıblar. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev konfransın yekununda çıxış edərək ötən 15 il ərzində AIDA Azərbaycanın beynəlxalq humanitar yardım və inkişaf əməkdaşlığından bəhs edib. Konfrans çərçivəsində həmçinin AIDA ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb və panel müzakirələri aparılıb. Konfrans çərçivəsində həmçinin “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə təhsil alan və akademik göstəriciləri ilə fərqlənən xarici tələbələr sertifikatlarla təltif olunub.
10/09/2026 17:00
Emin Əmrullayev "AnewZ" beynəlxalq televiziya kanalına müsahibə verib
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 9-da "AnewZ" beynəlxalq televiziya kanalına müsahibə verib. Müsahibədə PISA 2025 nəticələri, Azərbaycanın beynəlxalq qiymətləndirmədə əldə etdiyi göstəricilər, təhsildə irəliləyişlər və qarşıda duran hədəflər müzakirə olunub.
10/09/2026 15:15
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. Valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər. Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarxı diqqətinizə çatdırırıq. Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.
09/09/2026 16:39
Filter
Elanlar
-
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı