Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.    Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.   Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.    Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Görünməz memarlıq: uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulması – beynəlxalq standartların və ortaq məsuliyyətin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli tədbirdə iştirak edib.    Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən BMT-nin Uşaq Fondu və BMT Baş katibinin Uşaqlara Qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsinin Ofisi ilə birgə təşkil olunan tədbirdə bir sıra ölkələrin birinci xanımları, yüksək vəzifəli dövlət rəsmiləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, eləcə də özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.    Tədbirdə uşaqların rəqəmsal mühitdə üzləşdiyi risklər, onların onlayn təhlükəsizliyinin qorunması, yaşa uyğun rəqəmsal xidmətlərin təşviqi, texnologiya şirkətləri və rəqəmsal platformaların məsuliyyətinin gücləndirilməsi, eləcə də süni intellekt və digər yeni texnologiyaların uşaqların təhlükəsizliyinə təsiri məsələləri müzakirə olunub. Eyni zamanda, görüş çərçivəsində uşaqların rəqəmsal mühitdə qorunması üzrə BMT çərçivəsində ümumi beynəlxalq minimum standartların formalaşdırılması, habelə dövlətlər, beynəlxalq təşkilatlar, texnologiya şirkətləri və digər maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Elm və təhsil naziri “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib.   Gələcəyi Birgə Qurmaq naminə Qlobal Koalisiya və ABŞ Dövlət Departamentinin ən yaxşı gələcək nəsillər üzrə xüsusi nümayəndəsi Çeriti Uolles tərəfindən təşkil olunan tədbirdə uşaqların və gənclərin rəqəmsal dövrdə öyrənməsi, inkişafı və rifahının dəstəklənməsi, keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi, habelə bu sahədə hökumətlər, beynəlxalq tərəfdaşlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.   Tədbir çərçivəsində uşaqların və gənclərin təhsil və qabaqcıl texnologiyalardan faydalanmaq imkanlarının genişləndirilməsinə yönəlmiş yeni dövlət-özəl sektor tərəfdaşlıqları təqdim olunub. Belə ki, “Adobe”, “Amazon”, “Google”, “Intel”, “N50”, “Starlink” və “Zoom” şirkətləri tərəfindən müxtəlif ölkələrdə təhsil, rəqəmsal bacarıqlar və texnologiyalara çıxışın genişləndirilməsini nəzərdə tutan yeni təşəbbüslər elan edilib.   Qeyd edək ki, Gələcəyi Birgə Qurmaq naminə Qlobal Koalisiya 23 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ-nin Birinci xanımı Melaniya Trampın təşəbbüsü ilə yaradılıb. Koalisiyanın əsas məqsədi uşaqların rəqəmsal dövrdə təhsil, innovasiya və qabaqcıl texnologiyalardan faydalanmaq imkanlarının genişləndirilməsi, onların onlayn mühitdə təhlükəsizliyinin gücləndirilməsi, eləcə də rəqəmsal savadlılıq və bacarıqlarının inkişaf etdirilməsini təmin etməkdir.

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.      Elm və təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb.    Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyərə görə minnətdarlıqlarını bildiriblər.   Sonra dövlət təltifləri təqdim olunub.    Qeyd edək ki, sözügedən sərəncama əsasən nazirliyin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin Risklərin idarəolunması sektorunun müdiri Anar Mirzəzadə, Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun baş məsləhətçisi Maral Salmanova, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun baş məsləhətçisi Hökümə İbrahimova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.    Əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.

Nazir “Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsində iştirak edib

Sentyabrın 17-də “SABAH.city” innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalı çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib.   “Dördüncü Sənaye İnqilabı dövründə bacarıqlar üzrə prioritetlərin müəyyənləşdirilməsində dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi” mövzusuna həsr olunmuş panel müzakirəsində “Azərbaycan Bacarıqlar Akseleratoru”nun həmsədrləri – iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PAŞA Maliyyə Holdinqi”nin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.    Sessiya zamanı “Azərbaycan Bacarıqlar Akseleratoru” Proqramı çərçivəsində ölkə üzrə bacarıqlar ekosisteminin təhlilinin nəticələri təqdim olunub. Təqdimatda Azərbaycanın əmək bazarının dinamikası, mövcud bacarıq boşluqları, rəqəmsal və yaşıl keçid üçün tələb olunan kompetensiyalar, ömürboyu öyrənmə, işçi qüvvəsinin mobilliyi istiqamətində təhlillərin nəticələri əksini tapıb. Nəticələr dayanıqlılıq, dəyişikliklərin idarə edilməsi, strateji düşüncə və öyrənməyə açıqlıq kimi bacarıqlar üzrə güclü insan resursları bazasının formalaşdığını göstərib.    Dünya İqtisadi Forumunun Bacarıqlar Akseleratoru Təşəbbüsü (Skills Accelerator) üzrə Fəaliyyət Rəhbəri Alison İqlşamın moderatorluğu ilə keçirilən müzakirələrdə bacarıqlar üzrə prioritetlərin müəyyənləşdirilməsində dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, mövcud bacarıq boşluqlarının aradan qaldırılması istiqamətində mümkün yanaşmalar nəzərdən keçirilib. Süni intellekt və data, kibertəhlükəsizlik, tətbiqi rəqəmsal bacarıqlar, yaşıl bacarıqlar istiqamətlərində bilik və bacarıqların artırılmasının gələcəyə hazır və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına töhfə verəcəyi qeyd edilib.   Bununla yanaşı, Azərbaycanın öz bilik, təcrübə və innovasiyalarını yaratmasına və ixrac etməsinə imkan verən yerli potensialın formalaşdırılmasının, eləcə də bərpa olunan enerji, xidmət sektoru və ixracyönümlü sənaye sahələri kimi strateji istiqamətlərdə zəruri bacarıq və səriştələrin gücləndirilməsinin önəmi vurğulanıb.    Qeyd edək ki, Dünya İqtisadi Forumunun təşəbbüsü ilə 2019-cu ildən fəaliyyət göstərən Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) hazırda 45-dən çox ölkəni əhatə edir və təşəbbüs çərçivəsində indiyədək 15 milyona yaxın insanın rəqəmsal bacarıqlarının inkişafı və yeni iqtisadi imkanlara çıxışı dəstəklənib. Azərbaycan Bacarıqlar Akseleratoru təşəbbüsü DİF-in Qlobal Akselerator Şəbəkəsi çərçivəsində rəsmi olaraq 2025-ci ilin noyabrından fəaliyyətə başlayıb. Bu təşəbbüs insan kapitalının inkişafı, mövcud və gələcək bacarıq ehtiyaclarının müəyyənləşdirilməsi, əmək bazarının tələbləri ilə işçi qüvvəsinin bacarıqları arasında uyğunluğun gücləndirilməsinə xidmət edir.   “Baku ID 2026” innovasiya festivalı çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram”ın nəticələrinə həsr olunan mükafatlandırma mərasimi də keçirilib. Tədbirdə “Milli Proqram” çərçivəsində 12 nominasiya üzrə fərqlənən iştirakçı üstün nailiyyət sertifikatı ilə təltif olunub və onlara hədiyyələr təqdim edilib.    Təltifetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PAŞA Maliyyə Holdinqi”nin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər. Ümumilikdə nominasiyalar müxtəlif yaş və sosial qrupların təhsilə cəlb olunması, özünüinkişaf və ömürboyu öyrənmə, karyera inkişafı, regionlarda istedadların təşviqi, sahibkarlıq və startap fəaliyyəti, innovasiyada qadınların iştirakı, eləcə də əldə olunan biliklərin paylaşılması kimi istiqamətləri əhatə edib.    Tədbirdə insan kapitalının inkişafı, əmək bazarının dəyişən tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması, eləcə də “4Sİ Akademiyası – Milli Proqram”ın bu istiqamətdə yaratdığı imkanlar barədə məlumat verilib. Proqramın birinci mərhələsinin nəticələrini və iştirakçıların nailiyyətlərini əks etdirən video nümayiş olunub.

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

“AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib.   Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Münhen Texniki Universitetinin (TUM) vitse-prezidenti Dr. Alex Braun, “TUM” professoru və AZSET proqramının akademik rəhbəri Hussam Amrouch və digər qonaqlar iştirak ediblər.   Səmimi ünsiyyət şəraitində keçən görüş zamanı AZSET-in tələbələri yeni təhsil mərhələsinə başlamaları münasibətilə təbrik olunub, onlara uğurlar arzulanıb. Tələbələrlə proqramın tədris prosesi, akademik mühit və qarşıdakı mərhələlər barədə söhbət aparılıb.   Tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran sualları ünvanlayıblar. Söhbət zamanı müasir mühəndislik və texnologiya sahələrində təhsil, praktiki təcrübə və sənaye ilə əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.   Tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinin, yeni texnologiyaları yaxından öyrənməsinin və gələcək peşəkar inkişaflarına indidən hazırlaşmasının vacibliyi qeyd olunub.   AZSET haqqında   AZCON Mühəndislik və Texnologiya Məktəbi AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın akademik dəstəyi ilə 14 may 2026-cı il tarixində təsis edilib.   AZSET innovativ bakalavr proqramı ali təhsil və sənaye arasında əməkdaşlığın yeni mərhələsini formalaşdıraraq tələbələrin nəzəri biliklərini real iş təcrübəsi ilə birləşdirir. Beynəlxalq akademik standartlara əsaslanan bu model ölkənin gələcək texnoloji ehtiyaclarına cavab verən peşəkar kadrların hazırlanmasına xidmət edir.

Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib

Türkiyə-Azərbaycan Universitetində (TAU) 2026/2027-ci tədris ilinin başlanmasına həsr olunmuş Bilik Günü tədbiri keçirilib.   Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürk xatirəsinə ehtiram ifadə olunub. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.   Tədbirin açılışında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin iki qardaş ölkə arasında strateji əməkdaşlığın təhsil sahəsində mühüm nümunələrindən biri olduğunu bildirib. O qeyd edib ki, universitet gələcəkdə ölkənin inkişafına töhfə verəcək peşəkar və beynəlxalq səviyyəli kadrların hazırlanmasında mühüm rol oynayacaq.   TAU-nun rektoru Nəcibə Nəsibova 2026/2027-ci tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib. Rektor bildirib ki, iki dövlət başçısının təşəbbüsü ilə yaradılan universitet Azərbaycan gənclərinə ölkə xaricinə getmədən Türkiyənin aparıcı ali təhsil müəssisələrinin – Orta Doğu Texnik Universiteti (ODTÜ), İstanbul Texnik Universiteti (İTÜ) və Hacettepe Universitetinin akademik təcrübəsindən yararlanmaq imkanı verir.   Nəcibə Nəsibova qeyd edib ki, TAU yalnız kadr hazırlığı həyata keçirən ali təhsil müəssisəsi kimi deyil, perspektivdə Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrində əməkdaşlığını daha da dərinləşdirən mühüm mərkəz kimi inkişaf edəcək.   Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın son illərdə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Nazir müavini Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığın, birgə təhsil təşəbbüslərinin və beynəlxalq akademik imkanların genişləndirilməsinin gənclərin müasir tələblərə uyğun mütəxəssis kimi hazırlanmasına mühüm töhfə verdiyini qeyd edib.   Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın mühüm nümunələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, Türkiyənin aparıcı universitetlərinin Azərbaycanın ali təhsil müəssisələri ilə birgə tədris prosesinə cəlb olunması akademik mobilliyin, beynəlxalq inteqrasiyanın və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından geniş imkanlar yaradır.   Nazir müavini müasir texnologiyalar və süni intellektin sürətli inkişafının ali təhsil qarşısında yeni çağırışlar yaratdığını diqqətə çatdırıb. O qeyd edib ki, rəqəmsal və robotlaşdırılmış sistemlərin genişləndiyi bir dövrdə gənclərin bu sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, gələcəyin texnoloji çağırışlarına hazır mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət daşıyır. Firudin Qurbanov TAU-da bu istiqamətlərə üstünlük verilməsini əhəmiyyətli addım kimi qiymətləndirib.   Tədbirdə digər çıxış edənlər – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan, millət vəkilləri Əhliman Əmiraslanov və Zahid Oruc, TÜİB sədri Hüseyn Büyükfırat və TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Ahmet Coşar Türkiyə-Azərbaycan Universitetinin iki ölkə arasında təhsil və elm əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb, universitetin akademik və innovativ potensialından, eləcə də müasir tələblərə uyğun kadr hazırlığı imkanlarından danışıblar. Çıxışlarda TAU-da Azərbaycan və Türkiyənin akademik təcrübəsinin bir araya gətirilməsinin, professor-müəllim heyətinin birgə fəaliyyətinin və sənaye ilə əməkdaşlığın gələcəkdə təhsil, elm və innovasiya əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəyi qeyd olunub.   Tədbirdə TAU-nun qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbəsi Fatimə Hacıməmmədli də çıxış edib. 667,5 bal toplayaraq universitetə qəbul olan tələbə TAU-nun nəzəri biliklərlə yanaşı, praktiki təcrübə, elmi tədqiqat və innovativ düşüncə imkanları yaratdığını qeyd edib.   Tədbirin sonunda qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulu ilə bağlı məlumat

Elm və təhsil naziri Emin Əmrullayevin 18 sentyabr tarixində Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun tarixi barədə əlavə məlumat veriləcək.    Qəbulda Yardımlı, Masallı və Cəlilabad sakinlərinin iştirakı nəzərdə tutulub.   Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Nazirlik rəsmiləri Bilik Günü tədbirlərində

Sentyabrın 15-də ölkənin bütün ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması münasibətilə tədbirlər keçirilib.   Tədbirlərdə nazirliyin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Elvin Rüstəmov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov, nazirin müşavirləri Rüstəm Ağayev, Nizami Yusifli, Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova-Rzazadə, Uşaq və gənclərin inkişafı şöbəsinin müdiri Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva, Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, Daxili nəzarət şöbəsinin müdir müavini Xəqani Qurbanov, Strateji planlaşdırma və təhlil şöbəsinin müdir müavini Xuraman Mahmudova, Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, rəis müavinləri Günel Səfərova və Həbib Kərimov, Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Uşaq və gənclərin inkişafı şöbəsinin sektor müdiri Hilal Salmanov, Uşaq və gənclərin inkişafı şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Təhsilin iqtisadiyyatı şöbəsinin sektor müdiri Leyla Abbaslı, Məktəbəqədər və ümumi təhsil şöbəsinin sektor müdiri Gülüstan Cəfərova, Məktəbəqədər və ümumi təhsil şöbəsinin sektor müdiri Mehriban Bağırova, Məktəbəqədər və ümumi təhsil şöbəsinin sektor müdiri İlhamə Yılmaz-Qasımzadə, İnsan resursları sektorunun müdiri Lalə Əsgərli, Təhsil İnstitutunun direktor müavinləri Kənan Kərimli və İlham Cavadov, həmçinin rayon icra hakimiyyəti başçıları və nümayəndələri, ictimaiyyət təmsilçiləri, müəllim, şagird və valideynlər iştirak ediblər.   Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   Tədbirlərdə çıxış edən qonaqlar yeni tədris ili ilə bağlı gözləntilərini bölüşüb, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin yaxşılaşdırılması və məktəb mühitinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Çıxışlarda müəllimlərin peşəkar fəaliyyətinin, şagirdlərin bilik və bacarıqlarının inkişafının, eləcə də məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti vurğulanıb.    Qeyd edək ki, 2026-2027-ci tədris ilində respublika üzrə təxminən 1,6 milyon şagird təhsil alacaq.

Şamaxıda Bilik Günü tədbiri keçirilib

Sentyabrın 15-də Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Şamaxı rayonunda Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.   Nazirliyin Aparat rəhbəri və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Göylər Dağ kəndində yerləşən Əlisuvar Məmmədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən Bilik Günü tədbirinə qatılıb, müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib.   Tədbirdə çıxış edən Mətin Kərimli yeni tədris ili münasibətilə müəllim və şagirdlərə uğurlar arzulayıb, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb kollektivinin qarşısında duran vəzifələrdən danışıb. Aparat rəhbəri şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin, onların müasir dövrün tələblərinə uyğun hazırlanmasının vacibliyini vurğulayıb.   Daha sonra nümayəndələr Şamaxı rayonunun Məlikçobanlı, Çarhan və Adnalı kənd tam orta ümumtəhsil məktəblərində olub, tədris prosesi ilə tanış olublar. Məktəblərdə təhsilalanların sayı, tədrisin təşkili, təhsil müəssisələrinin maddi-texniki imkanları və yeni tədris ili ilə bağlı hazırlıq işləri barədə məlumat verilib.   Nümayəndələr təhsil müəssisələrinin müəllim və şagirdləri ilə görüşüb, tədris prosesinin təşkili, təhsilalanların nailiyyətləri və məktəblərin qarşısında duran əsas məsələlər ətrafında fikir mübadiləsi aparılıb.   Görüşlər zamanı bölgələrdə təhsilin əlçatanlığının və keyfiyyətinin təmin edilməsi, məktəblərin mövcud imkanlarından səmərəli istifadə olunması və tədris mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı