Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Salyan rayon Elxan Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər keçirilib.   Tədbirlərdə Elm və Təhsil Nazirliyinin nümayəndələri Hilal Salmanov və Rövşən Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Prezident Kitabxanasının direktoru Afət Abbasova, yerli icra strukturları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekan və kafedra müdirləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, tələbələr, müəllimlər, əslən Qərbi Azərbaycandan olan valideynlər, yerli mətbuat orqanları əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.               Açıq dərslər zamanı Qərbi Azərbaycanın tarixi-mədəni irsi, maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Çıxışlarda gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu cür maarifləndirici tədbirlərin ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur.        Səfər çərçivəsində məktəblərin kitabxana fonduna Qərbi Azərbaycana dair kitablar təqdim olunub.    Qeyd edək ki, sözügedən tədbirlərin keçirilməsində məqsəd şagirdlərin Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında biliklərinin artırılması, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsi olub.

Azərbaycan “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında “Medal of Excellence” qazanıb

Çin Xalq Respublikasının Şanxay şəhərində 22–27 sentyabr tarixlərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycan komandası kibertəhlükəsizlik istiqaməti üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.   Beynəlxalq yarışda 70 ölkə və regiondan 1400-dən çox iştirakçı 64 bacarıq üzrə texniki bilik və praktiki səriştələrini nümayiş etdirib. Yarış 6 əsas sektor üzrə təşkil olunub.   Azərbaycan yarışda 7 bacarıq istiqaməti üzrə təmsil olunub. “WorldSkills Azerbaijan” komandasının üzvləri qaynaq, avtomobil texnologiyaları, dəmiryol nəqliyyatı texnologiyaları, elektronika, veb texnologiyaları, aşpazlıq və kibertəhlükəsizlik bacarıqları üzrə mübarizə aparıblar.   Yarışın açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi İlqar Bayramlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.   Kibertəhlükəsizlik bacarığı üzrə Azərbaycanı Əli Məhərrəmli və Yusif Kazımlı təmsil edib. Komanda 702 bal toplayaraq “Medal of Excellence” mükafatına layiq görülüb. Rəsmi nəticələrə əsasən, bu göstərici ilə Azərbaycan komandası Avstraliya (698), Koreya (696), Braziliya (684), Tailand (682), Hindistan (681), Malayziya (680) və Yaponiya (673) komandalarından daha yaxşı nəticə göstərə bilib.    Bu nəticə Azərbaycanın “WorldSkills” tarixində ikinci “Medal of Excellence” uğurudur. Ölkəmiz bundan əvvəl 2022-ci ildə aşpazlıq bacarığı üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.   Kibertəhlükəsizlik istiqaməti üzrə namizədlərin seçimi və hazırlığı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunub. Seçim prosesi “Capture The Flag” (CTF) formatında keçirilən mərhələləri əhatə edib. Final seçim mərhələsində iştirakçıların müdafiə və insidentlərə reaksiya, həmçinin hücum metodları və sistem boşluqlarının istismarı üzrə texniki bilik və praktiki bacarıqları qiymətləndirilib.   Qeyd edək ki, Azərbaycan peşə bacarıqlarının inkişaf etdirilməsi, peşə təhsilinin qlobal standartlara uyğunlaşdırılması, gənclərin beynəlxalq arenada tanıdılması və məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədilə 2020-ci ildə “WorldSkills International” təşkilatına 85-ci həqiqi üzv kimi qəbul olunub.   2023-cü ildə “WorldSkills Azerbaijan” İctimai Birliyi milli platforma kimi fəaliyyətə başlayıb.   “WorldSkills” hərəkatı peşə bacarıqlarının inkişafı, təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, gənclərin müasir peşələr üzrə hazırlanması və beynəlxalq bacarıq standartlarının təhsil sisteminə inteqrasiyası baxımından mühüm platformadır.   “WorldSkills Shanghai 2026” yarışında Azərbaycanın əldə etdiyi “Medal of Excellence” ölkəmizdə peşə bacarıqlarının inkişafı və gənclərin beynəlxalq bacarıq yarışlarında iştirakının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin nəticələrindən biridir.

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin 10-cu plenar iclasında təmsil olunub

Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin (CDEDU) 10-cu plenar iclası keçirilib. İclasda Azərbaycanı Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva təmsil edib.   Avropa Şurasının təhsil sahəsində əsas hökumətlərarası komitəsi olan CDEDU üzv dövlətlər arasında təhsil siyasəti üzrə əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır. 46 üzv dövlətin müvafiq elm və təhsil nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən 10-cu plenar iclasda Avropa Şurasının 2024–2030-cu illər üzrə Təhsil Strategiyasının icrası, habelə təhsil sahəsində cari fəaliyyətlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.   İclas çərçivəsində Elm və Təhsil Nazirliyinin nümayəndəsi rəqəmsal dövrdə müəllimlərin və digər təhsil işçilərinin rolunun gücləndirilməsi, süni intellekt və rəqəmsal texnologiyaların təhsildə tətbiqi, təhsildə gender bərabərliyinin təmin edilməsi, elmi-tədqiqat fəaliyyətinin təşviqi, o cümlədən elmi nəticələrin praktiki tətbiqinin stimullaşdırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verib.

Zəfər parkı ziyarət edilib

Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.   Ziyarət zamanı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Həsən Həsənli “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən paneldə çıxış edib

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusuna həsr edilmiş panel sessiyada elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.   Panel müzakirəsi zamanı insan kapitalının iqtisadi inkişafda rolu, əmək bazarının dəyişən tələbləri, süni intellekt dövründə yeni bacarıqların formalaşdırılması, təhsil-sənaye əməkdaşlığı və təhsilə qoyulan investisiyaların uzunmüddətli iqtisadi təsiri ətrafında fikir mübadiləsi aparılıb.   Çıxışında Həsən Həsənli bildirib ki, müasir dövrdə insanları mövcud peşələrə hazırlamaqla yanaşı, onlara gələcəyin peşə və biznes imkanlarını formalaşdırmaq üçün zəruri bacarıqların aşılanması da mühüm əhəmiyyət daşıyır. Nazir müavini süni intellekt və rəqəmsal texnologiyaların əmək bazarını sürətlə dəyişdirdiyi şəraitdə dəyişikliklərə uyğunlaşan, yaradıcı düşünən və yeni imkanlar yarada bilən fərdlərin yetişdirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıb. O, insan kapitalının inkişafına yönələn investisiyaların uzunmüddətli yanaşma tələb etdiyini bildirərək yeni nəslin yetişməsi və zəruri bacarıqlara yiyələnməsi üçün vaxt lazım olduğunu, bu istiqamətdə tədbirlərin indidən həyata keçirilməsinin vacibliyini bildirib. Bu xüsusda, nazir müavini təhsilalanlar və müəllimlər üçün süni intellekt əsaslı köməkçi alətlərin tətbiqi istiqamətində görülən işlər barədə də məlumat verib.

Həsən Həsənli Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri ilə görüşüb

Sentyabrın 24-də elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri Mariam Laşxi ilə görüşüb.    Görüş çərçivəsində Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində cari əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Spartan Aeronavtika və Texnologiya Kolleci (Spartan) və Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) əməkdaşlıq sazişi imzalayıblar. Saziş çərçivəsində Azərbaycandan olan tələbələr "Spartan"ın Aviasiya Texniki Xidməti Texnologiyası (AMT) üzrə hibrid proqramına qəbul olunacaqlar. Proqramı uğurla başa vurduqdan sonra onlara "Spartan"ın Tulsa (Oklahoma) kampusu tərəfindən Tətbiqi Elmlər üzrə Assosiativ dərəcə (AAS) veriləcək.   "Müasir aviasiyanın inkişafı Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır," – deyə MAA-nın rektoru Arif Paşayev sazişin imzalanma mərasimində bildirib. "Elmi tədqiqatlar və yeni texnologiyaların tətbiqi ilə yanaşı, ixtisaslı kadr hazırlığı səylərimizin əsasını təşkil edir. Spartan kimi tərəfdaşla birlikdə tələbələrimizə həm yüksək səviyyəli peşə təhsili, həm də beynəlxalq təcrübə imkanı yarada bilmək çox həyəcanverici fürsətdir."   "AMT proqramı 13 aylıq onlayn təhsildən və 8 aylıq praktiki laboratoriya hazırlığından ibarətdir. Onlayn təhsil interaktiv məzmunla Azərbaycanda, MAA kampusunda həyata keçirilir. Spartan-ın Tulsa və Broomfild kampusları arasında bağlanmış konsorsium sazişinə əsasən, praktiki laboratoriya hissəsi Kolorado ştatının Broomfild şəhərində keçiriləcək. Orada tələbələr təcrübəli, FAA sertifikatlı təlimatçıların rəhbərliyi altında bilavasitə təyyarələr, mühərriklər və komponentlər üzərində işləyəcəklər. Məzun olduqdan sonra tələbələr FAA-nın "Airframe and Powerplant" (təyyarə gövdəsi və güc qurğusu) imtahanlarına buraxılmaq hüququ qazanacaqlar. Bakıya qayıtdıqdan sonra tələbələr MAA-da Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin təxminən 2 aylıq konversiya kursunu keçəcək, ardınca isə "Spartan"ın tədris proqramı və ya təlimi ilə əlaqəsi olmayan əlavə tip üzrə ixtisas (type rating) hazırlığına cəlb olunacaqlar," – deyə "Spartan Education Group"un baş icraçı direktoru Rob Polston bildirib.   "Sertifikatlı aviasiya texniki mütəxəssislərinin etibarlı hazırlıq mənbəyinin strateji dəyərini dərk edən aviaşirkətlər uzunmüddətli artımı təmin etmək üçün daha əlverişli mövqedə olacaqlar," – deyə "Spartan Education Group"un baş icraçı direktoru Robert Polston sözlərinə davam edib. "MAA ilə əməkdaşlıq sazişimiz Silk Way Group və AZAL-da hazırda çalışan texniki mütəxəssislərin hazırlığından başlayaraq mühüm addımdır. Bu tərəfdaşlıq Azərbaycanın aviasiya kadr potensialını gücləndirən uzunmüddətli, strateji münasibətlərə qarşılıqlı sadiqliyi əks etdirir."   "Bu təşəbbüs nəqliyyat infrastrukturumuzun mühüm tərkib hissəsi olan Azərbaycan aviasiya sektorunu daha da inkişaf etdirmək və təkmilləşdirmək məqsədlərimizə nail olmaq üçün vacibdir," – deyə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.   Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu təşəbbüsü ölkənin aviasiya təhsili və insan kapitalının inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.   "Bu əməkdaşlıq Azərbaycanda aviasiya təhsilinin beynəlxalq səviyyədə inkişafında və genişlənməsində, eləcə də yeni nəsil aviasiya mütəxəssislərinin hazırlanmasında mühüm rol oynayacaq," – deyə iki tərəfdaşın bir araya gəlməsində mühüm rol oynamış "ALG Transportation Group"un təsisçisi və baş icraçı direktoru Fərhad Əzimə bildirib.   Bundan əlavə, imzalanma mərasimində bu təşəbbüsü dəstəkləyən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev də iştirak edib.    "Silk Way Group"u baş icraçı direktor Zaur Axundov və baş əməliyyat direktoru Onno Pietersma, Azərbaycan Hava Yollarını (AZAL) isə AZAL-ın sədri Samir Rzayev və baş texniki direktor Scott McConnell təmsil ediblər. Silk Way Group və AZAL birgə şəkildə ilk qrup tələbələrin sponsorluğunu həyata keçirir.   Spartan-ı isə baş icraçı direktor Robert Polston, strategiya və inkişaf üzrə icraçı vitse-prezident Daniel Bregman və Direktorlar Şurasının üzvü kapitan David Bourne təmsil ediblər.   61 tələbədən ibarət ilk qrup hazırda ADA Universitetində texniki aviasiya yönümlü intensiv ingilis dili hazırlıq kursunda iştirak edir. Spartan Aeronavtika və Texnologiya Kollecinə qəbul olunduqdan sonra tələbələr AMT təhsilinə 16 noyabr 2026-cı il tarixində başlayacaqlar.   Spartan Kolleci haqqında 1928-ci ildə təsis edilmiş Spartan Aeronavtika və Texnologiya Kolleci dörd məkanda yerləşən üç məktəbdən ibarət sistemdir və indiyədək 100 000-dən çox pilot və texniki mütəxəssis hazırlayıb. Kampuslar aşağıdakı ərazilərdə yerləşir: Tulsa (Oklahoma), Los-Anceles (Kaliforniya), İnland Empayr (Kaliforniya) və Denver (Kolorado). Spartan tələbələri ABŞ-ın hər yerindən və 40-dan çox ölkədən gəlib. Ətraflı məlumat, istehlakçı məlumatları, təlim yerləri, məktəbin lisenziyası və akkreditasiyası ilə tanış olmaq üçün www.Spartan.edu saytına daxil olun. Proqramlar, kvalifikasiya səviyyələri, texnologiya və cədvəl seçimləri kampusdan asılı olaraq fərqlənir və dəyişdirilə bilər. Üçüncü tərəf sertifikatlarına və məşğulluq imkanlarına zəmanət verilmir. Maliyyələşdirmə imkanları müraciət edən və tələblərə cavab verən şəxslər üçün mövcuddur. İnzibati ofis: Spartan Education Group, LLC, 1 N. Franklin St., Suite 2125, Chicago, IL 60606   Azərbaycan Milli Aviasiya Akademiyası haqqında Bakıda yerləşən Azərbaycan Hava Yollarının (AZAL) Milli Aviasiya Akademiyası (MAA) Azərbaycanın mülki aviasiya və aerokosmik sahə üzrə aparıcı ali təhsil müəssisəsidir. Akademiya 1992-ci ildə Milli Aviasiya Mərkəzi kimi təsis edilib və 1994-cü ildə hazırkı adını alıb. MAA pilot hazırlığı, hava hərəkətinin idarə edilməsi, təyyarələrə texniki xidmət və mühəndislik, avionika, eləcə də hava limanı və logistika idarəçiliyi üzrə bakalavr, magistr və doktorantura proqramları təklif edir. Akademiya ICAO standartlarına uyğun fəaliyyət göstərir və Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ilə işçi razılaşmasına malikdir. Ətraflı məlumat: naa.edu.az.

“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UI GreenMetric ilə birgə təşkil olunan “UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” beynəlxalq tədbirinin açılış mərasimi keçirilib.   Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində dayanıqlı inkişaf prinsiplərinin təşviqi, yaşıl kampus yanaşmasının inkişaf etdirilməsi, bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsidir. Tədbirdə dövlət rəsmiləri, müxtəlif ölkələrdən universitet rəhbərləri, akademiklər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.   Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova, İndoneziya Respublikasının Azərbaycandakı səfiri Berlian Helmy, ADNSU-nun rektoru Rüfət Əzizov və IREG Observatory on Academic Ranking and Excellence təşkilatının prezidenti Waldemar Siwiński çıxış ediblər.   Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında Azərbaycanın yaşıl inkişaf gündəliyindən və qlobal ekoloji dialoqda fəal iştirakından bəhs edib. COP29-un Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini yaşıl inkişaf prinsiplərinin ali təhsil müəssisələrinin fəaliyyətində praktik tətbiqinin vacibliyini qeyd edib, həmçinin Qarabağda həyata keçirilən irimiqyaslı yaşıl layihələrə toxunub.   EATDA-nın direktoru Ülkər Səttarova beynəlxalq reytinqlərin universitetlər üçün son məqsəd deyil, institusional inkişafın istiqamətlərini müəyyənləşdirməyə və beynəlxalq təcrübədən faydalanmağa imkan yaradan vasitə kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O, ali təhsil müəssisələrinin yaşıl keçid prosesindəki roluna diqqət çəkərək dayanıqlılıq prinsiplərinin kampus idarəçiliyi ilə yanaşı, təhsil və elmi-tədqiqat fəaliyyətində də tətbiqinin əhəmiyyətini qeyd edib.   ADNSU-nun rektoru Rüfət Əzizov tədbirin Azərbaycanda keçirilməsinin dayanıqlı inkişaf sahəsində beynəlxalq təcrübə mübadiləsi və universitetlərarası əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, universitetdə yaşıl kampus prinsiplərinin təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.   Qeyd edək ki, 23-25 sentyabr tarixlərini əhatə edən tədbir çərçivəsində ali təhsildə dayanıqlılıq, universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, yaşıl kampusların inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarına dair panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.

Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək

30-31 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı (NASCO29) keçiriləcək.   Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda ölkənin müxtəlif bölgələrindən və elmi istiqamətlərdən olan doktorantların, dissertantların və gənc tədqiqatçıların iştirakı nəzərdə tutulur.   Konfransda Azərbaycan Respublikasının vətəndaşı olub ölkə daxilində və ya xaricdə fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlar, eləcə də Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Yaşı 35-dən yuxarı olmayan elmi dərəcəyə malik şəxslər də konfransa qoşula bilərlər.   Tədbir çərçivəsində elmi məruzə və müzakirələrlə yanaşı, iştirakçılar üçün müxtəlif sosial-mədəni proqramların, o cümlədən turizm səfərləri, əyləncə proqramları və konsertlərin təşkili nəzərdə tutulur. Bölmə iclaslarında fərqlənən iştirakçıların hədiyyə və mükafatlarla təltif olunması da planlaşdırılır.   Konfransda iştirak ödənişsizdir. Görüş ənənəvi və onlayn formatda təşkil olunacaq. Onlayn iştirakçıların sayı hər bir müəssisə üzrə ümumi iştirakçıların 30 faizindən çox olmamalıdır.   Məqalə və tezislərin qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edəcək.   Konfrans, iştirak şərtləri, tezislərin tərtibat qaydaları və qeydiyyatla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az saytından əldə etmək mümkündür.

Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir

Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb. Sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb.   Yeni əməkdaşlığın əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris və öyrənmə imkanlarının təkmilləşdirilməsi, təhsil prosesinin daha səmərəli və əlçatan təşkili, həmçinin təhsil müəssisələrində süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların formalaşdırılmasıdır.    Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, müəllim və digər təhsil işçilərinə yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimlərin keçirilməsi, eləcə də məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair standart və metodiki yanaşmaların hazırlanması nəzərdə tutulur.   Əməkdaşlığın əsas istiqamətlərindən biri riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə təhsilin idarəolunması sisteminin “OpenAI” texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsidir. Yeni imkanların müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının formalaşdırılması və şagirdlərin qiymətləndirilməsi prosesində süni intellekt əsaslı dəstək göstərməsi nəzərdə tutulur. Bununla müəllimlərin hazırlıq və inzibati işlərə sərf etdiyi vaxtın optimallaşdırılması və şagirdlərlə birbaşa işə daha çox vaxt ayırmaları hədəflənir.   Bununla yanaşı, müəllimlər, tələbələr və təhsil müəssisələrinin əməkdaşları üçün süni intellekt üzrə müxtəlif təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır. “Təlimçilərin təlimi” proqramı vasitəsilə süni intellekt sahəsində yerli mütəxəssis və təlimçi potensialının gücləndirilməsi nəzərdə tutulur.   Tərəflər həmçinin təhsil sahəsində süni intellektdən təhlükəsiz, etik və məsuliyyətli istifadəyə dair metodiki yanaşmaların, tövsiyələrin və müvafiq çərçivələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.   Qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanan ikinci Anlaşma Memorandumudur. İlkin əməkdaşlıq çərçivəsində adaptiv öyrənmə platformasının hazırlanması prosesi həyata keçirilib.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı