"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin mayın 13-də mükafatlandırılma mərasimi keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca müsabiqəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış mərasimində Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini Tahir Budaqov çıxış ediblər.
Çıxışı zamanı Əli Əhmədov 2007-ci ildən bəri keçirilən müsabiqənin kifayət qədər uğurlu olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın gələcəyinin təmin olunması üçün gənclərə göstərilən diqqət və qayğı Heydər Əliyevin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən birini təşkil edirdi. Bu gün Azərbaycanda istedadlı, təşəbbüskar və müasir düşüncəli gənclər formalaşıb. Onlar yüksək keyfiyyətli təhsil alır, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər.
Çıxışının sonunda qalibləri təbrik edən Əli Əhmədov əlavə edib ki, bu günün və gələcəyin çağırışlarına cavab verə biləcək əsas amillər bilik, bacarıq, müasir texnologiyalara yiyələnmək qabiliyyətidir. Bütün bu meyarlar isə təhsilin və elmin cəmiyyətdəki rolunu getdikcə daha da artırır.
Müsabiqə qaliblərini təbrik edən elm və təhsil naziri Emin Əmrullayev fənlər üzrə müxtəlif müsabiqələrin keçirildiyini, şagirdlərin müxtəlif sahələrdə bilik və bacarıqlarının ölçüldüyünü, amma “Ən yaxşı təqdimat” müsabiqəsinin bu müsabiqələr arasında xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir bildirib ki, müsabiqənin məqsədi Azərbaycanlı kimliyinin, milli məfkurəmizin, ümumilikdə isə Azərbaycanın bir dövlət və azərbaycanlıların bir xalq kimi formalaşmasında misilsiz rolu olmuş irsimizin öyrənilməsidir. Bu, ideoloji baxımdan çox önəmli bir təşəbbüsdür. Nazir əlavə edib ki, təhsilin digər mühüm istiqaməti milli kimliyin formalaşmasıdır.
İşğaldan azad olunmuş ərazilərdəki təhsil müəssisələrinin fəaliyyətindən də söz açan Emin Əmrullayev qeyd edib ki, yaxın illərdə həmin ərazilərdə təhsilin bərpası və inkişafı istiqamətində böyük irəliləyişlər olacağını əminliklə deyə bilərik.
Tahir Budaqov isə öz növbəsində ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün misilsiz xidmətlərindən söz açıb, çıxışının sonunda qalibləri təbrik edib.
Mərasimdə İncəsənət Gimnaziyası və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin ifasında müxtəlif musiqi və rəqs nömrələri də təqdim olunub.
Sonda səhnəyə dəvət olunan 35 qalibə diplomlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqəyə ölkəmizin regionlarından ümumilikdə 3952 şagird qatılıb. 90 nəfər şagird ölkə mərhələsində iştirak hüququ qazanıb. Onların təqdimat çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və nəticədə 6 nəfər I, 13 nəfər II, 16 nəfər isə III yerə layiq görülüb.
Müsabiqə Elm və Təhsil Nazirliyi , Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
13.05.2025 - 14:50
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31