Nazir müavini “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilmiş tədbirə qatılıb
Mayın 15-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları öncə Aİİ nəzdində fəaliyyət göstərən “İslam incəsənəti” dərnəyi tərəfindən hazırlanmış “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə” sərgisi ilə tanış olublar.
Açıq dərs formatında davam edən tədbirdə ali təhsil müəssisəsinin tələbələri İslamda ailə dəyərləri, uşaq tərbiyəsi, ailə institutunun ictimai əhəmiyyəti, erkən nikahın qarşısının alınmasında təhsilin rolu mövzularında təqdimatlarla çıxış ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tələbələrin nümunəvi çıxışlarını, xüsusilə aktual problemlərdən olan erkən nikahın fəsadlarının qabardılmasını müsbət hal kimi dəyərləndirib. Gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiq, cəmiyyətin tərəqqisinə, dövlətimizin inkişafına töhfə verəcək şəxsiyyət kimi yetişdirilməsinin önəmli olduğunu diqqətə çatdırıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tələbələrin çıxış etdikləri mövzuların aktuallığını vurğulayıb, cəmiyyətə ötürmək istədikləri mesajların xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, tələbələr mühazirələrdə ənənə və müasirliyi bir araya gətirərək ailə dəyərlərimizi təqdim etdilər.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva da tələbələrin çıxışlarını yüksək qiymətləndirib. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mövzunun aktuallığını və həssaslığını nəzərə alsaq, belə bir açıq dərsin keçirilməsi təqdirəlayiqdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva tələbələrin təhsil aldıqları müddətdə göstərdikləri ictimai-sosial aktivliyin önəminə toxunub.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə öz növbəsində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin fərqli mövzularda araşdırmalarını, o cümlədən tədqiqatları zamanın tələbinə uyğunlaşdırmaq səylərini yüksək qiymətləndirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da çıxış edərək gənclərimizin milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin maarifləndirilməsi istiqamətində səylə çalışmalarının gələcək fəaliyyətlərində özünü büruzə verəcəyinə əminliyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev çıxışında ailə işinin fərdi, ictimai, eyni zamanda, dövlət məsələsi olduğunu vurğulayıb.
Sonda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək qeyd edib ki, institutun əsas məqsədi Vətəninə, xalqına layiq, məntiqi təfəkkürü formalaşmış, zəngin dünyagörüşlü, yüksəkintellektli kadrların hazırlanmasıdır.
Tədbirdə “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri və iştirakçıları, həmçinin sərginin hazırlanmasında və açıq dərsdə fəallıq göstərənlər təltif olunublar.
15.05.2025 - 17:00
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi “YouTube”un gümüş plaketinə layiq görülüb
16.05.2025 - 12:55 -
Vətəndaş müraciətlərinin statistikası
16.05.2025 - 12:38 -
Nazir müavini “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilmiş tədbirə qatılıb
15.05.2025 - 17:00 -
“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib
15.05.2025 - 16:00 -
2037 nəfər III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul olmaq üçün imtahan verəcək
14.05.2025 - 11:53