Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub

Oktyabrın 27-də Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “InnoWeek.Uz–2026” Beynəlxalq İnnovativ İdeyalar Həftəsinin rəsmi açılış mərasimində, habelə bu çərçivədə təşkil olunan “Türk Elm və İnnovasiya Günü” tədbirində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirak edib.   2018-ci ildən Özbəkistan Respublikasında hər il təşkil olunan “InnoWeek” Beynəlxalq İnnovativ İdeyalar Həftəsi bu il “Dəyişən dünya üçün innovasiyalar” şüarı altında keçirilib. “InnoWeek” elmi nailiyyətlərin və innovativ texnologiyaların təqdimatı, elmi nəticələrin kommersiyalaşdırılması, həmçinin beynəlxalq elmi və işgüzar əlaqələrin genişləndirilməsi üçün platformadır.   Beynəlxalq İnnovativ İdeyalar Həftəsi çərçivəsində Özbəkistan Respublikasının Təhsil və Elm Nazirliyi yanında İnnovativ İnkişaf Agentliyinin və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə “Türk Elm və İnnovasiya Günü” təşkil olunub. “Bir məkan, iki hərəkətverici qüvvə: elm və innovasiya” mövzusuna həsr olunan tədbir türk dövlətləri arasında elm və innovasiya sahələrində əməkdaşlığın praktik nəticələrə yönəldilməsi, tədqiqat müəssisələri, innovatorlar və sənaye arasında əlaqələrin gücləndirilməsi məqsədi daşıyıb.   Tədbirdə TDT-yə üzv dövlətlərin müvafiq qurumlarının, ali təhsil və elmi-tədqiqat müəssisələrinin, eləcə də innovasiya sahəsinin nümayəndələri iştirak ediblər. Tədbirin yüksək səviyyəli panel sessiyasında çıxış edən Mətin Kərimli Azərbaycanda insan kapitalının inkişafı və elmi tədqiqat potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən və əldə olunan nəticələrdən bəhs edib. O, STEAM və rəqəmsal bacarıqların inkişafı, ali təhsildə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, Azərbaycan universitetlərinin qlobal reytinqlərdə irəliləyişi, universitetlərin tədqiqat və innovasiya mərkəzləri kimi rolunun gücləndirilməsi, elmi tədqiqat nəticələrinin artımı, eləcə də elm və sənaye arasında əlaqələrin inkişafı məsələlərinə toxunub.   Aparat rəhbəri TDT çərçivəsində elm və təhsil sahələrində əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini vurğulayıb. O bu sahədə mövcud uğurlu əməkdaşlıq təcrübəsinin birgə tədqiqatların, akademik mübadilələrin və elmi əlaqələrin daha da genişləndirilməsi üçün mühüm zəmin yaratdığını qeyd edib.

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumu keçirilib

Oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunun açılışı baş tutub.   “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda keçirilən Akademik Forumun açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri professor Fateh Mansouri, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Ahmet Nuri Yurdusev, UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə mütəxəssisi Bram Van Haver, o cümlədən millət vəkilləri, ictimaiyyət nümayəndələri, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi müəssisə  və təşkilatların əməkdaşları  və aidiyyəti şəxslər iştirak ediblər.   Forumu giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən, ölkəmizin multikulturalizm təcrübəsindən və qlobal həmrəyliyin təmin olunmasında dialoqun vacibliyindən danışıb.   AMEA rəhbəri bildirib ki, Forum həm də dünya təcrübəsinin öyrənilməsi, müxtəlif ölkələrin nümayəndələri, alimlər, mədəniyyət və ədəbiyyat xadimləri arasında fikir mübadiləsinin aparılması baxımından mühüm platformadır. Akademik İsa Həbibbəyli vurğulayıb ki, tədbir çərçivəsində keçirilən müzakirələr müasir dünyanın daha dərindən dərk edilməsinə, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və qlobal həmrəyliyin təşviqinə töhfə verəcək.    Elmin də bu prosesdə mühüm rol oynadığını deyən AMEA rəhbəri vurğulayıb ki, elmi əməkdaşlıq mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, ortaq dəyərlərin müəyyənləşdirilməsinə, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.  Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası və alimlərimiz bu missiyanın məsuliyyətini dərk edir və bu sahədə ölkəmizdə aparılan dövlət siyasətinə, dünyada gedən proseslərin elmi şəkildə dəyərləndirilməsinə özünün töhfəsini verəcəkdir.   Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müasir dünyada etnik və dini münaqişələrin, terrorizmin və zorakılığın mədəniyyətlərarası dialoqun inkişafına ciddi maneələr yaratdığını bildirib. O, belə bir şəraitdə qarşılıqlı anlaşmanın, etimadın, əməkdaşlığın və davamlı sülhün təmin olunmasında elm və təhsilin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.   “Təhsil yalnız bilik ötürmək deyil, həm də müstəqil və tənqidi düşünmək, məlumatları təhlil etmək, fərqli mövqeləri qiymətləndirmək və əməkdaşlıq etmək bacarıqlarını formalaşdırmaq məqsədi daşıyır”, – deyə Firudin Qurbanov qeyd edib. Nazir müavininin sözlərinə görə, məlumatsızlıq, tarixi və dini faktların manipulyasiyası münaqişələrin yaranmasına zəmin yaradan amillərdəndir. Elm və təhsilə əsaslanan mədəniyyətlərarası və dinlərarası dialoq isə qlobal gərginliyin azaldılması və davamlı sülhün qurulması üçün mühüm vasitədir.    Azərbaycanın təhsil siyasətinin prioritetlərindən danışan Firudin Qurbanov insan potensialının inkişafı, müasir bacarıqların formalaşdırılması və təhsil sisteminin rəqəmsal transformasiyasının bu siyasətin əsas istiqamətləri olduğunu söyləyib. Hazırda ölkənin təhsil müəssisələrində 2 milyondan çox təhsilalanın və 150 minə yaxın təhsilverənin olduğunu bildirən nazir müavini bu göstəricilərin təhsilin cəmiyyətin dəyərlərinin və düşüncə tərzinin formalaşmasındakı əhəmiyyətini nümayiş etdirdiyini diqqətə çatdırıb.   O, Azərbaycanın tarixən müxtəlif etnik və dini qrupların dinc yaşadığı məkan olduğunu vurğulayaraq, ölkəmizdə milli azlıqların mədəni irsinin və ana dilinin qorunması üçün müvafiq imkanların yaradıldığını bildirib. Həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinin ölkəmizin təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsinə və müxtəlif multikulturalizm modellərinin müqayisəli təhlilinə şərait yaratdığını qeyd edib.    Firudin Qurbanov çıxışında rəqəmsal texnologiyaların və süni intellektin mədəniyyətlərarası dialoqa təsirinə də toxunub. Bildirib ki, sosial şəbəkələr, mesajlaşma platformaları və süni intellekt qlobal ünsiyyətin xarakterini dəyişdirərək müxtəlif mədəniyyətlərin təmsilçiləri arasında əlaqələr üçün yeni imkanlar yaradır. Bu proseslərin öyrənilməsi mədəni, sosial və texnoloji yanaşmaların əlaqəli şəkildə araşdırılmasını tələb edir.    Dünyada müharibələrin və geosiyasi qarşıdurmaların davam etdiyi bir dövrdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan Firudin Qurbanov gələcək nəsillər naminə sülhə, dialoqa, milli və bəşəri həmrəyliyə çağırışların xüsusi aktuallığa malik olduğunu bildirib. O, dini ayrı-seçkilik və qarşıdurma əvəzinə qarşılıqlı hörmət, humanizm və sevgi prinsiplərinin təşviqinin vacibliyini qeyd edib.    Sonra çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova hazırda dünyada qütbləşmə, münaqişələr və qarşılıqlı etimad böhranının artdığı bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, dialoqun inkişafı üçün siyasi və diplomatik təşəbbüslərlə yanaşı, elmi tədqiqatlara da xüsusi önəm verilməlidir. O, humanitar və sosial elmlərin cəmiyyətlərarası münasibətlərin öyrənilməsinə, stereotiplərin aradan qaldırılmasına və sosial etimadın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.   Səadət Yusifova Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərinə toxunaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi”nin (Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu) müxtəlif ölkələri, beynəlxalq təşkilatları və elmi ictimaiyyəti qarşılıqlı anlaşma və əməkdaşlıq ətrafında birləşdirən mühüm platforma olduğunu söyləyib. O, “Bakı Prosesi”nin təcrübəsinin akademik müstəvidə daha sistemli şəkildə araşdırılması, nəticələrinin elmi əsaslarla qiymətləndirilməsi və beynəlxalq tədqiqatlarda geniş işıqlandırılmasının vacibliyinə diqqət çəkib.    Çıxışında rəqəmsal transformasiya proseslərinin mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar və çağırışları da qeyd edən Səadət Yusifova bildirib ki, texnologiyalar mədəni irsin qorunmasına və biliklərin yayılmasına xidmət etməli, eyni zamanda az təmsil olunan dillərin və mədəniyyətlərin rəqəmsal mühitdə görünürlüyünün artırılmasına dəstək verməlidir. O, bu istiqamətdə universitetlərin, tədqiqatçıların və dövlət qurumlarının əməkdaşlığının vacibliyini qeyd edib.    Səadət Yusifova çıxışının sonunda Forumun nəticələrinin konkret təşəbbüslərə, birgə tədqiqatlara və yeni tərəfdaşlıqlara çevriləcəyinə, elmi müzakirələrin dövlət siyasətində və təhsil proqramlarında əksini taparaq cəmiyyətin davamlı inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.    Sonra çıxış edən Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri professor Fateh Mansouri qeyd edib ki, parçalanmış dünyada ortaq gələcəyin qurulması üçün mədəniyyətlərarası dialoqun rolu böyükdür və bu mənada Azərbaycanın təşkil etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusi əhəmiyyət daşıyır.   Fateh Mansourinin sözlərinə görə, mədəniyyətlərarası dialoq yalnız fikir mübadiləsi deyil, həm də cəmiyyətləri parçalayan səbəblərin tənqidi təhlili üçün mühüm platformadır. Professor vurğulayıb ki, effektiv mədəniyyətlərarası yanaşma mədəni müxtəlifliyə hörməti bərabər hüquqlar və cəmiyyətin həyatında mənalı iştirakla birləşdirməlidir.    Çıxış edən Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev, UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə mütəxəssisi Bram Van Haver mədəniyyətlərarası dialoqun davamlılığının qarşılıqlı tanıma, bərabərlik, hörmət və zorakılığın minimuma endirilməsi prinsiplərindən asılı olduğu vurğulanıb. Həmçinin müasir dövrdə miqrasiya, ictimai qütbləşmə və dezinformasiya kimi çağırışlar fonunda dialoqun əhəmiyyəti, elmi araşdırmalarla praktiki siyasət arasında əlaqələrin gücləndirilməsində akademik forumun rolu qeyd edilib.   Açılış mərasimindən sonra Forum öz işini “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda panel iclası ilə davam etdirib.

Şamaxıda iki yeni körpələr evi-uşaq bağçasının açılışı olub

Oktyabrın 26-da Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının və Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışı olub.   AZƏRTAC xəbər verir ki, hər iki açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak edib,  yaradılan şəraitlə tanış olublar.   Qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Xınıslı körpələr evi-uşaq bağçası 110 yerlikdir. Burada qızlar və oğlanlar üçün ayrı-ayrı korpuslarda yataq otaqları, eləcə də qrup, informatika və tibb otaqları, musiqi və gimnastika zalları, qarderob, yeməkxana var. Məktəbəqədər müəssisə zəruri mebel və avadanlıqlarla, qrup otaqları isə əyani vəsaitlərlə tam təchiz edilib. Uşaqların istirahəti üçün söhbətgahlar qurulub, oyun attraksionları olan meydança yaradılıb.   Körpələr evi-uşaq bağçasının müdiri Səidə Zahidova bildirib ki, 1969-cu ildə tikilən köhnə bağça binası istifadəyə yararsız olduğundan yeni binaya ehtiyac yaranmışdı. Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni körpələr evi-uşaq bağçasında uşaqlar altı qrupda təlim-tərbiyə prosesinə cəlb olunacaqlar.   Bundan başqa, Şamaxı rayonunun Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının tikintisinə Heydər Əliyev Fondu tərəfindən 2025-ci ildə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, qrup otaqları əyani vəsaitlərlə tam təchiz edilib. Həyətyanı sahədə söhbətgahlar, uşaq əyləncə qurğuları ilə təmin edilmiş meydança inşa olunub.   160 uşaq yerlik körpələr evi-uşaq bağçasında qızlar və oğlanlar üçün yataq otaqları, qrup otaqları, musiqi və gimnastika zalları, mətbəx, yeməkxana, tibb və digər inzibati və texniki otaqlar yaradılıb. Körpələr evinin həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.   Məktəbəqədər təhsil müəssisəsinin müdiri Aygün Mikayılova bildirib ki, 7750 nəfər sakini olan kənddə 55 nəfərlik köhnə uşaq bağçası var. Lakin təmirsiz və yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən yenisi inşa olundu. Körpələr evi-uşaq bağçası 3 qrupdan ibarətdir: 2-3 yaş, 3-4 yaş və 4-5 yaş. Məktəbəqədər təhsil müəssisəsinin 17 nəfərlik heyəti var ki, onlardan 12-si texniki, 5-i isə pedaqoji işçidir.   Qeyd edək ki, ölkəmizdə yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlı həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində bu sahəni daim diqqətdə saxlayır. 2014-cü ildən bəri Fond “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişmələrinə öz töhfəsini verir. Proqramın icrası paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Həmin regionlar arasında Şamaxı da yer alır. Ümumiyyətlə, son illərdə Şamaxıda bir sıra yeni körpələr evi-uşaq bağçaları, məktəblər inşa edilərək istifadəyə verilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin açıqlaması

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur.   Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.   İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar.   İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.   İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər.

“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra layihənin beş il ərzində keçdiyi inkişaf yolunu, əldə olunan nəticələri və qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində göstərilən təşəbbüsləri əks etdirən qısametrajlı film nümayiş etdirilib.   Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qızlar məktəbinin 125 illiyi və “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illiyinin mühüm tarixi və ictimai əhəmiyyət daşıdığını bildirib. O, qızların təhsilinin cəmiyyətin tərəqqisinin, milli inkişafın və gələcək nəsillərin rifahının əsas şərtlərindən biri olduğunu vurğulayaraq müasir dövrdə rəqəmsal texnologiyalar və əmək bazarının yeni tələbləri fonunda qızların elm, mühəndislik, informasiya texnologiyaları, hüquq və digər perspektivli sahələrə marağının dəstəklənməsinin vacibliyini qeyd edib.   Komitə sədri qızların təhsilinə və gələcək inkişafına dəstəyin genişləndirilməsi üçün dövlət qurumlarını, ali təhsil müəssisələrini, sahibkarları, şirkətləri və uğur qazanmış qadınları əməkdaşlığa dəvət edib. O, mentorluq, təcrübə və peşəkar inkişaf imkanlarının yaradılmasının gənc qızların potensialını reallaşdırmasına, gələcək karyeralarına inamının artmasına və ölkənin inkişafına töhfə verməsinə şərait yaradacağını bildirib.   Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qızların təhsilinə yatırılan investisiyaların yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət etdiyini bildirib. Nazir vurğulayıb ki, qızların təhsili ölkənin intellektual potensialının gücləndirilməsi, gələcək nəsillərin daha savadlı, müstəqil və məsuliyyətli vətəndaşlar kimi formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.   Emin Əmrullayev həmçinin qadınların dövlət və özəl sektorda, eləcə də cəmiyyətin müxtəlif sahələrində qərarların qəbulunda iştirakının genişləndirilməsinin dayanıqlı inkişafın və daha sağlam cəmiyyətin formalaşmasının vacib amillərindən biri olduğunu diqqətə çatdırıb.   Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların təhsil imkanlarının genişləndirilməsi və təhsildə bərabər imkanların təmin olunmasında oynadığı roldan bəhs edib. Sədr dövlət, təhsil və özəl sektor arasında əməkdaşlığın qızların təhsilinə dəstək təşəbbüslərinin davamlılığında roluna toxunaraq layihənin həyata keçirilməsinə dəstək göstərən tərəfdaşlara təşəkkürünü bildirib. Yeni tərəfdaşların layihəyə qoşulmasının təşəbbüsün inkişafına və əhatə dairəsinin genişlənməsinə təkan verəcəyini vurğulayıb.   Layihəyə qoşulmağın hər il onlarla tələbəyə təhsil dəstəyi göstərmək baxımından mühüm imkan yaratdığını bildirən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev belə mütərəqqi təşəbbüsün bir parçası olmaqdan məmnunluğunu ifadə edib. O, tələbələri bir araya gətirən geniş birliyin formalaşmasının və onların peşəkar təcrübə qazanmasına imkan yaradılmasının əhəmiyyətini vurğulayaraq təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib.   Tədbirdə çıxış edənlər layihənin qızların potensialının üzə çıxarılmasına, onların peşəkar inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə verdiyi töhfələri vurğulayıblar. Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları layihənin onların şəxsi inkişafına, müxtəlif təlim və inkişaf proqramlarında iştirakına yaratdığı imkanlardan bəhs ediblər.   Yubiley tədbiri bədii hissəsi ilə yekunlaşıb.

Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir

Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün kiçik qrant müsabiqəsi elan edir. Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 30 000 (otuz min) manatdır.   Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna oktyabrın 22-dən başlanılır. Bu proses noyabrın 12-dək davam edəcək. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.   Müsabiqənin mövzuları, iştirakla bağlı əsas tələblər və sənədlərlə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: Qrant müsabiqəsinin elanı Kiçik qrant müsabiqəsi layihə İcra planı Büdcənin maliyyə əsaslandırılması Media subyektində yayılmış məlumatlar

Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb

Oktyabrın 21-də elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində (BANM) I və II kursda təhsil alan SABAH tələbələri ilə görüşüb.   Görüşdə açılış nitqi ilə çıxış edən BANM-ın rektoru Elmar Qasımov SABAH proqramının ali təhsildə keyfiyyətin yüksəldilməsi və istedadlı gənclərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Rektor bildirib ki, hazırda Bakı Ali Neft Məktəbində 335 SABAH tələbəsi təhsil alır, həmçinin proqram çərçivəsində ilk dəfə doktorantura səviyyəsində təhsilə başlanılıb.      Elmar Qasımov BANM-ın yüksək akademik nəticələr göstərən tələbələrin seçimində ön sıralarda yer aldığını qeyd edib. İlk il 100 tələbə ilə fəaliyyətə başlayan ali təhsil müəssisəsində bu il tələbə qəbulunun 900-ə yaxınlaşdığını bildirən rektor növbəti iki ildə tələbə kontingentinin 5 min nəfərə çatdırılmasının hədəfləndiyini vurğulayıb.   Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək ali təhsil siyasətinin əsas prioritetləri, SABAH proqramının yaradılma məqsədləri və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Nazir bildirib ki, SABAH qruplarının yaradılmasında əsas məqsəd istedadlı və bacarıqlı tələbələri seçərək onlar üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq, eyni zamanda ali təhsil müəssisələrində sağlam rəqabət mühiti formalaşdırmaq olub.   Emin Əmrullayev qeyd edib ki, SABAH qruplarının fəaliyyəti ali təhsil müəssisələrində yeni akademik mühitin formalaşmasına, rəqabətin güclənməsinə və təhsil prosesinə yanaşmaların dəyişməsinə töhfə verib. Ötən ildən proqramın yeni mərhələsinə başlanılması da bu inkişafı sürətləndirmək və tələbələr üçün daha geniş imkanlar yaratmaq məqsədi daşıyır.   Elm və təhsil naziri SABAH proqramının gələcək liderlərin formalaşmasında roluna da diqqət çəkib. Müasir dövrdə tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməsinin, təşəbbüskarlığının və rəqabətqabiliyyətliliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. SABAH tələbələrinin üzərinə düşən məsuliyyətin daha böyük olduğunu bildirən Emin Əmrullayev yaradılan imkanlardan səmərəli istifadə edilməsinin, əldə olunan bilik və bacarıqları ölkənin inkişafına yönəldilməsinin vacibliyini qeyd edib.   Görüş qarşılıqlı sual-cavab formatında davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb, həmçinin onların fikir və təklifləri dinlənilib.   Qeyd edək ki, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi, prioritet ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi və yeni maliyyələşmə mexanizmlərinin tətbiqi istiqamətində işlər davam etdirilir. Ümumilkdə son iki il ərzində SABAH proqramı çərçivəsində 5 226 nəfərlik kvota 19 ali təhsil müəssisəsini əhatə edib. Ən çox tələbə sayı kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, maliyyə, kimya mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə müəyyən edilib.   2026-2027-ci tədris ilindən ilk dəfə doktorantura səviyyəsi üzrə qəbul aparılıb və 7 ixtisas istiqaməti üzrə 80 yer müəyyən edilib. Görülən işlər ali təhsildə keyfiyyət əsaslı yanaşmanın gücləndirilməsinə, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına və ölkənin uzunmüddətli inkişaf prioritetlərinə uyğun kadr hazırlığının təmin edilməsinə xidmət edir.

Firudin Qurbanov I Ailə Forumunda iştirak edib

Oktyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.   Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, eləcə də dövlət qurumlarının nümayəndələri, ekspertlər və digər qonaqlar iştirak ediblər.   Forumda çıxış edən Bahar Muradova Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərin və nəsillərarası bağlılığın qorunmasında mühüm rolunu vurğulayıb. O, ənənəvi ailə dəyərlərini qorumaqla yanaşı, ailələrin texnoloji inkişafın yaratdığı yeni reallıqlara hazırlanmasının vacibliyini qeyd edib. Komitə sədri uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli məzmun, kiberzorakılıq və rəqəmsal asılılıq məsələlərinə toxunaraq, hazırlanmaqda olan Ailə Konsepsiyasının əhəmiyyətini diqqətə çatdırıb.   Ailənin cəmiyyətin və dövlətin təməli olduğunu vurğulayan Elm və təhsil nazirinin müavini Firudin Qurbanov cəmiyyətdə xoşbəxt ailələrin sayının çox olmasının dövlətin uğurlu inkişafının əsas zəmanəti olduğunu bildirib. Ailənin yeni nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin formalaşmasında, eləcə də cəmiyyətin sosial və iqtisadi sabitliyinin qorunmasında mühüm rolunu vurğulayıb. Qeyd edib ki, ailə uşaqların və yaşlı insanların rifahının təmin olunmasında, davranış normalarının və dəyərlərin gələcək nəsillərə ötürülməsində xüsusi əhəmiyyət daşıyır.   Rəqəmsal transformasiyanın ailə həyatına təsirindən danışan nazir müavini texnologiyaların təhsil imkanlarını genişləndirdiyini, eyni zamanda rəqəmsal asılılıq, canlı ünsiyyətin azalması, diqqət çatışmazlığı və nəsillər arasında rəqəmsal fərqlər kimi risklər yaratdığını diqqətə çatdırıb. O, ailədə rəqəmsal və real həyat arasında balansın qorunmasının, rəqəmsal gigiyena qaydalarına əməl edilməsinin, uşaqlarla internet təhlükəsizliyinin müzakirə olunmasının və texnologiyalardan faydalı məqsədlər üçün istifadənin vacibliyini qeyd edib.   Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkədə rəqəmsallaşma və süni intellekt sahəsində həyata keçirilən islahatlardan danışıb. O, rəqəmsal infrastrukturun yenilənməsi, elektron xidmətlərin genişləndirilməsi və təhsilin müasirləşdirilməsi istiqamətində görülən işləri qeyd edib. Nazir müavini uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının strateji əhəmiyyətini vurğulayaraq sosial platformalarda uşaqların müdafiəsinə yönəlmiş təkliflər və zərərli məzmunun məhdudlaşdırılması mexanizmləri barədə məlumat verib.   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov rəqəmsal dövrdə ailə institutunun qarşılaşdığı çağırışlardan və mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən bəhs edib. O, dəyişən dövrün tələblərinə uyğunlaşmaqla yanaşı, ailənin mənəvi əsaslarının və milli kimliyinin qorunmasının, dini dəyərlərin düzgün təbliğinin vacibliyini vurğulayıb.   Forum çərçivəsində “Yeni reallıqda ailə: ortaq məsuliyyətdən dayanıqlı gələcəyə” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə rəqəmsal transformasiyanın ailə münasibətlərinə, valideyn-övlad ünsiyyətinə və gündəlik həyata təsiri, texnologiyalardan balanslı istifadə, eləcə də fiziki və psixoloji sağlamlığın qorunması məsələləri diqqətə çatdırılıb.   Forum ailə münasibətləri, müasir valideynlik, rəqəmsal mühitdə sağlamlıq və təhlükəsizlik, süni intellektin ailəyə təsiri və gələcəyin ailə modeli daxil olmaqla altı istiqamət üzrə panel müzakirələri ilə davam edib.

bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb

bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.   SABAH.city İnnovasiya Şəhərciyində keçirilən görüşdə gənclərin peşəkar inkişafı, əmək bazarının tələbləri, gələcək karyera perspektivləri və texnoloji yeniliklərin əmək bazarına təsiri müzakirə olunub.   Bəxtiyar Aslanbəyli uğurlu karyera qurmaq üçün praktiki təcrübənin, xarici dil biliklərinin və davamlı öyrənmənin əhəmiyyətini vurğulayıb. O, əmək bazarında rəqabətədavamlı olmaq üçün nəzəri biliklərlə yanaşı, praktiki təcrübə qazanmağın, bilik və bacarıqları davamlı inkişaf etdirməyin vacibliyini qeyd edib.   Süni intellektin sürətli inkişafına toxunan bp-nin vitse-prezidenti texnoloji yenilikləri izləməyin, yeni biliklərə açıq olmağın və dəyişən şəraitə uyğunlaşma bacarığının gələcək karyera uğurlarında mühüm rol oynadığını bildirib.   Görüşdə müstəqil öyrənmə, şəxsi inkişafla istirahət arasında balansın qorunması və sosial məsuliyyət məsələləri də müzakirə olunub. Bəxtiyar Aslanbəyli gənclərin gələcək peşə fəaliyyətlərindən asılı olmayaraq cəmiyyətin inkişafına töhfə vermələrinin vacibliyini vurğulayıb.   Görüş çərçivəsində SABAH.city İnnovasiya Şəhərciyinə infotur da təşkil olunub. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) baş icraçı direktoru Nihat Məcidov qonaqları salamlayaraq şəhərciyin infrastrukturu ilə tanış edib.   İnfotur zamanı iştirakçılara mərkəzdə fəaliyyət göstərən laboratoriyalar, onların iş prinsipləri və imkanları barədə məlumat verilib. Gənclər innovasiya və texnologiya sahəsində müasir yanaşmalar, laboratoriyaların praktiki bilik və bacarıqların inkişafındakı rolu ilə tanış olublar.   Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın məqsədi elm və təhsil sahəsində insan resurslarının inkişafına dəstək göstərmək, tələbə və məzunların praktiki bilik və bacarıqlarını artırmaq, müasir idarəetmə yanaşmalarını mənimsəmələrinə və peşəkar mühitə inteqrasiyalarına şərait yaratmaqdır.

Nazir müavini Həsən Həsənli “AI Academy”nin ilk məzunlarının təltif olunduğu tədbirdə iştirak edib

Oktyabrın 20-də Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk “Məzun günü” keçirilib.   Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, eləcə də AZCON Holding-in Baş insan resursları inzibatçısı – departament direktoru Elnur Hüseynov iştirak ediblər.   Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışı zamanı bildirib ki, Azərbaycan öz reallıqlarına və strateji hədəflərinə uyğun olaraq gənclərin inkişafı, onların müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.    Nazir müavini son illərdə reallaşdırılan təşəbbüs və təlim proqramlarının insan kapitalının gücləndirilməsinə töhfə verdiyini qeyd edib. O, süni intellekt sahəsində təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılmasının, praktiki bacarıqların artırılmasının və gənclərin davamlı öyrənməyə təşviq edilməsinin vacibliyini vurğulayıb.   Çıxışlar zamanı Milli Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biri olan insan kapitalının inkişafı, gənclərin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də süni intellekt üzrə yerli mütəxəssislərin hazırlanmasının əhəmiyyəti vurğulanıb.   Tədbirdə həmçinin süni intellekt sahəsində uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsinin yalnız texnoloji infrastrukturun inkişafından deyil, bu texnologiyaları yaradan, tətbiq edən və inkişaf etdirən ixtisaslı mütəxəssislərin yetişdirilməsindən də asılı olduğu diqqətə çatdırılıb. Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun qurulması və gənclərin innovasiya sahəsində potensialının reallaşdırılması mühüm istiqamətlər kimi qeyd olunub.   Sonda mərasim çərçivəsində ən yüksək akademik nəticə göstərən üç məzun xüsusi mükafatlarla, digər məzunlar isə diplomlarla təltif olunublar.   Qeyd edək ki, AZCON Holding-in şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin nəzdində fəaliyyət göstərən “AI Academy” 2025-ci ildə fəaliyyətə başlayıb. Akademiyanın ilk tədris proqramına 8000-dən çox müraciət daxil olub.

04/11/2026

? Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Ətraflı
04/11/2026

“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədrisi həyata keçirən bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat 5 noyabr 2026-cı il tarixindən başlayacaq.

Ətraflı
03/11/2026

2026/2027-ci tədris ilində III–IV sinif şagirdləri üçün “BilBacar” müsabiqəsinə yenidən start verilir!

Ətraflı