Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20/10/2026 12:37
Elm və Təhsil Nazirliyi Nazirlər Kabinetinin 11 oktyabr 2017-ci il tarixli 416 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”na uyğun olaraq, süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edir. Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrdə çalışan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edə bilərlər. Qrant müsabiqəsində iştirak etmək istəyənlər tələb olunan sənədləri 20 oktyabr 2026-cı il tarixindən etibarən https://anket.edu.az/user/385 elektron platforması vasitəsilə göndərməli, müraciətin qəbulu təsdiqləndikdən sonra isə sənədlərin çap olunmuş nüsxələrini 2 noyabr 2026-cı il tarixindən gec olmayaraq Elm və Təhsil Nazirliyinə təqdim etməlidirlər. Müraciətlərin qəbulu ilə bağlı texniki çətinliklərlə qarşılaşmamaq üçün iddiaçılara sənədlərini son günlərə saxlamadan təqdim etmələri tövsiyə olunur. Müraciətin qəbul edildiyini təsdiqləyən elektron məktub 3 iş günü ərzində daxil olmadığı təqdirdə iddiaçılar (+994 51) 201 29 71 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə elmi potensialı gücləndirmək və elmi-texniki tərəqqini sürətləndirmək, rəqabətqabiliyyətli tədqiqat layihələrini dəstəkləmək, elmi nəticələrin praktik tətbiqini və kommersiyalaşdırılmasını təşviq etməkdir. Müsabiqənin şərtləri, iştirak qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: Qrant müsabiqəsinin elanı * İştirak ərizəsi forması * Layihə təklifi forması * CV forması
Elm və təhsil naziri Almaniyanın Saksoniya federal torpağının elm naziri ilə görüşüb
19/10/2026 17:39
Oktyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Almaniya Federativ Respublikasının Saksoniya federal torpağının elm naziri Sebastian Qemkov ilə görüşüb. Görüş çərçivəsində Almaniya Federativ Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib
19/10/2026 16:33
Oktyabrın 19-da “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün karyera sərgisi keçirilib. Sərgi Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev və Dövlət Proqramı məzunları iştirak ediblər. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alaraq qayıdan məzunların ölkəmizdəki inkişaf proseslərinə verdikləri töhfələrdən danışıb. Nazir müavini proqram çərçivəsində əldə olunan nəticələrin əhəmiyyətini vurğulayaraq məzunların ölkəmizin gələcəyinin qurulmasında mühüm rolunu diqqətə çatdırıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxışı zamanı Dövlət Proqramının yeni məzunlarının Azərbaycanın əmək bazarına mühüm töhfələr verəcəklərinə inamını ifadə edib. Gənclərin əmək bazarına çxışının dəstəklənməsi üçün ardıcıl işlərin aparıldığını, tədbirin gənclər üçün öz bilik və bacarıqlarını işəgötürənlərə nümayiş etdirmək, yeni iş imkanları ilə tanış olmaq üçün şərait yaratdığını vurğulayıb. Karyera sərgisində 40-dan çox dövlət və özəl qurumun 150-dən çox vakansiyası təqdim olunub. Məzunlar işəgötürənlərlə birbaşa ünsiyyət qurub, CV-lərini təqdim edib və karyera imkanları ilə tanış olublar. Elm və Təhsil Nazirliyi, eləcə də Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendləri ilə təmsil olunub. Agentlik əməkdaşları tərəfindən işsiz və işaxtaran şəxslər üçün həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib. Qeyd edək ki, 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində bu günədək 738 nəfər məzun statusu qazanıb.
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
19/10/2026 14:56
“SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb. AZƏRTAC xəbər verir ki, açılış mərasimində Alyona Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov, Milli Məclisin deputatı Soltan Məmmədov, eləcə də dövlət qurumlarının, layihə tərəfdaşlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova çıxışında təşkilatın autizmli şəxslərə və onların ailələrinə dəstək göstərdiyini, bu sahədə maarifləndirmə işləri apardığını bildirib. “SkillBridge” layihəsinin rəhbəri Həzi Eynalov yeni mərkəzin əlilliyi və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etdiyini qeyd edib. Bildirilib ki, mərkəzdə dörd emalatxana müasir avadanlıqlarla təchiz olunub, inklüziv təhsil mühitinin yaradılması üçün müvafiq şərait qurulub. Burada qrafik dizayn, veb-dizayn və proqram təminatı, interyer və eksteryerin bədii tərtibatı, ağac nəqqaşlığı, eləcə də satış və nəzarətçi-xəzinədarlıq istiqamətləri üzrə təlimlərin təşkili nəzərdə tutulur. Bundan başqa, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən emalatxanada neyromüxtəlifliyi olan gənclər üçün qənnadçı-şirniyyatçı, barista və kargüzarlıq istiqamətləri üzrə praktiki təlimlər keçirilir. Layihə çərçivəsində ümumilikdə 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlim proqramlarına cəlb olunması və ən azı 60 nəfərin məşğulluğunun təmin edilməsi hədəflənir. Daha sonra layihənin məqsədlərini və mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında təhsilin inkişafının, uşaqlar üçün bərabər imkanların yaradılmasının və inklüziv təhsilin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bütün uşaqların təhsil alması üçün zəruri şəraitin yaradılmasının vacibliyini qeyd edib. O, inklüziv təhsildə fiziki maneələrin aradan qaldırılması ilə yanaşı, məzunların praktiki bacarıqlarının inkişaf etdirilməsinin və əmək bazarına inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb. SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov çıxışında inklüzivliyin insanlar üçün bərabər imkanların yaradılması demək olduğunu vurğulayıb. Direktor qeyd edib ki, inklüziv təhsil və məşğulluq bir-biri ilə sıx bağlıdır və gənclərin potensiallarını reallaşdırmaları, bacarıqlar qazanmaları və əmək bazarına inteqrasiyaları üçün şərait yaradılması vacibdir. Bu təşəbbüs gənclərin özünəinamının artırılmasına və onların imkanlarının üzə çıxarılmasına xidmət edir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı inklüziv peşə təhsilinin hər kəsin potensialının üzə çıxarılması və cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, 2023–2026-cı illərdə peşə təhsili müəssisələrində əlilliyi olan şəxslər üçün 5 mindən çox təhsil imkanı yaradılıb, cari tədris ilində bu kateqoriyadan olan şəxslərin qəbulu 2023-cü illə müqayisədə 40 faiz artaraq 1400 nəfərə çatıb. Direktor əlavə edib ki, yeni mərkəz peşə təhsilinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, əldə olunan bacarıqların real məşğulluğa çevrilməsinə də töhfə verəcək. Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Milli Məclisin deputatı Soltan Məmmədov da çıxış ediblər. Neyromüxtəlifliyi olan iki gənc öz həyat hekayələrini bölüşüb. Onların çıxışlarında peşə bacarıqlarının inkişafının və inklüziv təhsilin müstəqil həyata hazırlıqda rolu diqqətə çatdırılıb. Tədbirin sonunda qonaqlar İnklüziv Təlim və Tədris Mərkəzinin fəaliyyəti, yaradılmış şərait və emalatxanalarla tanış olublar. Sonda xatirə fotosu çəkilib. Qeyd edək ki, “SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı,SOCAR Midstream Gas Operations MMC və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin icraçılığı ilə həyata keçirilir. Layihə əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsinə, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və inklüziv əmək bazarının formalaşmasına dəstək göstərməyi hədəfləyir.
Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib
16/10/2026 17:29
Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib. İki ölkədən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi forum ali təhsil tərəfdaşlığının inkişafına həsr olunub. Forum ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil edilib. Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov forum iştirakçılarını salamlayıb, onları Qarabağ Universitetində görməkdən məmnunluğunu ifadə edib. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf dinamikasından danışıb. Nazir universitetlər arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daşkənd Dövlət İqtisad Universitetinin rektoru Konqratbəy Şaripov forumun yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, belə platformaların birgə elmi tədqiqatların və təhsil layihələrinin inkişafı üçün mühüm imkanlar yaratdığını bildirib. Forum çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri keçirilib. Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktiki tətbiqi, innovasiya potensialının artırılması və Azərbaycan–Özbəkistan ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə universitetlərarası əməkdaşlığın genişləndirilməsini, birgə elmi və akademik təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan 60-a yaxın anlaşma memorandumu imzalanıb. 16-17 oktyarındə tarixlərində Xankəndidə keçirilən II Azərbaycan-Özbəkistan Rektorlar Forumu çərçivəsində Özbəkistan nümayəndə heyətinin Şuşaya və Qarabağ Universitetinə səfəri baş tutub. Səfər çərçivəsində qonaqlar şəhərin tarixi-memarlıq abidələri, Qarabağ Universitetinin əsas binası, Biznes və iqtisadiyyat fakültəsi, eləcə də Tibb fakültəsi ilə tanış olub və ətraflı məlumat əldə ediblər. Nümayəndə heyəti həmçinin Füzuli şəhərində yerləşən Mirzo Uluqbəy adına 1 nömrəli tam orta məktəbi ziyarət edib, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub.
Müəllimlər üçün vergi və maliyyə savadlılığı mövzusunda seminarlar keçirilib
15/10/2026 16:33
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Elm və Təhsil Nazirliyi arasında təhsilalanların vergi mədəniyyətinin və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planının icrası davam edir. Plan çərçivəsində ümumi təhsil müəssisələrinin müəllimləri üçün seminarlar təşkil olunub. Bakı, Şirvan və Xankəndi şəhərlərində “Vergi və maliyyə savadlılığının effektiv tədrisi” mövzusunda keçirilən seminarlarda 100-dən çox müəllim iştirak edib. Seminarların məqsədi müəllimlərin vergi və maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, bu sahədə tədrisin səmərəliliyini artırmaq və şagirdlərdə vergi mədəniyyətinin formalaşmasına dəstək göstərmək olub. Tədbirlərdə iştirakçılara vergi sisteminin mahiyyəti, vergilərin ölkənin iqtisadi inkişafında və ictimai xidmətlərin maliyyələşdirilməsində rolu, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi uçotuna alınma qaydaları, vergi növləri, vergi azadolmaları və güzəştləri barədə məlumat verilib. Eyni zamanda, vergi qanunvericiliyinin əsas tələbləri və həmin tələblərin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah olunub. Müzakirələr zamanı şəxsi maliyyənin idarə edilməsi, gəlir və xərclərin planlaşdırılması, büdcənin formalaşdırılması və məsuliyyətli maliyyə qərarlarının qəbulu məsələlərinə də toxunulub. Vergi və maliyyə savadlılığının gündəlik həyatda əhəmiyyəti, bu biliklərin şagirdlərə aşılanmasının onların iqtisadi təfəkkürünün və praktiki maliyyə bacarıqlarının inkişafındakı rolu vurğulanıb. İnteraktiv formatda keçirilən seminarlarda iştirakçıların sualları cavablandırılıb, vergi qanunvericiliyinin tətbiqi və maliyyə savadlılığının tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb.
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15/10/2026 12:32
Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb. Burada ümumtəhsil, musiqi, təsviri və tətbiqi sənət, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir. Gimnaziya tədris prosesinin təşkili üçün zəruri alət, inventar və digər avadanlıqlarla təmin edilib. Hazırda gimnaziyada 1214 şagirdin təlim-tərbiyəsi ilə 393 müəllim məşğul olur. Gimnaziyada ümumtəhsil fənləri üzrə sinif otaqları, ixtisas fənlərinin tədrisi üçün müasir fərdi və qrup məşğələ auditoriyaları, eləcə də yaradıcılıq emalatxanaları yaradılıb. Gimnaziyada şagirdlərə milli və klassik musiqi ilə yanaşı, müxtəlif incəsənət istiqamətləri üzrə bilik və bacarıqlar aşılanır, onların yaradıcılıq potensialının inkişafına şərait yaradılır. Qeyd edək ki, İncəsənət Gimnaziyasının 8 yetirməsi gənc istedadların “Qızıl kitab”ına daxil edilib.
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı növbəti görüş keçirilib
14/10/2026 15:17
Elm və Təhsil Nazirliyində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrindэ keyfiyyətin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun növbəti görüşü keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi, nazirliyin müvafiq qurumları və Ədliyyə Nazirliyinin əməkdaşları iştirak ediblər. İşçi Qrupunun sədri, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışı zamanı “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası çərçivəsində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Tədbirlər Planında nəzərdə tutulan “Məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması” tədbiri ilə bağlı İşçi Qrupu üzvlərinin rəy və təklifləri toplanılıb. Məlumatlar əsasında “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nın yenilənməsi istiqamətində ilkin layihə hazırlanıb. Görüşdə həmçinin sözügedən layihə iştirakçılara təqdim olunub və sənədin məzmunu, tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb, layihənin təkmilləşdirilməsi və növbəti mərhələdə görüləcək işlərlə bağlı müzakirələr keçirilib. Qeyd edək ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” çərçivəsində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsi, eləcə də uyğunlaşdırılmış peşə təhsili proqramlarının çərçivə sənədinin hazırlanması nəzərdə tutulub.
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
14/10/2026 14:27
Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin təhsilalanları arasında həyata keçirilən “Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir. Layihə çərçivəsində bir sıra peşə təhsili müəssisələrində hüquqi maarifləndirmə tədbirləri, interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər təşkil olunub. Tədbirlər Abşeron Binə Peşə Liseyi, Abşeron Ceyranbatan Peşə Liseyi, Bakı Turizm Peşə Məktəbi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarını əhatə edib. Maarifləndirmə tədbirlərində “İnsan alveri”, “Erkən nikahların hüquqi və sosial aspektləri”, “İctimai qayda pozuntuları və inzibati məsuliyyət”, “Bullinq və ictimai təzyiq”, eləcə də “Narkomaniya ilə mübarizə” mövzuları müzakirə olunub. Layihənin əsas məqsədi gənclərin hüquqi biliklərini artırmaq, hüquq və vəzifələri barədə məlumatlılığını yüksəltmək, onlarda hüquq mədəniyyətini formalaşdırmaq, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmləri barədə biliklərini genişləndirmək, həmçinin vətəndaş məsuliyyətini və hüquqi düşüncə tərzini inkişaf etdirməkdir. Qeyd edək ki, cari ilin may ayından etibarən həyata keçirilən layihə çərçivəsində indiyədək ümumilikdə 500 nəfərə yaxın təhsilalan iştirak edib.
Elm və təhsil naziri və Laos Xalq Demokratik Respublikasının Prezidenti Bakı Dövlət Universitetində tələbələrlə görüşüb
13/10/2026 23:10
Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Dövlət Universitetini (BDU) ziyarət edib, burada təhsil alan tələbələrlə görüşüb. BDU-nun rektoru Elçin Babayev görüşdə çıxış edərək universitetin Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd edib. Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil aldığını bildirib. Nazir “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının yaratdığı imkanları qeyd edərək Laosdan olan gəncləri bu imkanlardan yararlanmağa dəvət edib. Nazir həmçinin iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit isə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini bildirib. Görüşün sonunda Laos Prezidenti tələbələrin suallarını cavablandırıb. Thonqlun Sisulit daha sonra BDU-nun fəxri doktoru Ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeylə tanış olub.
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
? Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Ətraflı“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədrisi həyata keçirən bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat 5 noyabr 2026-cı il tarixindən başlayacaq.
Ətraflı2026/2027-ci tədris ilində III–IV sinif şagirdləri üçün “BilBacar” müsabiqəsinə yenidən start verilir!
Ətraflı