“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04/11/2026 15:48
“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədrisi həyata keçirən bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat 5 noyabr 2026-cı il tarixindən başlayacaq. Məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər: · bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə; · Tabe olduqları təhsil idarələrinə müraciət etməklə. Qeydiyyat zamanı hər bir ümumi təhsil müəssisəsi “BilBacar” məktəb koordinatorunu təyin etməlidir. Məktəblərin qeydiyyatı başa çatdıqdan sonra şagird qeydiyyatı Təhsil İnstitutu tərəfindən aparılacaq və şagirdlərin “BilBacar” üzrə hesab məlumatları məktəbin “BilBacar” koordinatorunun şəxsi “BilBacar” səhifəsinə əlavə ediləcək. Qeyd edək ki, “BilBacar” müsabiqəsi 2026–2027-ci tədris ilində 3 və 4-cü sinif şagirdləri arasında təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə savadlılığını inkişaf etdirilməsi istiqamətində təşkil ediləcəkdir. Hazırlıq mərhələləri şagirdlərin yarış tapşırıqlarına uyğun bacarıqlarını möhkəmləndirmək və yarışlara səmərəli şəkildə hazırlaşmalarını təmin etmək məqsədi daşıyır. Müvafiq keçidə daxil olmaqla müsabiqə barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: https://bilbacar.edu.az/about
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03/11/2026 16:58
“BilBacar” müsabiqəsi yenidən başlayır! Müsabiqə 2026/2027-ci tədris ilində III-IV sinif şagirdlərini əhatə edəcək. Bu il müsabiqənin məqsədi ibtidai sinif şagirdlərinin təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, onlara kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır. Müsabiqə 2026-cı ilin noyabr ayından 2027-ci ilin may ayınadək virtual platforma üzərindən keçiriləcək. Yarış çərçivəsində şagirdlərə təxminən 40-60 sual təqdim olunacaq. Şagirdlərin yarış mərhələsinə hazırlaşmaları üçün platformada “Hazırlıq” bölməsi də fəaliyyət göstərəcək. Şagirdlər topladıqları ballara əsasən altı liqa üzrə sıralanacaqlar. Birinci mərhələnin nəticələrinə əsasən “Qızıl”, “Kristal”, “Çempion” və “Usta” liqalarında yer alan şagirdlər 2027-ci ilin iyun ayının ilk yarısında keçiriləcək final mərhələsində iştirak edəcəklər. Final mərhələsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02/11/2026 18:30
Noyabrın 2-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq, vətəndaş qəbulu, eləcə də görüşlər keçirilib. Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb. Daha sonra nazir müavini Ağdərə rayonunun Suqovuşan kənd tam orta ümumtəhsil məktəbində olub. Məktəbin mövcud vəziyyəti, tədris şəraiti və təhsilalanlar üçün yaradılmış imkanlarla tanışlıq zamanı təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verilib. Səfər zamanı vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Firudin Qurbanov Tərtər şəhəri 5 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Müəssisənin fəaliyyəti, uşaqların təlim-tərbiyəsi üçün yaradılmış şərait və tədris prosesi ilə tanış olub. Bununla yanaşı, nazir müavini şəhid ailələri və region üzrə Vətən müharibəsi iştirakçısı olan bir qrup təhsil işçisi ilə görüşüb. Görüşdə şəhid olmuş təhsil işçilərinin təhsil sahəsindəki fəaliyyəti və Vətən qarşısındakı xidmətləri ehtiramla yad edilib. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs olunub, onların müraciətləri və qaldırdıqları məsələlər dinlənilib. Həmçinin şəhid ailələrinin sosial məsələlərinin diqqətdə saxlanılmasının, onların müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb. Görüşün sonunda nazir müavini Firudin Qurbanov iştirakçıları qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və uğurlar arzulayıb. Səfərin davamında Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, gənc müəllimlər, psixoloqlar və tərbiyəçi-müəllimlərlə görüş keçirilib. Görüşdə yeni tədris ili üzrə prioritetlər və qarşıya qoyulan hədəflər, təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, eləcə də təhsilalanların inkişafında psixoloji-pedaqoji dəstəyin əhəmiyyəti müzakirə olunub. Çıxışlar zamanı regionda təhsilin inkişafı, mövcud çağırışlar, təhsil göstəricilərinin yaxşılaşdırılması və pedaqoji kollektivlərin qarşısında duran əsas vəzifələr diqqətə çatdırılıb. Görüş iştirakçılarının fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02/11/2026 12:50
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib. Liqanın A qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyası və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub, oyun 3:2 hesabı ilə başa çatıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Azərbaycan Tibb Universitetinin komandasına 7:4, Odlar Yurdu Universitetinin komandası ADA Universitetinin komandasına 6:1 hesabla qalib gəlib. Liqanın B qrupunda qarşılaşan Bakı Slavyan Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasına 1:8 hesabla məğlub olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Milli Aviasiya Akademiyasının komandasına 1:0, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına 8:1, Azərbaycan Texniki Universitetinin komandası Bakı Ali Neft Məktəbinin komandasına 2:0 hesabla qalib gəlib. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. 15 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2027-cı ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək
02/11/2026 12:20
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 27-də Ağstafa şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Ağstafa, Qazax, Tovuz sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 18 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30/10/2026 20:00
Oktyabrın 30-da Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış mərasimi keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ardınca NDU İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun konfransda iştirak edən universitet rektorlarının portretlərindən ibarət sərgisinə baxış keçirilib. Heydər Əliyev Sarayında baş tutan açılış mərasimində öncə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib. Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında konfransın gənc tədqiqatçılar üçün elmi yeniliklərin müzakirəsi, yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. İdris İsayev Prezident İlham Əliyev tərəfindən elm, təhsil və innovasiyanın ölkəmizdə inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Çıxışda rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının, elmin iqtisadiyyat və sənaye ilə əlaqələndirilməsinin vacibliyi qeyd edilib. Elmi forumun Azərbaycanın qədim və zəngin elmi-mədəni ənənələrə malik Naxçıvan diyarında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir müavini muxtar respublikanın ölkəmizin intellektual və elmi potensialının formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir müavini doktorantura təhsilinin müasir tələblərə uyğun yenilənməsinə də toxunub. Tədqiqat mövzularının aktuallığı, yeni elmi metodların tətbiqi, akademik yazı üslubu və digər müasir elmi bacarıqların inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. İdris İsayev çıxışının sonunda konfransda təqdim olunan elmi yeniliklərin Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov konfransda çıxış edib. Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində elmin inkişafının xüsusi yer tutduğunu bildirib, ölkəmizin sosial-iqtisadi inkişafında və rifahın təmin olunmasında elmin mühüm rolunu qeyd edib. Regionda formalaşan yeni reallıqların və çağırışların elmi ictimaiyyət, xüsusilə doktorantlar və gənc tədqiqatçılar qarşısında yeni vəzifələr irəli sürdüyünü diqqətə çatdıran Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyev tərəfindən nəqliyyat-logistika və yaşıl enerji resurslarının formalaşdırılması, aqrar sahənin inkişafı, tarixi-mədəni irsin bərpası və qorunması Naxçıvanın gələcək inkişafı üçün strateji istiqamətlər kimi müəyyən edilib. Bu hədəflərə nail olunmasında elmi tədqiqatların, innovativ yanaşmaların və müasir texnoloji həllərin mühüm əhəmiyyət daşıdığını vurğulayan səlahiyyətli nümayəndə doktorantların və gənc tədqiqatçıların bu proseslərdə fəal iştirakının vacibliyini qeyd edib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək universitetin NASCO 29-a ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, konfransın ölkədə elmi potensialın bir araya gətirildiyi ən geniş platformalardan biri olduğunu bildirib. Tədbirin elmtutumlu iqtisadiyyatın inkişafına və ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi siyasətə töhfə verdiyini diqqətə çatdırıb. NASCO 29-un indiyədək ölkə üzrə keçirilmiş ən genişmiqyaslı elmi konfrans olduğunu vurğulayan rektor konfransın ümumi iştirakçı sayının dinləyicilərlə birlikdə 5000 nəfəri ötəcəyini qeyd edib. Bildirilib ki, konfransa 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub, elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən yazılmış 1028 elmi iş qəbul edilib. Elbrus İsayev konfransın elmi keyfiyyət göstəricilərindən də bəhs edərək təqdim olunan işlərin beynəlxalq standartlara uyğunluğunun, elmi komitənin qiymətləndirməsinin və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi ilə əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor Naxçıvan Dövlət Universitetinin elmi fəaliyyətindən də danışaraq universitetin "Scopus" göstəriciləri üzrə ölkədə ilk beşlikdə yer aldığını, tələbələr arasında elmi fəaliyyətə marağın artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Ardınca Naxçıvan Dövlət Universitetinin Memarlıq ixtisası üzrə doktorantı Məhəmməd Bayramov öz çıxışında konfransın təşkilinə görə təşəkkürünü bildirib, Naxçıvanın dini memarlıq abidələri istiqamətində apardığı tədqiqatı təqdim edib. Daha sonra “Dövlət Proqramı” xətti ilə dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan azərbaycanlı gənc tədqiqatçıların çıxışlarından ibarət videoçarx nümayiş olunub. Tədbirdə konfransın tərəfdaş qurumlarına təşəkkür plaketləri təqdim olunub və xatirə fotosu çəkdirilib. Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konsert proqramı ilə davam edib. Qeyd edək ki, hibrid (onlayn və əyani) formatda təşkil olunan konfrans 2 gün ərzində 21 zalda, 104 bölmə üzrə öz işini davam etdirəcək.
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28/10/2026 17:31
Oktyabrın 28-də Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli iştirak edib. Forumun açılış mərasimində Özbəkistan Respublikasının təhsil və elm naziri Erkinjon Turdimov çıxış edərək ali təhsil sahəsində regional əməkdaşlığın genişləndirilməsinin, universitetlərarası əlaqələrin gücləndirilməsinin və beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Forum çərçivəsində “Mərkəzi Asiyada vahid təhsil məkanının inkişafı və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən təhsil nazirlərinin dəyirmi masasında Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycan, Polşa, Türkiyə, Pakistan, Çex Respublikası və Gürcüstanın nümayəndələri də iştirak ediblər. Dəyirmi masada çıxış edən aparat rəhbəri Mətin Kərimli təhsil sahəsində regional əməkdaşlığın genişləndirilməsi, ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi məsələlərinə toxunub. O, akademik mobilliyin təşviqi, birgə təhsil proqramlarının və elmi-tədqiqat layihələrinin inkişaf etdirilməsi, eləcə də universitetlər arasında təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Dəyirmi masa çərçivəsində, həmçinin tələbə və müəllim mübadiləsi, diplom və kvalifikasiyaların qarşılıqlı tanınması, birgə elmi-tədqiqat layihələrinin və qrant proqramlarının təşviqi, təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub. Forumda plenar iclasların, panel sessiyalarının, tematik müzakirələrin, universitetlər və tərəfdaş təşkilatlar arasında ikitərəfli görüşlərin keçirilməsi, habelə əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulub.
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28/10/2026 15:30
Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusuna həsr olunmuş sessiya keçirilib. Sessiyanın açılış hissəsində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, müasir dövrdə qlobal problemlərin həlli cəmiyyətdə hansı tip insanın formalaşmasından çox asılıdır. Onun sözlərinə görə, müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün zəruri olan milli və bəşəri dəyərlər cəmiyyətə yalnız təhsil vasitəsilə aşılanır. Nazir müavini müasir dövrdə qlobal problemlərin həllində təhsilin və yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşdırılmasının mühüm rol oynadığını vurğulayıb. O, texnoloji inkişafın, rəqəmsallaşmanın və süni intellektin insanların həyat və düşüncə tərzini dəyişdirdiyini, xüsusilə gənclər üçün yeni imkanlar yaratdığını qeyd edib. Firudin Qurbanov süni intellektin müxtəlif mədəniyyətlərin tanınması, mədəniyyətlərarası ünsiyyətin inkişafı və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bu sahədə tədqiqatların aparılmasının, elm və təhsil yanaşmalarının inteqrasiyasının vacibliyini vurğulayıb. Nazir müavini, həmçinin “Dialoq – elm – təhsil” vəhdətinin sülh təşəbbüslərinin real sosial layihələrə çevrilməsinə, cəmiyyətdə qarşılıqlı hörmətin və davamlı etimadın möhkəmləndirilməsinə töhfə verdiyini bildirib. Çıxış edən Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fateh Mansouri müasir dünyada ekstremizm, populizm, irqçilik və ayrı-seçkilik kimi çağırışların aradan qaldırılmasında təhsilin mühüm rolunu vurğulayıb. O, mədəni müxtəlifliyin daha çox müşahidə olunduğu müasir cəmiyyətdə şagirdlərin hazırlanmasının, müəllimlərin pedaqoji yanaşmalarının təkmilləşdirilməsinin və təhsil məzmununun yenilənməsinin vacibliyini qeyd edib. Professor qarşılıqlı etimadın, ictimai həmrəyliyin və ədalətin sosial inkişaf, sülh və fikir ayrılıqlarının dinc yolla həlli baxımından əhəmiyyətinə diqqət çəkib. Həmçinin süni intellekt və rəqəmsal transformasiyanın yaratdığı imkanlardan istifadə etməklə təhsillə cəmiyyətin ehtiyacları arasında əlaqənin gücləndirilməsinin vacibliyini bildirib. Daha sonra ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə ilk panel keçirilib. Panel çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla “Mədəniyyətlərarası ünsiyyət təhsilin inkişaf faktorlarından biri kimi” mövzusunda çıxış edib. O, multikulturalizmin Azərbaycan xalqının tarixində, mədəniyyətində və ədəbiyyatında dərin köklərə malik olduğunu bildirib. Fərqli mədəniyyətlərə hörmət və onların qəbul edilməsi ənənəsinin xalqımızın mənəvi dəyərlərində öz əksini tapdığını vurğulayıb. Rektor Azərbaycanın multikulturalizm modelinin beynəlxalq səviyyədə tanındığını, müxtəlif xalqlar, gənclər və elm adamları arasında əlaqələrin inkişafına, mədəniyyətlərarası dialoqun güclənməsinə xidmət etdiyini qeyd edib. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə “Milli mədəniyyətdən qlobal sinerjiyə: mədəniyyətlərarası dialoqun yeni paradiqmaları” mövzusunda çıxışında ənənəvi musiqi irsinin rəqəmsal arxivləşdirilməsi, elmi tədqiqi və beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini vurğulayıb. O, milli musiqi ənənələrinin özünəməxsus xüsusiyyətləri qorunmaqla beynəlxalq auditoriyaya çatdırılmasının vacibliyini qeyd edib. Rektor muğamın beynəlxalq səviyyədə araşdırılmasında elmi əməkdaşlığın roluna toxunaraq birgə tədqiqat və yaradıcılıq layihələrinin inkişaf etdirilməsinin, beynəlxalq əməkdaşlığın ali musiqi təhsilinə inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin milli musiqi irsinin qorunması ilə onun müasir incəsənət istiqamətləri ilə əlaqələndirilməsinin bir-birini tamamlamalı olduğunu bildirib. Fransanın Lion Katolik Universitetinin beynəlxalq hüquq professoru Roje Kude “Yaddaş, mədəniyyətlər və mədəniyyətlərarası əlaqələr” mövzusunda çıxışında mədəni müxtəlifliyə hörmətin beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında, fundamental insan hüquqlarının təşviqində və cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsində əhəmiyyətini vurğulayıb. O, mədəniyyətlərarası dialoqun sülhə, sabitliyə və beynəlxalq təhlükəsizliyə real töhfə verməsi üçün praktik mexanizmlərin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Professor, həmçinin hər bir mədəniyyətin bəşəriyyətin ümumi irsinə töhfə verdiyini bildirərək, dünya mədəniyyətləri arasında bərabərhüquqlu əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib. Sessiyanın ikinci hissəsində Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fateh Mansourinin moderatorluğu ilə panel müzakirəsi keçirilib. Panel müzakirəsində Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov iştirak ediblər. “Ümumi təhsilin dövlət standartlarının yenilənməsi və burada dialoq və rəqəmsal vətəndaşlıq səriştələri” mövzusunda təqdimatla çıxış edən Elnur Əliyev hazırlanmaqda olan yeni təhsil standartlarında müəllim və şagirdlərin rəqəmsal bacarıqlarının, süni intellekt və media savadlılığının inkişafına xüsusi diqqət yetirildiyini bildirib. O, şagirdlərdə rəqəmsal vətəndaşlıq, mədəniyyətlərarası dialoq, fərqli fikirlərə hörmətlə yanaşmaq, öz mövqeyini əsaslandırmaq və məlumatları tənqidi qiymətləndirmək kimi səriştələrin formalaşdırılmasının vacibliyini vurğulayıb. Elnur Əliyev, həmçinin müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum tələblərin müəyyənləşdirilməsinin və mədəniyyətlərarası dialoq səriştələrinin qiymətləndirilməsi üçün müvafiq vasitələrin hazırlanmasının əhəmiyyətini qeyd edib. PISA 2029 beynəlxalq qiymətləndirməsinin şagirdlərin media və süni intellekt savadlılığının müəyyənləşdirilməsi, eləcə də təhsil standartlarının təkmilləşdirilməsi baxımından imkanlar yaradacağını diqqətə çatdırıb. “Süni intellekt dövründə mədəni suverenlik: gələcək nəsli kimin dəyərləri formalaşdıracaq?” mövzusunda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli süni intellektin gənclərin düşüncə tərzinə, dünyagörüşünə və milli-mədəni dəyərlərinə təsirinə diqqət çəkib. O, süni intellektin gündəlik həyatın bir hissəsinə çevrildiyini və gənclər üçün yeni informasiya mənbəyi kimi çıxış etdiyini bildirərək, təqdim olunan məlumat və tövsiyələrin onların dəyərlərinin formalaşmasına təsirinin öyrənilməsinin vacibliyini vurğulayıb. Nicat Məmmədli müxtəlif süni intellekt modellərinin eyni suallara verdiyi cavabların mədəni yanaşmalar baxımından fərqlənə bildiyini qeyd edərək, bu istiqamətdə müqayisəli tədqiqatların aparılmasını və xüsusi qiymətləndirmə mexanizmlərinin yaradılmasını təklif edib. O, əsas məqsədin müəyyən bir mədəni yanaşmanı mütləq doğru hesab etmək deyil, gənclərin süni intellektdən istifadə zamanı müstəqil düşünmək, məlumatları tənqidi qiymətləndirmək və milli-mədəni dəyərlərini qorumaq bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib. “İncəsənət təhsili rəqəmsal dövrdə: yaradıcılığın inkişafı və mədəniyyətlərin yaxınlaşdırılması” mövzusunda çıxış edən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov işğaldan azad edilmiş ərazilərdə mədəniyyət və təhsil həyatının yenidən qurulmasının, incəsənət təhsili müəssisələrinin bərpası və inkişafının əhəmiyyətini vurğulayıb. O, doğma yurdlarına qayıdan uşaqların sosial və mədəni həyata inteqrasiyasında yaradıcılıq imkanlarının yaradılmasının, musiqi təhsilinin onların özünəinamının və mənsubiyyət hissinin gücləndirilməsində rolunun vacibliyini qeyd edib. Cəsarət Valehov, həmçinin rəqəmsal texnologiyaların bölgələr arasında təhsil əlaqələrinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını bildirib. Bu istiqamətdə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Çıxışlardan sonra sessiya öz işini yekunlaşdırıb.
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28/10/2026 10:45
4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28/10/2026 10:00
Oktyabrın 27-də Bakıda yüksək səviyyəli nümayəndələrin iştirakı ilə IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “PAŞA Holding”, SOCAR və İspaniyanın IE Universiteti arasında strateji tərəfdaşlıq çərçivəsində yaradılıb. Mərkəz Azərbaycanda insan kapitalının inkişafını dəstəkləmək, yeni bilik və ideyaların tətbiqini təşviq etmək, liderlik bacarıqlarını gücləndirmək, eləcə də innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq məqsədi daşıyır. Mərasimin rəsmi açılış hissəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, elm və təhsil nazirinin müavini Həsən Həsənli, “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və IE Universitetinin icraçı prezidenti Santiaqo İniqes de Onsono çıxış ediblər. Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında mərkəzin yaradılmasını ölkəmizdə gənclərin və mütəxəssislərin bilik və bacarıqlarının artırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Nazir müavini 2013-cü ildə qəbul olunmuş Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrası çərçivəsində təhsilin keyfiyyətinin və əlçatanlığının artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışıb. O, müəllimlərin işə qəbulu, sertifikatlaşdırılması və peşəkar inkişafı sahəsində aparılan islahatlar, şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş layihələr, həmçinin istedadların erkən yaşlardan aşkarlanması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Beynəlxalq qiymətləndirmələrin nəticələrinə toxunan Həsən Həsənli PISA 2025-də Bakı üzrə göstəricilərin 2022-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artdığını bildirib. Ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışan nazir müavini ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə əldə etdiyi irəliləyişləri qeyd edib. O, Fransız–Azərbaycan Universiteti (UFAZ), İtaliya–Azərbaycan Universiteti və Türkiyə–Azərbaycan Universiteti kimi birgə ali təhsil təşəbbüslərinə, eləcə də yeddi beynəlxalq tərəfdaşla həyata keçirilən ikili diplom proqramlarına diqqət çəkib. Həsən Həsənli hökumətin ardıcıl fəaliyyətinin güclü istedad bazasının formalaşmasına imkan yaratdığını vurğulayıb. Bildirib ki, bu potensialın inkişaf etdirilməsi müasir iqtisadiyyatın tələblərinə cavab verən gələcək liderlərin, rəhbərlərin və mütəxəssislərin hazırlanmasına zəmin yaradır. Nazir müavini hazırda fəaliyyət göstərən rəhbər və mütəxəssislərin bilik və bacarıqlarının davamlı yenilənməsinin də vacibliyini qeyd edib. Bu istiqamətdə dövlət, biznes və universitetlərin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayan Həsən Həsənli IE Universiteti, “PAŞA Holding” və SOCAR arasında tərəfdaşlığın beynəlxalq təcrübəni yerli ehtiyaclarla əlaqələndirmək üçün mühüm imkanlar yaratdığını bildirib. O, ölkəmizin universitetlərinin və SABAH.City-nin imkanlarından da istifadə etməklə bu məqsədlərə birgə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb. IE Universitetinin icraçı prezidenti Santiaqo İniqes de Onsono çıxışında sahibkarlıq və innovasiya yanaşmalarını, eləcə də humanitar elmlərin təhsildə dəyişikliklərə təkan verən rolunu texnologiyanın yaratdığı imkanlarla birləşdirməyi hədəflədiklərini bildirib. O, məqsədlərinin Bakı və Azərbaycanla yanaşı, bütün qitədə transformasiyaya təkan vermək olduğunu qeyd edib. Azərbaycanda dəyər yaratmaq və iqtisadi artıma töhfə vermək potensialına malik startapların, şirkətlərin və istedadlı insanların olduğunu vurğulayan universitet rəhbəri təşəbbüsün bu potensialın reallaşdırılmasını sürətləndirməyə xidmət edəcəyini bildirib. “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov isə insan kapitalının inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də innovativ düşüncə tərzinin təşviqinin uzunmüddətli iqtisadi inkişaf və rəqabət qabiliyyəti baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, mərkəzin yaradılmasına dair Anlaşma Memorandumu 28 aprel 2026-cı ildə Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin şahidliyi ilə “PAŞA Holding”, SOCAR və IE Universiteti arasında imzalanıb.
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
? Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Ətraflı“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədrisi həyata keçirən bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat 5 noyabr 2026-cı il tarixindən başlayacaq.
Ətraflı2026/2027-ci tədris ilində III–IV sinif şagirdləri üçün “BilBacar” müsabiqəsinə yenidən start verilir!
Ətraflı