AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumu keçirilib
27.10.2026 - 17:30
Oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunun açılışı baş tutub.
“Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda keçirilən Akademik Forumun açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri professor Fateh Mansouri, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Ahmet Nuri Yurdusev, UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə mütəxəssisi Bram Van Haver, o cümlədən millət vəkilləri, ictimaiyyət nümayəndələri, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
Forumu giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən, ölkəmizin multikulturalizm təcrübəsindən və qlobal həmrəyliyin təmin olunmasında dialoqun vacibliyindən danışıb.
AMEA rəhbəri bildirib ki, Forum həm də dünya təcrübəsinin öyrənilməsi, müxtəlif ölkələrin nümayəndələri, alimlər, mədəniyyət və ədəbiyyat xadimləri arasında fikir mübadiləsinin aparılması baxımından mühüm platformadır. Akademik İsa Həbibbəyli vurğulayıb ki, tədbir çərçivəsində keçirilən müzakirələr müasir dünyanın daha dərindən dərk edilməsinə, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və qlobal həmrəyliyin təşviqinə töhfə verəcək.
Elmin də bu prosesdə mühüm rol oynadığını deyən AMEA rəhbəri vurğulayıb ki, elmi əməkdaşlıq mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, ortaq dəyərlərin müəyyənləşdirilməsinə, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası və alimlərimiz bu missiyanın məsuliyyətini dərk edir və bu sahədə ölkəmizdə aparılan dövlət siyasətinə, dünyada gedən proseslərin elmi şəkildə dəyərləndirilməsinə özünün töhfəsini verəcəkdir.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müasir dünyada etnik və dini münaqişələrin, terrorizmin və zorakılığın mədəniyyətlərarası dialoqun inkişafına ciddi maneələr yaratdığını bildirib. O, belə bir şəraitdə qarşılıqlı anlaşmanın, etimadın, əməkdaşlığın və davamlı sülhün təmin olunmasında elm və təhsilin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Təhsil yalnız bilik ötürmək deyil, həm də müstəqil və tənqidi düşünmək, məlumatları təhlil etmək, fərqli mövqeləri qiymətləndirmək və əməkdaşlıq etmək bacarıqlarını formalaşdırmaq məqsədi daşıyır”, – deyə Firudin Qurbanov qeyd edib. Nazir müavininin sözlərinə görə, məlumatsızlıq, tarixi və dini faktların manipulyasiyası münaqişələrin yaranmasına zəmin yaradan amillərdəndir. Elm və təhsilə əsaslanan mədəniyyətlərarası və dinlərarası dialoq isə qlobal gərginliyin azaldılması və davamlı sülhün qurulması üçün mühüm vasitədir.
Azərbaycanın təhsil siyasətinin prioritetlərindən danışan Firudin Qurbanov insan potensialının inkişafı, müasir bacarıqların formalaşdırılması və təhsil sisteminin rəqəmsal transformasiyasının bu siyasətin əsas istiqamətləri olduğunu söyləyib. Hazırda ölkənin təhsil müəssisələrində 2 milyondan çox təhsilalanın və 150 minə yaxın təhsilverənin olduğunu bildirən nazir müavini bu göstəricilərin təhsilin cəmiyyətin dəyərlərinin və düşüncə tərzinin formalaşmasındakı əhəmiyyətini nümayiş etdirdiyini diqqətə çatdırıb.
O, Azərbaycanın tarixən müxtəlif etnik və dini qrupların dinc yaşadığı məkan olduğunu vurğulayaraq, ölkəmizdə milli azlıqların mədəni irsinin və ana dilinin qorunması üçün müvafiq imkanların yaradıldığını bildirib. Həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinin ölkəmizin təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsinə və müxtəlif multikulturalizm modellərinin müqayisəli təhlilinə şərait yaratdığını qeyd edib.
Firudin Qurbanov çıxışında rəqəmsal texnologiyaların və süni intellektin mədəniyyətlərarası dialoqa təsirinə də toxunub. Bildirib ki, sosial şəbəkələr, mesajlaşma platformaları və süni intellekt qlobal ünsiyyətin xarakterini dəyişdirərək müxtəlif mədəniyyətlərin təmsilçiləri arasında əlaqələr üçün yeni imkanlar yaradır. Bu proseslərin öyrənilməsi mədəni, sosial və texnoloji yanaşmaların əlaqəli şəkildə araşdırılmasını tələb edir.
Dünyada müharibələrin və geosiyasi qarşıdurmaların davam etdiyi bir dövrdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan Firudin Qurbanov gələcək nəsillər naminə sülhə, dialoqa, milli və bəşəri həmrəyliyə çağırışların xüsusi aktuallığa malik olduğunu bildirib. O, dini ayrı-seçkilik və qarşıdurma əvəzinə qarşılıqlı hörmət, humanizm və sevgi prinsiplərinin təşviqinin vacibliyini qeyd edib.
Sonra çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova hazırda dünyada qütbləşmə, münaqişələr və qarşılıqlı etimad böhranının artdığı bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, dialoqun inkişafı üçün siyasi və diplomatik təşəbbüslərlə yanaşı, elmi tədqiqatlara da xüsusi önəm verilməlidir. O, humanitar və sosial elmlərin cəmiyyətlərarası münasibətlərin öyrənilməsinə, stereotiplərin aradan qaldırılmasına və sosial etimadın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Səadət Yusifova Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərinə toxunaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi”nin (Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu) müxtəlif ölkələri, beynəlxalq təşkilatları və elmi ictimaiyyəti qarşılıqlı anlaşma və əməkdaşlıq ətrafında birləşdirən mühüm platforma olduğunu söyləyib. O, “Bakı Prosesi”nin təcrübəsinin akademik müstəvidə daha sistemli şəkildə araşdırılması, nəticələrinin elmi əsaslarla qiymətləndirilməsi və beynəlxalq tədqiqatlarda geniş işıqlandırılmasının vacibliyinə diqqət çəkib.
Çıxışında rəqəmsal transformasiya proseslərinin mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar və çağırışları da qeyd edən Səadət Yusifova bildirib ki, texnologiyalar mədəni irsin qorunmasına və biliklərin yayılmasına xidmət etməli, eyni zamanda az təmsil olunan dillərin və mədəniyyətlərin rəqəmsal mühitdə görünürlüyünün artırılmasına dəstək verməlidir. O, bu istiqamətdə universitetlərin, tədqiqatçıların və dövlət qurumlarının əməkdaşlığının vacibliyini qeyd edib.
Səadət Yusifova çıxışının sonunda Forumun nəticələrinin konkret təşəbbüslərə, birgə tədqiqatlara və yeni tərəfdaşlıqlara çevriləcəyinə, elmi müzakirələrin dövlət siyasətində və təhsil proqramlarında əksini taparaq cəmiyyətin davamlı inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.
Sonra çıxış edən Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri professor Fateh Mansouri qeyd edib ki, parçalanmış dünyada ortaq gələcəyin qurulması üçün mədəniyyətlərarası dialoqun rolu böyükdür və bu mənada Azərbaycanın təşkil etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusi əhəmiyyət daşıyır.
Fateh Mansourinin sözlərinə görə, mədəniyyətlərarası dialoq yalnız fikir mübadiləsi deyil, həm də cəmiyyətləri parçalayan səbəblərin tənqidi təhlili üçün mühüm platformadır. Professor vurğulayıb ki, effektiv mədəniyyətlərarası yanaşma mədəni müxtəlifliyə hörməti bərabər hüquqlar və cəmiyyətin həyatında mənalı iştirakla birləşdirməlidir.
Çıxış edən Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev, UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə mütəxəssisi Bram Van Haver mədəniyyətlərarası dialoqun davamlılığının qarşılıqlı tanıma, bərabərlik, hörmət və zorakılığın minimuma endirilməsi prinsiplərindən asılı olduğu vurğulanıb. Həmçinin müasir dövrdə miqrasiya, ictimai qütbləşmə və dezinformasiya kimi çağırışlar fonunda dialoqun əhəmiyyəti, elmi araşdırmalarla praktiki siyasət arasında əlaqələrin gücləndirilməsində akademik forumun rolu qeyd edilib.
Açılış mərasimindən sonra Forum öz işini “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda panel iclası ilə davam etdirib.
Digər xəbərlər
-
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41 -
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32
