Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
İşğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində aprelin 24-də 1 nömrəli körpələr evi-uşaq bağçasının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, "LUKOIL" neft şirkətinin qurucusu Vahid Ələkbərov və "LUKOIL Azərbaycan" QSC-nin baş direktoru Rasim Əmrəliyev, Füzuli şəhər sakinləri iştirak ediblər. Bildirilib ki, körpələr evi-uşaq bağçası 2 mərtəbəli, 240 yerlik olmaqla 2,4 hektar torpaq sahəsində inşa edilib. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika otağı, kompüter otağı, həkim otağı, dezinfeksiya otağı, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulub. Burada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün zəruri şərait yaradılıb.
24/04/2026 17:00
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
Aprelin 24-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Şamaxı rayonuna səfər edib. Səfər çərçivəsində əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Səfər zamanı Dağlıq Şirvan regionu üzrə bir qrup valideyn və müəllimlərlə görüşlər keçirilib. Valideynlərlə görüşdə şagirdlərin əldə etdiyi nəticələr, ailə-məktəb əməkdaşlığının gücləndirilməsi müzakirə olunub. Nazir müavini şagirdlərin tədris nəticələrinin yaxşılaşdırılmasının əsas prioritet olduğunu qeyd edərək bildirib ki, əldə olunan nəticələr həm məktəbin, həm müəllimin, həm də ailənin birgə məsuliyyətinin göstəricisidir. Valideynlər məktəb–şagird–ailə əməkdaşlığının gücləndirilməsinin, şagirdlərin motivasiyasının artırılmasının və uğurlu nəticə göstərən şagirdlərin stimullaşdırılmasının vacibliyini bildiriblər. Görüşdə erkən yaş təhsilinin, xüsusilə bağça və ibtidai təhsilin keyfiyyətinin artırılmasının gələcək nəticələrə birbaşa təsiri də vurğulanıb. İşə qəbul və sertifikatlaşdırma imtahanlarında yüksək nəticə əldə edən müəllimlərin iştirakı ilə baş tutan görüşdə təhsilverənlərin peşəkar inkişafı, dərs keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə meyarları, tədris prosesində innovativ yanaşmaların tətbiqi və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda tam ştatlı məşğulluq modelinin tətbiqi və sertifikasiya prosesinin tədrisin keyfiyyətinə müsbət təsiri qeyd olunub. Həsən Həsənli çıxışında təhsil işçilərinin öz davranışları ilə şagirdlər üçün nümunə olduqlarını qeyd edərək bunun uşaqların tərbiyəsində mühüm rol oynadığını vurğulayıb. Görüşlərdə həmçinin regionlarda STEAM mərkəzlərinin sayının artırılması, inklüziv siniflərdə dərs deyən müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Görüşlərin yekununda təhsil mühitinin təkmilləşdirilməsi və nəticəyönümlü yanaşmanın gücləndirilməsi üçün kompleks tədbirlərin vacibliyi qeyd olunub.
24/04/2026 16:00
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
Aprelin 24-də Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində Aparat rəhbəri Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi və Tərtər şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasını ziyarət edib, tədris prosesi və müəssisələrin şəraiti ilə maraqlanıb. Məktəblə tanışlıq zamanı “Rəqəmsal bacarıqlar” layihəsi, eləcə də çağırışaqədərki hazırlıq fənni üzrə dərs prosesi izlənilib, şagird və müəllimlərlə söhbət aparılıb, onların təklif və rəyləri dinlənilib. Səfər çərçivəsində Tərtər Peşə Məktəbinə də baxış keçirilib, burada tədris imkanları, ixtisas hazırlığı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alınıb. Aparat rəhbəri sözügedən müəssisədə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı müvafiq tapşırıqlar verib.
24/04/2026 15:00
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
Aprelin 24-də “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Tərtər şəhərində Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib. Açılış nitqi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov təlim iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb və sözügedən sahədə maarifləndirmə tədbirlərinin rolunu xüsusi qeyd edib. Çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, Baş Prokurorluqla birgə həyata keçirilən antikorrupsiya maarifləndirmə tədbirləri ardıcıl xarakter daşıyır. Əlavə edib ki, ötən il ərzində 30 476 nəfər rəhbər, pedaqoji heyət və şagirdin iştirakı ilə 839 maarifləndirici tədbir təşkil edilib. Bu rəqəmlər göstərir ki, korrupsiyaya qarşı mübarizə yalnız inzibati tədbirlərlə deyil, həm də düşüncə və davranış dəyişikliyi ilə aparılır. Aparat rəhbəri vurğulayıb ki, regionlarda keçirilən silsilə təlimlər və müxtəlif mövzuları əhatə edən proqramlar təhsil işçilərinin məlumatlılığını və məsuliyyət hissini artırmağa xidmət edir. Eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi bu sahədə fəaliyyətin daha effektiv qurulmasına imkan yaradır. Diqqətə çatdırıb ki, korrupsiyaya qarşı mübarizə yalnız hüquqi deyil, həm də mənəvi məsələdir və bu prosesdə dürüstlük, etik davranış və şəxsi məsuliyyət əsas rol oynayır. Çıxışlardan sonra Baş Prokurorluğun Elm -Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli “Korrupsiyaya qarşı mübarizə sahəsində milli mübarizə strategiyası: “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın məqsədləri və hədəfləri”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə “Dövlət qulluqçularının etik davranış qaydaları və milli qanunvericilikdə maraqlar toqquşmasının qarşısının alınması imkanları”, Tərtər rayon prokuroru Fuad Məmmədov “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticələri” mövzularında təqdimatlar ediblər, iştirakçıları məlumatlandırıblar. Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
24/04/2026 14:00
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev mentorluq proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Xəlilov və Kamran Sadıxlı ilə görüşüb. Görüş zamanı qaliblərin peşəkar inkişafı, idarəetmə bacarıqlarının gücləndirilməsi və dövlət idarəçiliyində insan kapitalının inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir perspektivli kadrların potensialının düzgün istiqamətləndirilməsinin və onların qərarvermə proseslərinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, onlara öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyi tövsiyə edib. Görüş çərçivəsində qaliblərin sualları cavablandırılıb, onların fərdi inkişaf planları və karyera hədəfləri müzakirə olunub. Nazir qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və mentorluq proqramının onların peşəkar formalaşmasına mühüm töhfə verəcəyini qeyd edib. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
24/04/2026 11:00
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək. Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək. Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək. Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.
23/04/2026 17:00
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
ADA Universitetində “Yeni çağırışlar” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, ictimai xadimlər, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak ediblər. “Yeni çağırışlar” kitabının müəllifi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi salamlama nitqi ilə çıxış edərək bildirib ki, kitabda dünyanın aparıcı təhsil mütəxəssisləri ilə aktual mövzuları əhatə edən müsahibələr yer alır. Cəfər Mənsiminin sözlərinə görə, geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Yeni çağırışlar” kitabında təhsildə köklü dəyişikliklər üçün yol xəritəsi təqdim olunur, daha təhsilli gələcək naminə diqqətəlayiq təcrübələr və dünya standartları əksini tapır. Kitabda təhsildə dünya standartları və liderlik, effektiv öyrənmə mühiti, rəqəmsal dünyada öyrənmə, yaradıcı məktəblər, qiymətləndirmə, ömürboyu öyrənmə və yeni səriştələr, təhsilin gələcəyi, yeni dövrün öyrənmə mədəniyyəti, müəllim nüfuzu və digər mövzulara toxunulur. Tədbirə evsahibliyi edən ADA Universitetinin prorektoru Vəfa Kazdal çıxışında kitabın qlobal təhsil fəlsəfəsini özündə ehtiva etdiyini və müsahibələrin praktik baxımdan dəyərli dərslər təqdim etdiyini diqqətə çatdırıb. Çıxış edən nazir müavini Kənan Kərimzadə bildirib ki, “Yeni çağırışlar” kitabı müasir təhsil mühitində baş verən transformasiyaları daha dərindən anlamaq üçün əhəmiyyətli platforma rolunu oynayır. Onun sözlərinə görə, kitab oxuculara dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu universitetlərin təcrübəsi, qabaqcıl pedaqoji yanaşmaları və liderlik modelləri ilə tanış olmaq imkanı yaradır. Nazir müavini vurğulayıb ki, nəşr yalnız nəzəri baxışları deyil, eyni zamanda praktik yanaşmaları da özündə birləşdirərək Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlara dəyərli töhfə verir. Kənan Kərimzadə bildirib ki, “Yeni çağırışlar” təhsilin gələcəyinə dair strateji baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə düşünən hər bir təhsil iştirakçısı üçün faydalı mənbədir. Millət vəkili Ceyhun Məmmədov, UNEC-in rektoru Ədalət Muradov, Əməkdar elm xadimi Şahlar Əsgərov və Əməkdar müəllim Asif Cahangirov çıxışlarında kitabın yeni səriştələr, təhsilin gələcəyi, öyrənmə mədəniyyəti və müəllim nüfuzu kimi mühüm mövzuları əhatə etdiyini qeyd edərək onu təhsil sahəsində baş verən dəyişikliklərin göstəricisi kimi dəyərləndiriblər. Qeyd edək ki, kitab Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Yeni çağırışlar” müzakirə proqramı əsasında hazırlanıb. Kitabın ön sözü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru, PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı Andreas Şleyxer tərəfindən yazılıb. Kitabdakı müsahiblər sırasında təhsil nazirləri, dünyanın ən yüksək reytinqli ali təhsil müəssisələrindən olan Massaçusets Texnologiya İnstitutu, Harvard, Stenford, Toronto və digər universitetlərin professorları, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, “Coursera”, “Khan Academy”, “edX”, Bill və Melinda Geyts Fondu, Dünya Təhsil Forumu, “Microsoft” və UNICEF kimi qurumların rəhbər şəxsləri, həmçinin UNESCO-nun Təhsilin Gələcəyi Komissiyasının üzvləri, “Google” və “Apple” kimi nüfuzlu şirkətlərin mütəxəssisləri, bestseller müəllifləri və təhsil mütəfəkkirləri yer alırlar. “Yeni çağırışlar” kitabı Harvard Universitetinin nüfuzlu professoru, “çoxnövlü intellekt” nəzəriyyəsinin banisi Hovard Qardner və digər dünyaşöhrətli təhsil mütəfəkkirləri tərəfindən yüksək qiymətləndirilib.
23/04/2026 11:53
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə fəaliyyət göstərən internat məktəblərinin direktorları ilə görüşüb. Görüş zamanı internat məktəblərində təhsil alan valideyn himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə prosesi, onların sosial müdafiəsi, psixoloji dəstək mexanizmləri və cəmiyyətə inteqrasiyası məsələləri geniş müzakirə olunub. Nazir çıxışında qeyd edib ki, həssas kateqoriyadan olan uşaqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan internat məktəblərində tətbiq olunan xüsusi təhsil proqramlarının təkmilləşdirilməsi, fərdi yanaşmanın gücləndirilməsi və müasir tədris metodlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Görüşdə həmçinin mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb, internat məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müəllim heyətinin peşəkar inkişafı, eləcə də təhsilalanların sosial rifahının yüksəldilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub. Direktorlar tərəfindən səsləndirilən təkliflər dinlənilib, prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
23/04/2026 10:14
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Aprelin 22-də elm və təhsil naziri Emin Əmrullayev Yunanıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinou ilə görüşüb. Görüş çərçivəsində Yunanıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
22/04/2026 17:36
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib. Tədbirlər Planına əsasən, ümumi təhsil pilləsində təlim-tədris və idarəetmə prosesinə vergi mədəniyyəti və maliyyə savadlılığının sistemli inteqrasiyası, təhsilalanlar arasında müsabiqələrin və maarifləndirici ekskursiyaların təşkili, peşə və ali təhsil müəssisələrində tələbələrin vergi savadlılığının və işə qəbul imkanlarının artırılması, həmçinin elektron maarifləndirici resursların hazırlanması və paylaşılması nəzərdə tutulur. Bu çərçivədə orta və ali təhsil müəssisələrində vergi ilə bağlı biliklərin daha interaktiv və müasir tədris metodları ilə təqdim edilməsi gözlənilir. Eyni zamanda, maliyyə və vergi sahələri üzrə elmi araşdırmalar üçün məlumat mübadiləsinin təşkili, gənc tədqiqatçıların dəstəklənməsi, ali təhsil müəssisələrində bu sahəni tədris edən müəllimlərin peşəkar inkişafına yönəlmiş təlimlərin keçirilməsi istiqamətində işlər aparılacaq. Bununla yanaşı, gender bərabərliyi və inklüzivliyin təşviqi məqsədilə müvafiq tədbirlərdə tələbə xanımların təmsilçiliyinin artırılması, eləcə də vergilərin ödənilməsinin vacibliyini və düzgün vergi davranışını təşviq edən materialların hazırlanaraq ictimailəşdirilməsi planlaşdırılır. Qeyd olunan tədbirlər gənc nəslin erkən yaşlardan vergi mədəniyyətinə yiyələnməsi, vətəndaş məsuliyyəti və maliyyə intizamı prinsiplərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
21/04/2026 12:16
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı