Nazir müavini Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin prorektoru ilə görüşüb
Mayın 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin prorektoru Zoltán Bujdosó ilə görüşüb. Görüş çərçivəsində sözügedən universitet ilə cari əməkdaşlıq və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
05/05/2026 15:54
881 nəfər “Maarifçi” olmaq üçün müsahibədə iştirak edəcək
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Rəqəmsal gələcək” şüarı ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub. 2300 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə əsasən, 881 nəfər müsahibə mərhələsinə keçib. İştirakçılara nəticələr barədə məlumat SMS vasitəsilə təqdim edilib. 7 may tarixindən etibarən “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçiriləcək müsahibə mərhələsi ilə bağlı ətraflı məlumat iştirakçılara əvvəlcədən göndəriləcək. Qeyd edək ki, 4 ay davam edəcək “Maarifçi” proqramının əsas məqsədi tələbə və yeni məzunlara praktiki təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə şərait yaratmaq və peşəkar kompetensiyalarını gücləndirməkdir. Proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.
05/05/2026 14:57
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 1026 layihə təqdim edilib. Daxil olan layihələrin 30-u (3%) ümumi təhsil müəssisələrinin, 996-sı (97%) təhsilverənlərin fərdi layihələridir. Cari müsabiqə iştirakçılarının 367-si (36%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 10-u “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 357-si “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə və Ağstafadan daxil olub. Qeyd edək ki, X qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.
05/05/2026 10:59
Nazir müavini Vorvik Universitetinin dekan müavini ilə görüşüb
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Vorvik Universitetinin beynəlxalq əlaqələr üzrə dekan müavini Robin Clark ilə görüşüb. Görüş çərçivəsində iki qurum arasında ali təhsil sahəsində mövcud əməkdaşlıq, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında həyata keçirilən “Bərpa olunan enerji mənbələri” ikili magistr proqramı müzakirə olunub, bu istiqamətdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
01/05/2026 17:00
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 26 may tarixində Qax şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
01/05/2026 16:46
Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində iştirak edib
Mayın 1-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilib. Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərindən birinə çevrilib. Qeyd olunub ki, artıq üçüncü ildir təşkil olunan Forum bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verir. Forumda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib ki, rəqəmsallaşma müasir dövrdə informasiya dövriyyəsinin sürətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, media və kommunikasiya sahəsində innovativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən birinə çevrilib. Vurğulanıb ki, rəqəmsal transformasiya şəraitində etibarlı informasiya mühitinin qorunması, müasir kommunikasiya alətlərindən səmərəli istifadə və ictimai etimadın gücləndirilməsi media institutlarının qarşısında duran əsas prioritetlər sırasındadır. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında vurğulayıb ki, rəqəmsal transformasiya şəraitində media və təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, media savadlılığının artırılması, gənclərdə sorğulayıcı düşüncə və rəqəmsal bacarıqların formalaşdırılması, eləcə də etibarlı informasiya mühitinin təşviqi müasir təhsil siyasətinin əsas prioritetlərindəndir, bu baxımdan insan kapitalının inkişafı, süni intellekt və innovasiya əsaslı yanaşmaların tətbiqi dayanıqlı inkişafın mühüm tərkib hissəsinə çevrilib. Nazir müavini əlavə edib ki, ölkəmizdə təhsilin rəqəmsallaşması prosesi sürətlə aparılır. Hazırda təhsil məlumatları bütün inzibati səviyyələr üzrə rəqəmsallaşdırılıb. Şagird–kompüter nisbətini yaxşılaşdırmaq istiqamətində işlər görülür. Məktəblərin 63 faizi və şagirdlərin 82 faizi genişzolaqlı internetlə təmin olunub. Növbəti mərhələdə bütün məktəblərə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması və gücləndirilmiş texniki dəstək təmin olunacaq. Çıxışında “Rəqəmsal bacarıqlar” və "STEAM Azərbaycan" layihələri, eləcə də “Rəqəmsal məktəb” platforması barədə məlumat verən nazir müavini qeyd edib ki, bu sahədə əldə olunan irəliləyiş dövlətin rəqəmsallaşmaya verdiyi önəmin nəticəsidir və təhsil sistemində müsbət dəyişikliklərə səbəb olub. Eyni zamanda süni intellektin tətbiqi ilə vahid məlumatların idarə edilməsi sisteminin qurulması istiqamətində işlər nəzərdə tutulur. Bu sistem təhlükələrin azaldılması və zəruri tədbirlərin operativ şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Nazir müavini çıxışının sonunda qeyd edib ki, media bu gün sadəcə vasitəçi deyil, həm cəmiyyəti birləşdirə, həm də onun strukturunda destruktiv dəyişikliklər yarada bilən ictimai proseslərin aktiv iştirakçısıdır. Belə şəraitdə qeyri-dəqiq məlumatların yayılmasına yol verməmək üçün yüksək peşəkarlıq tələb edilir. Mövcud risklərə baxmayaraq, sosial media daha məlumatlı və fəal cəmiyyətin formalaşdırılması üçün unikal imkanlar təqdim edir. Dezinformasiyaya qarşı mübarizə vasitələrinin təkmilləşdirilməsi, əhalinin media savadlılığının inkişaf etdirilməsi və çoxsəviyyəli fakt yoxlama sistemlərinin yaradılması informasiya məkanının keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Bu baxımdan inanırıq ki, Forum bu qlobal proseslərin inkişafına, medianın hərtərəfli tərəqqisinə yardım edəcək konstruktiv təkliflər verəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov öz növbəsində qeyd edib ki, ölkədə həyata keçirilən müasir şəhərsalma, yenidənqurma və bərpa layihələrinin sosial, iqtisadi və mədəni əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, eləcə də müvafiq sahədə ictimai məlumatlılığın artırılması media ilə dövlət qurumları arasında effektiv kommunikasiya mexanizmlərinin formalaşdırılmasını zəruri edir. O vurğulayıb ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu mövzuda informasiya təminatının aktuallığını daha da artırmaqla yanaşı, şəhərsalma siyasətinin prioritetlərinin cəmiyyətə sistemli və ardıcıl şəkildə təqdim olunması üçün əlavə imkanlar yaradır. Açılış mərasimində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan, həmçinin ötən il keçirilmiş Forumun əsas məqamlarını əks etdirən videoçarxlar nümayiş olunub. Qeyd edək ki, Forum öz işini “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” və “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzularında panel sessiyalarla davam etdirir.
01/05/2026 14:30
Uşaqların I sinfə qəbulu prosesi başlayır
6 may tarixindən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. 2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sualların cavabı
01/05/2026 11:36
Emin Əmrullayev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda iştirak edib
Aprelin 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Davamında “Ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasəti” adlı film nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son 30 il ərzində müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı prosesində insan kapitalına yönəlik siyasətin mərhələli şəkildə formalaşdığını və bu gün artıq sistemli bir xarakter aldığını qeyd edib. Dövlət Komitəsinin fəaliyyətinə diqqət çəkən Komitə rəsmisi çıxışında vurğulayıb ki, ailə cəmiyyətin təməlidir, milli kimliyimizin daşıyıcısıdır, qadın bu təməlin yaradıcısı və aparıcı qüvvəsidir, uşaq isə dövlətimizin gələcəyidir, onun davamlı inkişafının təminatıdır. Məhz buna görə də dövlət siyasətimizin məqsədi bu istiqamətləri ayrı-ayrılıqda deyil, əksinə bir-birini qarşılıqlı şəkildə gücləndirən və tamamlayan vahid bir model kimi formalaşdırmaqdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva öz növbəsində qeyd edib ki, Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində əsas yer tutur və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunub. Ombudsman vurğulayıb ki, ölkə rəhbərliyi tərəfindən ailə, qadın və uşaq siyasəti sahəsində kompleks islahatlar həyata keçirilir, müdafiə mexanizmləri genişləndirilir və sosial təminat gücləndirilir. Bu tədbirlər cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, uşaqların təhsili və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir. Nazir qeyd edib ki, təhsil nailiyyətlərinə baxıldıqda iki istiqamət üzrə inkişafdan danışmaq mümkündür: birinci istiqamət təlim və nəticələr, ikinci istiqamət isə uşağın tərbiyəsi. Emin Əmrullayev vurğulayıb ki, məktəblərdə bu iki istiqamət paralel aparılmalı, xüsusilə tərbiyə məsələləri ön plana çəkilməlidir. Emin Əmrullayevin sözlərinə görə, əsas məsələ ailənin övladına ötürdüyü dəyərlərdir. Valideynlərin məsuliyyətini dərk etməsi, məktəb və müəllimlə birgə fəaliyyət göstərməsi gənc nəslin inkişafında mühüm rol oynayır. Əlavə edib ki, dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər. Nazir həmçinin diqqətə çatdırıb ki, qadınların təhsil almasına imkan yaradılması vacibdir və gələcəyin təminatı təhsilli analardan asılıdır. Təhsilli anaların sayının artması həm də təhsilli uşaqların sayının artması deməkdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketinin reallaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir. Nazir çıxışının yekununda vurğulayıb ki, ailə, qadın və uşaq siyasəti dayanıqlı inkişafın əsasını təşkil edən mühüm istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər yalnız bu günün deyil, gələcək cəmiyyətin də formalaşmasına xidmət edir. Çıxışlardan sonra “Tarix yazanlardan gələcək quranlara” filminin nümayişi və bədii kompozisiyanın təqdimatı baş tutub. Konfrans panel müzakirələrlə davam edib.
30/04/2026 17:00
İdris İsayev AzMİU-nun 50 illik yubileyi münasibətilə təltifetmə mərasimində iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə təltifetmə mərasimi keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra ali təhsil ocağının yarıməsrlik fəaliyyət yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin ali təhsil sistemində xüsusi yerə malik olduğunu bildirib. Nazir müavini qeyd edib ki, AzMİU uzun illərdir ölkəmiz üçün strateji əhəmiyyət daşıyan memarlıq, inşaat, mühəndislik, şəhərsalma və digər prioritet istiqamətlər üzrə yüksək ixtisaslı kadr hazırlığını uğurla həyata keçirir. Nazir müavini universitetin ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə müasir infrastruktur layihələrinin reallaşdırılmasında və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesində mühüm rol oynadığını vurğulayıb. Daha sonra çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, təqdim olunan mükafatlar AzMİU kollektivinin uzun illər ərzində səmərəli fəaliyyətinə verilən yüksək qiymət və böyük etimadın göstəricisidir. O vurğulayıb ki, universitet kollektivi bundan sonra da göstərilən etimadı doğrultmaq, ölkəmiz üçün peşəkar və rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq, elmi fəaliyyətin inkişafına töhfə vermək üçün bütün gücü ilə çalışmağa davam edəcək. Çıxışlardan sonra əməkdaşlara təltiflər təqdim edilib.
29/04/2026 14:30
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
Aprelin 28-də “PAŞA Holding” və SOCAR, İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Təşəbbüs ölkəmizdə liderlik bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq, eləcə də Azərbaycanda insan kapitalının inkişafını dəstəkləmək məqsədi daşıyır. Rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf kimi sahələrdə fəaliyyət göstərəcək mərkəzdə rəhbər kadrlar üçün təhsil proqramları və beynəlxalq tədbirlər təşkil ediləcək, eləcə də tədqiqat təşəbbüsləri həyata keçiriləcək. Bu tərəfdaşlıq həmçinin yerli maraqlı tərəflərlə əməkdaşlıq vasitəsilə təhsildə mükəmməlliyi artırmağı və institusional potensialı dəstəkləməyi nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsində SOCAR və “PAŞA Holding” əməkdaşlarının peşəkar inkişafına töhfə vermək məqsədilə xüsusi uyğunlaşdırılmış təhsil proqramlarının həyata keçirilməsi də planlaşdırılır. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu təşəbbüsün Azərbaycan gənclərinin və mütəxəssislərinin həyat və peşəkar fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım, ümumilikdə Azərbaycan təhsilinə verilən dəyərli töhfə olduğunu qeyd edib. Mərkəzin yaradılmasında iştirak edən tərəflərə təşəkkürünü bildirən Emin Əmrullayev bildirib ki, bu əməkdaşlıq dövlət, özəl sektor və biznes sənayesi arasında uğurlu tərəfdaşlıq nümunəsidir və əvvəlki uğurlu birgə fəaliyyətlərin məntiqi davamıdır. Nazir çıxışında təşəbbüsün azərbaycanlı mütəxəssislərin şəbəkələşmə imkanlarını genişləndirəcəyinə və onların qlobal platformalarda daha fəal iştirakına şərait yaradacağına inamını ifadə edib. Sonda Emin Əmrullayev qeyd edib ki, əsas məqsəd ali təhsili daha əlçatan, münasib və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli etməkdir. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, insan kapitalının gücləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya kimi çağırışları hədəfləyən təşəbbüslər innovasiya əsaslı inkişafa yatırılan strateji investisiyalardır. Bu baxımdan beynəlxalq təhsil imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. “PAŞA Holding”, SOCAR və İspaniyanın IE Universiteti arasında əldə edilmiş razılaşmaya əsasən ölkəmizdə Liderlik və İnnovasiya IE Mərkəzinin yaradılması beynəlxalq təcrübənin tətbiqinə, müasir bilik və bacarıqların artırılmasına töhfələr verəcək. SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında SOCAR-ın insan kapitalının inkişafına mühüm önəm verdiyini bildirərək deyib ki, şirkət bu gün öz təcrübəsi və imkanları ilə bu təşəbbüsün həyata keçirilməsinə töhfə verir. Bu layihənin əsas məqsədi beynəlxalq təcrübədə olan yüksək bilik, bacarıq və liderlik səriştələrini Azərbaycana gətirib əlçatan etmək və ölkəmizdə böyük vizyona malik liderlərin hazırlanmasına xidmət etməkdir. “IE Universiteti olaraq, bu təşəbbüsün irəlilədilməsində göstərdikləri uzaqgörənlik, inam və davamlı dəstəyə görə "PAŞA Holding" və SOCAR-a səmimi təşəkkürümüzü bildiririk. Birlikdə Azərbaycanda liderliyi, innovasiyanı və qlobal əməkdaşlığı təşviq edəcək bir mərkəzin təməlini qoyuruq. Bu tərəfdaşlıq istedadların inkişafına töhfə vermək, institutları gücləndirmək və daha dinamik, rəqabətqabiliyyətli gələcək formalaşdırmaq istiqamətində ortaq öhdəliyimizi əks etdirir.” - IE Universitetinin İcraçı Prezidenti Santiaqo İniqes de Onsonyo çıxışında əlavə edib. İmzalanma mərasimində çıxış edən “PAŞA Holding” in Baş icraçı direktoru Cəlal Qasımov bildirib: “Azərbaycanda, eləcə də Qafqaz və Mərkəzi Asiya regionunda insan kapitalının gücləndirilməsi bizim əsas prioritetlərimizdən biridir. Təxminən 100 milyon əhalisi olan bu region hazırda öz tarixinin önəmli inkişaf mərhələsindən keçir və biz bu prosesi kənardan izləyən deyil, gələcəyin formalaşmasına real töhfə verən tərəf olmağı vacib hesab edirik. Eyni zamanda, cari təşəbbüs bizim kimliyimizi də ifadə edir: biz tərəfdaşlıqlarında qlobal, köklərində isə yerli - Azərbaycanlı olan bir şirkətik. "BNY Melon", "Raiffeisen Bank International" kimi banklarla müxbir hesab tərəfdaşlıqları, "World Economic Forum" ilə əməkdaşlıq, "Four Seasons Hotels and Resorts", "Marriott International və One&Only Resorts" kimi şirkətlərlə əməkdaşlıq - bunların hər biri "PAŞA Holding"in artıq bir beynəlxalq şirkət olduğuna işarə edir ki, IE University ilə tərəfdaşlığımız da bu yanaşmanın nümunəsidir”. Qeyd edək ki, 2006-cı ildə təsis olunmuş “PAŞA Holding” bu gün bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcı biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard ABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti də genişlənməkdədir. Hazırda “PAŞA Holding” Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir. Baş ofisi Azərbaycanda yerləşən qlobal enerji şirkəti SOCAR enerji resurslarının hasilatı, emalı və paylanması sahəsində ixtisaslaşıb. İnteqrasiya olunmuş iri enerji şirkəti kimi dünya miqyasında geniş fəaliyyət göstərən SOCAR bu gün müxtəlif beynəlxalq bazarlarda əhəmiyyətli rol oynayır.
28/04/2026 15:50
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı