“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız milli gündəlik deyil, beynəlxalq humanitar hüquq, insan hüquqları, öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın geri dönüşü kontekstində araşdırılması vacib olan elmi istiqamətlərdəndir. Qayıdış ideyası revanşizm, münaqişənin davamı deyil, hüquqa söykənən tarixi ədalət çağırışı, uzunmüddətli sülh və etimad üçün yeni imkanların axtarışıdır.
Rektor vurğulayıb ki, bu məsələdə milli yaddaşın qoruyucuları olan ali təhsil müəssisələrinin üzərinə xüsusi missiya düşür. Tarixi sənədlərin toplanması, hüquqi bazanın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq, arxiv materiallarının sistemləşdirilməsi, toponimika, etnoqrafiya, mədəni irs, insan hüquqları və beynəlxalq hüquq istiqamətlərində araşdırmaların genişləndirilməsi mühüm vəzifələr olaraq qalır. Elçin Babayev sözügedən konfransın yeni ideyaların yaranmasına, elmi əməkdaşlığın genişlənməsinə və Qərbi Azərbaycana qayıdış mövzusunun beynəlxalq elmi diskursda daha geniş yer almasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
QAİ-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, elmi konfrans bu istiqamətdə gerçəkləşdirilən məqsədyönlü və konseptual fəaliyyətə ciddi dəstək kimi dəyərləndirilə bilər. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, sülh, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanır. Qərbi Azərbaycana hüquqi və ləyaqətli qayıdış ideyası Cənubi Qafqazda etimad quruculuğunun yeni mərhələsi ola bilər. Çünki hüquqa əsaslanan qayıdış revanş yox, etimad, ədalət, sülh yaradır.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Qərbi Azərbaycana qayıdış tələbinin Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına xidmət edən mühüm amillərdən biri olduğunu deyib. Bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunmuş insanların taleyi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq vicdan məsələsidir.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında Qərbi Azərbaycanla bağlı milli fəaliyyətin elm və təhsilin üzərinə xüsusi vəzifələr qoyduğunu bildirib. Mətin Kərimli qeyd edib ki, tarixi faktların araşdırılması, sənədləşdirilməsi, elmi əsaslarla hazırlanması akademik ictimaiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu istiqamətdə universitetlər, elmi-tədqiqat institutları və bütün təhsil müəssisələri mühüm işlər həyata keçirirlər: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ali təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin, həqiqətlərinin təbliği, bununla bağlı resursların artırılmasını tələb edir. Qərbi Azərbaycan məsələsi insan hüquqları, tarixi ədalət və beynəlxalq hüquq məsələsidir, missiyadır. Bu missiya ideyadan fəaliyyətə, sözdən əmələ keçib. Qərbi Azərbaycana qayıdış bizim davamlı sülh və dialoq gündəliyimizin bir hissəsidir. Bu, bizdən xatirələrlə yox, məhz planlarla yaşamağı tələb edir. Güclü dövlət kimi biz illəri yox, nəsilləri, əsrləri planlaşdırmağı öyrənməliyik və bunu da edirik”.
Milli Məclis sədrinin müavini Musa Qasımlı Qərbi Azərbaycana qayıdış ideyasının tarixi həqiqətlərə əsaslandığını bildirib: “Hesab edirəm ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Qərbi Azərbaycana qayıdış ideyası öz məqsədinə çatacaq. Bugünkü konfransda gənclərin, alimlərin və tədqiqatçıların məruzələrlə çıxış etməsi bu ideyanın elmi əsaslarının daha da möhkəmlənməsinə və təşviqinə əlavə töhfə verəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Qərbi Azərbaycan məsələlərini tədqiq etmək üçün Akademiyanın müxtəlif strukturlarında Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan toponimiyası və Qərbi Azərbaycanla bağlı əlyazmaların tədqiqi adlı şöbələr fəaliyyətə başlayıb. O, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ərazi iddiası olmayan bütövlük, barış konsepsiyası olduğunu vurğulayıb.
Digər çıxışlarda da Qərbi Azərbaycana qayıdış ideyasının tarixi ədalətin bərpası baxımından əhəmiyyəti vurğulanıb, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində aparılan fəaliyyətlərdən bəhs edilib. Həmçinin deportasiya faktlarının beynəlxalq hüquq müstəvisində sənədləşdirilməsi, hüquqi qiymətləndirilməsi və qayıdış hüququnun müdafiəsi üçün beynəlxalq mexanizmlərdən səmərəli istifadənin vacibliyi qeyd olunub. Bununla yanaşı, Qərbi Azərbaycan irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə ali təhsil müəssisələrində tədris və elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinin, ixtisaslaşmış araşdırma mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb.
Açılış mərasimindən sonra konfrans öz işini panel sessiyaları ilə davam etdirir.
İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Qərbi Azərbaycana qayıdış konsepsiyası milli ideyanın inkişaf mərhələsi kimi beynəlxalq hüquq normaları kontekstində qiymətləndiriləcək.
Konfransda həmçinin humanitar və mədəni irsin qorunması məsələləri, qayıdış ideyasının sülh və regional sabitliklə uzlaşan konseptual model kimi təqdim edilməsi, milli ideyanın müasir mərhələdə dövlətçilik, suverenlik və tarixi ədalət prinsipləri əsasında yenidən şərh olunması istiqamətində əldə edilmiş elmi nəticələr beynəlxalq müstəvidə müzakirə olunacaq, habelə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnun normativ əsasları elmi baxımdan təhlil ediləcək.
03.06.2026 - 15:00
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
