Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin təhsilalanları arasında həyata keçirilən “Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir.   Layihə çərçivəsində bir sıra peşə təhsili müəssisələrində hüquqi maarifləndirmə tədbirləri, interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər təşkil olunub.   Tədbirlər Abşeron Binə Peşə Liseyi, Abşeron Ceyranbatan Peşə Liseyi, Bakı Turizm Peşə Məktəbi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarını əhatə edib.   Maarifləndirmə tədbirlərində “İnsan alveri”, “Erkən nikahların hüquqi və sosial aspektləri”, “İctimai qayda pozuntuları və inzibati məsuliyyət”, “Bullinq və ictimai təzyiq”, eləcə də “Narkomaniya ilə mübarizə” mövzuları müzakirə olunub.   Layihənin əsas məqsədi gənclərin hüquqi biliklərini artırmaq, hüquq və vəzifələri barədə məlumatlılığını yüksəltmək, onlarda hüquq mədəniyyətini formalaşdırmaq, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmləri barədə biliklərini genişləndirmək, həmçinin vətəndaş məsuliyyətini və hüquqi düşüncə tərzini inkişaf etdirməkdir.   Qeyd edək ki, cari ilin may ayından etibarən həyata keçirilən layihə çərçivəsində indiyədək ümumilikdə 500 nəfərə yaxın təhsilalan iştirak edib.

Elm və təhsil naziri və Laos Xalq Demokratik Respublikasının Prezidenti Bakı Dövlət Universitetində tələbələrlə görüşüb

Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Dövlət Universitetini (BDU) ziyarət edib, burada təhsil alan tələbələrlə görüşüb.   BDU-nun rektoru Elçin Babayev görüşdə çıxış edərək universitetin Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd edib.   Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil aldığını bildirib. Nazir “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının yaratdığı imkanları qeyd edərək Laosdan olan gəncləri bu imkanlardan yararlanmağa dəvət edib. Nazir həmçinin iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.   Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit isə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini bildirib.   Görüşün sonunda Laos Prezidenti tələbələrin suallarını cavablandırıb.   Thonqlun Sisulit daha sonra BDU-nun fəxri doktoru Ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeylə tanış olub.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq  Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb. Proqrama müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd sırasından 55 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.   Seçilmiş namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 11 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.   Qeyd edək ki, bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.    Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantının ayrılması nəzərdə tutulur.

Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.   Görüş zamanı “Maarifçi”lərin əldə etdikləri bilik və bacarıqlar, qarşılaşdıqları məsələlər, gələcək karyera perspektivləri və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.   Firudin Qurbanov gəncləri yaradılan imkanlardan səmərəli istifadə etməyə, praktiki təcrübə qazanmağa və daim öz üzərlərində işləməyə çağırıb. Müasir əmək bazarında innovativ düşüncə, yaradıcı yanaşma, təşəbbüskarlıq, texnologiyalardan istifadə, ünsiyyət və komandada işləmək bacarıqlarının əhəmiyyətini vurğulayıb.   Nazir müavini “Maarifçi” proqramının mahiyyətindən danışaraq maarifçiliyin bilik və bacarıqların ötürülməsi, cəmiyyətin inkişafına töhfə verilməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, proqrama bu il rekord sayda müraciət daxil olub və seçim nəticəsində yeni iştirakçılar müəyyənləşdirilib.   Firudin Qurbanov müasir dövrdə gənclərin qarşısında yeni vəzifələrin dayandığını qeyd edərək, onların XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara, geniş dünyagörüşünə və müstəqil düşünmə qabiliyyətinə malik olmasının vacibliyini vurğulayıb.    Müasir dünyanın texnoloji inqilab dövrünü yaşadığını, rəqəmsallaşmanın sürətləndiyini və süni intellektin həyat və düşüncə tərzini köklü şəkildə dəyişdirdiyini bildirən nazir müavini bu texnologiyaların əmək bazarına təsirinə diqqət çəkib. Həmçinin qeyd edib ki, gənclər süni intellekt alətlərindən istifadə etməklə yanaşı, onların iş prinsiplərini də anlamalı, texnoloji dəyişikliklərə hazır olmalıdırlar.    Qərarların elmi araşdırma və təhlilə əsaslanmasının vacibliyinə də toxunan Firudin Qurbanov bu yanaşmanın daha düzgün və əsaslandırılmış qərarların qəbulunda mühüm rol oynadığını bildirib.   Görüşdə 44 günlük Vətən müharibəsi və qazanılan Zəfərin əhəmiyyətinə də toxunulub. Nazir müavini şəhidlərin və qazilərin fədakarlığının ölkəmizin inkişafı üçün yeni imkanlar yaratdığını qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb.   Sonda proqram iştirakçıları onları maraqlandıran sualları nazir müavininə ünvanlayıblar.   Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın əsas məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, tələbə və məzunların praktiki fəaliyyət vasitəsilə sahəvi bilik və bacarıqlarının artırılması, müasir yanaşmaları öyrənmələri və təhsil islahatları prosesinə dəstək vermələridir.

Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ticarət və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak edib.   İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. Həsən Həsənli çıxışında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alan tələbələrin əhəmiyyətli sayını vurğulayaraq Dövlət Proqramları, eləcə də ikili diplom proqramlarının ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. Bununla yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrinin dəstəklənməsi, eləcə də ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.    Komissiyanın iclasında həmçinin iki ölkə arasında ticari-iqtisadi, sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi, mədəniyyət, eləcə də turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.   Sonda Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb, 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul edilib.

Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib

Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı, “Önce öğretmen” Fondunun sədri Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabının təqdimatı və “Sürətdən dərinliyə: özünə qayıdış” mövzusunda ustad dərsi keçirilib.   Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil işçiləri, valideynlər və digər maraqlı tərəflər iştirak ediblər.   Tədbirdə açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib ki, təhsil yalnız məktəblə məhdudlaşmır, daim maariflənən cəmiyyət, inkişaf edən valideyn və öyrənən ailə də təhsil prosesinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, uşağın öyrənməyə münasibəti, özünəinamı, davranışları və sosial bacarıqları məktəb, ailə və cəmiyyətin birgə təsiri ilə formalaşır. Bu baxımdan öyrənənlər və öyrədənlər arasında sağlam münasibət müasir təhsil sisteminin əsas dayaqlarından biridir.   Mətin Kərimli professor Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabının valideyn və uşaq, müəllim və şagird münasibətlərinə fərqli yanaşma təqdim etdiyini, gündəlik ünsiyyətdə istifadə olunan ifadə və davranışların uşağın inkişafına təsirinə diqqət çəkdiyini bildirib. O qeyd edib ki, bu baxımdan kitab və ustad dərsinin mövzusu həm valideynlər, həm də təhsil işçiləri üçün xüsusi əhəmiyyət daşıyır.   Mətin Kərimli çıxışının sonunda tədbirin təşkilində göstərdikləri dəstəyə görə bütün təşkilatçılara təşəkkürünü bildirib.   Qonaqları salamlayan “Regional İnkişaf” İctimai Birliyinin Təlim, inkişaf və innovasiya şöbəsinin müdiri Pərvanə Hacıyeva bildirib ki, “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətində təhsil və maarifləndirmə istiqamətinə xüsusi diqqət yetirilir. Bu çərçivədə müəllim və şagirdlərin yeni bilik və təcrübələrlə tanışlığına, öyrənmə imkanlarının genişləndirilməsinə önəm verilir.   “Qırx dəfə demişəm” kitabında əksini tapan əsas məqamlar barədə danışan Pərvanə Hacıyeva qeyd edib ki, kitab valideynlər, müəllimlər və uşaqlarla çalışan hər kəs üçün faydalı mənbə olmaqla yanaşı, gündəlik ünsiyyətə və uşaqlara yanaşmaya fərqli baxış formalaşdırır. O, görüşün iştirakçılar üçün yeni fikirlər və faydalı təcrübələrlə yadda qalacağına əminliyini ifadə edib.   Çıxışlardan sonra ustad dərsi çərçivəsində professor Ziya Səlcuq müasir dövrdə sürətin insan həyatına və münasibətlərinə təsiri, uşağa yanaşma, valideynlik, müəllimlik, ünsiyyət və öyrənmə prosesində diqqət yetirilməli məqamlar barədə fikirlərini bölüşüb. Ziya Səlcuq bildirib ki, sürətli dəyişikliklərin müşahidə olunduğu dövrdə insanın özünə və ətrafındakılara münasibətini yenidən nəzərdən keçirməsi, xüsusilə uşağın dünyasını anlamağa çalışması vacibdir. O, uşağın inkişafında böyüklərin münasibəti və ünsiyyətinin mühüm rol oynadığını vurğulayıb.   Tədbir iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə davam edib.   Daha sonra professor Ziya Səlcuqun Azərbaycan dilində çap olunan “Qırx dəfə demişəm” kitabının təqdimatı keçirilib. Bildirilib ki, kitabda gündəlik həyatda tez-tez istifadə olunan ifadələr, deyimlər və qəlibləşmiş sözlər valideynlik prizmasından təhlil edilir. Müəllif uşağa və uşaqlığa baxışın dəyişdirilməsi, valideyn və uşaqlar arasında sağlam ünsiyyətin qurulması, davranışların uşağın inkişafına təsiri kimi məsələlərə diqqət yetirir.

Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb

Oktyabrın 7-də elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Ömer Faruk Yelkenci ilə görüşüb.   Görüş çərçivəsində Türkiyə Respublikası ilə təhsil sahəsində hazırda həyata keçirilən, eləcə də gələcək mümkün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Oktyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yəhyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı ölkəmizin bu il Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv olmasından sonra Elm və Təhsil Nazirliyi ilə təşkilat arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Eyni zamanda, təhsildə rəqəmsal transformasiya, innovasiya və startap ekosisteminin inkişafı sahələrində, eləcə də SABAH.city ilə birgə mümkün ortaq təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 22 oktyabr tarixində Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.   Qəbulda Qəbələ və Oğuz sakinləri iştirak edə bilərlər.    Adı çəkilən rayonların sakinləri 16 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

2026–2027-ci tədris ilindən etibarən “Rəqəmsal məktəb” platforması Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarında da tətbiq olunacaq. Yeni tədris ilindən etibarən platformadan Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəbdə istifadə ediləcək. Beləliklə, ümumilikdə daha 194 məktəb platformaya qoşulacaq.   Layihənin əsas məqsədi təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəetməsində müasir texnologiyalardan istifadə imkanlarını genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında qarşılıqlı əlaqəni daha çevik və səmərəli şəkildə təmin etməkdir.   “Rəqəmsal məktəb” platformasının genişləndirilməsi ilə müəllimlər üçün tədris prosesinin idarə olunmasında yeni rəqəmsal imkanlar yaradılacaq. Belə ki, müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq, bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması təmin ediləcək.   Bununla yanaşı, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərə çıxış əldə edəcəklər. Bu imkanların tədris prosesində müasir texnologiyalardan daha səmərəli istifadəyə, müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına və təhsil prosesinin fərdiləşdirilməsi imkanlarının genişləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.   Şagirdlər platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, gündəlik dərs cədvəlləri ilə tanış olacaq, həmçinin qiymətlərini elektron qaydada izləyə biləcəklər. Bu imkanlar şagirdlərin tədris prosesində öz nəticələrini və gündəlik fəaliyyətlərini daha rahat izləməsinə şərait yaradacaq.   Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladları ilə bağlı məlumatları elektron qaydada izləyə biləcəklər. Onlar platformada övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə, bununla da övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlı ola biləcəklər. “Rəqəmsal məktəb” platforması vasitəsilə təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili, təhsil iştirakçıları üçün məlumat və xidmətlərə çıxışın asanlaşdırılması, məktəblərdə idarəetmə və kommunikasiya imkanlarının təkmilləşdirilməsi hədəflənir.   Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin və təhsil iştirakçısının rəqəmsal həllərdən yararlanması təmin olunacaq. Bununla da rəqəmsal təhsil imkanlarının ölkə üzrə mərhələli şəkildə genişləndirilməsi və vahid rəqəmsal təhsil ekosisteminin formalaşdırılması istiqamətində növbəti addım atılacaq.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı