Magistratura səviyyəsi üzrə SABAH qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə!
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 6-13 iyul 2023-cü il tarixlərində aparılacaq. İxtisaslaşma seçiminə 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilən magistraturaya qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar. Ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına (siyahı) savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 3-10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur. Müsahibədə uğur qazanmış bakalavrlara SABAH qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı veriləcək. Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
25/06/2023 11:42
BMU-İNHA ikili diplom proqramına 2023-2024-cü tədris ili üzrə qəbul davam edir
Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2023-2024-cü tədris ili üçün onlayn qeydiyyat prosesi davam edir. Qeydiyyatın bitmə tarixi 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim olunmalıdır. İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına informasiya texnologiyaları ixtisası üzrə 35, inşaat mühəndisliyi ixtisası üzrə 25, elektrik mühəndisliyi ixtisası üzrə 28 və elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər olmaqla ümumilikdə 123 nəfərin qəbulu nəzərdə tutulur. Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. Azərbaycan Respublikasının vətəndaşı olan və 2023-cü ildə DİM imtahanlarından uğurla keçərək (1-ci ixtisas qrupunun abituriyentləri) BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müsabiqədə iştirak edə bilərlər. Proqrama müraciət edən namizədlər üçün daxili imtahan riyaziyyat, fizika və ingilis dili üzrə yazılı formada təşkil olunacaq. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” doldurmaq mütləqdir. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də elan ediləcək. Qeyd edək ki, proqramın tədrisi 3 il müddətində BMU, 1 il müddətində isə İNHA Universitetində nəzərdə tutulur. Tədrisin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Koreya Respublikasında 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır. Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.
25/06/2023 10:11
100 tələbəyə “Heydər Əliyev adına təqaüd” veriləcək
Azərbaycan Respublikası Prezidenti “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbəyə “Heydər Əliyev adına təqaüd” veriləcək. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödəniləcək.
24/06/2023 16:30
İntihar və intihara cəhd halları ilə bağlı İşçi Qrupunun iclası keçirilib
İyunun 24-də Elm və Təhsil Nazirliyində intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi Qrupunun iclası keçirilib. İclas görülmüş tədbirlər və gələcək fəaliyyətlərin müzakirəsinə həsr olunub. Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir cəmiyyətin problemlərindən biri də intiharlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünya üzrə 20 faiz intiharlar xüsusilə yeniyetmə və gənc yaşda olan şəxslərdə müşahidə edilir. Bildirilib ki, intihar hadisələrinin baş verməsi minimuma endirilməklə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluqda müvafiq dövlət qurumları və təşkilat nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. Tədbirin yekununda adıçəkilən sahə üzrə dövlət orqanları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və digər müvafiq qurumların səy və imkanlarının birləşdirilməsinin zəruriliyi nəzərə alınaraq gələcəkdə birgə fəaliyyətlərin təmin edilməsi məqsədilə dövlət qurumları və təşkilat nümayəndələrindən ibarət tərkibdə İşçi Qrupu yaradılıb. Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq Fəaliyyət Planına uyğun görülmüş işlər barədə də məlumat verən Firudin Qurbanov bildirib ki, ümumi təhsil müəssisələrində psixoloqların iştirakı ilə şagirdlərlə mütəmadi maarifləndirici görüşlər keçirilib. Bununla yanaşı, bir sıra problemlərlə üzləşən şagird, tələbə və valideynlərlə praktik söhbətlərin aparılması, şagirdlərin məktəbdə, ailədaxili və ailədənkənar davranışlarını nəzarətdə saxlamaqla onların ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən iş və məşğuliyyətlərə cəlb edilməsi istiqamətində məqsədyönlü işlər aparılıb. Keçirilmiş tədbir və görüşlərdə valideynlər, psixoloqlar, həkimlər və müvafiq icra hakimiyyəti orqanlarının məlumat, həmçinin tövsiyələri dinlənilib, fikir mübadiləsi aparılıb. Firudin Qurbanov “Məktəblinin dostu” layihəsinin psixoloqları tərəfindən aparılan tədqiqat işlərini də iclas iştirakçılarının diqqətinə çatdırıb. Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov ötən tədris ilində təhsil müəssisələrində görülən işlərlə bağlı hesabatla çıxış edib. Orxan Abbasov bildirib ki, məktəblərdə baş verən xüsusi hallarla bağlı nazirliyə operativ şəkildə məlumat verilir. Daha sonra Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru Nail Əliyev, “Polisə Dəstək İctimai Birliyi” Qeyri-hökumət Təşkilatının sədri Şəmsəddin Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Samir Yoldaşov məruzələrlə çıxış ediblər. Çıxışlardan sonra fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib. Müzakirələr zamanı islamda intihara baxış, məişət zorakılığı, dövlət məmurlarının vəzifələri, hüquqi problemlərin həlli istiqamətində atılan addımlar və digər mövzulara dair təkliflərin müvafiq dövlət strukturlarına göndərilməsi qərarı alınıb.
24/06/2023 16:00
Emin Əmrullayev Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi “dəyirmi masa”da çıxış edib
“Əqli mülkiyyət hüququ həm də mədəniyyət, davranış, dəyər məsələsidir. Bunun üçün kiçik yaşlardan başlamaq lazımdır, yəni insan 40 yaşına çatanda əqli mülkiyyətlə yenicə tanış olmamalıdır. Məktəb illərindən digər insanın zəhmətinə hörmət etmək çox vacibdir. Bu, şagirdlərə aşılanmalıdır”. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 24-də “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda keçirilmiş “dəyirmi masa”da çıxışı zamanı deyib. Nazirliyin Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq etdiyini diqqətə çatdıran Emin Əmrullayev hazırda əmək bazarında plagiat dərslik və dərs vəsaitlərinin sayının azaldığını da bildirib. Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğunu diqqətə çatdırıb. Kamran İmanov bildirib ki, bu səfərin məqsədi Əqli Mülkiyyət Agentliyinin müasir çağırışlara uyğun formalaşdırılması, idarəçilik təcrübəsinə dair məlumatların əldə edilməsi, əqli mülkiyyət ekosistemi ilə bağlı ölkəmizdə görülən işlər, o cümlədən agentliyin təşəbbüs və dəstəyi ilə Azərbaycan universitetlərində əqli mülkiyyət ixtisası üzrə kadrların hazırlanması prosesi ilə tanış olmaqdır. Eləcə də ÜƏMT ilə ölkəmiz arasında əməkdaşlığın daha da genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizə aid coğrafi göstəricilərin qeydiyyatı, onların beynəlxalq miqyasda tanınmasına dəstək göstərilməsi səfərin əsas məqsədlərindəndir. Tədbirdə çıxış edən Hasan Kleyb bildirib ki, səfərinin məqsədi təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirməkdir. Ölkəmizə ilk dəfə gəldiyini deyən Hasan Kleyb Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib. Çıxışlardan sonra Kamran İmanovun “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda məruzəsi dinlənilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.
24/06/2023 15:18
Sertifikatlaşdırma imtahanlarının son günü izlənilib
Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 24-də imtahanların keçirildiyi Azərbaycan Dövlət Texniki Universitetinin idman kompleksinə mediatur təşkil edilib. Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib ki, 24 iyun sertifikatlaşdırma imtahanlarının son günüdür. Bu gün ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilir. İmtahanlara 8 500-dən çox müəllim cəlb olunub. Nazir müavini qeyd edib ki, müəllimlərin özünüinkişafı tədrisin keyfiyyətini artırır və şagird nəticələrinin yaxşılaşmasına səbəb olur. Eyni zamanda, sertifikatlaşma yaxşı müəllim olmanın təsdiqidir. Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərində ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub.
24/06/2023 12:30
Elm və təhsil naziri ADPU ilə ABŞ universitetinin ikili diplom proqramının məzun günündə iştirak edib
"ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasındakı ikili diplom proqramı onlarla gəncimizə ən yaxşı təhsil imkanlarından faydalanmaq fürsəti verir. Bu proqram üzrə ümumilikdə 130-a qədər gəncimizin təhsil siyasəti və idarəçiliyi sahəsində beynəlxalq səviyyəli mütəxəssislər kimi yetişdirilməsi gözlənilir". Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 23-də keçirilən ADPU-CVU ikili diplom magistr proqramının ikinci məzun buraxılışı tədbirindəki çıxışı zamanı deyib. Emin Əmrullayev təhsil idarəçiliyi sahəsində beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi və yüksək səviyyəli gənc mütəxəssislərin hazırlanmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq proqramın icrasını müsbət qiymətləndirib. Nazir bildirib ki, son bir neçə ildə Azərbaycan universitetləri ilə xarici universitetlər arasında ikili diplom proqramlarının icrası nəticəsində yüzlərlə potensiallı gəncə ölkəni tərk etmədən dövlət hesabına nüfuzlu universitetlərdə təhsil almaq imkanı yaradılıb. Tədbirdə “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin, habelə diplomatik korpus, özəl sektor nümayəndələri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqram məzunları iştirak ediblər. ADPU-nun rektoru Cəfər Cəfərov çıxışında qeyd edib ki, 3 ildir icra olunan proqramdan ötən il məzun olan ilk 22 nəfər indi təhsil və iqtisadiyyatın müxtəlif sahələri, özəl və dövlət sektoru, eləcə də ictimai sektorda uğurla fəaliyyət göstərir. Bu gün isə proqramı uğurla başa vuran növbəti 19 şəxsin məzun buraxılışı qeyd edilir. Sonra CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin məzunları təbrik edib, dekan Maykl Foyerin isə videotəbriki nümayiş etdirilib. Sonda məzunlara fəxri diplomlar təqdim olunub.
24/06/2023 12:00
Direktorların işə qəbulu üzrə test imtahanları barədə məlumat
İyulun 6-da şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. 1 889 namizədin dəvət edildiyi test imtahanları ölkə üzrə 8 şəhər olmaqla 9 mərkəzdə təşkil olunacaq. İmtahanların keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir. Test imtahanında namizədlərə pedaqogika, metodika ilə bağlı 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik, menecment, riyazi məntiq ilə bağlı hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Qeyd edək ki, https://miq.edu.az/direktorlar/ saytında direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları yerləşdirilib.
24/06/2023 10:15
Sertifikatlaşdırma imtahanlarının son günü
İyunun 24-ü sertifikatlaşdırma imtahanlarının son günüdür. Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilir. Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub. Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir. Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir. Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər.
24/06/2023 09:48
Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib
İyunun 22-də ölkə Prezidenti cənab İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Elm və Təhsil Nazirliyinin 4 əməkdaşı da var. Sərəncama əsasən, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Hüquq şöbəsinin müdir müavini Aynur Atayeva, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin Statistika sektorunun baş məsləhətçisi Mirbaba Babayev "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Təltifə layiq görülən əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.
23/06/2023 11:15
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı