Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq Məktəb İdmanı Federasiyasının nümayəndələri ilə görüş keçirilib

İyulun 4-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Həsni Əl Əyubi ilə görüşüb.    Qonaqları salamlayan elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil müəssisələrində idman sahəsinin tədrisi və məktəblilərimizin nailiyyətlərindən danışıb. Nazir müavini uşaqlarda sağlam davranış qaydalarının formalaşması və onların zərərli vərdişlərdən uzaqlaşmasında idmanın xüsusi rol oynadığını diqqətə çatdırıb.     Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka öz növbəsində səmimi qəbula görə təşəkkür edib və federasiya tərəfindən beynəlxalq səviyyədə idman yarışlarının təşkili, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qonaq Elm və Təhsil Nazirliyi ilə uzunmüddətli tərəfdaşlıqda maraqlı olduqlarını dilə gətirib.    Görüşdə Beynəlxalq Məktəb İdmanı Federasiyası tərəfindən mütəmadi təşkil edilən "Dünya Məktəblilərinin İdman Oyunları"nın 2026-2028-ci illərdə Bakıda keçirilməsi də müzakirə edilib.    Sonda qonaqlara xatirə hədiyyəsi təqdim edilib.

Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub.   Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil ocağında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.   Bildirildi ki, universitet binasının fasadında rəngləmə işləri aparılıb, əsas giriş hissənin isə tarixi formasına qaytarılması üçün əlavə dəyişikliklər edilib. Binanın dəhlizlərinin döşəmələri sökülərək yenilənib. Daxili divarların suvağı təzələnib, suvaqaltı kommunikasiya xətləri dəyişdirilib. Bütün otaqlar müasir tələblərə uyğun mebel və avadanlıqlarla təchiz olunacaq. Universitetin ərazisində geniş abadlıq işləri görülüb. Binanın qarşısındakı park sökülərək müasir tələblərə uyğun yeni park salınıb.   Qeyd edildi ki, ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır. Bununla bağlı müvafiq elan verilib və qeydiyyat prosesi başlanılıb.   Qəbul aparılacaq ixtisaslar üzrə yeni məzmunlu təhsil proqramlarının hazırlanması işinə start verilib. Beynəlxalq təcrübəyə əsaslanmaqla müasir dövrün tələblərinə uyğun olaraq Qarabağ Universitetinin strukturu hazırlanıb və təsdiqlənib. Eyni zamanda, Qarabağ Universiteti tərəfindən ştat cədvəli təsdiq edilib və ilkin olaraq universitetdə zəruri vəzifələr üzrə təyinatlar aparılıb. Universitetin inzibati və elmi-pedaqoji kadr potensialının daha peşəkar formalaşdırılması üçün ardıcıl olaraq bir sıra vəzifələr üzrə vakansiya elanları verilib. Proqram rəhbərləri (dekanlar) üçün vakansiya müraciətləri dəyərləndirilib və müvafiq komissiya tərəfindən müsahibələr keçirilib, hazırda həmin vəzifələrə təyinatlar aparılır.   Qarabağ Universitetinin loqo, brendinq və promo məhsullarının, sosial media strategiyasının, tanıtım videoçarxlarının hazırlanması istiqamətində işlər davam etdirilir.   Tələbələr Qarabağ Universitetinə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları (I tədris ilinə), Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan və müsahibələri əsasında (II tədris ilinə) cəlb ediləcəklər. Regional təhsil idarələri vasitəsilə buraxılış siniflərində təbliğat işləri aparılır. Yüksək bal toplamış abituriyentlərin Qarabağ Universitetinə səfərlərinin təşkili planlaşdırılır.   Diqqətə çatdırıldı ki, Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.   Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.   https://president.az

Firudin Qurbanov "İTi zəka – 2" hakatonunun mükafatlandırma mərasimində iştirak edib

İyulun 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Uşaqlarının İnkişaf Platforması İctimai Birliyinin əməkdaşlığı çərçivəsində 14-17 yaşlı uşaqlar arasında keçirilən “İTi zəka – 2” hakatonunun mükafatlandırma mərasimi keçirilib.   Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.   Tədbirdə giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçılara gələcək həyatlarında uğurlar arzulayıb və bu cür tədbirlərin uşaqlar üçün stimul olduğunu qeyd edib.     Hakatona müraciət edən 530 uşaqdan 93-nün finala kimi gəlməsinin böyük uğur olduğunu vurğulayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib ki, hakaton həm də komandalar yaratmaq, innovativ düşüncə tərzi formalaşdırmaq baxımından əhəmiyyətə malikdir.    Sonra çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sistemində rəqəmsallaşma və innovasiyanın tətbiqi barədə danışıb. Nazir müavini bildirib ki, dünya nə qədər “robotlaşmağa” doğru getsə də, ölkənin gələcəyi insan kapitalına bağlıdır və gənc nəslin nümayəndələri bütün yeni çağırışlara hazır olmalıdırlar.    Firudin Qurbanov çıxışında uşaqlar üçün belə intellektual yarışmaların təşkilinin əhəmiyyətini də vurğulayıb.    Texnoloji innovasiyalar dövründə yaşadığımızı diqqətə çatdıran gənclər və idman nazirinin müavini İndira Hacıyeva öz növbəsində vurğulayıb ki, gələcəyimizi texnologiya və innovasiyalarsız təsəvvür etmək artıq qeyri-mümkündür. Buna görə də dünyaya inteqrasiya və inkişaf üçün texniki elmlərə əhəmiyyət vermək lazımdır.    Çıxış edən digər qonaqlar uşaqların potensialının üzrə çıxarılması baxımından hakatonun vacibliyini vurğulayıblar.      Daha sonra “İTi zəka – 2” hakatonuna dair məlumatları özündə əks etdirən təqdimat nümayiş olunub.    Tədbirdə həmçinin hakatonun mərhələləri və iştirakçıların hazırlığına dair videoçarx nümayiş etdirilib.    Sonra qaliblərə mükafatlar təqdim olunub. Hakatona hazırlıq müddətində uşaqlara müxtəlif mövzularda seminarlar keçən təlimçilərə isə təşəkkürnamələr verilib.   Tədbir bədii hissə ilə davam etdirilib.

"SABAH-ın məzunu – 2024" tədbiri keçirilib

İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” tədbiri keçirilib.    Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.    Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.   Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.    Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq "SABAH qrupları" layihəsinin mahiyyət və məqsədi barədə danışıb. Layihənin ali təhsildə yenilik istiqamətində nəzərdə tutulan hədəflərə doğru bir addım olduğunu vurğulayan Emin Əmrullayev qeyd edib ki, SABAH ali təhsil müəssisələrinə yeni yanaşma gətirib. Nazir əlavə edib ki, savadlı və bacarıqlı tələbələr üçün yaradılmış bu proqrama nəzər saldıqda uğurlu nəticələri görmək mümkündür.    Nazir həmçinin bildirib ki, SABAH qruplarının 10 illik fəaliyyəti ərzində yaratdığı fərqli imkanlar tələbələr arasında rəqabət formalaşdırıb. Gələcəkdə bu pilot layihənin genişləndirilməsinin zəruriliyinə toxunan elm və təhsil naziri çıxışının sonunda SABAH məzunlarını təbrik edib və sözügedən qrupların fəaliyyətinin Azərbaycanı gələcəkdə daha güclü dövlətə çevirəcəyinə inamını bildirib.    Ardınca isə SABAH-ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirilib.    Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi SABAH açarının növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib.    Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.    Təltifetmə mərasimindən sonra “SABAH qrupları – 2024” mövzusunda videoçarx nümayiş etdirilib.    Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.    Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.    Qeyd edək ki, 2023–2024-cü tədris ilində 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olur.    Elm və Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsi hazırda 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası və 2 846 tələbəni əhatə edir.

Uşaq inkişafı üzrə tanınmış professor “Yeni çağırışlar”da

İyulun 5-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.   Proqramın budəfəki qonağı İstanbul Aydın Universitetinin müəllimi, uşaq inkişafı üzrə tanınmış mütəxəssis Belma Tuğruldur. Professor Belma Tuğrulla oyun əsaslı öyrənmə barəsində danışılacaq.   Belma Tuğrul Hacettepe Universitetinin Təhsil fakültəsinin Məktəbəqədər təhsil kafedrasında uzun illər professor olaraq çalışıb. Bununla yanaşı, Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “365 gün hekayə”, “365 gün oyun”, “Mənim oyun sandığım” və “Erkən uşaqlıq təhsili təqvimi” kimi layihələrdə akademik məsləhətçi olub.   Belma Tuğrul hazırda Türkiyə Milli Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirilən “Oyunlarla öyrənirəm” və “Oyunlarla yaxşılaşıram” layihələrində məsləhətçi kimi fəaliyyət göstərir.    Qeyd edək ki, “Yeni çağırışlar” proqramı Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

İyulun 11-i saat 11:00-dan 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.    Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.   Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.   Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.   Test imtahanları 2 – 10 iyul tarixlərində ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək. İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub.   Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.    Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.     Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.   Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.    Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.   Ötən illərdə olduğu kimi, cari ildə də vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. MİQ üzrə müsabiqənin müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq.  Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

"Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb.    İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev təcrübə proqramının iştirakçıları ilə görüş keçirib. Görüşdə ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər.    Əvvəlcə "Maarifçi" tələbə-məzun təcrübə proqramına dair videoçarx nümayiş olunub.    Daha sonra çıxış edən Emin Əmrullayev sözügedən proqramın gənc kadrların dövlət qulluğunu düzgün anlaması, istedadlı gənclərin dövlət qurumlarında işləməyə həvəs göstərməsi baxımından faydalı olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.    Çıxış edən proqram iştirakçıları da öz növbəsində proqram sayəsində öyrəndikləri bilik və bacarıqların onların karyera hədəflərində mühüm rol oynayacağını dilə gətiriblər.   Görüş çərçivəsində “Maarifçi”lərin proqram müddətində fəaliyyətləri, onların ictimai iştirakçılığın təmin olunmasında rolu, gənclərin karyera inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi də aparılıb, həmçinin təkliflər dinlənilib.    Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.   Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 25 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub. Təltif fotoları

Vətəndaş müraciətlərinin statistikası

İyunun 20-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 21 717 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 14 363-ü çağrı mərkəzləri, 613-ü sosial media, 2 550-si  "WhatsApp" vasitəsilə, 1 272-si elektron, 634-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 285 müraciət qeydə alınıb.    Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, eləcə də qarşılıqlı yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.

Emin Əmrullayev “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransında iştirak edib

İyulun 1-də ADA Universiteti, Elm və Təhsil Nazirliyi, həmçinin Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.    “Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər” devizi altında keçirilən konfransa alimlər, təhsil siyasətinin icrasında iştirak edən şəxslər, müstəqil tədqiqatçılar, təhsil işçiləri və tələbələr cəlb olunublar. Konfransa tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə ilə bağlı tədqiqat işləri qəbul edilib.   İki gün keçiriləcək konfransın açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb. Nazir çıxışında ADA Universitetinin təşəbbüsünü dəstəkləyib və təhsil haqqında danışmağın və onu müzakirə etməyin hər zaman vacib, maraqlı olduğunu diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində həyata keçirilən islahatlara toxunan nazir onların uzunmüddətli dövrdə Azərbaycan təhsilinə töhfə verəcəyinə inamını ifadə edib.    Elm və Təhsil Nazirliyinin təhsil siyasəti ilə bağlı fikirlərini bölüşən Emin Əmrullayev sözügedən konfransın təhsil siyasətinin ən vacib məqsəd və vəzifələrini müzakirə etmək baxımından faydalı olduğunu vurğulayıb.    Təhsilin müxtəlif pillələri üzrə qarşıya qoyulan hədəflərdən də danışan nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.   Daha sonra ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal konfransın dinamik, populyar platformaya çevrildiyini və bu tədbirdə təhsilimizin mühüm, qlobal məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb.   Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təhsildə bərabərsizliyi aradan qaldırmağa yönəlik keçmişə və gələcəyə əsaslanan yanaşma” mövzusunda çıxış edib.    Daha sonra Vaterloo Universitetinin Riyaziyyat fakültəsinin riyaziyyat, biznes və mühasibat uçotu üzrə bakalavr proqramlarının direktoru İlham Axundov “Sabahın təhsilini formalaşdırmaq: bərabərlik, məlumat savadlılığı, koqnitiv yük və süni intellekt” mövzusunda danışıb.    Müxtəlif təhsil müəssisələrindən nümayəndələrin iştirakı ilə keçirilən panel müzakirələri də bir çox aktual mövzuları əhatə edib.   İlk olaraq, prorektor Vəfa Kazdalın moderatorluğu ilə “Tədrisin təşkilində müxtəlifliklər (kənd və şəhər, dövlət və özəl, tədris dili: Azərbaycan dili, rus dili, ingilis dili)” mövzusunda panel müzakirəsi keçirilib.    “Təhsilverənlərin şəhər və regionlar üzrə bölünməsi" mövzusuna həsr olunan ikinci panel müzakirəsi Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsini müdiri Vəfa Yaqublunun moderatorluğu ilə təşkil edilib.   Konfrans iyulun 2-də də öz işini davam etdirəcək.

12/05/2026

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 25 may tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək. ✅ Qəbulda Tovuz rayon sakinləri iştirak edə bilərlər. Adı çəkilən rayonun sakinləri 22 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin ? 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının ? https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə ? “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. ? Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
12/05/2026

Mayın 8-də Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. Konsert proqramında tələbələrin ifasında ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23034-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı