Martın 31-də T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımına həsr olunmuş rəsm müsabiqəsinin yekununa dair tədbir keçirilib.
Rəsm sərgisi “Erməni genosidi” mövzusunda keçirilmiş Respublika rəsm müsabiqəsinə təqdim edilən rəsm əsərlərindən təşkil olunub. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım XX əsrin ən dəhşətli faciələrindəndir. E. Qasımov belə faciələrin ölkəmizin müxtəlif bölgələrində müəyyən dövrlərdə sistemli şəkildə törədildiyini və həmin genosidin izlərinin hələ də açılmaqda olduğunu diqqətə çatdırıb. Nazir müavini 31 mart 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırıma 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin siyasi və hüquqi qiymət verməsini iştirakçılara xatırladaraq bu sənədin əhəmiyyətindən danışıb. E.Qasımov əlavə edib ki, erməni qəddarlıqları barədə məlumatlar dünyanın bütün xalqlarının diqqətinə çatdırılmalı və bu işdə hər bir azərbaycanlı öz köməyini əsirgəməməlidir. Nazir müavini bildirib ki, qalereyada cəmləşən rəsm əsərləri erməni vəhşiliyinə qarşı nifrəti əks etdirməklə yanaşı, həm də gənclərdə vətənpərvərlik ruhunun yüksək dərəcədə olduğunu göstərir. Sonra söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya verilib. Ermənilərin tarix boyu azərbaycanlılara qarşı yeritdiyi məkrli siyasətdən söz açan A.Sofiyeva belə müsabiqə və tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Tədbirdə ən yaxşı rəsm müəllifi olan, I, II və III yerləri qazanan 36 iştirakçıya Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub. Məlumat üçün qeyd edək ki, “Erməni genosidi” mövzusunda keçirilmiş Respublika rəsm müsabiqəsində on minlərlə şagird və tələbə iştirak edib, rəsmlərin seçilməsi ilə bağlı yerlərdə münsiflər heyəti yaradılıb və ən yaxşı işlər seçilərək Respublika turuna təqdim edilib. Respublika mərhələsinə təqdim edilmiş 400 rəsm işinə Azərbaycan Rəssamlıq Akademiyasının mütəxəssisləri tərəfindən baxılıb və onlardan 250 iş seçilib. Sonda iştirakçılar erməni vəhşiliyini əks etdirən rəsm əsərlərinə baxıblar.
08/07/2015 16:52
Aprelin 3-də Təhsil Nazirliyi tərəfindən Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində, aprelin 4-də isə həmin bölgələrin IX siniflərində mərkəzləşdirilmiş qaydada yoxlama imtahanları keçiriləcək.
XI siniflər üzrə 53 imtahan mərkəzində 17221, IX siniflər üzrə 56 imtahan mərkəzində 26457 şagird imtahan verəcək.
08/07/2015 16:52
Bakının 8 saylı orta məktəbinin müəllimi İlhamə Əkbərova Microsoft korporasiyasının Berlində keçirdiyi Avropa İnnovativ Müəllimlər Müsabiqəsinin yekunlarına görə, ilk “iyirmiliyə" daxil olub.
İ.Əkbərova Azərbaycanı "Məzmunda innovasiyalar" nominasiyası üzrə "Çoxüzlülər bizim ətrafımızdadır" layihəsi ilə təmsil edib. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edib. Avropanın ən yaxşı 20 innovativ müəllimi sırasında İlhamə Əkbərova cari ilin oktyabr ayında Keyptaun şəhərində (CAR) keçiriləcək Ümumdünya İnnovativ Müəllimlər Müsabiqəsində iştirak etmək hüququnu qazanıb. İlhamə Əkbərova ölkəmizi Berlində Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti tərəfindən həyata keçirilən, "Mədəd", "Ultra", "İntel", "HP" tərəfindən dəstəklənən Azərbaycan üzrə İnnovativ müəllimlər müsabiqəsinin qalibi kimi təmsil edib.
08/07/2015 16:52
Aprelin 2-də Təhsil Nazirliyində “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusuna həsr edilmiş kollegiya iclası keçirilib.
Kollegiyada təhsil naziri Misir Mərdanov çıxış edərək ölkə Prezidentinin sərəncamlarına əsasən ali təhsilin inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb və bu sahənin dövlət başçısının həmişə diqqət mərkəzində olduğunu vurğulayıb. Əcnəbi vətəndaşların ölkəmizin ali məktəblərində təhsilindən söz açan nazir bildirib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 50-yə yaxın ölkədən əcnəbi tələbə təhsil alır. Sonra təhsil nazirinin müavini Elmar Qasımov “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda təqdimatla çıxış edib. Nazir müavini təqdimatda əcnəbi vətəndaşların ölkəmizin ali təhsil müəssisələrində təhsili, onların sayının ildən-ilə artması, bir neçə ali məktəbdə əcnəbi vətəndaşları ali təhsilə hazırlayan mövcud strukturlar, ən çox əcnəbi tələbə qəbul edən universitetlər barədə məlumat verib. Nazir müavini bildirib ki, hazırda ölkəmizin ali məktəblərində 6813 əcnəbi tələbə müxtəlif ixtisaslar – mühəndislik, humanitar, mədəniyyət və incəsənət, tibb, iqtisadiyyat, idarəetmə və s. sahələrdə təhsil alır. E.Qasımov bu sahə üzrə ötən illərdə olan vəziyyət, əcnəbi vətəndaşların son 3 tədris ilində qəbul dinamikası, habelə, digər bu kimi məsələlər haqqında ətraflı danışıb, səmərəli təkliflər irəli sürüb. Kollegiya iclasında çıxış edən ali məktəb rektorlarından Abel Məhərrəmov, Əhliman Əmiraslanov, Səməd Seyidov, Şəmsəddin Hacıyev və Gülçöhrə Məmmədova müzakirə olunan məsələnin aktuallığını qeyd edib, rəhbərlik etdikləri təhsil müəssisəsində bu sahədəki vəziyyət və mövcud problemlərdən danışıblar.
08/07/2015 16:52
Aprelin 1-dən 2-dək Rusiya Məlumat-Mədəniyyət Mərkəzində ümumtəhsil məktəblərinin IV-VII sinif şagirdləri arasında “Sən bir möcüzəsən olimpiada” mövzusunda rus dili fənni üzrə olimpiada keçirilib.
Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyi və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Rus dilinin intensiv tədrisi” layihəsi çərçivəsində Böyük Vətən Müharibəsinin 65 illiyi münasibəti ilə təşkil edilmiş olimpiadanın açılış mərasiminə mərkəzin əməkdaşları və Təhsil Nazirliyinin nümayəndələri qatılıblar. Mərasimdə Bakı şəhəri 142 saylı məktəbin şagirdləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər. Olimpiadanın birinci günü Bakı, Sumqayıt şəhərləri, Abşeron, Lənkəran və Masallı ryonları üzrə pilot məktəblərin IV və V sinif şagirdləri, ikinci günü isə Bakı, Sumqayıt, Mingəçevir şəhərləri və Xaçmaz rayonu üzrə pilot məktəblərin VI və VII sinif şagirdləri rus dili fənni üzrə öz biliklərini nümayiş etdiriblər. Olimpiadada hər sinif komplekti üzrə verilən tapşırıqlar rəngarəng və maraqlı olub. Şagirdlər test tapşırıqlarından əlavə şer nümunələri və monoloqlar söyləyiblər. Olimpiadanın nəticələri haqda məlumat bir həftə sonra açıqlanacaqdır.
08/07/2015 16:52
Aprelin 6-da Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Təhsil Nazirliyi nəzdindəki Təhsil sisteminin informasiyalaşdırılması idarəsində keçirilən mətbuat konfransında idarənin rəisi Samir Məmmədov qeyd edib ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunub və bu müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Onun sözlərinə görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, Mədəd təşkilatları tərəfindən dəstəklənir. Təşkilat Komitəsinin üzvü, Azərbaycan İnternet forumunun rəhbəri Osman Gündüz müsabiqənin rəsmi veb-saytının təqdimatını keçirib. O.Gündüz qeyd edib ki, müsabiqəyə dair məlumatlar www.musabiqe.edu.az rəsmi internet səhifəsində yerləşdirilib. Tədbirdə qeyd olunub ki, müsabiqə “Təhsildə internet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni daha da inkişaf etdirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından səmərəli istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müvafiq istiqamətlərə əsasən müəyyən edilən 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər mükafatlar təqdim olunacaq.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin mart ayında 356 müraciət daxil olub.
Qəbul edilən müraciətlərin 311-i telefonla, 45-i elektron poçt vasitəsilə göndərilib. Daşıdığı informasiyanın əhəmiyyətindən və mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib, qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq araşdırılmalar aparılıb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb. Müraciətlərin böyük əksəriyyəti anonimdir. Müraciətlərdə sorğuların sayı daha çoxdur. Bu isə cari ilin fevral-mart ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, Respublika fənn olimpiadalarının və Beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədar olub. Belə müraciətlər ümumi sorğuların 70 faizindən çoxunu təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub. Müraciətlərin bir qismində məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 90 faizdən çoxu ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi Gəncə, Sumqayıt və Şirvan şəhərlərindən daxil olub. Eyni zamanda Abşeron, Qəbələ, Gədəbəy, Şəki, Şamaxı, Beyləqan, Lənkəran rayonlarından daha çox müraciət qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb. Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən bütün müraciətlər ciddi araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.
08/07/2015 16:52
Aprelin 7-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Təhsil Nazirliyində keçirdikləri görüşlərin, apardıqları bir sıra müzakirələrin görülən işlərin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacağını qeyd edib. Nazir Dünya Bankı ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi tədbirlərdən, reallaşdırılan işlərdən danışıb. Nazir, həmçinin, Dünya Bankı tərəfindən hazırlanmış “Yaşayış səviyyəsinin qiymətləndirilməsinə dair hesabat”la tanış olduğunu və bununla bağlı bir sıra qeydlərini bildirib. Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak səmimi qəbula və müvafiq hesabat haqqında fikirlərinə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Ölkəmizin təhsil sektorunda aparılan işlərdən danışan qonaq Azərbaycanın onlar üçün ən yaxşı tərəfdaş olduğunu vurğulayıb. Sonra Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə koordinatoru Meskerem Mulatu Təhsil Nazirliyinin müvafiq şöbələrində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icrası istiqamətində keçirilmiş görüşlərdən, aparılan müzakirələrdən söz açıb. Xanım Mulatu görülən işlərin yaxın gələcəkdə təhsil sahəsinin daha da inkişafına səbəb olacağını nəzərə çatdırıb, müəllim hazırlığı, ixtisasartırma təhsili üzrə aparılan yenilikləri təqdirəlayiq hal kimi dəyərləndirib. PİSA-Beynəlxalq Qiymətləndirmə Proqramında ölkəmizin iştirakından danışan qonaq bununla bağlı bir sıra məqamlara toxunub. Nazir də öz növbəsində qeyd olunan istiqamətlərdə aparılan işlərdən söz açıb, son illər ali və orta təhsil sahəsində həyata keçirilən tədbirlər, Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində yaradılan şöbələrin gördükləri iş, 10 təhsil ocağının nümunəvi məktəbə çevrilməsi barədə qonaqlara məlumat verib. Sonda təhsil naziri Misir Mərdanov bu görüşdən məmnun qaldığını ifadə edib və qonaqlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
08/07/2015 16:52
Aprelin 7-də Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov iştirakçıları səmimi salamlayıb və onlara bu olimpiadada uğur qazanmağı arzulayıb. Nazir bildirib ki, Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Nazir ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan bu ənənəvi olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını, bu il 33 ölkədən 300-dək iştirakçının yarışacağını qeyd edib. Misir Mərdanov bildirib ki, 2010-cu il ölkə prezidenti cənab İlham Əliyev tərəfindən “Ekologiya ili” elan olunub. Məhz bu baxımdan olimpiadanın mühüm əhəmiyyət daşıdığını nəzərə çatdıran nazir bu işin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib. Nazir olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti və təhsil sahəsi ilə tanış olmağı tövsiyə edib. Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasına dair fikirlərini bildirib. Sonda Gürcüstan, Malayziya və Türkiyədən olan iştirakçılar bu görüşdən məmnun olduqlarını vurğulayıblar.
08/07/2015 16:52
Aprelin 10-da ali məktəb tələbələri arasında Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş İnformatika üzrə Ümumrespublika Olimpiadasının birinci mərhələsi keçirilib.
Ümumilikdə, qeydiyyatdan keçmiş 10 ali təhsil müəssisəsinin 42 komandasından ikinci final mərhələsinə 6 tədris ocağını təmsil edən 20 komanda vəsiqə qazana bilib. Xatırladaq ki, ilk turda 30 faiz bal toplayan komandalar final mərhələsinə vəsiqə qazanıblar. Finalda Qafqaz Universiteti 8 , Moskva Dövlət Universitetinin Bakı filialı 5, Bakı Dövlət Universiteti 4, Azərbaycan Texniki Universiteti 1, Azərbaycan Dövlət Neft Akademiyası 1 və Naxçıvan Dövlət Universiteti 1 komanda ilə mübarizə aparacaqlar. Bu ilki olimpiada birinci mərhələdə respublikanın regionlarından iştirak edən komandaların sayının artması ilə yanaşı, tədbirə ilk dəfə qatılan və 5 komanda ilə iştirak edən Moskva Dövlət Universitetinin Bakı filialının bütün komandalarının final mərhələsinə vəsiqə qazanması ilə əlamətdardır. Olimpiadanın final mərhələsi 2010-cu il mayın 8-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Onu da qeyd edək ki, informatika üzrə beynəlxalq komanda yarışlarının yarımfinalında Azərbaycanı təmsil edəcək komandanın seçimi və hazırlanması işinə xidmət edən olimpiadanın sponsorları HP-nin Azərbaycan nümayəndəliyi, Sinam, Ultra, Bakcell, Azerfon, Detla Telecom və R.I.S.K şirkətləridir.
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb. Görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub. Universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23105-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıYüksək impakt faktorlu "Open Access" (açıq əlyetərli) jurnallarda məqalələrin ödənişsiz dərc imkanlarından yararlanmaq istəyən tədqiqatçılar üçün məlumatlandırıcı material təqdim olunur. Məqalələrin əlçatanlığının artırılması üzrə tövsiyələrlə tanış olmaq üçün keçid: https://www.cambridge.org/core/services/authors/promoting-your-published-paper Müqavilə meyarlarına uyğunluğunuzu yoxlamaq üçün keçid: cambridge.org/oa-waivers-and-discounts Müəssisənizin ROR qeydiyyatının olub-olmadığını yoxlamaq üçün keçid: https://ror.org/search Alimlərimizin limitsiz sayda ödənişsiz məqalə dərc imkanları ilə bağlı ən çox verilən suallar və cavabları üçün keçid: https://eatda.edu.az/melumatlar/alimlerimizin-limitsiz-sayda-odenissiz-meqale-derc-imkanlari-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari #EATDA #ETN #Cambridge
Ətraflı