Martın 9-da Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində (RETTM) “Eko-Erudit” adlı ekoloji Breyn-rinq keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”ndan irəli gələn vəzifələrin icrası çərçivəsində Bakı şəhərinin məktəbliləri arasında keçirilən ilk yarımfinal olan bilik yarışının əsas məqsədi məktəblərdə ekoloji maarifləndirmə işlərini genişləndirmək, şagirdlərdə ətraf mühitə və təbii sərvətlərə maraq, qayğı və məhəbbət duyğularını daha da inkişaf etdirmək, gənclərdə ekoloji mədəniyyət və ətraf mühitin qorunmasına məsuliyyətli münasibət formalaşdırmaqdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və 46 saylı Məktəbdənkənar İş Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən Breyn-rinqdə 58 saylı orta məktəbin “Xəzər”, 194 saylı orta məktəbin “Günəş”, 64 saylı orta məktəbin “Həyəcan”, 269 saylı orta məktəbin “Səma”, Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin “Xarı bülbül” komandaları yarışıblar. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin aparıcı mütəxəssisi Elnur Əlizadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin sosial-siyasət şöbəsinin müdir müavini Lalə Dadaşova, RETTM-nin əməkdaşları, müəllim və valideynlər iştirak ediblər. Qonaqları salamlayan RETTM-nin direktoru Əli Şükürov bilik yarışmasında məktəblilərə uğurlar diləyib, Breyn-rinqin təşkilinə dəstək vermiş hər kəsə minnətdarlığını bildirib. “Eko-Erudit” ekoloji Breyn-rinqin yarımfinal mərhələsində daha çox bal toplayan 58 saylı orta məktəbin “Xəzər” komandası I, 194 saylı orta məktəbin “Günəş” komandası II, 269 saylı orta məktəbin “Səma” komandası III yeri tutublar. Yarışın sonunda qalib gələn komandalara diplom və qiymətli hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Martın 9-da Təhsil Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ilə təhsil naziri Misir Mərdanov arasında uşaqların müdafiəsi və təhsil sistemində islahatlar üzrə 2010-cu il üçün fəaliyyət planı imzalanıb.
Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə tərəflər arasında fəaliyyət planından irəli gələn vəzifələr müzakirə edilib. Müzakirələrdə uşaqların müdafiəsi sahəsində görüləcək işlər və perspektiv planlar, eyni zamanda ümumtəhsil məktəblərində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı məsələlər barədə təkiliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəb rəhbərlərinə idarəetmə, menecment bacarıqları ilə bağlı təlimlərin keçirilməsinin zəruri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrinin rəhbərləri üçün treninqlərin təşkili ilə bağlı artıq kifayət qədər təcrübə toplanılıb. Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNİCEF) əməkdaşlığı çərçivəsində 2009-cu ilin may ayından başlayaraq idarəetmə və menecment bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təlimlərin təşkil edildiyini nəzərə çatdıran Misir Mərdanov səmərəli qarşılıqlı əlaqələrə və göstərilən dəstəyə görə Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevarda təşəkkürünü bildirib. BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqdan məmnun olduğunu söyləyib, uşaqların müdafiəsi və təhsil sahəsində aparılan islahatlara xüsusi diqqət ayırdığına görə təhsil naziri Misir Mərdanova minnətdarlıq edib.
08/07/2015 16:52
Martın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində “British Council” təşkilatının “Uğura doğru addımlar” layihəsi ilə əlaqədar beynəlxalq seminar keçirilib.
“British Council” təşkilatı tərəfindən təşkil edilən həmin seminarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov və Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar və əlavə təhsil kafedrasının müdiri Əmralı Şirəliyev iştirak edib. Seminarda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Xorvatiya, İsrail, Serbiya, Bolqarıstan və Ermənistandan nümayəndələr iştirak edib. Seminarda hər bir ölkənin nümayəndə heyəti təqdimatla çıxış edib, ingilis dili müəllimlərinin ilkin hazırlığı, statusu, ixtisasının artırılması sistemi barədə məlumat verilib. Azərbaycan tərəfindən edilən təqdimatda son illərdə ingilis dili müəllimlərinin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən “British Council” təşkilatı ilə birgə layihələr, səmərəli əməkdaşlıq nəticəsində əldə olunan əhəmiyyətli nailiyyətlər, eyni zamanda ingilis dili müəllimlərinin ilkin hazırlığı barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda ibtidai siniflərdə ingilis dili fənni üzrə yeni kurikulum hazırlanıb və I-II siniflərdə tətbiq edilib. Həmin siniflər üçün ingilis dili üzrə dərslik komplektləri hazırlanıb və istifadə edilməkdədir. Sonrakı illərdə bu prosesin davam etdiriləcəyi də diqqətə çatdırılıb. Azərbaycanda cari tədris ilindən ixtisasartırma sahəsində yeni modelin tətbiqi barədə də seminar iştirakçılarına məlumat verilib. Ölkəmizdə ingilis dilinin tədrisi ilə əlaqədar həyata keçirilən tədbirlər və tətbiq edilən yeni ixtisasartırma modeli “British Council”in mütəxəssisləri və seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Seminarda “British Council”in “Uğura doğru addımlar” adlı yeni layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihənin cari ilin mayından Cənub Şərqi Avropanın 16 ölkəsində, o cümlədən Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulub. Layihənin məqsədi universitetin sonuncu kursunda ingilis dili müəllimi ixtisası üzrə təhsil alan tələbələrə müvafiq bacarıqların aşılanması və 5 ilədək pedaqoji stajı olan ingilis dili müəllimlərinin peşəkarlığının və səriştəsinin artırılmasıdır. Layihənin əhəmiyyəti ondan ibarətdir ki, burada gənc ingilis dili müəllimlərinin ehtiyacları öyrəniləcək, həmin ehtiyaclara uyğun olaraq müvafiq strategiya seçilib tətbiq ediləcək, prosesdə həm onlayn, həm də üzbəüz kurslar təşkil olunacaq və portfolilolar hazırlanaq. Məlumat üçün bildirək ki, “British Council” təşkilatı ilə birgə həyata keçiriləcək yeni layihə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu layihə pedaqoji profilli ali təhsil müəssisələrində ingilis dili müəllimi ixtisası üzrə təhsil alan 900 nəfərədək sonuncu kurs tələbəsini, hazırda məktəblərdə işləyən və 5 ilədək pedaqoji stajı olan 1000 nəfərədək ingilis dili müəllimini əhatə edəcək.
08/07/2015 16:52
17-24 mart tarixləri ölkə məktəbliləri üçün yaz tətili günləridir.
17-24 mart tarixləri ölkə məktəbliləri üçün yaz tətili günləridir. Bu il mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, bayram günlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar tədris beş gün aparılan müəssisələrdə dərslər martın 29-da, altı gün aparılan müəssisələrdə isə martın 26-da başlayacaq. Təhsil Nazirliyinin Mətbuat xidməti
08/07/2015 16:52
Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri Yunanıstan Respublikasının Xantı Bələdiyyəsinin təşəbbüsü ilə keçirilən 4-cü “Biennale-2008” Dünya Uşaq Rəsm sərgisində iştirak ediblər.
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri həmin sərgidə təmsil olunaraq layiqli yerlər tutublar. Müsabiqəyə rəsmləri göndərilmiş dərnək üzvləri Tural Həsənov və Cahid Əzizovun rəsmləri I yerə, Arzu Məmmədova, Nərmin İsmayılzadə, Mərcan Məmmədova II yerə, Nicat Məmmədov isə III yerə layiq görülüblər. Qaliblərə Yunanıstandan diplom və medallar, müsabiqənin kataloqu və “5-ci Biennale” Dünya Uşaq Rəsm müsabiqəsində iştirak etmək üçün xüsusi dəvətnamələr göndərilib. Mərkəzin yeniyetmə rəssamı Arzu Məmmədovanın işi müsabiqəyə təqdim olunan dünya uşaqlarının rəsm əsərləri arasından seçilərək müsabiqənin kataloqunun üz qabığına salınıb.
08/07/2015 16:52
Martın 16-da Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişinin imzalanma mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu layihənin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyini qeyd edib. Nazir bildirib ki, sazişin əsas məqsədi müvafiq proqram çərçivəsində “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi ilə bağlı tərəflərin üzərinə götürdükləri öhdəliklər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında əməkdaşlığın qurulmasıdır. Misir Mərdanov Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” təşkilatının birgə hazırladığı bu layihənin Avropa Komissiyası tərəfindən qəbul edildiyini diqqətə çatdırıb. Nazir layihənin ümumi dəyərinin 640.770 avro olduğunu, onun Avropa Komissiyasının və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının ayırdığı vəsait hesabına maliyyələşdiriləcəyini vurğulayıb. Misir Mərdanov bildirib ki, layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılması mexanizmlərinin qurulmasıdır. Tədbirdə o da qeyd edilib ki, 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, qiymətləndirilməsi, maliyyələşdirmə mexanizmləri hazırlanacaq və onun icrası müddətində himayədar ailə olmaq istəyi ilə müraciət edən namizədlərdən 50 ailənin seçilməsi, onlar üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulur. Layihəyə əsasən övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda himayədar (foster) ailələrə yerləşdiriləcək uşaqların bu ailədəki vəziyyətinin dövri monitorinqini aparmaq üçün 25 nəfər sosial işçinin hazırlanması və onların Əzizbəyov rayonu ərazisində yerləşən dövlət uşaq müəssisələrində çalışan tərbiyəçi-müəllim kontingenti içərisindən seçilməsi planlaşdırılır. Çıxışının sonunda nazir layihənin hazırlanmasında əməyi olan şəxslərə təşəkkürünü bildirib və onun uğurla həyata keçirilməsinə inamını vurğulayıb. Mərasimdə iştirak edən “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının prezidenti Franz Çeşka, Avropa Komissiyası ofisi rəhbərinin müavini Jan Lui Lavrov, YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Mark Herevard və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Brigitte Stoeppler öz çıxışlarında bu layihəni birgə əməkdaşlığın əsası olduğunu və YUNİSEF-in mövcud sahədə aparılan işlərə dəstək göstərdiyini diqqətə çatdırıblar. Çıxış edənlər Azərbaycanda uşaqların müdafiəsi sahəsində himayədar (foster) alternativ qayğı sisteminin yaradılmasının əhəmiyyət kəsb etdiyini vurğulayaraq layihə haqqında iştirakçılara ətraflı məlumat verib və gözlənilən nəticəyə nail olunacağına ümid etdiklərini bildiriblər . Sonra Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişi imzalanıb. Sazişi təhsil naziri Misir Mərdanov və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının prezidenti Franz Çeşka imzalayıb. Mərasimin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Martın 18-də Rusiya Məlumat-Mədəniyyət Mərkəzində ölkəmizin ümumtəhsil məktəblərində rus dilinin intensiv tədrisi layihəsi üzrə 2010-cu il üçün tədbirlər planının imzalanması mərasimi keçirilib.
Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin direktoru Ənvər Şeyxov tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi qurumun bir il ərzində Azərbaycanda gördüyü işlər barəsində məlumat verib. Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycanla Rusiya arasındakı qarşılıqlı əlaqələrdən danışaraq, iki ölkənin təhsil sahəsindəki əməkdaşlıq istiqamətində həyata keçirilən proqram və layihələrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib. Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək ümumtəhsil məktəblərində həyata keçirilən rus dilinin intensiv tədrisi layihəsinin şagird, müəllim və valideynlər tərəfindən bəyənildiyini və digər məktəblərin də bu layihəyə qoşulmaq arzusunda olduqlarını diqqətə çatdırıb. Nazir həmçinin, bu istiqamətdə həyata keçirilən, nəzərdə tutulan tədbirlərdən və mövcud sahədəki problemlərdən danışıb. Sonra təhsil naziri Misir Mərdanov və Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ölkəmizin ümumtəhsil məktəblərində rus dilinin intensiv tədrisi layihəsi üzrə 2010-cu il üçün tədbirlər planını imzalayıblar. Mərasimdə Təhsil Nazirliyinin və Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin əməkdaşları rus dilinin intensiv tədrisi layihəsi istiqamətində görüləcək işlər, perspektiv planlar və problemlərin həllinə dair müzakirələr aparıblar, habelə, tədbir iştirakçılarının təklifləri dinlənilib. Eyni zamanda tədbirlər planında nəzərdə tutulan məsələlərdən danışılıb, pilot məktəblərin direktorlarına müsabiqə və olimpiadalarda iştirak edəcək şagirdlərin seçim şərtləri barədə məlumat verilib. Sonda tədbir iştirakçıları Rusiya Məlumat-Mədəniyyət Mərkəzində yaradılmış kitabxana və buradakı metodik ədəbiyyatlarla tanış olub, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Tədbirdə pilot məktəb kimi seçilmiş Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumtəhsil məktəblərinin rəhbərləri və rus dili müəllimləri iştirak edib.
08/07/2015 16:52
Martın 19-da Təhsil Nazirliyində doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunlarına, konfransda fərqlənmiş iştirakçıların mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilib.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, işlərində müvəffəqiyyət qazanmağı arzulayıb. Nazir son vaxtlar elmin inkişafı istiqamətində mühüm işlər görüldüyündən, vacib sənədlərin qəbul edildiyindən danışaraq bildirib ki, ötən il ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasını da elmin inkişafı yolunda önəmli addımlardan biri kimi dəyərləndirib. Sonra nazir elmi-tədqiqat işlərinin müasir səviyyədə aparılması, bu sahəyə yönəldilən vəsaitin artırılması, ali təhsil müəssisələrində elmin inkişafı istiqamətində mühüm addımların atılması məsələlərindən, eləcə də elmi-tədqiqat işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsində böyük əhəmiyyət daşıyan ali məktəblərin kitabxanalarının yeni ədəbiyyatlarla zənginləşdirilməsi, onların internet şəbəkəsinə qoşulması üzrə görülən işlərdən danışıb. Eyni zamanda nazir elmin inkişafı istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsinin, elmi məqalələrin sanballılığına və keyfiyyətinə diqqət yetirilməsinin vacibliyini qeyd edib. Misir Mərdanov çıxışının sonunda konfransda fərqlənmiş iştirakçıların hər birini qazandıqları uğur münasibətilə təbrik edib. Mərasimdə təhsil nazirinin müavini İradə Əliyeva çıxış edərək doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə məlumat verib və gənclərə xoş arzularını çatdırıb. Tədbirdə qeyd olunub ki, doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransına 20 ali məktəbdən 298 tezis təqdim edilib. Konfransın 19 bölməsində 222 məruzə dinlənilib və müzakirə edilib. Bölmələrin qərarlarına görə məruzəçilərdən 58 nəfəri işin aktuallığı, yeniliyi və mövzunu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənib, 5 nəfərin məruzəsi isə ən yaxşı məruzə kimi qiymətləndirilib. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov mərasimdə çıxış edib, elmi konfransın yüksək səviyyədə təşkil olunduğunu və onun gənclərimizin elmi-tədqiqat işlərinə cəlb olunmasında, istedadlı gənclərin aşkar edilməsində mühüm əhəmiyyətindən danışıb. Sonda doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fəal iştirak etmiş 58 doktorant və gənc tədqiqatçıya sertifikat təqdim edilib, 5 nəfər noutbukla mükafatlandırılıb, konfransın bölmələrinə səmərəli rəhbərlik etmiş 28 alimə isə Təhsil Nazirliyinin təşəkkürü elan olunub.
08/07/2015 16:52
Martın 29-da Təhsil Nazirliyində müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qarşıda duran bir sıra məsələlərə toxunub. Öncə Misir Mərdanov Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətinin fəaliyyətinin daha da gücləndirilməsindən, aparılan işlərin səmərəliyinin təmin olunmasından söz açıb, xidmətin işinin təkmilləşdirilməsi üçün vacib olan məqamlara toxunub. Sonra nazir yaxın günlərdə keçirilməsi nəzərdə tutulan kollegiya iclaslarına hazırlıq işlərinin təşkili vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, həmin tədbirlərdə əcnəbi tələbələrin Azərbaycanda təhsili, ölkə üzrə metodik xidmətə dair mövcud vəziyyət və onun yaxşılaşdırılması, IX-XI siniflərdə keçirilən yoxlama imtahanlarının yekunu, buraxılış imtahanına hazırlıq məsələləri müzakirə olunacaq. Müşavirədə nazir, həmçinin, “İlin ən yaxşı ümumtəhsil məktəbi”, “İlin ən yaxşı müəllimi” müsabiqələri üzrə işin gedişi, məktəblərin rasionallaşdırılması, peşə təhsili, elm, dərslik və digər sahələrlə bağlı bir sıra məsələlərə də toxunub, eyni zamanda bu və ya digər istiqamətdə aparılan işlərə dair konkret tapşırıqlar verib.
08/07/2015 16:52
Aprelin 27-dən mayın 3-dək Bakıda məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçiriləcək.
“Cresent-Beach” otelində keçiriləcək olimpiadada MDB və Baltikyanı ölkələrin, həmçinin, azərbaycanlı şagirdlərin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Mendeleyev Olimpiadasına Bolqarıstan, Rumıniya, Makedoniya və digər bir sıra ölkələrin nümayəndələrinin də qatılacağı gözlənilir. Olimpiadanın keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən 220 750 manat vəsaitin ayrılması nəzərdə tutulur. Məlumat üçün bildirək ki, son 10 ildə Beynəlxalq Mendeleyev Olimpiadası bir çox ölkələrdə keçirilib. Onların arasında Rusiya Federasiyası, Qazaxıstan, Moldova, Tacikistan, Ermənistan, Belorus, Özbəkistan və Türkmənistan da var. 2000-ci ildə isə 34-cü Beynəlxalq Mendeleyev olimpiadası Azərbaycanda keçirilib. Mendeleyev Olimpiadasının dəfələrlə iştirakçısı olmuş Azərbaycan məktəblilərinin də əksəriyyətinin adı qaliblər sırasındadır. Onların bir çoxu təhsillərini Moskva Dövlət Universitetində davam etdirir, bəziləri isə artıq bu nüfuzlu təhsil ocağının məzunları olublar.
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb. Görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub. Universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23105-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıYüksək impakt faktorlu "Open Access" (açıq əlyetərli) jurnallarda məqalələrin ödənişsiz dərc imkanlarından yararlanmaq istəyən tədqiqatçılar üçün məlumatlandırıcı material təqdim olunur. Məqalələrin əlçatanlığının artırılması üzrə tövsiyələrlə tanış olmaq üçün keçid: https://www.cambridge.org/core/services/authors/promoting-your-published-paper Müqavilə meyarlarına uyğunluğunuzu yoxlamaq üçün keçid: cambridge.org/oa-waivers-and-discounts Müəssisənizin ROR qeydiyyatının olub-olmadığını yoxlamaq üçün keçid: https://ror.org/search Alimlərimizin limitsiz sayda ödənişsiz məqalə dərc imkanları ilə bağlı ən çox verilən suallar və cavabları üçün keçid: https://eatda.edu.az/melumatlar/alimlerimizin-limitsiz-sayda-odenissiz-meqale-derc-imkanlari-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari #EATDA #ETN #Cambridge
Ətraflı