Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bülbül adına orta ixtisas musiqi məktəbində muğam ustaları Əlibaba Məmmədovun 80, Ağaxan Abdullayevin isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin komissiya sədri, professor Ziyad Səmədzadə, respublikanın görkəmli ziyalıları, muğam ustadları, xalq artistləri, bəstəkarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Əskərova açaraq qonaqları salamladıqdan sonra sözü akademik Vasim Məmmədəliyevə verib. Akademik hər iki sənətkarın yaradıcılıq məziyyətləri barədə söz açaraq bildirib ki, böyük bir dühanın adını daşıyan bu məktəbdə çox mahir musiqiçilər, bəstəkar, xanəndələr yetişib. Hər iki yubliyarın Azərbaycanın muğam sənətinin inkişafı, xalq musiqisinin zənginləşməsi, muğamın tədrisi sahəsində misilsiz xidmətlər göstərdiyini vurğulayan Vasim Məmmədəliyev onlarin əməyinin dövlət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə xalq artisti Əlibaba Məmmədovun «İstiqlal», Ağaxan Abdullayevin isə «Şöhrət» ordenləri ilə təltif edilməsini musiqi sənətinə, Azərbaycan muğam ifaçılığına verilən mükafat kimi səciyyələndirib. Muğamlarımızın artıq beynəlxalq status qazandığını söyləyən akademik bu işdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın böyük zəhmət çəkdiyini, onun təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşa olunduğunu, muğamlarımızın YUNESKO-nun qeyri-maddi mədəni irsi kimi qəbul edildiyini nəzərə çatdırıb. İlk öncə qonaqları salamlayan təhsil naziri Misir Mərdanov bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. Nazir qeyd edib ki, yubileyləri qeyd olunan Əlibaba Məmmədov və Ağaxan Abdullayev müəllim kimi də olduqca uğurla fəaliyyət göstərirlər. Odur ki, onların həm yaxşı sənətkar, həm də professional müəllim kimi sevildiklərini vurğulayan Misir Mərdanov Azərbaycanda, Şərqdə və müsəlman aləmində tanınan ustad xanəndələrimizin yüksək insani keyfiyyətlərindən söz açıb. Daha sonra xalq artisti Əlibaba Məmmədovu 30 ildən çoxdur ki, tanıdığını bildirən nazir qeyd edib ki, görkəmli sənətkarla bu gün də sıx əlaqə saxlayır, onu daim izləyir. Azərbaycanda insanların əməyinin vaxtında dəyərləndirilməsi və layiqincə qiymətləndirilməsi ənənəsinin formalaşmasının rəğbvətlə qarşılaqndığını bidirən təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindan hər iki sənətkarın təltif olunmasını bütövlükdə Azərbaycan musiqisinə verilən qiymət kimi qəbul edildiyini bildirib. Çıxışının sonunda nazir hər iki yubilyarı ürəkdən təbrik edərək onlara hədiyyələr təqdim edib. Tədbirdə bəstəkar Azər Rzayev, xalq artisti Arif Babayev, əməkdar incəsənət xadimi Arif Qazıyev, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin direktoru, professor  Nazim Kazımov, millət vəkili Ziyad Səmədzadə, «Xəzər» Universitetinin rektoru, professor Hamlet İsaxanlı, BDU-nun müəllimi Əsmətxanım Məmmədova və başqaları çıxış edərək yubilyar haqqında ürək sözlərini söyləyiblər. Sonda gənc muğam ifaçılarının çıxışları məclisi daha da rövnəqləndirib.

Fevralın 25-də Bakıdakı M.Müşfiq adına 18 nömrəli orta məktəbdə ibtidai siniflərdə kurikulumların tətbiqi ilə əlaqədar “Açıq qapı” günü keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun nümayəndələri, məktəb direktorları və fənn müəllimləri iştirak ediblər. Qonaqları salamlayan məktəbin direktoru Vaqif Hüseynov keçirilən tədbirin əhəmiyyəti haqqında məlumat verib. Qonaqlar məktəbin təlim-tərbiyə işləri ilə yaxından tanış olub, Ia sinfində Nazirə Hümbətovanın Ana dili, Ic  sinfində Rəna Ağazadənin Riyaziyyat, Iç  sinfində Mehriban Qarayevanın Həyat bilgisi, IIa sinfində Mehriban Qocayevanın Təsviri incəsənət, rus bölməsinin Ia sinfində Afaq Axundovanın Texnologiya və IIb sinfində Səbinə Musazadənin Musiqi dərslərində iştirak ediblər. Sonra «Dəyirmi masa» arxasında dinlənilən dərslər təhlil olunub. Ic sinfində Rəna Ağazadənin “Həndəsi fiqurların qruplaşdırılması” mövzusunda riyaziyyat dərsini dinləyən təhsil naziri Misir Mərdanov bildirib ki, müəllimin dərsə olduqca yaradıcı yanaşması və milli kurikulumun tələb etdiyi standartlara əməl etməsi sayəsində dərs yüksək səviyyədə başa çatıb. Dərsdə əyani vəsaitlərdən və digər zəruri vasitələrdən lazımınca istifadə olunmasını və fənlərarası inteqrasiya yaradılmasını yüksək dəyərləndirən nazir qeyd edib ki, müəllim şagirdləri qruplarla çalışdırmağa, qruplar arasında düzgün qiymətləndirmə aparmağa nail olub və bununla da müasir dərsə verilən tələbləri keyfiyyətlə yerinə yetirib. Təhsil Nazirliyindən A.Əhmədov, Azərbaycan Müəllimlər İnstitutundan R.Məmmədzadə, Təhsil Problemləri İnstitutundan Y.Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva və başqaları dinlənən ayrı-ayrı dərslər barədə öz fikirlərini söyləyib və müəllimlərin fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Sonda məktəbdə tədris prosesinin daha səmərəli təşkil olunması baxımından belə tədbirlərin əhəmiyyətindən söz açılıb və təhsil müəssisəsində aparılan pedaqoji işin keyfiyyətindən razılıq ifadə olunub.

Martın 2-də təhsil naziri Misir Mərdanov Almaniyanın “Winter” Şirkətinin rəhbəri Volfqan Vinterlə görüşüb.

Qonağı səmimi salamlayan nazir son illər Azərbaycanla Almaniya arasındakı mövcud əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb.  İki ölkə arasında təhsil sahəsində yaradılan əməkdaşlığın nəticəsi olaraq bir sıra uğurların əldə edildiyini bildirən Misir Mərdanov peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyətindən bəhs edib. Nazir həmçinin,  Azərbaycanda peşə təhsilinə marağın artmasından söz açaraq bu məsələnin ölkə Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayıb və mövcud istiqamətdə həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. Təhsil naziri Misir Mərdanov Almaniya ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirib və qonaqların Bakı şəhərində fəaliyyət göstərən bir sıra peşə təhsili müəssisələrində olmasının əhəmiyyətini qeyd edib. Nazir eyni zamanda  bu əməkdaşlığın inkişafı baxımından müvafiq təklifləri dinləməyə və qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Səmimi qəbul üçün Misir Mərdanova təşəkkürünü bildirən qonaq ölkələrimiz arasındakı mövcud əlaqələrdən, Almaniyada peşə təhsilinə xüsusi əhəmiyyət verilməsindən söz açıb. Volfqan Vinter həmçinin, birgə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə ümid bəslədiyini vurğulayıb. Görüşdə iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq layihə sənədinin hazırlanması, gələcək perspektivlər və digər məsələlər barədə müzakirələr aparılıb.

Martın 2-də Təhsil Nazirliyində 2010-2011-ci tədris ili üçün dərsliklərin nəşri və çapa hazırlanması ilə bağlı müşavirə keçirilib.

Təhsil naziri Misir Mərdanov müşavirəni giriş sözü ilə açaraq məlumat verib ki, 2010-2011-ci tədris ilinə 111 adda dərslik və müəllim üçün metodik vəsaitin çapı nəzərdə tutulur, onlardan 71-i I, VI və VIII-XI siniflər, 40-ı isə III siniflər üçündür. Nazir III siniflər üçün dərslik komplektlərinin çapının tender yolu ilə müəyyənləşdiriləcəyini də diqqətə çatdırıb. Sonra Misir Mərdanov ölkəmizdə dərslik siyasətinin uğurla aparıldığını və bu sahədə müsbət nəticələrin əldə olunduğunu qeyd edib. Nazir son illər dərsliklərimizin məzmunu və poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü bildirib. Dərsliklərin hazırlanması və çapı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı söz açan Misir Mərdanov daha sonra çap olunacaq dərsliklərimizdə diqqət artırılması vacib olan bir sıra məqamlara toxunub. Nazir dərsliklərin hazırlanması işində orta məktəb müəllimlərinin sayının daha da artırılmasının olduqca zəruriliyini vurğulayıb və bildirib ki, orta məktəb müəllimlərinin dərslik müəllifi olması, dərsliklərin redaktə və metodik cəhətdən işlənilməsinə cəlb edilməsi bu sahədəki nöqsanların azaldılmasına gətirib çıxarır. Misir Mərdanov xüsusi qeyd edib ki, dərsliklər hazırlanarkən şagirdlərin yaşı və qavrama səviyyəsi nəzərə alınmalı, onların elmi yükü və dili bir qədər yüngülləşdirilməlidir. Nazir həmçinin, ayrı-ayrı fənlər üzrə ekspert müəllimlərdən onlara təqdim olunan dərslikləri oxuyarkən bu və digər məqamlara diqqəti artırmalarını, ümumiyyətlə dərslik hazırlığı ilə məşğul olan hər bir kəsə bu işə daha məsuliyyətlə yanaşmağı tövsiyə edib. Müşavirədə dərsliklər, onların nəşri və çapa hazırlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb, tanınmış alimlər, ayrı-ayrı fənləri tədris edən müəllimlər rəy və təkliflərini bildiriblər.

21-28 fevral tarixlərində ABŞ-ın Cənubi Konnektikut Dövlət Universiteti və Nyu-Yorkdakı Kolumbiya Universitetində məktəb liderliyi təcrübəsinin öyrənilməsi, idarəetmənin təkmilləşdirilməsi istiqamətində müvafiq biliklərin əldə edilməsi, çevik və müasir idarəetmə bacarıqlarına yiyələnmək məqsədi ilə təlimlər keçirilib.

 “Məktəb liderliyi” layihəsi üzrə keçirilən təlimlərdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əbdülrəhimov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təhsil siyasəti üzrə proqram rəhbəri Nailə İsmayılova, Bakı və Sumqayıtdakı bir neçə orta məktəbin direktoru, direktor müavini və müəllimləri iştirak edib. Səfər müddətində ölkəmizi təmsil edən iştirakçılar Cənubi Konnektikut ştatındakı bir neçə ibtidai, əsas, orta məktəblərin rəhbərləri ilə görüşlər keçirib, məktəblərin idarə olunması, fəaliyyətləri və müəyyən lazımi sənədləri ilə tanış olub, dərs proseslərini müşahidə edərək müəyyən tədqiqatlar aparıblar. Eyni zamanda nümayəndə heyəti Cənubi Konnektikut Dövlət Universitetində liderliyə dair seminarlarda iştirak edərək bir sıra təqdimatlar dinləyib, müzakirələr aparıb. Sonra həmin təhsil müəssisəsində ölkəmizin təhsil sistemi, həyata keçirilən islahatlar və dövlət proqramları, beynəlxalq əlaqələr, “Məktəb liderliyi” layihəsi çərçivəsində görülən işlər barədə ümumi məlumat verilib, məktəbəqədər, orta ümumtəhsil, peşə və ali məktəblərin foto şəkilləri nümayiş etdirilib, həmçinin, universitetin professor-müəllim heyəti və tələbələri tərəfindən verilən suallar cavablandırılıb. Nümayəndə heyəti Konnektikut Dövlət Təhsil Departamentində “Liderlik standartları və onların məktəblərdə tətbiqi”, “Təhsildə bərabərlik” mövzuları üzrə təqdimatları dinləyib və həmin mövzular ətrafında fikir mübadiləsi aparıb. Səfər çərçivəsində Nyu-Yorkdakı Kolumbiya Universitetinin Müəllimlər Kollecində professor-müəllim heyəti və tələbələr ilə görüşən nümayəndə heyəti ölkəmizdə pedaqoji kadrların fəaliyyəti, müəllimlərin dərs yükü, eyni zamanda, Azərbaycan təhsilində aparılan islahatlar və yeni mexanizmlərin tətbiqinə dair verilən tədqiqat xarakterli sualları cavablandırıblar. Səfərin sonunda ölkəmizi təmsil edən iştirakçılara Cənubi Konnektikut Dövlət Universiteti tərəfindən sertifikatlar təqdim edilib.

Martın 3-də təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açıb, Azərbaycanda gürcülərə xüsusi diqqətdən, Qax, Balakən, Zaqatala rayonlarında yerləşən gürcü məktəblərinin fəaliyyətindən bəhs edib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinə toxunub. Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirərək ilk xarici səfərini məhz Azərbaycan Respublikasına etdiyini vurğulayıb. İki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətindən söz açan qonaq Gürcüstanda azərbaycanlılar üçün yaradılmış şəraitdən, Azərbaycan məktəblərindən, bu məktəblərin təmiri və inkişafı üçün Gürcüstan dövlətinin ayırdığı vəsaitdən bəhs edib. Gürcüstanın təhsil sistemi haqqında məlumat verən David Kirkitadze təhsil sahəsində qarşıda duran məsələlərin həlli, yeni qəbul edilmiş konsepsiya haqqında danışıb. Görüş zamanı Gürcüstanda yerləşən Azərbaycan məktəblərində pedaqoji kadrların, xüsusilə Azərbaycan dili müəllimlərinin çatışmaması nəzərə çatdırılıb. Gələcəkdə Tiflisdə Azərbaycan universitetlərinin filiallarını yaratmaq təklifi irəli sürülüb, eləcə də Azərbaycanda gürcü dilinin tədrisi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Martın 4-də təhsil naziri Misir Mərdanov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb.

Öncə nazir qonağı səmimi salamlayıb və bu görüşdən məmnun olduğunu diqqətə çatdırıb. Görüşdə müzakirə olunacaq məsələlərdən danışan ATƏT-in Bakı ofisinin rəhbəri Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələrdən söz açıb və mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün müvafiq təkliflərlə çıxış edib. Qonaq Azərbaycanda jurnalistika ixtisası üzrə tədrisin səviyyəsinin artırılması, bu istiqamətdə mövcud kurikulumun birgə nəzərdən keçirilməsi ilə bağlı məsələlərə toxunub. Ölkəmizin jurnalistika ixtisası tədris edilən bir neçə ali təhsil müəssisəsində müvafiq iş aparıldığını qeyd edən qonaq bununla bağlı işçi qrupun yaradılmasını, Təhsil Nazirliyi əməkdaşının da burada təmsil olunmasını təklif edib. Sonra Əli Bilgə Cankorel uşaq hüquqlarının qorunması, uşaqların müdafiəsinin təşkilindən də bəhs edərək Təhsil Nazirliyinin nəzdində Təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılmasını dəstəklədiyini qeyd edib. Qonaq Uşaq Hüquqları Klinikası və QHT Alyansı ilə yeni fəaliyyətə başlayan idarənin sıx əlaqə yaratmasından məmnunluğunu bildirib, bu sahədə birgə iş aparılmasına lazımi kömək göstərməyə hazır olduğunu vurğulayıb. ATƏT-in Bakı ofisinin Təhsil Nazirliyi ilə ekoloji təhsil sahəsində olan əməkdaşlığını yüksək qiymətləndirən Əli Bilgə Cankorel həyata keçirilmiş Yaşıl paket çərçivəsində aparılan işlərin uğurla nəticələndiyini diqqətə çatdırıb, habelə rəhbərlik etdiyi ofisin ölkəmizdə reallaşdırdığı digər layihələrdən də söz açıb. Təhsil naziri Misir Mərdanov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin irəli sürdüyü təklifləri müsbət qiymətləndirib. Nazir bildirib ki, ölkəmizin bir neçə ali təhsil müəssisəsində tələbələr jurnalistika ixtisasına yiyələnir. Bu ixtisas üzrə kurikulum çərçivəsində birgə iş aparılması təklifini dəstəklədiyini qeyd edən təhsil naziri müvafiq istiqamətdə həyata keçiriləcək tədbirlərin əhəmiyyətini vurğulayıb. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən işlərdən danışan təhsil naziri bu sahədə bir sıra təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, reallaşdırılan layihələrlə bağlı qonağa ətraflı məlumat verib. Misir Mərdanov qeyd olunan məsələlər üzrə nazirlik tərəfindən  lazımi dəstək göstəriləcəyini bildirib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə təhsil sahəsi ilə bağlı bir sıra digər məsələlər barədə də söhbət aparılıb.

Martın 9-da Təhsil Nazirliyində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard iştirak edib. Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın digər dövlət və beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində uğurla həyata keçirildiyindən danışıb. Nazir bildirib ki, bu məqsədlə “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsi hazırlanıb, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YUNİSEF tərəfindən layihənin birgə həyata keçirilməsi üçün razılaşma əldə olunub. Qeyd edilən qurumlarla “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üzrə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı olduğunu vurğulayan Misir Mərdanov həmin sənədi dövlətin uşaqların müdafiəsi sahəsində atdığı uğurlu addım kimi yüksək qiymətləndirib. Nazir layihənin əsas məqsədinin pilot seçilmiş Əzizbəyov və Suraxanı rayonlarında uşaqların bioloji və ya alternativ ailələrə verilməsi, alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün onların müdafiəsinin təmin edilməsi olduğunu diqqətə çatdırıb. Sonra nazir bildirib ki, Anlaşma Memorandumunun əsas prinsipi uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması istiqamətində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF arasında müvafiq öhdəliklər əsasında əməkdaşlığın qurulmasıdır. Ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə olan xüsusi diqqətini vurğulayan Misir Mərdanov Heydər Əliyev Fondunun uşaq evləri və internat məktəblərinin əsaslı təmir olunması, yenidən qurulması istiqamətində gördüyü mühüm işləri iştirakçıların nəzərinə çatdırıb. Nazir həmçinin, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində olan dövlət uşaq müəssisələri barədə də məlumat verib. Tədbirdə layihənin həyata keçirilməsi nəticəsində uşaqların müəssisələrə düşməsinin qarşısının alınacağı, etibarlı müdafiə sisteminin yaradılacağı, alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlərin təşkil ediləcəyi, övladlığa, qəyyumluğa və himayəyə veriləcək uşaqlar, namizəd ailələr üzrə məlumat bankının hazırlanacağı qeyd olunub.  Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard çıxış edərək Anlaşma Memorandumunu uşaq hüquqlarının qorunması üzrə mühüm sənəd kimi dəyərləndirib və onun uşaqların müdafiəsi istiqamətində xüsusi əhəmiyyəti olacağını qeyd ediblər. Sonra təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar. Mərasimin sonunda müvafiq qurumların rəhbərləri media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin yanvar-fevral ayları ərzində 143 müraciət daxil olub.

Qəbul edilən müraciətlərin 36-sı telefonla, 107-si   elektron poçtla göndərilib. Müraciətlərin 55 faizi sorğu və məlumat xarakterlidir. Ümumtəhsil məktəblərində IX və XI siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu mövzuda müraciətlər ümumi sorğuların 43 faizini təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub. Müraciətlərin 45 faizi məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə bağlıdır. Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar müraciətlərdə Bakı şəhəri və Abşeron rayonunda yerləşən bəzi müəssisələrə uşaqların qəbulu, binaların istilik təchizatı, sanitar-gigiyenik baxımdan yol verilmiş nöqsanlardan bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. “Qaynar xətt” xidmətinə ümumtəhsil məktəbləri ilə əlaqədar 46 müraciət daxil olub. Bu müraciətlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərindən, Şəki, Abşeron, Tərtər, Xaçmaz, Qazax, Şamaxı, Gədəbəy, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Goranboy, Yevlax, Balakən, Ağdam rayonlarından qeydə alınıb. Müraciətlərdə məktəblərin istiliklə təminatı, bir sıra müəllimlərin tədris prosesində, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər əksini tapıb. Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən bütün müraciətlər ciddi araşdırılıb və aparılmış ümumi monitorinqlər nəticəsində yol verdikləri nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37, 228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 nömrəli məktəblər) direktoru vəzifəsindən azad edilib, 5 məktəb direktoruna isə (38, 151, 139, 94 və 270 nömrəli məktəblər) töhmət verilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 18 dekabr 2009-cu il tarixli, 1387 saylı əmrinə uyğun olaraq qış imtahan sessiyası müddətində ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər operativ şəkildə araşdırmaya  yönəldilib. 2010-cu ilin yanvar-fevral ayları ərzində nazirliyin “Qaynar xətt” xidmətinə ali təhsil müəssisələri ilə bağlı 38 müraciət daxil olub ki, bu da ümumi müraciətlərin 26,6 faizini təşkil edir. Müraciətlərin 14-ü imtahanların gedişində baş verənlər, 5-i diplomların verilməsində ləngimə, 3-ü ödəniş haqqı, 3-ü kredit sistemi ilə qiymətləndirmə, 3-ü özəl ali məktəblərdə diplom üçün ödəniş tələb edilməsi barədə, digərləri isə sorğu xarakterli olub. Onu da qeyd edək ki, 2010-cu ilin mart ayının ilk 5 günü ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 200-dək müraciət daxil olub. Onlardan 100-ü anonimdir. Bununla əlaqədar Təhsil Nazirliyində yaradılmış Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupun martın 3-də iclası  keçirilib, bu müraciətlərin ən qısa müddətdə araşdırılması üçün tədbirlər görülüb. Anonim olmasına baxmayaraq müraciətlərdə göstərilən məktəblərdə monitorinqlər təşkil olunub, şagird və müəllimlər arasında maarifləndirmə işi aparılıb.

Martın 9-da Suraxanı rayonunda yerləşən 318 saylı orta məktəbdə “Ekologiya ilində-Hər kəsdən təbiətə bir töhfə” adlı ekoloji tədbir keçirilib.

Tədbirdə otaq bitkilərindən, plakat və rəsmlərdən ibarət əl işləri sərgilənib. Tədbir iştirakçılarını salamlayan məktəbin kimya-biologiya müəllimi Şirin Məmmədova sözü tədris ocağının direktoru Fərhad Həsənova verib. Çıxışında ekoloji problemlərə toxunan F.Həsənov məktəbdə ekologiyanın qorunması, şagirdlərə təbiətə məhəbbət hisslərinin aşılanması baxımından görülən işlərdən söhbət açıb. O, 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunmasının məktəblilər tərəfindən də rəğbətlə qarşılandığını nəzərə çatdırıb. Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər nazirliyinin şöbə müdiri Şövkət Bəkirov, Suraxanı rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov, Respublika ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin direktoru Əli Şükürov, müəllim və valideynlər bioloji müxtəliflik haqqında söhbət açıb, ətraf mühitə doğma münasibətin əsil vətənpərvərlik meyarı olduğunu bildiriblər. Çıxışlarda qlobal ekoloji problemlərə toxunulub, atmosferin çirklənməsi səbəbləri və bu problemlərin həlli yollarından bəhs olunub. Suların qorunması, içməli su problemləri barədə fikirlərini bildirən natiqlər ekoloji mədəniyyətin hər bir insan üçün vacib olduğunu vurğulayıblar. Məktəblilər ətraf mühit və ekologiyanın mühafizəsi, meşələrin qorunması, flora və fauna, ekoloji mədəniyyət mövzularından bəhs edib, günümüzün vacib tələblərindən olan qlobal ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair məsələlərdən söz açaraq onların həlli yollarını araşdırıblar. Tədbirdə məktəblilərin hazırladıqları “Tullantılar və qənaət” mövzusunda səhnələşdirilmiş kompazisiya təqdim olunub, şeirlər və mahnılar səsləndirilib. Tədbirin sonunda fəal şagirdlərə diplom və hədiyyələr təqdim olunub, məktəblilər və qonaqlar ağacəkmə aksiyasında iştirak ediblər.

23/05/2026

Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb. Görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
23/05/2026

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub. Universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23105-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
22/05/2026

Yüksək impakt faktorlu "Open Access" (açıq əlyetərli) jurnallarda məqalələrin ödənişsiz dərc imkanlarından yararlanmaq istəyən tədqiqatçılar üçün məlumatlandırıcı material təqdim olunur. Məqalələrin əlçatanlığının artırılması üzrə tövsiyələrlə tanış olmaq üçün keçid: https://www.cambridge.org/core/services/authors/promoting-your-published-paper Müqavilə meyarlarına uyğunluğunuzu yoxlamaq üçün keçid: cambridge.org/oa-waivers-and-discounts Müəssisənizin ROR qeydiyyatının olub-olmadığını yoxlamaq üçün keçid: https://ror.org/search Alimlərimizin limitsiz sayda ödənişsiz məqalə dərc imkanları ilə bağlı ən çox verilən suallar və cavabları üçün keçid: https://eatda.edu.az/melumatlar/alimlerimizin-limitsiz-sayda-odenissiz-meqale-derc-imkanlari-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari #EATDA #ETN #Cambridge

Ətraflı