Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
Noyabrın 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə–məzun təcrübə proqramının II mərhələsinin iştirakçıları ilə görüşüb. “Maarifçi”ləri salamlayan nazir müavini proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb. Firudin Qurbanov bildirib ki, proqram iştirakçılarının hazırda qazandıqları təcrübə onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır. Daha sonra nazir müavini karyera planlaması, yaxşı mütəxəssis olmaq üçün vacib şərtləri qeyd edib və tövsiyələrini verib. Görüşdə çıxış edən "Maarifçi"lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər, həmçinin proqramın üstünlüklərini vurğulayıblar. Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb. Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramının II mərhələsində iştirak hüququ qazanıb. 3 ay davam edən proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və onun tabe qurumları, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçirlər.
29/11/2024 10:39
Akkreditasiya Şurasının 4-cü iclası keçirilib
Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 5 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti və Gəncə Dövlət Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib. Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb. Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsil müəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və agentliyə təqdim etməsi nəzərdə tutulur.
29/11/2024 10:24
Emin Əmrullayev Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Noyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüşüb. Görüş çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
28/11/2024 18:20
Azərbaycan Milli Konservatoriyasının yeni rektoru kollektivə təqdim olunub
Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyin edilən Kamilə Dadaş-zadə noyabrın 28-də müəssisə kollektivinə təqdim olunub. Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əvvəlcə konservatoriyanın rektoru vəzifəsində çalışmış Siyavuş Kərimiyə ali təhsil müəssisəsinin uğurlu fəaliyyəti, bu günədək qazandığı nailiyyətlərdəki xüsusi əməyinə görə təşəkkür edib. Yeni təyin edilən rektor Kamilə Dadaş-zadəyə fəaliyyətində uğurlar arzulayan nazir müavini milli musiqinin inkişaf tendensiyaları nəzərə alınmaqla qarşıda duran məqsəd və vəzifələri yeni rektorun və konservatoriyanın kollektivinin diqqətinə çatdırıb. Çıxış edən Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının yaradılması tarixi və fəaliyyətinə toxunub, Kamilə Dadaş-zadəyə yeni fəaliyyətində uğurlar arzulayıb. Sonda çıxış edən rektor Kamilə Dadaş-zadə ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini, akademiyada qoyulan ənənələrə sadiq qalacağını qeyd edib.
28/11/2024 17:50
Elm və təhsil naziri Qazaxıstan səfiri ilə görüşüb
Noyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
28/11/2024 16:00
“Qlobal İnnovasiya İndeksi"nin insan kapitalı ilə bağlı göstəricilərin yaxşılaşdırılması üzrə müzakirələr aparılıb
Noyabrın 27-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib. Elm və Təhsil Nazirliyində keçirilən iclasda işçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək işçi qrupunun ötən dövr üzrə olan ümumi fəaliyyəti, əldə edilmiş uğurlar və gələcək gözləntilər barədə danışıblar. Daha sonra Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsinin sektor müdiri Şababa Əliyev Qlobal İnnovasiya İndeksinin “2.1.1.Təhsil xərcləri” indikatorunun icra vəziyyətinə dair təqdimat edib. İclas işçi qrupun digər üzvləri Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, İqtisadiyyat Nazirliyinin sektor müdiri Natiq Məmmədli, Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacının Qlobal İnnovasiya İndeksinin aidiyyəti alt-indeksləri üzrə təqdimatları ilə davam edib. İclasda İşçi qrupun Fəaliyyət Planına daxil olan hər bir indikatorla bağlı görülmüş işlər, “Qlobal İnnovasiya İndeksi-2024” hesabatı üzrə Azərbaycanın göstəriciləri əvvəlki illərlə müqayisəli təhlil edilib və bu göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə hazırlanmış müvafiq təhlil materialı və digər məsələlər müzakirə olunub. Yekunda işçi qrupun fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edilib. Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” işçi qrupuna rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirir (https://azranking.az/ ).
28/11/2024 09:34
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
28 noyabr saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start veriləcək. İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılacaq. Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçiriləcək.
26/11/2024 16:41
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş
Noyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibində institutun direktoru akademik Qriqori Trubnikov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Otiliya-Aka Kulikov, eləcə də laboratoriya müdirləri O.Belov və N.Kuçerka təmsil olunublar. Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Elm və ali təhsil siyasəti, Beynəlxalq əməkdaşlıq şöbələrinin, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri iştirak ediblər. Görüş zamanı qonaqlara Azərbaycan təhsil sistemində aparılan islahatlar, eləcə də Elm və Təhsil Nazirliyinin yaradılmasının zəruriliyi barədə məlumat verilib. BNTİ-nin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra elm və ali təhsil müəssisələrinin rəhbərləri ilə baş tutan görüşlərdə müzakirə edilən əməkdaşlıq perspektivlərindən danışılıb. Qriqori Trubnikov 16 ölkənin üzv olduğu BNTİ-nin elmin müxtəlif istiqamətləri, xüsusilə nüvə və aerokosmik texnologiyaların inkişaf etdirilməsində nailiyyətlərini xüsusi vurğulayıb və institutda aparılan tədqiqatların elmi aktuallığını diqqətə çatdırıb. Görüşün sonunda nazir müavini Firudin Qurbanov və akademik Qriqori Trubnikov qarşılıqlı əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə səylərin atılacağını bir daha vurğulayıblar. Qeyd edək ki, Azərbaycan BNTİ-yə üzv olduğu dövrdən nüvə fizikası sahəsindəki tədqiqatları bu beynəlxalq statuslu institutla, digər beynəlxalq qurumlarla, o cümlədən Avropa Nüvə Tədqiqatlar Mərkəzi (CERN) ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirib. Ətraf mühitin qorunması və radioekologiya sahəsində aparılmış tədqiqatlar, ölkəmiz üçün çox əhəmiyyətli tibbi müalicə üsulları (onkologiya və s.) sahəsində yüksək hazırlıqlı radioloqların hazırlanmasını buna misal olaraq göstərmək mümkündür.
26/11/2024 14:00
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
26 noyabr saat 15:00-dan etibarən respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq. Qeydiyyat prosesi 9 dekabr tarixinədək davam edəcək. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə “Whatsapp” üzərindən müraciət etmək mümkündür. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabrda, X-XI siniflər üçün 29 dekabrda, digər fənlər üzrə isə 22 dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək. VIII-XI sinif şagirdlərinin iştirak etdiyi respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır. Qeyd edək ki, fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.
26/11/2024 12:30
Məktəbəqədər təhsil müəssisələrində müdir çalışmaq istəyənlərin nəzərinə!
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 27 noyabr - 4 dekabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 11:00-dan 4 dekabr saat 11:00-dək https://miq.edu.az/directors/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.
25/11/2024 14:44
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı