Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 23-də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol məktəbi üçün yeni tikilmiş idman məktəbinin açılış mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Misir Mərdanov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Elmar Qasımov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və ölkəmizin tanınmış idman mütəxəssisləri iştirak ediblər. Öncə qonaqlar idman kompleksində yaradılmış şəraitlə tanış olublar. Futbol məktəbinin direktoru Fazil Eyyubovun verdiyi məlumata görə bu müəssisədə 1500 uşaq və gənclə 40 məşqçi-müəllim məşğul olur. Təhsil naziri Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət, qayğı göstərdiyini qeyd edib və Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurların sayının getdikcə artdığını diqqətə çatdırıb. Nazir Təhsil Nazirliyi ilə AFFA-nın futbolun inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdiyini vurğulayaraq birgə işgüzar əməkdaşlığı yüksək qiymətləndirib. Məktəbin istilik sistemi ilə maraqlanan Misir Mərdanov yeni idman kompleksinin tikintisinin keyfiyyətindən, eləcə də maddi-texniki bazasının lazımi səviyyədə olmasından razı qaldığını bildirib. Sonra nazir iştirakçıları qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)”na uyğun olaraq görülən işlərdən söz açıb. Mərasimin sonunda təhsil naziri və qonaqlar uşaqlarla xatirə şəkli çəkdirib.

Dekabrın 19-da Avropa otelində “Yaşlıların peşə təhsili: problemlər və perspektivlər” mövzusunda milli konfrans keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd müasir cəmiyyətdə hər bir vətəndaşın iştirakına, peşə, sosial və mədəni tələbatlarını ödəyən yaşlıların təhsili üzrə effektiv sistemin yaradılmasına və inkişaf etdirilməsinə kömək etməkdir. Konfransda çıxış edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov ölkəmizdə yaşlıların təhsili ilə bağlı məlumatların azlığı məsələsinə toxunub və bu istiqamətdə lazımi tədbirlər görülməsinin əhəmiyyətini qeyd edib. İ. İsgəndərov yaşlıların təhsili ilə əlaqədar dünya təcrübəsindən də danışıb. Nazir müavini bu mövzu ilə bağlı ictimaiyyətin maarifləndirmə işinin aparılmasını xüsusilə vacib sayıb. İ.İsgəndərov ölkə Prezidentinin təsdiq etdiyi peşə təhsilinin inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işləri diqqətə çatdırıb və hazırda həmin proqramın müddəalarına əsasən lazımi tədbirlərin həyata keçirildiyini bildirib.  Sonda mövzu ilə bağlı məruzələr dinlənilib, həlli vacib olan təkliflər səslənib. Onu da qeyd edək ki, tədbir Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun (DVV İnternational) maliyyə, Təhsil Nazirliyi və Yaşlıların Peşə Təhsili Assosiasiyasının təşkilatı dəstəyi ilə həyata keçirilib.

Bu günlərdə Sumqayıt şəhərindəki Nəriman Nərimanov adına Mədəniyyət Sarayında Sülh Korpusu könüllülərinin VI qrupu tərkibində ölkəmizə gəlmiş 61 amerikalının ənənəvi andiçmə mərasimi keçirilib.

Mərasimdə Sülh Korpusunun könüllüsü Linda Rives çıxış edərək Azərbaycana dəvət edildiyinə, eləcə də bütün könüllüləri evlərinə qəbul etmiş ailələrə, təmsil olunduğu təşkilatın əməkdaşlarına və digər qurumların nümayəndələrinə minnətdarlığını bildirib, qazandığı təcrübə və bilikləri azərbaycanlı uşaqlara öyrətməkdən məmnun olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, həmin könüllülərin 26 nəfəri “İngilis dilinin tədrisi proqramı” üzrə azərbaycanlı şagird və müəllimlərə bu dili öyrənmək üzrə kömək göstərəcəklər. Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə Sülh Korpusunun Azərbaycandakı nümayəndəliyi arasında 2003-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında ölkəmizin kənd rayonlarının ümumtəhsil məktəblərində “İngilis dilinin tədrisi proqramı” həyata keçirilir. Təşkilat “İqtisadi inkişaf” və “Gənclərin inkişafı” proqramları istiqamətində də iş aparır. Azərbaycanda fəaliyyətə başladığı vaxtdan Sülh Korpusunun 145 nəfər könüllüsü ölkəmizin 44 bölgəsində proqram çərçivəsində ümumtəhsil məktəblərində şagirdlərin ingilis dili üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə müvafiq iş aparmışlar. Eyni zamanda şagirdlərin bu dildə sərbəst danışmaları üçün əlavə tədbirlər həyata keçirmiş, fənnə dair tədris metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə yaxından kömək göstərmişlər. Onu da qeyd edək ki, 1961-ci ildə ABŞ-da yaradılan bu təşkilatın hazırda dünyanın 76 ölkəsində nümayəndəliyi vardır.

Dekabrın 19-da Təhsil Nazirliyində “Ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda kollegiya iclası keçirilib.

Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin ali təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, son illər bu istiqamətdə aparılan dəyişikliklərdən söz açıb. Nazir bildirib ki, ölkəmizin kadr hazırlığını təmin edən ali təhsil müəssisələrinin əsas məqsədi və vəzifəsi yüksək peşəkarlığa malik, müstəqil əmək fəaliyyətinə qadir olan mütəxəssis yetişdirməkdir. Bu isə təhsil alanlara həm nəzəri biliklərin öyrədilməsi və həm də praktik vərdişlərin aşılanması zamanı həyata keçirilir. Misir Mərdanov ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili, keçirilməsi vəziyyətindən danışaraq mövcud problemlər haqqında da məlumat verib. Eyni zamanda keçirilən iclasın müzakirə olunan məsələnin həlli istiqamətində mühüm rol oynayacağını qeyd edib. Sonra Misir Mərdanov müvafiq sahə üzrə ətraflı məlumat vermək üçün sözü nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevə verib. İ. Mustafayev “Ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübənin təşkili: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda təqdimat edib. O öz təqdimatında iştirakçılara bu sahədə olan real vəziyyət, təcrübənin təşkili və həyata keçirilməsində yaranan problemlərdən söz açıb, eləcə də ixtisas üzrə təcrübələri günün tələblərinə cavab verə biləcək səviyyədə qurmaq məqsədilə müvafiq təkliflərlə çıxış edib. Kollegiya iclasında bir sıra ali təhsil müəssisələrinin rəhbərləri çıxış edərək bugünkü müzakirədən sonra qeyd olunan istiqamətdə müsbət nəticə əldə olunacağına ümid etdiklərini diqqətə çatdırıblar.

Dekabrın 17-də Bakı Dövlət Universitetində Rəqəmsal imkanların yayılması üzrə Koreya Agentliyinin (KADO) dəstəyi ilə yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov KADO-nun xarici və daxili rəqəmsal sistemlərin hərtərəfli təmin edilməsi məqsədilə yaradılan və Koreya dövləti tərəfindən birbaşa dəstək verilən bir təşkilat olduğunu bildirib. Nazir qeyd edib ki, əhalinin informasiya və kommunikasiya sistemləri ilə təchizi, müasir texnologiya və avadanlıqlarla tanış edilməsi, informasiya almaq imkanlarının yaxşılaşdırılması bu təşkilatın əsas vəzifələrindəndir. Misir Mərdanov onu da əlavə edib ki, bu layihəyə qoşulmaqda əsas məqsəd ən son informasiya texnologiyalarına yiyələnməklə qloballaşan dünyanın inteqrasiya proseslərində daha fəal iştirak etməkdir. Mərasimdə BDU-nun rektoru Abel Məhərrəmov, Koreya Respublikasının İctimai İdarəetmə və Təhlükəsizlik nazirinin müavini Kin Young Ho, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvang Chul və KADO-nun vitse-prezidenti Park Von Geun çıxış ediblər. Sonra lent kəsilərək mərkəzə baxış keçirilib. Məlumat üçün qeyd edək ki, 3 geniş otaqdan ibarət olan bu mərkəzdə 75 kompüter və iki genişekranlı proyektorlar quraşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin Fransa ali məktəblərində təhsil alması üçün Təhsil Nazirliyi Fransada Orta və Ali təhsilin Təşkili Mərkəzi (KNOUS) ilə birgə müvafiq işlər həyata keçirib.

Məlumat üçün bildiririk ki, bu təşkilat dünyanın 130-dan artıq ölkəsindən olan tələbələrin Fransa ali məktəblərində təhsilini təşkil edir. Təşkilatın əsas funksiyası xarici vətəndaşların qəbul edilərək yaşayış yeri ilə təmin olunması, onlar üçün ödənilmiş təqaüdlərin paylanılması, xarici tələbələrin dil kurslarında və universitetlərdə yerləşdirilməsini təmin etməkdən ibarətdir. 2007-ci ilin yayında müvafiq Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyi ilə KNOUS təşkilatı arasında Saziş imzalanıb. Sazişin şərtlərinə görə bu təşkilat Fransanın Bakıdakı səfirliyi ilə birgə orada təhsil almaq üçün göndəriləcək vətəndaşların ilkin seçim mərhələsini, eyni zamanda azərbaycanlı tələbələrin Fransada qarşılanması, dil kurslarında və universitetlərdə yerləşdirilməsi, yaşayış yerləri ilə təmin olunmasını həyata keçirir, həmçinin onların təqaüdlərini idarə edir. Qeyd olunan Dövlət Proqramı çərçivəsində 2007-ci ildə 13, 2008-ci ildə isə 27 azərbaycanlı gənc Fransada təhsil almaq üçün həmin ölkəyə göndərilib.

Dekabrın 16-da Odlar Yurdu Universitetində ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı öz işinə başlayıb.

İki gün davam edəcək konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək dövlət başçımızın ali təhsilin inkişafına daim xüsusi diqqət yetirdiyini bildirib və son illər müvafiq istiqamətdə həyata keçirilən mühüm tədbirlər, imzalanmış fərman, sərəncam və digər sənədlər haqqında məlumat verib. Nazir əlavə edib ki, aparılan işlər sırasında xüsusi istedada malik gənclərin aşkar edilməsi mühüm yer tutur. Eyni zamanda Misir Mərdanov qeyd olunan məqsədlə Təhsil Nazirliyinin müxtəlif müsabiqə, elmi konfrans və fənn olimpiadaları keçirdiyini vurğulayıb. Nazir ali məktəb tələbələrinin elmi konfranslarının keçirilməsində əsas məqsədin onların elmi tədqiqat işinə maraqlarının artırılması, gənclərə elmi araşdırılmaların nəticələri üzrə fikir mübadiləsi aparmaq üçün imkan yaradılması olduğunu diqqətə çatdırıb. Misir Mərdanov çıxışının sonunda konfransın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirərək iştirakçılara uğurlar arzulayıb. Tədbirdə eyni zamanda ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadası qalibləri mükafatlandırılıb. Misir Mərdanov diqqətə çatdırıb ki, cari il oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində 10 fənn üzrə olimpiada keçirilib, münsiflər heyətinin qərarına görə 82 tələbə mükafata layiq yer tutub. Mərasimin sonunda qaliblərə diplomlar, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi pul mükafatları və hədiyyələr təqdim olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, cavab kartı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada keçirilən test yoxlama imtahanları 2009-cu ilin fevral ayında texniki peşə liseylərində, mart-aprel aylarında ümumtəhsil məktəblərində, buraxılış imtahanları isə 2009-cu ilin iyun ayında keçiriləcəkdir.

Yoxlama imtahanın fənlər üzrə nəticələri sinif jurnalına yazılır və ikinci yarımilliyin qiymətləri çıxarılarkən nəzərə alınır. İmtahan aparılan fənlər üzrə yekun attestat qiyməti hər bir fənn üzrə yoxlama imtahanının nəticələri, X – XI (XII) siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaqdır. 20 dekabr 2008-ci il tarixində Bakı şəhərinin ümumtəhsil məktəblərində keçiriləcək məktəbdaxili imtahan isə yalnız sınaq məqsədi daşıyır. Bu sınaq imtahanı mart ayında Təhsil Nazirliyi tərəfindən cavab kartı tətbiq etməklə mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanına hazırlıq üçün aparılır, nəticəsi qiymətləndirilmir və yekun attestat qiymətinə təsiri yoxdur.

TƏHSİL NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Son 5 il ərzində ölkə Prezidenti İlham Əliyevin müntəzəm diqqət və qayğısı sayəsində 1600-dən artıq yeni məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə ardıcıl təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə ciddi islahatların aparılması cəmiyyətdə təhsilimizin uğurlu gələcəyinə inamı daha da gücləndirmişdir. Ölkə təhsilində islahatların dönməz xarakter alması Azərbaycan hökuməti ilə Dünya Bankı arasında son 10 ildə bağlanmış sazişlər çərçivəsində həyata keçirilən fundamental tədbirlərin real nəticələrində daha aydın özünü göstərir. Həmin müddətdə digər sahələrlə yanaşı, ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində aparılan islahatyönümlü işlər daha geniş vüsət almış, yüzlərlə təhsil mütəxəssisinin-tanınmış alimlərin, metodist-pedaqoqların, məktəb rəhbərləri və müəllimlərin birgə əməyinin məhsulu kimi meydana çıxan "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)" sənədinin respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi və bu dövlət əhəmiyyətli sənədin tələbləri əsasında ümumtəhsil məktəbləri üçün mahiyyətcə tamamilə orijinal olan fənn kurrikulumlarının hazırlanıb 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə tətbiqi ilə ümumi təhsil sahəsində yeni bir dövr başlanmışdır. Mühüm nailiyyətlərdən biri də Təhsil Nazirliyinin hazırladığı "Ümumi təhsil sistemində dərslik siyasəti" sənədinin Nazirlər Kabineti tərəfindən qəbul edilməsi və bu sənədə əsasən uzun illərdən bəri kök salmış ənənədən imtina edilərək müasir dünya təcrübəsinə uyğun surətdə orta məktəb dərsliklərinin komplekt şəklində (dərslik, müəllim üçün vəsait, şagirdlər üçün iş dəftəri) nəşriyyatlarla müəlliflər qrupu arasında bağlanmış müqavilə əsasında yazılıb hazırlanması və istifadəyə veriləcək komplektlərin müsabiqə yolu ilə müəyyənləşdirilməsi olmuşdur. Bu işi tənzimləmək üçün Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) yaradılmış, onun tərkibinə görkəmli alimlər və tanınmış təhsil mütəxəssisləri daxil edilmişdir. Artıq yeni mexanizm əsasında hazırlanıb DQŞ tərəfindən müsbət qiymətləndirilən dərslik komplektləri yeni dərs ilindən I sinifdə işləyən müəllimlərin və şagirdlərin istifadəsinə verilmişdir. Aparılan təhlillər və yerlərdən daxil olan rəylər göstərir ki, ilk təcrübə kimi meydana çıxan yeni dərslik komplektləri rəğbətlə qarşılanmışdır. Bununla belə, vaxtilə ibtidai siniflər üçün "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin müəlliflərindən biri olmuş "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlı 2008-ci ildə DQŞ-yə təqdim etdiyi "Riyaziyyat-1" dərslik komplektinin guya ədalətsizlik nəticəsində müsabiqədən keçmədiyini əsas tutaraq mətbuatda, xüsusilə də "Azadlıq" qəzetində böhtan xarakterli silsilə yazılar dərc etdirir. Təvazökarlıq hissindən tamamilə uzaq olan Ə.Osmanlı bu yazılarında dəridən-qabıqdan çıxaraq özünü ictimaiyyətə "əvəzolunmaz dərslik yaradıcısı" kimi təqdim etməyə çalışır, qatı inkarçılıq yolu tutaraq DQŞ-nin və işçi qrupunun bütün üzvlərini qeyri-peşəkarlıqda, savadsızlıqda, dərslik problemlərinə bələd olmamaqda ittiham etməkdən belə çəkinmir. İbtidai siniflərdə bir gün də işləməyən, şagirdlərlə ünsiyyətdə olmayan, lakin iddiaları və ədaları yerə-göyə sığmayan Əlövsət Osmanlı "mən olmayan yerdə nə varsa pisdir" prinsipini yeridərək müsabiqədən qalib çıxmış "Riyaziyyat-1" və "Həyat bilgisi" dərslik komplektlərində müsbət heç nə görmür, nəyin bahasına olursa-olsun onları gözdən salmaq məqsədi güdür.      Başdan-başa əsassız ittihamlarla, qərəzli və təhqiramiz ifadələrlə dolu olan bu yazılar, əslində, Əlövsət Osmanlının mənəvi aləmini açıq-aydın göstərir. özündən başqa heç kimi bəyənməmək, şəxsi mənafeyi naminə iftira və böhtanların quluna çevrilmək onun hansı keyfiyyətlərə malik olduğundan xəbər verir. Hesab edirik ki, Əlövsət Osmanlının illüziyalar toplusu olan bu yazılarını silsilə şəklində dərc etməklə "Azadlıq" qəzeti heç də vətəndaşlıq mövqeyi göstərməmişdir. Həmin yazılara alternativ məqalələri dərc etməməsi isə qəzetin adı ilə daban-dabana ziddir. Təhsil Nazirliyi bildirir ki, bu cür böhtan xarakterli yazılar sağlam pedaqoji qüvvələr tərəfindən qəbul edilmir və ictimaiyyətin diqqətini əsl həqiqətlərdən yayındırmaq məqsədi daşıyan qərəzli mövqe kimi qiymətləndirilir.

Dekabrın 1-də təhsil naziri Misir Mərdanov Avropa Komissiyasının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Alan Vaddamsla görüşüb.

Görüşdə ali və peşə təhsili üzrə bir sıra məsələlər, qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov qonağı salamladıqdan sonra son illər ölkəmizdə peşə təhsili sahəsi üzrə həyata keçirilən tədbirlər, bu sahəyə olan dövlət qayğısı, mövcud Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Nazir həmçinin Cənubi Koreyanın “DAEWOO” Şirkəti ilə yaradılan əlaqələr, “British Council” tərəfindən müəyyən layihələrin reallaşdırılmasından söz açıb. Misir Mərdanov Dünya Bankı ilə birgə həyata keçiriləcək II layihədə bu sahənin inkişafına geniş yer ayrıldığını qeyd edib. Sonra nazir Avropa Təhsil Fondu ilə peşə təhsili sahəsi üzrə qurulan əlaqələrdən söz açıb. Bu sahənin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildiyindən danışan nazir bu il Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin fəaliyyətə başladığını qeyd edib. Eyni zamanda Misir Mərdanov müvafiq işin İsmayıllı rayonunda da aparıldığını diqqətə çatdırıb, eləcə də nəzərdə tutulan digər işlər haqqında məlumat verib. Ölkəmizin ali təhsil sahəsi üzrə bir sıra addımlar atıldığını diqqətə çatdıran nazir Avropa ali təhsil əlaqələri, ERAZMUS-MUNDUS, TEMPUS proqramları və Boloniya prosesi çərçivəsində görülən işlər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan tədbirlər haqqında danışıb. Cənab Alan Vaddams təhsil naziri Misir Mərdanova səmimi qəbul və ətraflı məlumat verdiyi üçün təşəkkür edib. Sonra qonaq peşə təhsili sahəsi üzrə yeni layihədən söz açaraq onun məqsədinin ölkəmizdə peşə təhsilinin inkişafına yardım etmək olduğunu qeyd edib, eyni zamanda Avropa təhsil proqramları üzrə əlaqələrin daha da genişləndirilməsi məsələsinə də toxunub. Görüşdə peşə təhsili kurrikulumunun hazırlanması, birgə əməkdaşlığın prioritet istiqamətləri, eləcə də digər vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı